Suallarımızı AzVizion.az portalının baş redaktoru Vüsal Məmmədov cavablandırdı
– Vüsal müəllim, bu gün auditoriyanın gözləntiləri nədir? Azərbaycan mediası həmin gözləntilərini qarşılaya bilirmi?
– Bu gün auditoriya əslində bizdən çox xırda mövzular gözləyir. O qədər xırda ki, onların səviyyəsinə ensək, media tamamilə ölər. Auditoriyanın bizdən əsas istəyi odur ki, sosial problemlərlə məşğul olaq. Əsas müraciətlər də bununla bağlıdır: “Siz necə mediasınız ki, filan rayonun təhsil şöbəsinin əməkdaşı qanunsuzluq edib, amma yazmırsınız?!” Yaxud, ucqar bir dağ kəndinin təcili yardım stansiyasının müdirindən bizə şikayət edirlər. Üzr istəyirik ki, bu, axı bizim mövzu deyil. Belə olanda da, bizi ittiham edirlər ki, bəs niyə adınızı jurnalist qoymusunuz?! Yəni nə qədər qəribə də olsa, oxucu bu gün peşəkar redaktorların “reket mövzusu” kimi təsnif etdiyi mövzulara can atır. Çox təəssüf, ancaq belədir. Ona görə də, “reket” jurnalistikasının çiçəklənməsi tam əsassız görünmür – bunun üçün ictimai zəmin var.
Gələn müraciət və oxunan mövzuların spektrinə baxanda məlum olur ki, oxucu ilk növbədə özünü məişət səviyyəsində narahat edən problemləri mediada görmək istəyir: onları incidən məmur, mağazada aldadan kassir, məktəb direktoru, suyun gəlməməsi, avtobus sürücüsünün dayanacaqda sərnişinləri çox gözlətməsi… Buna görə mən oxucunu qınamıram, çünki bir insan kimi bu mövzular məni də narahat edir. Sadəcə olaraq, bizdə medianın profilləşməsi getmədiyindən, oxucu hara müraciət edəcəyini, bu suallara harada cavab tapacağını bilmir. Özünü ciddi ictimai-siyasi xəbər qaynağı elan edən sayt həmin profildən uzaq mövzuları işıqlandırır. Yaxud ciddi siyasət saytı hansısa supermarketdə baş verən qanunsuzluqdan yazır. Əgər bu, siyasət saytıdırsa, mən orada ciddi bir təhlil oxumaq, ölkənin siyasi nəbzini tutan problemlərlə tanış olmaq istəyirəm. Kolbasadan mıx çıxmağı isə həmin an mənə maraqlı deyil.
– Amma idman saytları, fins.az, marja.az kimi iqtisadi saytlar var. Yəni ixtisaslaşmanın tam getmədiyini demək olmaz.
– Bəli, razıyam. İdman, şou-biznes, maliyyə-iqtisad sahəsində ixtisaslaşmış saytlar var. Amma ictimai-siyasi təmayüllü sayt olduğunu elan edənlərin mövzu seçimində bir qarışıqlıq görürük. Ona görə, media da oxucunu çaşdırır. Oxucu bilməlidir ki, girdiyi saytda onu nə gözləyir. Məsələn, mən “kommersant.ru” saytına girmişəmsə, orada nə axtardığımı bilirəm və onu da tapıram. Eləcə də məsələn, “Nezavisimaya qazeta”, “Faynenşl tayms” qəzetlərinin saytları olsun. İnsan nə istədiyini bilməlidir ki, hara üraciət etməyə qərar versin. Bizdə isə belə alınır ki, biz oxucunu çaşdırırıq, oxucu da bizi.
– Bəs bu çaşdırmanın səbəbi nədir, axı əslində media oxucusunu çaşdırmaqda maraqlı olmamalıdır. Bəlkə bu, İP axtarışıdır?
– Səbəb, yəqin ki, peşəkarlığın hələ istənilən səviyyədə olmamağındadır. Məsələn, mən “1905.az” saytının oxucusuyam. Bilirəm ki, bu saytda erməni yalanlarını ifşa edən materiallar var. Hansısa bir təhlil səciyyəli yazı yazanda, yaxud saytımızda istifadə etmək lazım gələndə, hara müraciət edəcəyimi və orada məni nə gözlədiyini əvvəlcədən bilirəm. Bu, peşəkar ixtisaslaşmadır. Amma ictimai-siyasi profillə meydana çıxan saytlarda peşəkar səviyyədə ixtisaslaşma yoxdursa, oxucu da çaşır, saytın kollektivi də. Bilinmir ki, nəyə müraciət etsin, bunun mövzusu nədir. Elə bil istiqamətsizlik, vurnuxma alınır. Burada Sizin dediyiniz İP uğrunda “qara mübarizə”nin də izləri var.
– Bəlkə bu, ümummilli sayt olmaq cəhdləridir? Səy göstərirlər ki, şou-biznes, kriminal və s. mövzulardan yazmaqla geniş auditoriyanı cəlb etsinlər?
– Mən Türkiyədə olanda müşahidə etdim ki, evdar qadın kiçik məhəllə dükanına girib, lazım olan ərzaqları alandan sonra, “Sabah” qəzetini də götürdü. Türkiyədə kütlənin ən çox oxuduğu qəzet “Sabah”dır…
– Yəni “US Today” kimi bir qəzetdir.
– Yaxud da “Daily Mirror”, “Sun” kimi. Həmin evdar qadın mətbəxdə kartof-soğanı soyanda və yeməyi bişməyə qoyanda “Sabah” qəzetini vərəqləyəcək. Sonra da kartof-soğan qabığını qəzetin səhifələrinə büküb, atacaq. Bu qəzetin ünvanlandığı hədəf-kontingent evdar qadınlar və hər şeylə bir az maraqlanan insanlardır. Həmin qəzetlər oxucularının tələbatına uyğun olaraq heç bir prosesin dərinliyinə enmirlər. Onlarda ciddi təhlillərə, cəmiyyətdə gedən proseslərə ciddi yanaşmalara, hətta həddindən artıq aydın informasiyalara rast gəlinmir.
Bizim saytların da hər bir mövzudan yazmaları ümummilli olmasa da, kütləvi olmağın bir fəndidir. Amma kütləvi olmağın da məqsədi reklam cəlb etmək, pul qazanmaqdır. Əgər məqsəd budursa və belə redaksiyalar üçün jurnalistika biznesdirsə, qınanmalı heç nə yoxdur. Bunu başa düşürük, qəbul edirik və hətta alqışlayırıq. Amma bizim tutduğumuz yol və mənim oxucu kimi istədiyim media bu deyil. Başa düşürəm ki, o media da lazımdır və mövcud olmaq haqqı var. Onların tirajı da həmişə çox böyük olacaq. Amma mənim ortaya qoymaq istədiyim iş və özümün oxumaq istədiyim sayt o deyil. Elə media orqanları var ki, onların auditoriyası cəmiyyətdə qərarların qəbulu prosesində rolu olan insanlardır. Məni maraqlandıran jurnalistika və özümün ortaya qoymaq istədiyim jurnalistikanın ünvanı qərar qəbul edənlər sinfidir. Mənim üçün belə media maraqlıdır.
– Elədir. Tutaq ki, 35 min tirajlı “Nezavisimaya qazeta” naziri istefaya göndərə bilərdi, “Moskovskiy komsomoles”i isə milyon yarım adam oxuyur…
– Məsələn, “Spid-info”nu da 3 milyon nəfər oxuyur. Amma bu kütləvi media orqanlarının cəmiyyətin taleyilə bağlı qərarların qəbulunda heç bir rolu yoxdur.
– Belə bir təsəvvür var ki, bizim oxucuların, dinləyicilərin əsas qayğısı Qarabağ problemidir. Amma zaman-zaman görürük ki, Qarabağ problematikası oxucunu maraqlandıran informasiya arealının periferiyasına gedib çıxıb, uzaqlaşıb. İnsanları qınamaq olmaz. Biz hər il işğal olunmuş rayonlarımızın ildönümünü qeyd edirik. Hər dəfə də insanlar Şəhidlər xiyabanına gedir, çıxış edirlər və gələn ili öz rayonlarında qeyd etmək arzularını vurğulayırlar. Və bunlar növbəti illərdə də təkrarlanır. Artıq əsgərliyə gedib-gələn adamlar var ki, heç işğal bölgələrini görməyiblər. Ötən ilin avqust, bu ilin aprel hadisələri Qarabağ problemini avansəhnəyə gətirib, çıxardı. Media hansı fəndlərdən istifadə etməklə Qarabağ problemini hadisələrin episentrində saxlamalıdır?
– Mən də razıyam ki, artıq bu istiqamətdə köhnə media fəndləri həqiqətən də işləmir. Bizim media son 20 il ərzində Qarabağ mövzusunu gündəmdə saxlamaq üçün siyasət formalaşdırmayıb. Belə bir strategiya yoxdur. Yəqin ki, biz işğal altındakı ərazilərimizdəki həyatı yaxından izləməliyik. Bir halda ki, bizim insanları gündəlik məişət qayğıları maraqlandırır, biz də həmin ərazilərdəki məişəti, kriminalı, iqtisadiyyatı daxili gündəmimiz kimi izləməliyik. Məsələn, Şuşada 5 yaşlı uşağı öldürüblərsə, yaxud gəlin toydan qaçıbsa, biz bunu ölkənin daxili problemi kimi mediada qabartmalıyıq.
– İşğal altındakı bölgələrdə həyatla bağlı materialları xəbər bülletenlərində görmək olur. Hava proqnozunda. Operativ xəbər ancaq bu müstəvidədir.
– Elə səhv də bundadır. Təkcə hava proqnozunu yox, işğal altındakı bölgənin daxili sosial həyatını təqdim etməliyik.
– Bəs o işğal altındakı zonada işlər bizim təsəvvür edəcəyimiz, yaxud gözlədiyimiz qədər pis deyilsə, onda necə?
– Bilirsinizmi, bu, maraqlı və çox dərin sualdır. Ümumən işğal altındakı ərazilərdə vəziyyətin bizdəkindən yaxşı olmasına inanmıram. Yox, əgər yaxşıdırsa, bu artıq təkcə medianın deyil, bütün Azərbaycanın dəhşətli problemi olardı. Azərbaycan dövləti və xalqı buna qətiyyən yol verməməlidir. Əks təqdirdə bu, bizim tam fiasko və məğlubiyyətimiz olardı.
Bilirsiniz, informasiya müharibəsi, onun metodları bizə çox gec gəlib çatıb. Mən, eləcə də başqa həmkarlarımız erməni mediasını həmişə izləyirdik. Amma gedən prosesin nə olduğunu tam aydın başa düşmürdük. İndi bilirik ki, o, nə imiş… Ermənilərdə bunun nəzəriyyəsi də, praktikası da hətta Qarabağ böhranından əvvəl istifadə olunurdu. Bizə isə 20 il sonra işin nəzəri, ideoloji tərəfləri çatmağa başladı ki, dünyada belə bir praktika var, müharibə yalnız döyüş meydanında deyil, həm də informasiya müstəvisində gedir.
– Niyə elə oldu?
– Çünki informasiya müharibəsinin nə olduğunu cəmiyyətə izah edəcək beyin mərkəzləri bizdə yox idi. Bu, adi siyasətçinin, adi jurnalistin və adi məmurun işi deyil. Məhz beyin mərkəzlərinin funksiyası idi. Amma Ermənistanın həm daxilində, həm də xaricdə beyin mərkəzləri var idi, indi isə lap çoxdur. Onlar bu cəbhəni vaxtında açmışdılar və bizi informasiya atəşinə tuturdular. Yaxın illərə qədər bizim üzərimizə informasiya atəşi yağırdı, biz isə bunun nə olduğunu anlamırdıq.
– Vüsal müəllim, Azərbaycan yollarında yarımca saat maşın idarə etmək, yaxud həmin maşının bir qədər diqqətli sərnişini olmaq kifayətdir ki, aşağıdakı qərara gələsən: Azərbaycan sürücüləri arasında həmrəylik yoxdur. Yaxud olduqca aşağı səviyyədədir. Azərbaycan jurnalistləri arasında həmrəylik nə yerdədir? Mən hesab edirəm ki, heç olmasa Qarabağ problemini daim gündəmdə saxlamaq üçün həmin həmrəylik vacibdir. Bu, elə bir mövzudur ki, onun ətrafında daha asanlıqla birləşmək olar.
– Azərbaycan mediasındakı qeyri-sağlam rəqabət və bu rəqabətdən doğan münasibət, təəssüf ki, faktdır. Xüsusilə saytlar sferasında bəzən bu, özünü daha pis şəkildə göstərir. Amma Qarabağ məsələsində həmin paxıllığı qırağa qoymaq lazımdır. Ümumiyyətlə, bizdə bir şeyi nəzərə almırlar ki, Azərbaycan balaca bir ölkədir və burada hamı bir-birini tanıyır. Bizim media bir ovuc yerdir, buradakı redaktorların əksəriyyətilə, jurnalist kontingentinin çoxu ilə şəxsi münasibətim var. Hamı kimin kim olduğunu bilir. Kiminsə başqasına nəyisə sübut etməsi artıqdır. Hamıya hər şey bəllidir. “Mən səndən qabağam”, “Mən daha yaxşı oğlanam”, “Sənin saytın mənim saytımdan geri qalır”, “Sən bu işlərdə mənə çata bilməzsən” psixologiyası Azərbaycan jurnalistləri arasında “solçuluq uşaq xəstəliyi” kimi bir şeydir. Bizim mediamızda başqalarından ciddi şəkildə fərqlənən və hamıdan qabaqda olan ulduz jurnalistlər yoxdur. Deyək ki, Amerikadakı Larri Kinq, Fil Donahyu, Cey Leno, Rusiyadakı Kiselyov, Pozner kimi başqalarından kəskin fərqlənən parlaq fiqurlar Azərbaycan jurnalistika mühitində yoxdurlar.
– Maraqlıdır, bəs nəyə görə yoxdur? Bizimkilərə Pozner olmağa nə mane olub?
– Mənə həmişə elə gəlib ki, parlaq, ustad jurnalist olmaq üçün üç komponent tələb olunur: istedad, nəzəri hazırlıq və savad, bir də tale. Bu üçü birləşəndə ortaya xarizmatik, parlaq bir jurnalist çıxır. Bizdə də istedadlı jurnalistlər var, amma mənə elə gəlir ki, onların istedadlarına adekvat savadları yoxdur. İstedad qaynayır, daşır, amma istedadı formalaşdırıb, düzgün istiqamətləndirəcək intellektual baza mövcud deyil.
– Azərbaycanda saysız-hesabsız jurnalist təşkilatları var. Jurnalist təşkilatları və həmrəylik “defisiti” bir qədər qəribə səslənmirmi?
– Mən 1998-ci ildən jurnalistəm. İndiyə qədər həmin jurnalist təşkilatlarının heç biri ilə kontaktım olmayıb. 18 ildir onların varlığını öz fəaliyyətimdə, iş həyatımda heç bir şəkildə hiss etməmişəm. Yalnız Mətbuat Şurasının varlığını və hadisələrə hansısa təsiri olduğunu eşidirik. Ondan başqa qalan jurnalist təşkilatları sadəcə ona görə var ki, desinlər, kimsə hansısa təşkilatın rəhbəridir.
Məncə, bu mətbuatla al-ver eləməyin yollarından biridir. Özü də, artıq köhnəlmiş yoldur. Bu gün jurnalist təşkilatlarının varlığı özünü doğrultmur. Kiminsə özünü filan jurnalist təşkilatının rəhbəri kimi təqdim etməsi də artıq maraq doğurmur. O, yalnız 1990-cı illərin axırları, 2000-ci illərin əvvəlləri üçün aktual idi.
– 2016-cı ildir və mətbuatımızın 141 illiyini qeyd etdik. 141 il kifayət qədər ciddi bir dövrdür. Bizim media özünü 141 yaşa uyğun təqdim edə bilirmi?
– Bizim media özünü heç 5 yaşına uyğun da apara bilmir. Mediamız balaca uşaq kimi hara gəldi, əlini dürtür, qazana salır, çayniki dartır, stolun üstündəki yeməyi yerə tökür. Bilmir ki, nə edir və niyə eləyir. Azərbaycan mediasının işi şuluq salmaqdır – həm siyasi, həm də ictimai mənada.
– Bu da iş kimi təqdim olunur?
– Bəli. Yetkinlik yoxdur. Mən balaca olanda sovet qəzetlərini oxumuşam. O vaxtın “Bakı” qəzeti indiki mənə indiki saytların əksəriyyətindən daha peşəkar, hətta daha maraqlı gəlir. Halbuki, paradoksdur, əksinə olmalıdır…
– Bəlkə Siz özünüz də informasiya hazırlanması prosesinin iştirakçısı olduğunuza görə bu belədir?
– Bəlkə o amil də var. O mətbəxin iştirakçısı olduğum üçün prosesdəki o sehr, ovsun itib. Amma mənə elə gəlir ki, o vaxtkı peşəkarlıq qoyulan məhdudiyyətlərə, senzuraya rəğmən, insanı oxumağa səsləyirdi. Həmişə bilirdim ki, oxuduğum məqaləni yazan şəxs məndən qat-qat savadlıdır və bu məqalədən çox şey öyrənə bilərəm. İndi məndə bu hiss yoxdur. Mənim bütün dünya üzrə oxuduğum 5-6 nəşr var, onların heç də hamısı siyasətə və təhlilə aid deyil; onları həvəslə oxuyuram ki, nəsə əxz edəcəyəm. İstəyirəm ki, oxuduğum hər yazı, hər cümlə məni bir az da inkişaf etdirsin. Çünki vaxt dardır, ömür gedir, illər tez keçir. Hər şeydən nəsə götürməsən, geri qalarsan. Bax, o cür yazıları Azərbaycanda mənə təklif edən nəşr demək olar ki, yoxdur. Bu, bizim mətbuatın yetkinlik yaşına çatmadığından və uşaq olmasından xəbər verir. Ona görə də hiss edirəm ki, mətbuat yaşda məndən balacadır. Və 38 yaşlı oxucunun nəzərində mətbuatın 5 yaşı var.
– Planlarınız necədir? İndiyə kimi keçdiyiniz yolun məntiqi mərhələləri özünü göstərirmi və bu, medianın inkişaf dinamikası ilə nə qədər əlaqəlidir?
– Bizdə mətbuatın əsas problemi və onu yetkinləşməyə qoymayan amillərdən biri odur ki, burada çalışan jurnalistlərin yaşı azdır. Azərbaycan jurnalistinin orta yaşı 26-27-dır. Hər halda, 30 deyil. Bu ciddi problemdir. Yetkin müəllifin, jurnalistin, hələ yetkin aparıcı demirəm, yaşı 40-45, hətta 50-dən çox olmalıdır. 25 yaşlı gəncin yazdığı təhlil heç kimə maraqlı olmayacaq. Ölkədəki proseslərlə bağlı elə müəlliflərin yazısını oxumaq istəyirəm ki, onun yaşı heç olmasa 50-dən çox olsun. Biləsən ki, dünyagörüşü var və ölkə tarixinin ən azı 20-25 ili onun gözləri önündən keçib. Özünün də 15-20 illik yazmaq təcrübəsi var. Mən belə insanın yazdığını həvəslə oxuyaram. Azərbaycan mediasında belə insanlar demək olar ki, yoxdur. Baxırsan, ciddi xəbərləri, hətta təhlili gənc bir qız aparır. Mən o qıza ciddi yanaşa bilmirəm axı. Azərbaycan mediasında o mərhələni gözləyirəm ki, indi ortada olan jurnalistlər bir qədər yaşlaşsınlar, onların orta yaşı 40-ı, 45-i, 50-ni keçsin, həqiqətən yetkin, dünyanın gediş-gəlişindən baş çıxaran müəlliflər ortada qalsınlar və onlar jurnalistikaya tramplin kimi baxmasınlar. Bizdən əvvəlki nəsil jurnalistikaya tramplin kimi baxdığından, ortada yetkin nəsil yoxdur. Və mən indi belə bir nəslin yetişəcəyinə ümidliyəm.
İstənilən fikri çox savadlı və mədəni şəkildə çatdırmaq mümkündür. Bunun üçün sadəcə dünyagörüşü lazımdır. Siyasətdən uzaq bir misal söyləyəcəyəm. Rusiyada məşhur kino jurnasilti var – Yuri Qladilşikov. Mən onun kino təhlillərini oxuyurdum. Bir dəfə onu zəif filmin təqdimatına çağırıblar, amma şərt qoyublar ki, film haqqında pis yazmaq olmaz. Və bu adam filmin pis olduğunu necə ustalıqla çatdırır. Yazının birinci cümləsi belədir: “Bu yeni film ölülər kimidir – onun haqqında pis danışmaq olmaz”. Həm qoyulan hüquqi çərçivəni aşmır, həm də oxucuya həqiqəti çatdırır. Bunun üçün yetkinlik, təcrübə və mütaliə baqajı olmalıdır. İnşallah, 5-10 il keçsin, ümid edirəm ki, indiki nəsil jurnalistikada qalacaq, təcrübə artacaq və onda biz daha yetkin, daha təcrübəli jurnalistika görəcəyik.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az