“Global Conflict” kanalı 10 ən yaxşı müasir tankın siyahısını təqdim edib.
Siyahıda sonuncu yeri Hindistanın 60 tonluq MBT Arjun Mark II tankı tutur. Böyük Britaniyanın 62,5 tonluq Challenger 2 tankı doqquzuncu, Yaponiyanın 48 tonluq Hitomaru tankı səkkizinci yerdədir. Yeddinci yerdə Fransanın “idman şərəfi”ni qoruyan 60 tonluq AMX Leclerc maşınıdır. 65 tonluq Merkava Mark IV (İsrail) altıncı yerdədir. Məşhur T-90-nın ixracat üçün nəzərdə tutulmuş variantı – 48 tonluq Т-90МС beşinci yeri, Cənubi Koreyanın 55 tonluq K2 Blak Panther tankı dördüncü yeri tutur.
Rusiya birinci üçlükdə də təmsil olunur. 48 tonluq Т14 «Армата» üçüncü yerdədir.
Əlbəttə, ABŞ bu siyahıda təmsil olunmaya bilməzdi. 61 tonluq M1 Abrams ikinci yeri zəbt edib.
Birinci yerdə isə ənənəvi alman keyfiyyəti – 72 tonluq Leopard 2 qərar tutub.
Bu sıralanma ilə razılaşmaq da olar, razılaşmamaq da.
Indi heç bir ölkə tutaq ki, Kursk qövsündə düz 6 min tankın qatıldığı döyüşə bənzər qarşıdurmaya hazırlaşmır. Amma, yeni-yeni tanklar istehsal olunur, təkmilləşdirilir və bu prosesin səngiyəcəyini düşünmək olmaz.
Məsələn, bir neçə həftə bundan əvvəl xəbər yayıldı ki, Moskva və İrəvan Ermənistan ordusunda olan T-72 tanklarının modernləşdirilməsi proqramının icrasına başlayıb. Tanklar Т-72Б4 scəviyyəsinə çatdırılacaq. Bu isə məşhur “Tank biatlonu”na qatılan maşınların səviyyəsidir. Ermənistan Müdafiə nazirliyi təmsilçisi deyib ki, iş artıq gedir, amma məhz neçə tankın yeniləndiriləcəyini açıqlamayıb.
Üstəlik, məlum olub ki, işlər Ermənistan ərazisində aparılır…
Noyabrın 14-də Rusiya Federasiya Şurasının müdafiə və təhlükəzilik məsələləri ilə məşğul olan komitəsinin sədri Viktor Ozerov İranın T-90 tanklarına böyük maraq göstərdiyini demişdi. Siyasətçi qeyd etmişdi ki, İran artilleriya sistemləri, təyyarələr və vertolyotlarla da maraqlanır.
Bir müddət əvvəl Sputnik agentliyi öz mənbələrinə istinadən xəbər vermişdi ki, Hindistan 464 T-90 tankı almağa hazırlaşır…
Sülh problemlərini öyrənən Stokholm institutunun reytinqində göstərilir ki, Rusiya 2011-2015-ci illərdə dünyanın ikinci silah ixracatçısı olub.
Və sonda. MDB Müdafiə Nazirləri Şurasının Moskvada keçirilmiş növbəti iclasında Sergey Kujuqetoviç Şoyqu Azərbaycanı Xəzərdəki təhlükəsizlik forpostu saydıqlarını deyib.
Fuad Babayev