1905.az portalının suallarını peşəkar TV işçisi Vüsalə Kərimova cavablandırır.
– Uzun illərdir televiziyada çalışırsınız. Televiziya fəaliyyətinizi hansı mərhələlərə bölərdiniz?
– 1995-96-cı illərdə Bakı Dövlət Universiteti, jurnalistika fakültəsində II kursda oxuyurdum. Həmin dövrdə Azərbaycan Dövlət Televiziyasına təcrübəyə getmişdim. Orada yaxın qohumum Rövşən Nicat məni hərbi redaksiyaya dəvət etdi. Belə demək mümkünsə televiziyanın üzünü ilk dəfə AzTV-də görmüşəm. “Manevr” verilişində kiçik bir rubrikanın aparıcısı idim. İlk dəfə sual verməyi, mikrafon tutmağı orada öyrəndim. Sonra qısa bir müddət ANS radiosunda “İsti-isti” xəbərlərdə çalışdım. Həmin ərəfədə mən həm də qəzetdə çalışırdım. Qəzetdə ilk işim korrektor vəzifəsi olub. Sonra müxbir kimi ştata götürülmüşəm. İlk qonorarımı “Respublika” qəzetində bir şəhidlə bağlı yazdığım məqaləyə görə almışam. Bir gün nəşriyyata gedirdim. Avtobusda “Sara” televiziyasının verdiyi elanı eşitdim. Aparıcı, müxbir axtarırdılar. İşdən icazə aldım. Getdim müsahibəyə, müsahibədən keçdim və “Sara” televiziyasında fəaliyyətə başladım. İlk süjetim kitab təqdimatı ilə bağlı idi. Təxminən 10 gün məşq elədik efir üçün. 10 gün sonra xəbər buraxılışı ilə efirə çıxdım. Televiziya bağlanana kimi orada çalışdım. Sonra ailə qurdum, oğlum dünyaya gələndən sonra “Space” televiziyasına üz tutdum. Həmin ərəfədə “Space”də “Bu bizik” tok-şousu verilişində çalışdım. Veriliş daxilində 10 dəqiqəlik kiçik bir rubrikanın aparıcısı oldum. Bir müddət sonra “Space” dən ayrılmalı oldum. Lider Televiziyasına müraciət etdim. Dizayn departamentinə. Dünyadan köçüb getmiş sənətkarlarımız haqqında yarım saatlıq bir verilişin aparıcısı oldum. O zaman ATV telekanalı yeni açılmışdı. 26 fevralda Xocalı ilə bağlı bir süjet çəkmişdim. Həmin süjetdən sonra dəvət aldım və ATV-də işə başladım. ATV-dən əvvəl də xəbərlər departamentində çalışmaq və efirə çıxmağıma baxmayaraq 6 ay hazrılaşdıqdan sonra ilk dəfə orada efirə çıxdım. İctimai TV yeni fəaliyyətə başlamışdı. Gəldim İctimai Televiziyaya. Həmin dövrdə Nadir Şəfiyev xəbərlərdə çalışırdı. Məni dəvət etdi. 3 ay redaktor, sonra direktor müavini vəzifəsində çalışdım. İctimai Televiziya mənə çox şey öyrətdi. Orada çalışdığım müddətdə TRT kanalında 1 ay kurs keçdim və s. Ancaq 4 il sonra İTV ilə də yollarımız ayrıldı. Təxminən 1 ildən artıq bir müddətdə işsiz qaldım. Sonra 5-6 nəfərlə “Hədəf” informasiya agentliyini yaratdıq. Mən uzun müddət televiziyada çalışan insanam. Bir müddətdən sonra məni Araz Radiosuna dəvət etdilər. 1 il orada çalışdım.Sonra Muz TV rəhbərliyi xahiş etdi ki, mən arxivlərin yığılması və s bu kimi işlərdə onlara yardımçı olum. 1 il çalışdım. Sonra ayrıldım. Təxminən 1 il müddətində yenidən işsiz qaldım. Hazırda isə “Soy Production”nın layihəsi olan “Günaydın” verilişinin aparıcısam.
– Vüsalə xanım, bu gün orta statistik tamaşaçıya televiziyada hansı istiqamətli verilişlər maraqlıdır?
– Uzun müddət xəbərlər departamentində işləyən adam kimi özüm televiziyaya baxmıram. Bütün xəbərləri internetdən, sosial şəbəkələrdən alıram. Bu, əlbəttə, təəssüf doğuran məsələdir. Məncə, bu gün tamaşaçıya ciddi xəbər lazım deyil. Ona xəbəri ciddi formada çatdıran yox, musiqi sədaları altında xəbəri oxuyan aparıcı lazımdır. Peşəkar aparıcılar qalıb kənarda. Aparıcı xəbər aparanda əllərini kameraya göstərməli deyil. Bu gün jurnalistikaya təsadüfən gələn insanların sayı hədsiz dərəcədə çoxalıb.
Bu gün bütün kanallar reytinq üstündə dava edirlər. Əvvəllər bu belə deyildi. Ən azı bu səviyyədə deyildi. Verilişlərin formatı eynidir. Amma hamı da şikayət edir. Filan veriliş çox aşağı keyfiyyətdə hazırlanır, filan aparıcı çox bayağıdır. Belə adamlar o cür verilişlərə baxıb, həmin verilişə reytinq qazandırmalı deyillər.
– Amma tamaşaçı da nəyəsə baxmalıdır…
– Məsələ burasındadır ki, ziyalı tamaşaçının təriflədiyi verilişin reytinqi həmişə aşağı olur. Çünki onun baxdığı veriliş şou deyil. Kütlə isə şouya baxır. Təəssüf hissi ilə deyirəm ki, qəribə tamaşaçı zövqü formalaşıb.
– Ola bilər əksəriyyətə bayağı veriliş lazımdır. Amma bütün kütlənin zövqu eyni deyil. Tarixi, sənədli filmlərə baxmaq istəyən də o xarakterli verilişləri tapa bilmir. Olmazmı ki, heç olmasa əyləncəli proqramın daxilində biz öz həqiqətlərimizi tamaşaçıya hansısa dormada çatdıraq? Bəs, buna nə mane olur?
– Mənim üçün sevindirici haldır ki, tarixi günə toxunmadan yayımlanan verilişimiz olmayıb. Məsələn, sonuncu verilişimiz elə Zəngilanın işğal gününə həsr edilmişdi. Zəngilanlı ziyalıları, alimləri studiyaya dəvət etmişdik. Bu mənada vicdanım çox rahatdır. Amma hamı belə mövzulara toxunmur. Səbəb isə çox sadədir. Bu istiqamətli verilişlər reytinqi aşağı salır. Yəni tarixi mövzularda olan verilişlərin yayımlandığı gün verilişin reytini aşağı düşür. Ona görə də bir çox kanallar bu mövzulara biganə qalırlar.
– Bəlkə, aparıcı və ya verilişi ərsəyə gətirən heyət reytinqdən əlavə, həm də məsələn, Kəlbəcərin işğal günü olmasını unudur?
– Bu yaxınlarda özüm şəxsən şahidi oldum. İşğal bölgəmizdən olan, orada doğulan bir müğənnimiz həmin günün işğal günü olduğunu bilmirdi. Və məhz işğal günü o konsert proqramına getmişdi.
– Sizcə biz, kampaniyaçılıqdan yaxa qurtarmaq üçün nə etməliyik? Biz bir gün işğal gününü xatırlayıb, il boyu onu unutmağa sanki adət etmişik…
– Mən həm də kampaniya şəklində qalmasının tərəfdarıyam. Gündəlik veriliş aparıcısıyam. Bəzən gündəlik işin gərginliyini çəkən insanı qınamaq olmur. Məsələn, sabaha bir mövzu nəzərdə tuturuq, amma bir hadisə çıxır mövzunu dəyişməli oluruq. Çünki bu xəbərdir. Biz gündəmi izləməliyik. Mən çalışıram bütün verilişləri özüm hazırlayım. Aparıcı mütləq qonağı, mövzunu özü araşdırmalıdır. Yoxsa o veriliş süni olacaq. Hazırlıq məqamında bəzən unuduruq və qəfil yada düşür ki, sabah hansısa tarixi hadisənin il dönümüdür. Gecə-gündüzə baxmadan strukturu dəyişirik. Az da olsa olub belə hallar. Ona görə də bu bizə kampaniya halında da lazımdı. Çünki biz unutqanıq. Bunu hələ də deməyə ehtiyac var.
– Uğurlar arzulayırıq sizə.
Fuad Babayev, Aynur Hüseynova
1905.az