Milli Mətbuat günü ərəfəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişaflna Yardım Assosiasiyasının (AVCİYA) üzvü olan Söz Azadlığını Müdafiə Fonduna (SAMF) üz tutduq. Bu fondun adı media əhlinə də, oxucu auditoriyasına yaxşı tanışdır. 1905.az portalının suallarını SAMF-ın icraçı direktoru, Azərbaycanın Ağdamı haqqında dəyərli kitablar müəllifi Vüqar Tofiqli cavablandırır.
– Söz azadlığını ilk növbədə kimlərdən, nələrdən müdafiə etməli olursunuz, Vüqar müəllim? İcraçı direktoru olduğunuz fondun ötən illər ərzində keçdiyi yol haqqında danışaq.
– 2004-cü ildə rəsmi dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyətə başlayan Söz Azadlığını Müdafiə Fondunun əsas məqsədi ölkəmizdə söz azadlığı sahəsində mövcud vəziyyəti araşdırmaqla yanaşı medianı narahat edən problemlərin həllinə həsr olunmuş layihələr həyata keçirməkdir. Ötən dövrdə “Mətbuat xidmətləri və media münasibətləri”nə həsr olunmuş rəy sorğusu keçirilmiş və bu istiqamətdə movcud problemlər araşdırılmışdır. Ana dilimizin saflığı ilə baglı SAMF tərəfindən həyata keçirilən layihənin xüsusi əhəmiyyəti var. Ötən müddət ərzində küçə reklamlarında, istehlak mallarının üzərində ana dilinə olan münasibətlə bağlı ciddi layihələr həyata keçirilmişdir. Bundan əlavə H.Zərdabı irsinin araşdırılmasına həsr olunmuş tədqiqatlar aparılıb, araşdırmaların nəticələri Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə nəşr edilib, geniş ictimaiyyətə təqdim olunub. Fondun əsas fəaliyyət istiqamətlərindən biri də işğal altında olan ərazilərimizdəki maddi mədəni abidələrimizlə baglıdır.
– Yeri gəlmişkən, Qarabağ həqiqətlərimizin özümüzə və sonra da dünyaya çatdırmaq işində 139 yaşlı mediamız üzərinə düşən vəzifələri həyata keçirə bilirmi?
– Bu gün mediamızın uğurları ilə yanaşı problemləri də var. Bu gün problemlərdən ən başlıcası isə işğal altında olan maddi mədəni irsimizin təbliği ilə bağlıdır. Fond tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qarabağ mövzusuna həsr olunmuş üç layihə həyata keçirilmişdir. Bir sıra istisnaları çıxmaqla problem hələ ki, öz həllini tapmır. Söz yox ki, vətəndaş cəmiyyəti də bu işə öz föhfəsini verməlidir. Problemi ancaq qarşılıqlı əməkdaşlıq etməklə aradan qaldırmaq olar. Gənc nəsli Qarabağa hazırlamaq lazımdır. Elə etməliyik ki, gənclərimiz torpaqlarımızı işğaldan azad etdikdən sonra Qarabağa haradan getməli olduqlarını dəqiq bilsinlər.
– Milli mətbuatımızın növbəti ad günü Ağdamsız başa vurduğumuz daha bir ilin başa çatdığı günlə qonşudur.
– Həqiqətən, təzadlı günlərlə baş-başa yaşamaq məcburiyyətindəyik. Şuşanın işgal gününün səhəri “Qələbə” gününü qeyd edirik. Mediamızın doğum gününün səhəri Qarabağın giriş qapısı hesab edilən Ağdamı anırıq. Ağrılı məqamlardır… Bu bir tarixdir. Ağrımız – acımızı yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra sağalda bilərik.
– Ağdam haqqında yazdığınız kitablar haqqında çoxlarının məlumatı var. Bəs yazacağınız Ağdam, Qarabağ kitabları haqqında nə deyə bilərsiniz?
– Bu günədək çap etdirdiyim kitabların əsas məqsədi məhz gənclərimizə Qarabağın Azərbaycan tarixindəki rolunu izah etmək olmuşdur. Və yəqin ki, bundan sonrakılarda eyni məramla olacaqdır.
– 1905.az portalına tövsiyyələrinizi bilmək istərdik.
– Sizin saytınız böyük bir missiyanı üzərinə götürüb. Bu missiyanı həyata keçirməkdən ötrü hər birimiz öz töhfəmizi verməliyik. Deməliyəm ki, artıq populist çıxışlarla auditoriyanı ələ almaq olmur. Gərək ortalığa konkret iş qoyula. Siz ortalıga iş qoyduğunuzdan daha tez auditorya qazana bilmisiniz Bizə isə bu işdə sizə ancaq uğurlar arzu etmək qalır.
– Minnətdarıq.
1905.az