Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması başa çatdı. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzəryanı 5 dövlət – Azərbaycan, Türkmənistan, Rusiya, İran və Qazaxıstan tərərfindən imzalandı.
İndiyə qədər keçirilmiş 4 sammitin heç birində tam razılıq əldə olunmamışdı. 22 il ərzində davam edən uzun danışıqlar prosesindən sonra nəhayət ki, tam razılıq əldə oluna bildi. Bu konvensiyanın qəbul olunması reqionda və Xəzəryanı dövlətlər arasında bir cox məsələlərin həllinə yol açacaq.
Konvensiyanın imzalanması sözügedən dövlətlər arasında qarşılıqlı etimad səviyyəsinin artmasına və bir çox iqtisadi, humanitar və ətraf mühit layihələrinin səmərəli birgə həyata keçirilməsinə zəmin hazırlayacaq. Bu saziş eyni zamanda, regionun investisiyaya cəlbediciliyini artıracaq, müxtəlif sahələrdə əməkdaşlıqların genişlənməsinə səbəb olacaqdır.
Qazaxıstanın prezidenti bu konvensiyaya Xəzərin konstitusiyası adını verdi və bununla da Xəzərdəki bütün mübahisəli məsələlərin aradan qaldırıldığını elan etmiş oldu. Konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 12 mil məsafəyə sahib olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdirlər. Qalan ərazilər isə, ümumi istifadədə olacaq. Konvensiyaya görə, ölkələr razılığa gəlsələr, Xəzərin dibi ilə boru xətləri çəkilə bilər. Lakin, bu barədə qonşu ölkələri xəbərdar etməli və heç bir halda dənizin ekologiyasına zərər vurmamalıdır.
Digər maraqlı məqam isə, “üçüncü tərəf” barəsindədir. Yəni, ABŞ və NATO kimi hegemon güclərin Xəzərdə varlığı ilə əlaqədardır. Deyək ki, ABŞ İran və Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Konvensiyaya görə bu halda, Xəzər sahili ölkələr ABŞ-ın hərbi gəmilərinin dənizə çıxışına imkan verməyəcək. Yəni, “Xəzərdə başqa dövlətlərin hərbi gəmilərinin olmaması” bəndi Konvensiyaya salındı. Bu bəndin qəbul olunmasında daha çox maraqlı tərəf Rusiya və İran idi. Onlar ABŞ və NATO-nun Azərbaycan və Qazaxıstanla hərbi əməkdaşlığından narahatdır. Məhz, bu maddənin ABŞ və NATO-nun Xəzərə girişini məhdudlaşdırmaq məqsədi ilə qoyulduğunu güman etmək olar.
Nəticə etibarı ilə, Xəzər dənizinin dibinin bölüşdürülməsi məsələsi həll olunmamış qaldı. Əslində, əsas məsələ bu problemin həll olunması sayılırdı. Bu məsələ açıq olaraq qaldı. Çünki Xəzərin dibinin bölüşdürülməsi, mübahisəli yataqların hansı dövlət tərəfindən mənimsənilməsini aydınlaşdıracaqdı. Başqa bir sözlə, təbii sərvətlərinin bölünməsi demək idi. Bu məsələdə təkcə Xəzəryanı dövlətlər deyil, bir çox dövlət, eləcə də, Türkiyə maraqlı idi. Yenə də, yeni konvensiyanın ölkəmiz üçün xeyirli olmasını diləyirik.
Ramiyə Məmmədova