Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın qəbul olunmasından danışdıq. Qonaqlarımız politoloqlar Tofiq Abbasov və Zaur Məmmədov idi.
Fuad Babayev: Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisə idi. Hətta Nazarbayev bu sənədi Xəzərin konstitusiyası kimi səciyyələndirdi. Bu sənədin imzalanmasl hansı mərhələlərdən keçdi?
Tofiq Abbasov: Bu proses 26 il çəkdi. Proses barışmazlıq və tərsliklə xarakterizə olunurdu. Tərəflərin heç biri güzəştə meyilli deyildi. Ona görə də beynəlxalq ekspertlər Xəzərin statusu ilə bağlı problemin 50-70 ilə həll olunacağını proqnozlaşdırırdılar. Ekspert qruplarının fəaliyyətində arabir irəliləyişlər olurdu. Bununla belə konvensiyanın imzalanacağı gözlənilmirdi. Ona görə də böyük bir skepsis hakim idi. Belə bir fikir də var idi ki, guya bu problem ABŞ, Çin kimi fövqəldövlətləri o qədər də düşündürmür. Amma bu belə deyil. Çünki Xəzər dənizi təbii, geoloji bir səddir. Həm Avropanı Asiyadan ayırır, həm də dolaşıq kommunikasiya xəttlərinin bir növ mərkəzindədir. Təsadüfi deyil ki, Azərbaycanı Avropa ilə Asiya arasında açar dövlət sayırdılar.
Fuad Babayev: Z.Bjezinski də Azərbaycana açılan butılkanın tıxacı adlandırırdı.
Tofiq Abbasov: Bəli. Mən belə düşünürəm ki, bu prosesə təkan verən səbəblərdən biri də dünya geosiyasətində baş verən və proqnozlara oturuşmayan cərəyanlar oldu. ABŞ-la Çin, Rusiya, İran, indi isə həm də Türkiyə arasındakı ziddiyyətləri bu prosesə təkan verdi. Problemli situasiyalarda belə məsələlərin açar rolu oynaması heç kim üçün sirr deyil. Çünki bu problem olan yerə “vasitəçi” adı ilə nüfuz etmək olar. Bu konvensiya 5 dövlət rəhbərinin qətiyyəti, real vəziyyəti adekvat qiymətləndirməsi sayəsində qəbul edildi.
Fuad Babayev: Zaur müəllim, Siz də bu fikirdəsinizmi? 1-2 ay əvvəl bu konvensiyanın imzalanmasının anonsu gedirdimi?
Zaur Məmmədov: İlin əvvəllindən belə söhbətlər var idi. Ümumiyyətlə, bu sayaq problemlərin həlli onilliklərlə uzanır, böyük zaman tələb edir. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul edilməsi tarixi hadisədir, hüquqi cəhətdən onun həllinin tapılmasıdır. Konvensiyada əksini tapan təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Xəzərdə kənar qüvvələrin hərbi kontingentinin iştirakının mümkünsüzlüyü məsələləri hələ daha öncəki görüşlərdə dövlət başçılarının birgə bəyannamələrində əksini tapmışdı. Sadəcə indi bu məsələlər hüquqi və hər kəsin əməl etməyə məcbur olduğu qanun çərçivəsinə salındı. Xəzərdə artıq bu ölkələr yalnız həmin sənəd əsasında fəaliyyət göstərməyi öz öhdələrinə götürdülər. O ki, qaldı sənədin nə üçün məhz indi imzlanmasına, hər halda regionda baş verən geosiyasi hadisələr buna təkan verdi. Konvensiyanın qəbul olunmasına daha çox maneçilik törədən İran və Türkmənistan idi. İcmalçılar və ekspertlər belə hesab edirlər ki, bu konvensiyanın imzalanmasından ən çox udan tərəf Rusiya, Azərbaycan və Qazaxıstandır.
Fuad Babayev: “Obıvatel”ə tam aydın deyil, bu konvensiya Xəzərsahili 5 ölkənin razılaşdırmalı olduğu bütün məsələləri həll etdi, yoxsa konvensiyadan sonrakı dövrdə də nəsə var? Xəzərin dibi ilə bağlı məsələ həll olundumu?
Tofiq Abbasov: Bu addım əslində yaranmış tıxacı aradan götürməyə xidmət edir. Yəni hərəkət üçün böyük bir magistral var idi, amma o yolda qırmızı işıq yanırdı. Beşli format həmin qırmızı işığı ləğv etdi. İlk addım da konvensiyanın imzalanması oldu. Suyun səthi ümumi istifadəyə verildi. Hamıya eyni pay verilirsə, deməli, heç kəs inciməyəcək. 15 mil məsafə milli zonalar oldu, balıqçılıq üçün isə onun üzərinə 10 milllik məsafə də gəldi. Orta isə qaldı və orada müəyyən tədbirlər, təlimlər, manevrlər keçirmək olar. Problemli vəzyyət isə əslində dənizin dibi ilə bağlıdır. Bir fakt da deyim, Fars körfəzindəki problem İkinci Dünya müharibəsindən sonra həll edilməyə başlandı. Amma ard-arda bir neçə müstəqil dövlət yarandı – Qətər, Bəhreyn və s. Yeni dövlətlərin yaranması həm də təzə problemlərə yol açırdı. İndiyə qədər də körfəz dövlətləri bu məsələdə ortaq məxrəcə gələ bilməyiblər.
Fuad Babayev: Amma neft çıxarılmaqda davam edir…
Tofiq Abbasov: Bəli, ikitərəfli, bəzən isə üçtərəfli formatda razılıq əsasında davam edir. Amma hələ son söz deyilməyib. Son qərar beynəlxalq sənədlər və xəritələrdə təsbit olunmalıdır. İran bütün ölkələrlə öz problemini həll edib. Digər ölkələr arasında isə ziddiyyətlər hələ qalır. Bizdə isə hansı prinsip tətbiq olunmalıdır, məsələsi qalır. Biri deyir ki, Xəzər dənizdir, digəri isə bildirir ki, göldür.
Fuad Babayev: Hətta Qriqori Karasin (Rusiya Xarici İşlər Nazirinin müavini – red.) deyir ki, bu nə göldür, nə də dəniz. Xəzər dənizinin xüsusi hüquqi statusu olmalıdır.
Tofiq Abbasov: İndi həmin statusu müəyyənləşdirmək üçün xarici işlər nazirləri ekspertlərin iştirakı ilə bu məsələ ilə bağlı verdikt çıxarmalıdırlar.
Zaur Məmmədov: Mən fikir verdim, cənab prezident bir neçə dəfə “dəniz” sözünü işlətdi. Bəlkə də bilərəkdən bunu söyləyirdi.
Tofiq Abbasov: İndi əsas söhbət iqtisadi zəmində qazanc götürmək üçün hansı prinsipin üstün gələcəyindən gedir.
Fuad Babayev: Danışıqların növbəti raundu nə vaxt olacaq?
Tofiq Abbasov: Növbəti raund xarici işlər nazirlərinin görüşü olmalıdır. Ekspertlər də işləməkdə davam edirlər. Çünki hələ İran, Türkmənistan və Azərbaycan arasında ziddiyyətlər qalır. Konvensiya bu məsələlərə toxunmadı. Konvensiyada bu bölgəyə xarici qüvvələrin gələ bilməməsi və təhlükəsizlik məsələsi öz əksini tapdı. Bu konvensiya hələlik yalnız bu məsələləri həll edib. Dənizin dibinin milli sektorlara bölünməsi məsələsi hələlik asılı vəziyyətdə qalır.
Fuad Babayev: Yadıma gəlir ki, təqribən 15 il əvvəl BP-nin platformasına İran gəmiləri yaxınlaşmışdı. Cavab olaraq Bakıda “Türk şahinləri”nin uçuşu oldu. Yəqin ki, konvensiyadan sonra bu kimi halların qarşısı alınacaq?
Tofiq Abbasov: Xəzər bölgəsində elan olunmamış “soyuq müharibə” gedirdi. Konvensiya bu vəzyyəti bir qədər hamarlaşdıracaq.
Fuad Babayev: Xarici ölkələr bu konvensiyanın qəbulunu necə dəyərləndirdilər?
Tofiq Abbasov: Onlar qeyd etdilər ki, bu məsələ yalnız Xəzəryanı dövlətlər üçün əhəmiyyət kəsb edən hadisədir
Zaur Məmmədov: Heç bəyanant da vermədilər.
Tofiq Abbasov: CNN göstərdi, “Qardian”, “Nyu-York Tayms” da yazdı. Onlar “toxtaqlıqlarını” qoruyub saxladılar. Amma ABŞ bütün dünyanı özünün maraq zonası elan edibsə, necə ola bilər ki, Xəzər dənizi ora aid olmasın? Həm də ki, ştat sayının çoxluğuna görə (1200 nəfər) ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi Ermənistandadırsa, bu nədən xəbər verir? Mən inanmıram ki, bu bölgə onların marağında olmasın.
Fuad Babayev: ABŞ-Rusiya və ABŞ-İran münasibətləri pisləşə-pisləşə gedir. Belə bir şəraitdə Rusiya və İran prezidentinin də imzaladığı bu sənədə ABŞ-ın münasibətini necə proqnozlaşdırmaq olar?
Tofiq Abbasov: Rusiya Xəzər dənizində Suriya ərazisini vuranda artıq Amerikaya eyham etmişdi ki, bu ərazi onun maraq dairəsindədir. Məncə, Amerikanın bu məsələyə bir qədər etinasız yanaşmasının səbəbi onun arxasında hərbi-texniki səbəblərin dayanmasıdır. Burada bir Çin amili də var. Çinin indi yeritdiyi Dəmir İpək yolu layihəsi Transsib kəmərinə rəqibdir. Rusiya bu layihədən şəkinə bilər və Xəzəryanı ölkələri ondan uzaq tutmağa çalışır. Bu baxımdan fövqəldövlətlərin maraqları bu bölgədə kəsişir. Rusiya Xəzər bölgəsinin açarını özündə saxlamağa çalışacaq.
Zaur Məmmədov: Hər halda bu konvensiyanın qəbul edilməsi Azərbaycan üçün də müsbət amildir.
Tofiq Abbasov: Həm də konvensiyanın qəbul edilməsi ilə bizim indiyə qədər etdiklərimizin düzgün olması hüquqi cəhətdən təsdiqləndi. Bizim və Qazaxıstanın etdikləri etimad qazandı.
Gündüz Nəsibov: Bizim əsas neft yataqları bu 15 milin hüdudları daxilindədirmi?
Zaur Məmmədov: “Kəpəz” yatağından başqa, qalanları daxildədir.
Fuad Babayev: “Kəpəz” Türkmənistanın ərazisinə düşür?
Tofiq Abbasov: Onlar hesab edirlər ki, düşür. Əslində Azərbaycanın torpağı “Neft daşları”ndan hesablanmalıdır. Çünki o, süni ada deyil. Azərbaycan ərazisinin təbii davamıdır. Türkmənlər bu məsələ ilə bağlı Beynəlxalq məhkəməyə müraciət etmək istəyirdilər. Amma onların ərizələri qəbul edilmədi. Bildirdilər ki, Türkmənistan neytral dövlətdir və bəzi konvensiyalarda imzaları yoxdur.
Zaur Məmmədov: Xəzərin dəniz və ya göl olmasının hələ müəyyənləşdirilməməsi də bu problemin həllinə maneçilik törədir.
Fuad Babayev: Xəzərin statusunun müəyyənləşdirilməsini Qarabağ problemin həlli məsələsində bir “stansiya” kimi qəbul etmək olarmı? Bu hadisəyə Qarabağ probleminin həllini yaxınlaşdıran təzahür kimi baxmaq olarmı?
Zaur Məmmədov: Məncə, bu iki məsələ arasında bir yaxınlıq var. Təsadüfi deyil ki, Aktau görüşü ilə bağlı Ermənistan mətbuatında da bir həyəcan vardı. Azərbaycan Rusiya ilə problemlərini yavaş-yavaş həll edir. Ermənistan həm də niyə həyəcan içindədir? Çünki biz çevik şəkildə “Şimal-Cənub” layihəsinin Azərbaycandan keçməsinə nail olduq.
Tofiq Abbasov: Onlar istəyirdilər ki, bu layihə Ermənistandan keçsin.
Zaur Məmmədov: Və buna nail ola bilmədilər. Deməli, biz konvensiyaya imza atmaqla Çindən gələn yüklərin də daşıyıcısı ola bilərik. Erməniləri ən çox narahat edən məsələlərdən biri də Türkmənistan qazının nəqli məsələsidir. Transqaz kəmərinin, Qazaxıstandan isə neft kəmərinin çəkilməsi məsələləri var. Lakin yeni konvensiyada nəzərdə tutulan ekoloji problemlə bağlı, digər Xəzəryanı ölkələr də buna öz razılıqlarını verməlidilər. Beləliklə, bu konvensiya hələlik kəmərlər məsələsini həll etmir.
Tofiq Abbasov: Konvensiyanın Qarabağ məsələsinə təsiri odur ki, əvvəla Azərbaycan əmin halda öz problemlərini həll edir. Əgər bu məsələdə Azərbaycanın İranla problemləri var idisə, bu, konvensiyanın imzalanması ilə Azərbaycan İranı da bir növ özünə tərəf çəkir. Avropaya gedib-gələndən sonra Ruhani Paşinyanı İrana dəvət edib. Əgər İran Ermənistana kömək etməsə, bunun özü bizə kifayətdir. Xəzər məsələsinqə Qazaxıstan birmənalı bizim tərəfimizdədir. Rusiya yavaş-yavaş bizim tərəf keçir. İndi qalır İran.
Fuad Babayev: Söhbətimizdən belə bir nəticə çıxartdım ki, konvensiyanın qəbul olunması birmənalı olaraq irəliyə doğru addımdır.
Tofiq Abbasov: Mən bir şeyi vurğulamaq istəyirəm ki, bir çox məsələlər ikili və üçlü formatda danışılıb, razılaşdırılmalıdır.
Hazırladı: Gündüz Nəsibov, 1905.az