Müsahibimiz Hollandiyada yaşayan soydaşımız, fəal ictimaiyyətçi Vüqar Abbasovdur.
– Vüqar müəllim, neçə ildir Avropadasınız?
– 8 ildir.
– Necə oldu ki, Avropaya getdiniz?
– Biz türklər köçəriliyə meyilliyik. Gah burdayıq, gah orada. Bu dəfə də mənim taleyim elə gətirdi ki, getdim oraya.
– Yəqin ki, Avropaya yollananda hansısa planları cızmışdınız, həmin planların nə qədər hissəsini gerçəkləşdirə bilmisiniz?
– Mən ümumiyyətlə, mərhələli işlər görmək tərəfdarıyam. Avropaya gedəndə elə bir planım yox idi. Amma Avropada yaşamaq izni alandan sonra həm özümlə, həm də övladlarımla bağlı planımı qurdum. Bu gün də mənim üçün ən böyük uğurdur ki, övladlarım orta məktəbdə olsa da, kifayət qədər yüksək səviyyəli təhsil alırlar. Ona görə də güman edirəm ki, belə davam eləsə, gələcəkləri işıqlıdır. Bundan başqa, getdiyimin ikinci, üçüncü illərində düşündüm ki, əgər burada yaşayıramsa, nə üçün də doğulduğum, boya-başa çatdığım ölkə, Vətənim üçün faydalı olmayım? Və yavaş-yavaş bir də gördüm ki, diaspor fəaliyyətinə bənzər bir fəaliyyətin içindəyəm. Hərçənd mən özümü heç vaxt diaspor fəaliyyətinin içində görməmişəm, heç bir təşkilata da qoşulmamışam. Ötən ilin sonunda hollandlarla birlikdə bir təşkilat yaratdıq.
– “Konnekt” təşkilatını…
– Bəli. Bu günə qədər qarşımda qoyduğum ən önəmli məqsədlərdən biri ölkəm üçün nəsə etməkdir. Deyə bilmərəm ki, buna qismən nail olmuşam, yoxsa yox, amma fəaliyyətimiz də hələ davam edir.
– Düşüncəmizdə bəzi “klişe”lər var. Elə Azərbaycan diasporu haqqında da biz “klişe”lərlə düşünür və danışırıq. Bunlardan biri odur ki, diasporumuzdan danışanda hökmən erməni diasporundan, onun gücündən, planetə səpələnməsindən, təşkilatlanmağından danışırıq və sevdiyimiz bir ifadə də var. Bu da ondan ibarətdir ki, “əşi onlar bu işə çoxdan hazırlaşıblar”. Sizin olduğunuz ölkədə erməni diasporu öz mövcudluğunu nədə göstərir?
– Əvvəla, icazənizlə bu fikirlərlə bir o qədər də razı olmadığımı bildirim.
– Erməni diasporunun güclü olması fikri ilə?
– Bəli. Yəni erməni diasporu güclüdür, onlar bu hadisələrə ömür boyu hazırlaşıblar. Mənim bu, şəxsi fikrimdir. Azərbaycanlıların son qurultayındakı çıxışımda da bunu demək istədim, lakin vaxtım olmadı. Mənim müşahidələrimə görə, erməni diasporunu güclü göstərmək istəyən qüvvələr var. Mən düşməni aşağılamaq, zəif göstərmək fikrində deyiləm. Bu qətiyyən düzgün fikir deyil. Amma nəzərə alsaq ki, bu gün ermənilərin sayı bütün türklərin sayından qat-qat azdır, Sizcə, onlar bizə qalib gələ bilərlər? Bu, məntiqəuyğundurmu? Bizim sayımızın yarısını hətta saf-çürük edib kənara qoysaq belə, yenə də mümkün deyil.
– Amma demoqrafik üstünlük burada ən yaxşı halda amillərdən biridir. Elə deyilmi?
– Digər amillərə keçirəm. Hollandiya parlamentində sayını unutmuşam, bir neçə türkəsilli millət vəkili var. Amma bir dənə də olsun, erməni millət vəkili yoxdur. Amma Xocalı ilə bağlı tədbirə türkəsilli millət vəkilləri də daxil olmaqla, bir nəfər parlament üzvü gəlməz, amma Hollandiyanın şəhərlərindən birinə, ermənilərin soyqırımına həsr olunmuş abidənin açılışına bir çox parlament üzvləri getmişdilər. Sual edirəm – bu, erməni disporunun qələbəsidir? Abidə qoyulması üçün erməni diasporu tam gücü ilə çalışdı?
– Vüqar müəllim, tutaq ki, bizim hərəmiz bir futbol komandasının məşqçiləriyik. Amma mənim sponsorum Sizinkindən daha güclüdür. Və o, mənim istəyimə uyğun olaraq hansısa güclü futbolçunu bizim komandamız üçün alır və biz Sizin komandaya qalib gəlirik. Bu fakt dolayısıyla məni də Sizdən güclü məşqçi kimi göstərir. Halbuki bu, mənim sponsorumun gücüdür. Amma əsas odur ki, mən qələbə çaldım. Erməni diasporunun da hansısa qələbəsi avtomatik olaraq onun güclü olmasını təsdiq edir.
– Amma mən də futbol diliylə bunu belə izah edə bilərəm ki, komanda erməni klubudur. Amma futbolçuların hamısı ermənilər üçün oynayan legionerlərdir. Hansısa dövlətlər Türkiyəyə, indi isə həm də Azərbaycana ermənilər vasitəsi ilə təzyiq edirlər. Ermənilər də məmnuniyyətlə istifadə olunmağa razıdırlarsa, bu onların gücü demək deyil. Sadəcə bu gün hər hansı Qərb dövləti erməni diasporunun adından istifadə etməklə istədiklərini edirlər. Hətta onların maliyyələşdirilməsi də şübhəli məsələlərdir. Dünyada yetərincə Azərbaycan və türk iş adamları var. Bu iş üçün pul verməyə hazır olanlar da var. Baxın, mən milyonçu deyiləm. Amma ailəmin boğazından kəsib, bu işlər üçün xeyli vəsait sərf edirəm, elə adamlar da var ki, bu ölkə, Vətən üçün bütün varlıqlarını qoymağa hazırdılar. Əmin olun ki, belələrinin dünyanın bütün ölkələrində sayı az deyil. Mən öz gücümüzün bilərəkdən aşağı salınmasının tərəfdarı deyiləm. Bizdə yetərincə xalqını, millətini, dövlətini, Vətənini sevən insanlar var. Amma biz necə addımlar ata bilirik, bu, artıq məsələnin başqa tərəfidir. Biz həqiqətən dünyanın müxtəlif ölkələrinə səpələnmişik. Amma bizim bayrağımızı Hollandiya və Belçikada ilk dəfə İqdır azərbaycanlıları dalğalandırıblar. Hələ o vaxt biz Sovet İttifaqı tərkibində müstəqillik uğrunda mübarizə aparırdıq. Onların bəlkə də jeç biri o vaxt Azərbaycanda olmamışdı. Demək istəyirəm ki, biz soyumuza bağlı millətik. Millətimizdə böyük ürək var. Ona görə də erməni diasporunun güclü olması və millətimizi əzdiyi fikri ilə mən razı deyiləm. Əlbəttə, ermənilərin Hollandiyada yetərincə təşkilatları, saytları da var. Sadəcə olaraq biz bu gün etməli olduqlarımızın çox az bir qismini etmişik. Biz çox işlər görməliydik, eləməliyik.
– Yığcam olaraq yaratdığınız təşkilat – “Konnekt” nədir və nə ilə məşğul olduğu barədə məlumat verərdiniz.
– “Konnekt”i mən Hollandiyada holland bir həmkarımla, Vin fam Embdenlə bərabər yaratdıq. Biz onunla qaçqınlar idarəsində bir yerdə işləyirdik. Yeri gəlmişkən, Vim Dünya Azərbaycanlılarının qurultayında mənimlə birgə iştirak edirdi və qayıdandan sonra bu barədə holland mətbuatında Azərbaycanın xeyrinə müsahibəsi də getdi. O öz təəssüratlarını danışmışdı. Təşkilatı ötən ilin sonlarında yaratdıq. O vaxta kimi tək fəaliyyət göstərirdim. Məqsədimiz Azərbaycanı Hollandiyada, Hollandiyanı Azərbaycanda layiqincə təqdim etməkdir. Həm də Azərbaycanla iqtisadi əlaqələrin qurulmasına çalışırıq. İqtisadi əlaqələrin qurulması sayəsində biz də öz təşkilatımızı inkişaf etdirmək istəyirik.
– İlin səkkizinci ayı başa çatdı. 8 ay ərzində nəzərdə tutduğunuz işləri görə bilmisinizmi?
– 8 ay ərzində ən azı 8 dəfə holland mətbuatında Azərbaycanla bağlı yazı gedib.
– Bəs iqtisadi məsələlərlə bağlı?
– İqtisadi məsələlərlə bağlı təəsüf ki, hələlik istənilən nəticə yoxdur. Bir çox holland şirkətləri Azərbaycan gəlmək istəyirlər. Sərmayə qoymaq istəyənlər də var. Amma Azərbaycan tərəflə danışıqlarda vədlər çox olur, əməl isə bir o qədər görsənmir. Hər hansı bir şirkətin bura gəlməsinə mən özüm də yüksək diqqət göstərirəm. Mən gətirib hansısa bir şirkəti burada “yandıra” bilmərəm. Amma planımızda var ki, qayıdandan sonra, bu ilin sonlarınadək iki böyük təqdimatımız olacaq. Birincisi, Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı təqdimatdır. Bu regionda fəaliyyət göstərən iş adamları dərnəyi ilə bizim danışıqlarımız olub və dərnəyin bütün üzvləri qarşısında Azərbaycanla bağlı görüntülü təqdimat olacaq. Məqsəd onlara nə üçün Azərbaycana sərmayə qoymalıdırlar, məsələsini izah etməkdir.
– Nə üçün Azərbaycan sərmayə qoymalıdırlar?
– Hollandiyada işçinin əmək haqqı yüksəkdir. Təəssüflər olsun ki, Azərbaycanda belə deyil. Çin Hollandiyadan məsafə etibarı ilə uzaqdır və Çində o qədər böyük şirkətlər təmsil olunur ki, artıq ətraf bazar da tutulub. Amma Azərbaycanın ətraf bazarı bir o qədər də tutulmayıb. Azərbaycanda holland şirkətləri nəsə istehsal etsələr, onu qonşu ölkələrə də satmaq mümkündür. Gürcüstanı, Rusiyanın böyük bir hissəsini tərəvəzlə təmin etmək olar. Yəni bazar böyükdür.
– Siz bu məsələlərin düzəlməsini istisna etmirsiniz. Bəs əks rabitə varmı?
– Bilirsinizmi insan nə vaxt ruh düşkünlüyünə uğraya bilər? Gözləntilərin böyükdür, amma ona ala bilmirsən. Mən kimdən nəyi və nə qədər gözləyəcəyimi bilirəm, verilən hər vədə inanmaram, baxmayaraq ki, bəzən özümü inanmış kimi göstərirəm (gülümsəyir). Odur ki, ruh düşkünlüyünə qapılacaq qədər inammadan fəaliyyətimizi davam etdiririk.
– Nə vaxt birdəfəlik Azərbaycana qayıdacaqsınız? Əlbəttə ola bilsin ki, Sizin hazırda xaricdə olmağınız həm özünüz, həm də Azərbaycan üçün daha faydalıdır. Amma insan robot deyil. Günün birində öyrəşdiyi mühitdə, gen koduna uyğun şəraitdə yaşamaq istəyir. Bu barədə düşünürsünüzmü?
– Bu barədə düşünmədiyim gün yoxdur. Həm də nə vaxt qayıdacağımla bağlı sualı ən çox mənə anam verir. Əgər bilsəm ki, bu an həm ailəm, həm də ölkəm üçün burada daha çox faydalıyam, elə bu gün qayıdaram. Avropada qazandığım təcrübə, görüşdüyüm siyasətçilər var. Hollandiyada ikinci təhsil almışam. Öyrəndiyim bu təcrübəni burada məmnuniyyətlə tətbiq etmək istəyərəm. Mən orada sosial xidmət üzrə ikinci təhsil almışam. Orada bizə digər məsələlərlə yanaşı, insanlarla danışıq texnikasını da öyrədiblər. Mən bizim sosial xidmət sahəsində çalışanlarımızın danışıq qabiliyyətindən qətiyyən razı deyiləm. Mən onlara treninq keçməkdən zövq alaram.
– Amma “Asan xidmət”də bu iş pis qurulmayıb.
– “Asan xidmət”də yaxşıdır, insanları xoş üzlə, təbəssümlə qarşılayırlar. Amma hər şey “Asan xidmət”də deyil. Və hər şeyi “Asan xidmət”ə verib, həddindən artıq yükləsələr, o da çətinləşəcək. Yəni hesab edirəm ki, burada da fayda verə bilərəm. Amma hələlik inanıram ki, Hollandiyada daha çox faydalıyam. Yeri gəlmişkən, yaratdığım təşkilatın məqsədlərindən biri də Hollandiyada qazandıqlarımın bir hissəsini holland cəmiyyətinə qaytarmaqdır. Həm də Hollandiya üçün bir şeylər etməyə çalışıram. Çünki çörəyini yediyin ölkə üçün də nələrisə etməlisən. Elə Azərbaycanın çörəyini yeyənlərin də hamısı Azərbaycan üçün nələrsə etsələr, inanın ki, tam fərqli mənzərənin şahidi olarıq. Bir dəfə Facebook-da yazmışdım: “Azərbaycanı xaricdən sevmək çox asandır. Azərbaycanı burada yaşaya-yaşaya sevmək çətindir”.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az