Azərbaycan, eləcə də Qarabağ həqiqətlərinin təbliği xarici ölkələrdəki gənclərimiz üçün prioritetdir. Elə müsahibimiz Vüsal Əhmədov da İsveçdə dostları Nicat İbrahimov və Natiq Babayevlə birgə bir ildir ki, “Qarabağ” futbol komandasının “İmarət Avropa” fan klubu adı ilə ölkəmizin təbliğatını aparır. Bu bir ildə “İmarət Avropa” “Qarabağ”ın İsveç, Almaniya, Avstriya, Malta, Ukrayna, İtaliya, Hollandiyada keçirilən oyunlarında yanında olub. Xatırladaq ki, Vüsal Əhmədov 1989-cu ildə Bakıda anadan olub. Orta təhsilini Bakıdakı “Tərəqqi” liseyində alıb. 2008-ci ildən İsveçdə yaşayır.
-Necə oldu ki, İsveçə üz tutmalı oldunuz?
-İsveçə yeni ölkə, mühit görmək, həm də valideynlərimdən kənarda öz ayaqlarım üzərində dura biləcək təcrübə qazanmaq üçün gəlmişəm. Həm də daim fərqli ölkələri gəzmək uşaqlıq arzum idi ki, bunu da bura gəlməklə daha asan etdim. Hər il ən azı 5-6 fərqli ölkədə oluram.
-Qarabağ həqiqətlərinin xarici ölkələrdə yayılması işi yetərincə aparılırmı?
-Qarabağ həqiqətləri haqda rəsmi şəkildə olmasa da tanıdığımız isveçlilər və hətta bizim kimi başqa ölkələrdən gələnlərə imkan olduqca məlumat veririk.
– İsveçdəki gənclərimzin diaspor fəallığı varmı?
-İsveç böyük ərazisi olan ölkə olduğundan, sözün düzü, diaspor tədbirlərində hər kəs iştirak edə bilmir. Mən onların işinə qiymət vermək istəmirəm, nə də tənqidi yanaşmaq da fikrim yoxdur, amma mən şəxsi fikrimi deyirəm ki, buradakı diasporumuz elə də güclü deyil. Neçə-neçə cəmiyyətlər var, amma nə iş gördükləri barədə məlumatım yoxdur, ya da ola bilsin hələ gəlib mənə çatmayıb.
Hərdən eşidirəm ki, bəzi gənclər universitetlərdə keçirilən beynəlxalq tədbirlərdə milli yeməklərimizi və rəqslərimizi nümayiş etdirirlər.
– “İmarət Avropa”nı yartmağı nə zəruri etdi?
– “İmarət Avropa” bizim Azərbaycan, eləcə də Qarabağ üçün edə biləcəyimiz ən yaxşı təşəbbüs idi və onu da etdik. Necə ki, hər kəs bildiyi işi görsə, ona bir az can yandırsa müəyyən müddətə nəticə özünü göstərəcək. Təki ölkənə, millətinə bağlılığın sözdə, kompüter arxasında yox, ürəkdə olsun. Biz (Nicat İbrahimov və Natiq Babayev) “Qarabağ”ın həm ev, həm də Avropadakı səfər oyunlarını diqqətlə izləyirdik. Belə bir ideya yarandı ki, fan klub yaradaraq “Qarabağ” adı ətrafında Avropada gəncləri heç olmasa bir yerə toplaya bilək. İş elə gətirdi ki, “Qarabağ” İsveçin “Gefle” klubuna rəqib oldu və daha sonra “İmarət” fan klubu ilə əlaqələr yarandı və qərara aldıq ki, Azərbaycanda bir ilkə imza ataq və bir fan klubun Avropa filialını da yaradaq. Şükürlər olsun ki, həmin oyunda da 300-ə yaxın soydaşlarımızı stadiona toplaya bildik. Ondan sonrası da məlumdur…
– Avropada yaşayan azərbaycanlıları fan klubu cəlb edə bilirsizmi?
-İlk əvvəl bir az çətin idi, indi artıq hər ölkəyə gedərkən yeni-yeni tanışlıqlar olur. Hər getdiyimiz ölkədə bir nümayəndə seçirik ki, gələcəkdə yolumuz ora düşsə, biz ora gəlib catanadək artıq, soydaşlarımızı həmin adam məlumatlandırsın. Artıq İsveçdən başqa Almaniya, Avstriya, Hollandiya, İtaliya, Fransa da aktiv üzvlərimiz var. Bu siyahı getdikcə artmaqda davam edir. Əsasən “Facebook”da olan rəsmi səhifəmiz (İmaret fan club Europe) vasitəsi ilə soydaşlarımıza olub-bitənləri çatdırırıq. Hələlik sayımız 3000 nəfərdir. Bu müsahibəni oxuyan soydaşlarımız da ora dəvətlidir.
– Bəs, avropalılar necə?
– Bilirsiniz, Avropa nə qədər Avropa olsa da, bizim millətimiz kimi başqa millət haqqında və ya onun futbolu haqqında nəsə öyrənməyə elə də dəridən-qabıqdan çıxmırlar. Sözsüz, müəyyən istisnalar olur, amma çox deyil. Məsələn, “Qarabağ” haqda yazan holland yazar Arthur Huizinga bizimlə görüşüb. Bundan başqa “Qarabağ”ın Milanda “İnter”lə oyununda bir ispaniyalı azarkeş mənə yaxınlaşıb “Qarabağ”ın formasını istədi. Səbəbini soruşandan sonra aydın oldu ki, o, “Barcelona” azarkeşidir və “Qarabağ”ı internetdən izləyib deyə marağına səbəb olub və canlı izləməyə gəlib. Əlində başqa sektora bileti olmasına baxmayaraq bizim sektora bilet verdik və bizimlə birlikdə oyunu izlədi. Ya da qapıda italyan polisləri mənim əlimdəki çantanı çox diqqətlə yoxladıqları zaman mübahisəmiz yarandı. Guya İtaliya qanunlarına görə stadiona baraban olmazmış. Həmin zaman polislərdən biri mənə yaxınlaşıb gülər üzlə yalvara-yalvara “Qarabağ” şərfini ona yadigar verməmi istədi, mən də verdim. Bu mənim özümə də gülməli gəldi.
-Perspektiv hansı planlarınız var?
-Təbliğat işləri barədə az öncə dediyim kimi tanıdığımız hər kəsə bu haqda danışırıq. Getdiyimiz hər ölkədə də yerli azarkeşlər və sakinlərlə söhbətləşirik və onlara da bu barədə məlumatlar çatdırırıq. Hal-hazırda əsas təbliğata Avropada yaşayan azərbaycanlıları bir yerə toplamaqla başlatmışıq. Bunu sona çatdıraq, gələcəkdə bir çox təbliğat planlarımız var və həyata keçiriləcək. Hələlik ən dəqiq olan Qarabağ həqiqətlərindən bəhs edən ingilscə alt yazılı filmlər hazırlayıb diskə köçürüb oyundan öncə azarkeşlərə pulsuz paylamaqdır.
Fuad Hüseynzadə, xüsusi olaraq 1905.az üçün