Tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov və araşdırmaçı Əkbər Nəcəf ilə Xəzərlərdən danışdıq.
Fuad Babayev: Xəzərlər haqqında nəyi bilməliyik?
Fərda Əsədov: Təəssüf ki, bəzi xalqların tarixini müəyyən qədər mənbələr ilə təmin olunmuş məlumatlar əsasında araşdırmaq imkanı olduğu halda, xəzərlərlə bağlı bunu deyə bilmirik. Xəzərlərin etnik mənşəyi, dini mənsubiyyəti, onların nə zaman Qafqazda dövlət yaratması, yəhudi dininin qəbul edilməsi ilə bağlı xəbərin nə dərəcədə doğru olması, dövlətin hansı səbəblərdən dağılması və tarix səhnəsindən itməsi kimi məsələlər indiyədək mübahisə mövzusudur. Deyə bilərlər ki, Xəzər dövləti 1-2 il ərzində onlara qarşı baş vermiş xarici müdaxilə nəticəsində süqut etdi, amma buna inanmaq bir qədər çətindir. Nəhayət, xəzərlərin etnik mirası, mədəniyyəti, dövlətçilik ənənələrinin aqibəti nə oldu? Bütün bunlar haqqında mübahisələr indiyə qədər davam edir.
Fuad Babayev: Xəzər xaqanlığı hansı əraziləri əhatə edirdi və Azərbaycan Respublikasının hansı hissəsi bu dövlətin ərazisinə düşürdü?
Fərda Əsədov: Xəzər xaqanlığı özünün ən yüksəliş dövründə çox geniş ərazilərə nəzarət edirdi. Onun Krım yarımadasından, Kiyev də daxil olmaqla, aşağı və orta Dneprdən qərbdə yerləşən Ukrayna torpaqlarından başlayaraq, şərqdə Aral gölünə qədər uzandığı məlumdur. Hətta bəzi məlumatlara görə, bu dövlət Xəzər dənizinin şərq sahilləri boyunca cənuba doğru, İranın Gürgan (Qorqan) əyalətinə qədər olan ərazilərə də nəzarət edibdir. Xəzərlər zaman-zaman Azərbaycan ərazilərinə də nəzarəti genişləndirmişlər. Ola bilsin, onlar Azərbaycanın digər ərazilərinə nisbətən şimal bölgəsini daha çox nəzarətdə saxlaya biliblər.
Fuad Babayev: Yəni Quba-Xaçmaz bölgəsini…
Fərda Əsədov: Bəli. Ərəb mənbələrində xüsusi olaraq Qəbələ şəhəri qeyd olunur ki, onun adına hətta Xəzər də deyirdilər. Məsələn, ərəb tarixçisi əl-Bəlazuri Qəbələni Xəzər şəhəri adlandırır. Qəbələdə aparılan arxeoloji qazıntılar da orada xəzərlərin maddi, mədəni izlərinin müşahidə olunduğunu deməyə əsas verir. Son zamanlar AMEA-nın Cənubi Koreya ilə birgə apardığı arxeoloji qazıntılar nəticəsində xeyli sayda sini qablar, zinət əşyaları və sair maddi abidələr aşkarlanıb ki, onların da Saltovo-Mayak mədəniyyəti ilə bağlılığını müəyyən etmək olur. Beləliklə, şimal bölgələrimiz kifayət qədər uzun müddət ərzində Xəzər dövlətində gedən siyasi proseslərin iştirakçısı olub. Bundan başqa, təqribən yüz il ərzində xəzərlər ərəblər ilə mübarizədə tez-tez Azərbaycan ərazilərinə, hətta Ərdəbilə qədər yürüşlər edib, bu şəhəri də ələ keçirib. Gəncə yaxınlığında Üçtəpə adlanan yerdə arxeoloji qazıntılar zamanı bir xəzər zadəganının məzarından xeyli sayda zinət əşyaları, silah-sursat və s. qiymətli əşyaların aşkar olunması, xəzərlərin Azərbaycanın bir çox bölgələrində məskunlaşdığını deməyə əsas verir.
Əkbər Nəcəf: Ümumiyyətlə dünya tarixşünaslığında həm elmi, həm də konspiroloji cəhətdən xəzərlərə maraq çox böyükdür. Çünki xəzərlərin yəhudiliyi, onların aşkenaz yəhudilərinin formalaşmasında rolu və digər məsələlər böyük maraq kəsb edir. Amma bütün bunlar eyni zamanda saxta məlumatların ortaya çıxması üçün də imkan yaradır.
Bəlkə də Azərbaycanda xəzərlər haqqında kitab yazmaq ilk dəfə Fərda müəllimə nəsib olub. Xəzər adı hələ də problemlidir. Məşhur türkoloq Piter Bencamin Qoldenin Xəzər leksikonunun böyük bir hissəsinin ortaya çıxarılmasında böyük zəhməti olub. Bəziləri “xəzər” sözünün türkcə olduğunu hesab edirlər, amma bunun türkoloji cəhətdən problemi var. Çünki türk dillərində “x” ilə başlayan səs yoxdur. Əgər Xəzər adı üçün türkcə bir ad tapmaq lazım gəlsə idi, bu adın Kasar, yaxud Kosar olması lazım idi. Bunun da mənası it, köpək deməkdir. Çünki Çingiz xanın qardaşı və komandirləri arasında, eləcə də uyğurlara aid VIII əsr yazılı abidələrində bu ad keçir. Maraqlıdır ki, Xəzər dənizinin əvvəlki adlarından biri – Hirkaniya da qurd deməkdir.
Xəzərlər bizə heç bir yazılı abidə buraxmayıb. Yalnız Misirdəki Geniza qədim yəhudi məbədinin arxivindən tapılmış əsərlər orijinal qəbul edilə bilər. Orada böyük bir külliyyat üzə çıxıb və onun əsas hissəsini Avropada və Amerikada 3 böyük mərkəzə veriblər. Xəzərlərə aid 3 məktub tapılıb. Əvvəllər Xasday ibn Şafrutun məktubu üstündə mübahisə gedirdi ki, məktub orijinaldır, yoxsa saxta. Amma eyni məktubun digər variantının Geniza məbədində ortaya çıxması bütün şübhələri ortadan qaldırdı.
Xəzərlər haqqında Çin mənbələri də çox səthi məlumat verir. Xəzər kimliyinin aydınlaşdırılmasında daha bir problem də ondan ibarətdir ki, IX əsrdə xəzərlər haqqında yazan ərəbdilli müəlliflər əsasən xəzərlər ilə üzləşiblər deyə, keçmişdə nə qədər türk varsa, hamısını xəzər adlandırıblar. Ona görə də elə anlayış yaranır ki, xəzərlər faktiki olaraq VII əsrin ilk yarısında tarix səhnəsinə çıxıblar. Sadəcə olaraq, o dövrün müəllifi, eyni dilli olmasından irəli gələrək keçmişdə yaşayan digər xalqlara da bu adı şamil edib.
Fikrimcə, Xəzər kimliyi əslində klassik bir Sabir kimliyidir. Xəzərlərin altında yatan əsas kütlə sabirlərdən ibarət olub. Göytürklər ortaya çıxdığı zaman, bu coğrafiyadakı parçalanmış qrupları yenidən bir ittifaq ətrafında toplayıb bu xalqları müəyyən şəkildə təşkilatlandırıblar. Məsələn, Orta Asiyada yaşayan türk tayfalarını 10 tayfa halında bir yerə cəm edib onlara On Ox, karlukları bir yerə gətirib onlara Üç Karluk, yaxud oğuzların bəzi qollarını bir yerə yığıb onlara Oğuz adını veriblər.
Qafqaz coğrafiyasında xəzərlərdən əvvəl sabir, oqur, daha sonra hun tayfaları dağınıq halda yaşayırdılar. Onların müəyyən qrupunu təşkilatlandıraraq xəzər adı altında formalaşdırdılar. Amma bu dövr sasanilər ilə bizanslılar arasında uzun müharibələr gedirdi. Sasanilər Yerusəlimə (Qüdsə) qədər irəliləyərək, oradakı İsa peyğəmbərdən qalma müqəddəs xaçı İrana – Cənubi Azərbaycanın Qazaka, ərəb müəlliflərinin Şiz, indi də Təxti-Seleyman deyilən yerə gətirdilər. Bura sasanilərin od məbədgahı idi. O dövrdə xaçı bura gətirib təntənəli surətdə qeyd etdilər. Bu zaman Bizansda hakimiyyət dəyişikliyi baş verdi və hakimiyyətə I İrakli (610-641-ci illərdə hökmranlıq etmiş Bizans imperatoru – red.) gəldi. Xristianlar üçün mühüm bir simvolun və torpaqlarının bir hissəsinin itirilməsi göstərdi ki, Bizansın təcili yardıma ehtiyacı var. Ona görə də göytürklərə müraciət etdilər. Onlar da bölgəyə böyük bir ordu göndərdilər. Ordunun başında Tonq Yabqu (618-628-ci illərdə hökmranlıq etmiş Qərbi Göytürklərin beşinci xaqanı – red.) dayanırdı. Xəzərlər Bizans ilə ittifaqda sasaniləri ağır məğlubiyyətə uğratdılar. Bu məğlubiyyətdən sonra sasanilərin böyük ehtişam dövrü sona çatdı.
Süryani, ibrani, latın dillərində, qərb və ərəb mənbələrində xəzər adının daha çox səslənməsi belə bir ehtimala əsas verir ki, xəzərlərin bəlkə də orijinal və fərqli adı olub, amma əlimizdəki ədəbiyyat bizə xəzər adını verdiyi üçün, müasir tarixçilər bu addan istifadə edir.
Fərda müəllimin kitabında Azərbaycanla bağlı bir çox gözəl faktlar var. Xüsusən də köçərilik ilə bağlı fikirlər maraqlıdır. Həmçinin kitabda bir sətir halında keçsə belə, maraqlı bir fikir var ki, bu gün Yaxın Şərqdəki ərəb-yəhudi münasibətlərinə tarixdəki xəzər-ərəb münasibətlərinin davamı kimi baxmaq gərəkdir.
Fərda Əsədov: Həqiqətən, xəzərlərin problemi çox maraqlı şəkildə müasir siyasətə proyeksiya olunub. Bu, təkcə Yaxın Şərqdəki problemlər ilə bağlı deyil. Aşkenaz yəhudiləri dünyada ən böyük yəhudi icması hesab olunur.
Əkbər Nəcəf: Bu gün İsraildə hakim elita əsasən aşkenazlardan ibarətdir.
Fərda Əsədov: Bəli, elədir. II Dünya müharibəsindən əvvəl onlar bütün yəhudilərin 80 faizini təşkil edirdilər.
Təmkin Məmmədli: Xəzərlərin elitasının yəhudiliyi qəbul etməsi nə ilə bağlıdır? Yəni doğrudanmı bir tərəfdə xristian bizanslılar, digər tərəfdə müsəlman ərəblər ilə mübarizədə seçim etdilər. Lakin bu həm də onların məğlubiyyətinə gətirib çıxaran faktor rolunu oynamadımı?
Fərda Əsədov: Xəzərlərin yəhudiliyi qəbul etməsinin Xəzər dövləti üçün mənfi rol oynaması fikrinin müəllifi əsasən Lev Nikolayeviç Qumilyov hesab olunur. Amma bu fikir dünya tarixşünaslığında tənqid olunur. Mən o fikirdəyəm ki, xəzərlər yəhudiliyi olduğu kimi, yəni mövcud yəhudi əqidəsinə bir tabeçilik şəklində qəbul etməyiblər. Yəhudi mənşəli dövlət xadimi Xasday ibn Şafrut (Kordova xilafətinin əmiri III Əbdürrəhmanın vəziri – red.) eşidir ki, qüdrətli bir yəhudi dövləti var, halbuki yəhudilər uzun dövr ərzində dövlətsiz və məzlum vəziyyətdə yaşayan bir xalq idi və bu xəbər onda qürur hissi yaradır və götürüb Xəzər xaqanına məktub yazır. Çoxlu maraqlı suallar verir. Xəzər hakimi də ona cavab yazır ki, biz, Toqarmanın nəvələriyik. Tövratdan görürük ki, Toqarma Yafəsin oğludur. Bu isə o deməkdir ki, xəzərlər sami kökündən deyil, çünki hesab edilir ki, türklərin kökü Yafəsdən gəlir. Beləliklə, Xəzər çarı öz kökünü yəhudilərdən gəlmə hesab etmir. Ancaq əsl yəhudi əqidəsinə əsasən bütün yəhudilər ancaq Samın kökündən, İbrahim peyğəmbərin oğlu İshaqdan törəmədir.
Yəhudiləri iki dəfə əsir götürüb Babilistana aparıblar. Birinci dəfə 12 yəhudi soyundan 10-u aparılıb və onlar digər xalqlara qarışıb əriyib yox olublar. Ikinci dəfə qalan 2 yəhudi soyunu Babilistana aparanda, sonradan Əhəməni imperatoru II Kir Babil dövlətini işğal edərək onları xilas edib. Ehtimala görə, II Kir o zaman Yerusəlim məbədini bərpa etdirir və yəhudi icmasını səfərbər edir. Bu 2 nəsildən də indiki yəhudilər törəyib. Deməli, siz əgər yəhudisinizsə, kökünüz bu soylardan gəlməlidir. Ona görə də xəzərləri yəhudi sayanlar, onların yəhudilərin itmiş 10 soyundan biri olduğunu iddia edirlər. Bəzi yəhudi mənbələrində göstərilir ki, guya xəzərlər yəhudilərin Manassiya və Simeon nəsillərindən gəlirlər. Lakin, gördüyümüz kimi, Xəzər hakimi İosif özünü Toqarmanın törəməsi kimi təqdim edir. Beləliklə, xaqan yəhudi dünyagörüşünü qəbul edir, amma öz xüsusiyyətini əks etdirən bir müddəa qoyur ki, bu da onu ənənəvi yəhudilikdən fərqləndirir.
Bəs nəyə görə xəzərlər yəhudiliyi qəbul edirlər? Xəzər xaqanlığı çox qüdrətli dövlət idi və bir tərəfdən xristian Bizansla, digər tərəfdən müsəlman Ərəb xilafəti ilə rəqabət aparırdı. Sual oluna bilər ki, xəzərlər nəyə görə Tanrıçılıq dinini yüksək səviyyəyə qaldıra bilmədilər. Böyük imperiya yaratmış elita sırf köçəri tayfaların düşüncəsini əks etdirən və bütün əhalini birləşdirə bilməyəcək ideologiyanın qüsurlarını görürdü. Bunları gördükcə də, dini islahat aparmaq məsələsi ortaya çıxır. Xəzərlər doğrudanmı bunu yəhudilik zəminində, yaxud hansısa elementləri qarışdırıb yeni din ortaya qoymaq məqsədilə ediblər – məhz aydınlıq gətirilməsi tələb olunan suallardan ən vacibi də budur.
Ərəb mənbələri xəzərlərin yəhudiliyi qəbul etməsi barədə birmənalı fikir yürüdürlər. Lakin əl-Bəlazuri, əl-Yaqubi, ət-Təbəri kimi mötəbər ərəb tarixçiləri bu barədə bir söz də demir. Digər tərəfdən, bütün ərəb mənbələri qeyd edir ki, yəhudiliyin qəbul edilməsindən xeyli öncə – 737-ci ildə Xəzər xaqanı ərəblərə məğlub olduqdan sonra İslamı qəbul edir. Görürük ki, xaqanlıqda İslam dini xeyli yayılır. Bütün bunları nəzərə alaraq oradakı dini durum barədə bir mənalı şəkildə fikir yürütmək mümkün deyil.
Əkbər Nəcəf: VII-X əsrlər dinlərin ən zəngin dövrüdür. Nəzərə alın ki, bir tərəfdə böyük bir coğrafiyanı əhatə edən Ərəb xilafəti İslam kimliyi içərisində yer alır, şimala doğru Bizans imperiyası Xristian kimliyini ifadə edir, şərqə doğru getdiyiniz zaman, Çini də müəyyən qədər öz nəzarəti altına alan, İpək Yolunun üstündə yerləşən Uyğur xaqanlığı manixeizmi qəbul edir. Və bu 3 dünya arasında bir-birinə doğru iqtisadi, mədəni, elmi axın var. Bunlar fərqli dindəndirlər deyə, ömrü boyu düşmən olmalıdırlar fikri qəbuledilməzdir. Əgər belə bir coğrafiyanın içində ortaya çıxaraq bir çox Avropa, xüsusilə latındilli mənbələrin qeyd etdiyi kimi 28-ə qədər ölkəni öz nəzarətin altına alıb idarə edirsənsə, o zaman bu coğrafiyanın bir parçası olmalısan. Amma klassik şamanizm qaydaları ilə bu coğrafiyaya müdaxilə etmək mümkün deyil. Çünki şamanizmin bu kimliyin içərisində maddi, iqtisadi, siyasi təsir dairəsi yoxdur. Bu təsir yalnız Sibir kimi bölgələrdə ola bilər. Amma parçalanmış yəhudi kimliyi eyni zamanda sərmayədar kimliyidir. Bu kimliklə sənin əlaqə qurmağın lazımdır. O dövrün dövlət zehniyyəti də bu cür məsələləri nəzərə alırdı. Maraqlıdır ki, bu dövlətlər dini kortəbii olaraq qəbul etmirdilər; qurultay çağırırdılar, bütün dinlərin nümayəndələrini dəvət edirdilər. Eyni cür hadisə Kiyev knyazlığında da olmuşdur. Onlar da qurultay çağırıb müəyyən məsələlər barəsində mübahisələr ediblər. Burada əsas məsələ bir xalqın müsəlman, xristian, yaxud yəhudi olması deyil, dövlətin öz nəzəri platformasını quraraq hansı dini müstəvidə bu böyük coğrafiyanın bir parçası olacağını müəyyən etməsidir. Fərda müəllim də qeyd etdi ki, Xəzər əhalisinin çox hissəsi rahat şəkildə müsəlmançılığı qəbul edir, yaxud Şirvanın müəzzinləri gedib xaqanlığın İtil və sair şəhərlərində dini dərslər keçir, o cümlədən digər dinin nümayəndələri də rahat şəkildə fəaliyyət göstərirdilər. Ona görə də o dövrün prizmasından yanaşaraq Xəzər dövləti yəhudiliyi özləri üçün ən sərfəli din kimi qəbul edib.
Yəhudilik məsələsində problemli olan bir məsələ də əslində “Tövrat”dan irəli gəlir. Kitabda aşkenaz adı skiflər üçün də istifadə edilir. Onun da bir versiyası Assur mənbələrində işquz adlanır. Ondan sonra yəhudilər də bu adla adlandırılmağa başlanıb. Ona görə də tarixçilərdə və bu məsələ ilə məşğul olan digər insanlarda fərqli zehinlər ortaya çıxıb: görəsən xəzərlər yəhudilərin itmiş 13-cü qəbiləsidirmi və s. Bir məsələni də qeyd etmək lazımdır; bugünkü aşkenazların heç yarısını da türk qəbul etmək doğru deyildir. Bu coğrafiyada yəhudi qrupları var idi. Eramızın 70-ci illərində Roma imperiyasının Qüdsü dağıtması, ondan sonra yəhudilərin ətraf bölgələrə yayılması, hətta mühüm bir hissəsinin xristianlar ilə birlikdə Parfiyaya gəlməsi, bəzilərinin indiki Gilan bölgəsində, daha sonra Xəzər dənizinin şimalı boyunca kiçik mərkəzlər quraraq öz ticari əlaqələrini təşkil etməsi bu coğrafiyada çətinliklərdən qaçan yəhudi qrupların olduğunu təsdiq edir. Ehtimal etmək olar ki, bu insanlar gəldikləri coğrafiyanın sonrakı ticari-iqtisadi münasibətlərində fəal iştirak etməyə başlayıblar. Bu hala L.N.Qumilyov da diqqət çəkir, amma yəhudi ticarət şəbəkəsi, yəhudi tacirlər arasında bağlantı məsələsini çox şişirdir. Ola bilsin ki, yəhudilər iqtisadi vasitədən istifadə edərək xəzər kimliyi içərisində yer ala bilsin. Ona görə də aşkenazların hamısına – bunlar türklərdir, xəzərlərin itmiş varisləridir demək, ciddi qəbul olunmur.
Fərda Əsədov: Xəzər dövlətinin yaranması və çiçəklənməsi ilə paralel, Bizans və Ərəb xilafətində, ondan öncə isə Sasanilər dövlətinin son dövrlərində yəhudilərə qarşı təqiblər olur. Bu da öz növbəsində yəhudilərin köçünə səbəb olur. Xəzər dövləti isə sığınacaq verib onların təhlükəsizliyini və iqtisadi fəaliyyətini təmin edir. Ona görə də bölgəyə yəhudilərin böyük axını baş verir. Digər tərəfdən, yəhudilərə iqtisadi fəaliyyət üçün şərait yaradılır, bunun sayəsində yəhudi icması və onun tacirlər şəbəkəsi olduqca güclənir. Bunun nəticəsidir ki, bu tacirlər vasitəsi ilə İspaniyaya qədər xəzərlər barədə məlumat yetişir.
Yəhudi alimləri aşkenazlar arasında türk və Qafqaz köklərinin araşdırılması ilə məşğul olurlar. Müəyyən tədqiqatlara əsasən bəzi izləri görmək olar. Bir çoxları bu izlərin daha çox – 20 faizə qədər olduğunu deyir, bəziləri isə bu rəqəmi 3-5 faiz hesab edir. Mən bunların hansının gerçəyə daha yaxın olduğunu deyə bilmərəm. Amma istisna deyil ki, Xəzər türklərinin arasında yəhudiliyi qəbul edən xeyli sayda insan olub. O zaman bəlkə də bu din daha liberal və qəbul etməsi də daha asan idi. Halbuki, hazırda başqa millətin yəhudiliyi qəbul etməsi mümkün olsa da, daha uzun bir prosesdir.
Fuad Babayev: Dünya tarix ədəbiyyatında xəzərlərdən bəhs edən bədii əsərlər var? Oxucuya hansı əsərləri tövsiyə edə bilərsiniz?
Əkbər Nəcəf: Bu yaxınlarda Milorad Paviçin “Xəzər lüğəti” deyilən bir kitabı çıxıb. Artur Kostlerin (1905-1983 – macarıstanlı jurnalist, araşdırmaçı yazar, tarixçi – red.) “On üçüncü qəbilə” əsəri bütün insanların oxuya biləcəyi maraqlı xarakter və süjetlərlə verilmiş bir əsərdir.
Ərəblərin Xəzər dövlətində Əhməd ibn Fadlan (877 – 940 – ərəb səyyahı və yazarı – red.) adlı bir elçisi olub. İbn Fadlan öz elçiliyi dövründə öz xatirələrini yazıb. Maraqlıdır ki, xəzərlər yəhudiliyi qəbul edərkən, onların şimal qonşusu bulqarlar İslam dinini qəbul ediblər. Məhz buna görə də xəlifənin yanına elçi göndərirlər ki, bizə İslamı öyrədəcək adam göndərin. İbn Fadlan savadlı məmur idi, onu da ora göndərirlər. O da bizə səyahətnamə buraxıb. “Səyahətnamə” etnoqrafik məlumatlar ilə zəngindir və insanların həyat tərzi, düşüncəsi, inamları, dünyaya baxışları haqqında X əsrə dair oxunacaq ən gözəl əsərlərdən biridir.
Fərda Əsədov: II Dünya Müharibəsindən sonra xəzərlər haqqında bədii ədəbiyyat elə bil ki, çiçəklənmə dövrü yaşayıb. Çünki müharibədən sonra yəhudi probleminə diqqət çox artmışdı, ən çox da Amerika yəhudi icmasında. O zaman ABŞ-da bu barədə demək olar ki, il ərzində 10-12 elmi-bədii kitab nəşr olunurdu. Onların ümumi sayı bəlkə də yüzdən çoxdur. Hətta “The Rabbi king”, yəni “çar ravvin” adlı bir kitab var. Kitabda Xəzər xaqanının taxta çıxma mərasimi təqdim olunur. Görürük ki, yəhudiliyi qəbul etmiş xaqanların taxtı qəbul etməsi zamanı türk Xəzər xaqanlarından qalma mərasim təkrar olur – taxta çıxan xaqanı iplə boğurlar, guya bu zaman onun Tanrı ilə bağlılığı tam bərpa olur, sonra isə ondan soruşurlar ki, neçə il taxtda qalmaq fikrindəsən. Xaqan da nə qədər hökm sürəcəyini deyir. Bu mərasim əslində, türklərlə bağlı olub, onlardan gələn ənənədir. Beləliklə, xaqan çox oxumuş və mədəni adam olduğu üçün belə üsulla taxta çıxmağa qarşı olur. Kitabda bu xaqanın daxili iztirabları, düşüncəsi təsvir edilir və o, son məqamda islahatlar aparıb ən gözəl və ədalətli icma qurur. Bu, əlbəttə ki, mütəxəssis, ya siyasətçi olmayan yəhudi ziyalılarının düşüncəsidir ki, nəticədə belə romanlar yaranır.
Əkbər Nəcəf: Xəzərlər və Xəzər dövləti okkult hadisələr, qnostik düşüncələr, simvolika, yuxuyozumu və sair sahələrə də təsir etmişdir. Hətta bir çox Amerika filmlərində başqalarının bədənini “udaraq” öz bədənini “bərpa edən” kral obrazının xəzərlərə qədər uzantısının olduğu haqqında iddialar var. Əslində, xəzər deyəndə, sadəcə 630-cu illər ilə 960-cı illər arasındakı 300-350 illik dövrü əhatə edən bir dövləti nəzərdə tuturuq. Amma xəzərlər bu gün də gündəmimizdə izləri olan böyük bir ədəbiyyat və düşüncənin bir parçasıdır.
Fuad Babayev: Sirr deyil ki, bizim insanlar əsas informasiyanı dərsliklərdən əldə edirlər. Bəs dərsliklərdə Xəzər mövzusu nə yerdədir?
Fərda Əsədov: Azərbaycan tarixşünaslığında xəzərlərə münasibət indiyə qədər müəyyən inersiya şəklində olub. Çünki bu, sovet tarixşünaslığından köklənir. Bu tarixşünaslığın da əsasında qədim Rusiya tarixi və rusların maraqları durur. Ona görə də sovet dövründə xəzərlərə münasibət həmişə mənfi olub. Əvvəla, Rusiya ərazisində ilk qüdrətli dövlət məhz türk xəzərlərə məxsus olub. Əslində çox böyük bir ərazidə dövlətçilik də buradan başlayıb. İkincisi, Rürik sülaləsinin gəlib 882-ci ildə Kiyev Rus dövlətini qurmasından əvvəl, burada yaşayan xalqlar xəzərlərə bac verirdilər. Üçüncüsü, Genizada Kiyev yəhudilərinin məktubları da tapılıb. Bu məktublar isə ondan xəbər verir ki, orada artıq Xəzər idarəçiliyi var idi. Oradakı yəhudilər, əslində Xəzər yəhudiləri idi, çünki adları qarışıq yəhudi və türk adlarından ibarət olub. Məktubun sonunda türk runik yazıları ilə qeyd var: “okudum”. Bu isə o deməkdir ki, məktubun Kiyev dövlətindən kənara çıxarılması üçün Xəzər dövlətinin məmuru imza atıb, dərkənar qoyub. Bəs məktubda nədən söhbət gedir… Bir yəhudi taciri borclu olduğu üçün həbsə düşür və onu oradan qurtarmaq üçün pul yığılır. Ona görə də başqa yəhudi icmalarına məktub ünvanlayırlar ki, pul yığı verin, onu həbsdən çıxaraq. Məktub orijinaldır, hazırda Kembricdə saxlanılır. Sənədlərin əksəriyyəti oradadır. Çünki Genizada tapılan bütün sənədlər satışa çıxarılıb. Onu alanlar da əsasən yəhudilər olub.
Ruslar Xəzərlərin tarixinə həssaslıqla yanaşırdılar, xəzərləri rus dövlətinə düşmən sayırdılar. Əslində, Rus dövləti xəzərlərlə qarşıdurma nəticəsində yaranıb. Kiyev knyazı Svyatoslav İqoreviç 965-ci ildə xəzərlərə qarşı yürüş edib Sarkel qalasını alır və orada qala tikir. Beləliklə, ruslar öz sərhədlərini müəyyənləşdirirlər. Rus ədəbiyyatında xəzərlərə rus dövlətçiliyinə qarşı böyük bir təhlükə kimi baxılıb. Indiyə kimi belə bir assosiasiyalar var: “müasir xəzərlər”, “xəzər sui-qəsdi”, “Xəzər-Yəhudi qəzəbi” və s. Görün məsələ nə yerə gəlib çatıb ki, çeçenləri də xəzərlərə bağlamaq istəyirlər. Bəzi yerlərdə yazırlar ki, sən demə çeçenlər də xəzərlərin qalığıdır.
Sovet tarixşünaslığında belə bir fikir hakim idi ki, Azərbaycanda yerli əhali hər zaman kənar işğalçılara qarşı mübarizə aparıb. Bir tərəfdən müsəlman ərəblər, digər tərəfdən köçəri xəzərlər Azərbaycana işğalçı yürüşlər ediblər, ruslar isə ölkəmizi bu işğalçılardan xilas edib. Əvvəla, bilirik ki, xəzərlər bura gələndə ərəblər ilə savaşıblar. İkincisi, ərəblər gələnə qədər bu ərazilərdə xeyli sayda xəzərlər artıq məskunlaşmışdılar. Üçüncüsü, xəzərlərdən əvvəl burada yaşayan türk tayfaları xarici işğalçılara: Sasani, Bizans və Ərəb imperiyalarına qarşı mübarizədə öndə gediblər. Ona görə də xəzərlər və Azərbaycandakı yerli əhali arasında maraqlar çox zaman üst-üstə düşüb.
Fuad Babayev: Əfqanıstanda yaşayan hazaraların xəzərlərə aidiyyəti var?
Əkbər Nəcəf: Hazaralar monqol əsilli əsgəri bir qrup olub. İndiki Əfqanıstan ərazisində orduda xidmət edib, orada da qalıbar. Zaman-zaman puştular və digər qonşu xalqlar ilə qaynayıb qarışıblar, nəticədə dari dilində danışan bir kimlik ortaya çıxıb.
Fərda Əsədov: Hazara sözünün xəzərlər ilə əlaqəsi yoxdur. O xalqın adındakı “hazar” farsca “min” deməkdir. Xəzərlərdə isə adın əvvəlində “x” hərfi gəlir. Əslində “x” hərfi türklərin qədim abidəsi olan “Orxan-Yenisey”-də yoxdur. Hətta erkən rus mənbələrində də bu səs “k” kimi istifadə olunur. Məsələn, “kazarin”, “kozarı”. Çin mənbələrində də “k” kimi işlənir: “kesa”, “kosa”. Amma ərəb, fars və Bizans mənbələrində “x” hərfi var. Məşhur rus şərqşünası Sergey Qriqoryeviç Klyaştornı uyğur yazılı abidələrində olan nəsil adlarını türk-xəzər adları ilə eyniləşdirib. Beləliklə də xəzərlərin mənşəyini türk xaqanlığının erkən tarixindən çıxardıb. Bəlkə də xəzərlərin ən erkən qeydə alınma faktı süryani dilində yazılan mənbələrdədir. VI əsrin 2-ci yarısına düşən bu mənbələrdə də xəzərlərin adı “k” hərfi ilə başlayır.
Təmkin Məmmədli: Xəzərlərin kaspilərlə əlaqəsi var?
Fərda Əsədov: Heç bir əlaqəsi yoxdur. Kaspi yalnız antik mənbələrdə qeyd olunan xalq adıdır. Bu xalq Xəzər dənizinin cənub-qərbində yaşayıb. Ona görə də antik mənbələr Xəzəri Kaspi dənizi adlandırırdılar. Ərəblər isə ən çox üz-üzə gəldikləri və savaşdıqları xəzərlərin adı ilə bu dənizə Xəzər deyiblər. Həm də ərəblər bu dənizi bir neçə adla tanıyırdılar: Xəzər, Tabasaran, Mazandaran, Gilan və s. Hətta avropalılar bir vaxtlar Bakı dənizi deyirdilər. Nəyə görə belədir? Məncə bu, hansı tərəfdən dənizi səciyyələndirmək anlamına gəlir. Əgər Tabasarandan şimala doğru dəniz yolları haqqında söhbət gedirdisə, ərəb “Tabasaran dənizi” də deyə bilərdi.
Təmkin Məmmədli: Azərbaycan ərazisində Xəzər toponimlərinə rast gəlinir?
Fərda Əsədov: Xeyli sayda adlar var. Hətta İran Azərbaycanında da bu toponimlər mövcuddur.
Əkbər Nəcəf: Biz Xəzər dediyimiz zaman indiki Volqa çayının dənizə tökülən hissəsi və ətrafı gözümüzdə canlanır. Amma nəzərə almaq lazımdır ki, xəzərlərin Səməndər, Bələncər kimi ilk böyük mərkəzləri Azərbaycana yaxın indiki Dağıstan ərazisində idi. Bəziləri Mahaçqalanın cənubunda böyük arxeoloji xarabalığın Səməndər olduğunu iddia edirlər. Amma nəzərə almaq lazımdır ki, klassik türk dövlətlərinin paytaxt anlayışı bildiyimiz imarətlərin mövcud olduğu şəhər anlayışı deyil. Azərbaycana çox yaxında olan xaqanlığın ölkəmizin mühitinə təsir etməməsi qeyri-mümkün idi. Biz, ümumiyyətlə, sovet tarixşünaslığından irəli gələn fikrə əsasən Samurun yuxarı hissəsində olan bütün hadisələrə şimal tayfalarının işğalçı yürüşü olaraq baxmışıq. Halbuki bu güclər arasında elə də kəskin sərhədlər yox idi, rahatlıqla bir-birinin içərisinə müdaxilə edə bilirdilər. Həm də o dövrün tarix kitablarında Ərəb-Xəzər müharibələrindən savayı heç nədən yazmırdılar. Sanki böyük bir dövr yalnız müharibələrdən ibarət olub. Məsələn, o dövrdə Bərdədə məşhur bir toy olub: Xəzər xaqanının qızı ilə Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsurun Azərbaycan və Ərməniyyə üzrə canişini Yəzid ibn Useyd əs-Sulami evlənib. Bu toy üçün yer digər coğrafiya da seçilə bilərdi. Amma seçilən yer iki tərəf arasında ortaq və bir-biri ilə yaxından əlaqə qurula biləcək coğrafiya idi.
Abbasilər dövrü Ərəb xilafətinin ən rifah çağlarından biri olub. Xilafət ilə Xəzər dövləti arasında aktiv ticarət var idi. Yaxın Şərqin ticarət tarixini yazan Vilhelm Heyd yazırdı ki, Skandinaviyada bir çox vikinq kralına aid xəzinələrin çoxunun müsəlman sikkələrindən ibarət olmasına təəccüb etməmək lazımdır. Yəni indiki ABŞ dolları kimi o dövrün müsəlman dinarı da dünya ticarət münasibətlərində önəmli rol oynayırdı. Bizim bu coğrafiya isə bu münasibətlərin göbəyi idi. Ona görə də Xəzər və İslam dünyasından bizim coğrafiyanı kəsib ayırmaq və ortada özünə ayrı bir kimlik yaratmaq düzgün deyildir. Əksinə, bu, bizim tariximiz üçün bir zənginlikdir ki, münasibətlərin düyünləndiyi bir mərkəzdə oturub, o mərkəzdə gedən münasibətləri idarə edən coğrafiyanın sahibiyik.
Xəzər kimliyi bizim coğrafiya üzərində dərin təsirlər buraxmışdır. 10 000 xəzərin, 5 000 sabirin bölgəmizə gəlməsi Azərbaycandakı hadisələrə ciddi təsir etmişdir.
Fərda Əsədov: Xəzərlərin Azərbaycan ərazilərinin bütövləşməsində oynadığı rolu da qeyd etmək istərdim. O dövrə qədər Azərbaycanın şimal hissəsini müəyyən qədər köçəri tayfaların təsirində olan, tarixi aqibəti cənubdan – Atropatenadan fərqli olan ərazi kimi qeyd edə bilərik. Lakin xəzərlərin ərəblərin Azərbaycana irəliləməsinin qarşısını alması, onlara uğurlu müqavimət göstərməsi, İpək Yolu boyu öz nüfuzlarını artırması və bu yolda ticarəti təşkil etməsi, bu yolların xəzərlər sayəsində Azərbaycan ərazisindən keçməsi Azərbaycana böyük şans verir və bölgəmiz Yaxın Şərqlə ticarət münasibətlərində əsas rollardan birini oynayır. Nəticədə, karvanların ehtiyacını təmin etmək üçün yerli istehsal yaranır, şəhərlər çiçəklənir. Bunun da sayəsində Azərbaycanın şimalı və cənubu bir-birinə daha da yaxınlaşır, iqtisadi maraqları üst-üstə düşməyə başlayır. Hətta bəzi toponimlər cənubda da təkrarlanmağa başlayır. Məsələn, iki Beyləqan adlı yaşayış məskəni yaranır. Bu dövr tarixi Azərbaycanın bütövləşməsinin bəlkə də həlledici mərhələlərindən biri olub.
Əkbər Nəcəf: Çox istərdim ki, bu mövzu Fərda müəllimin kitabı ilə məhdudlaşmasın. Rəhmətlik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” kitabında Azərbaycan etnogenezinin formalaşmasında xəzərlərin rolunu ilk dəfə dilə gətirmişdi. Bu fikir 1960-70-ci illərdə böyük cəsarət tələb edirdi. Artıq bu mövzunu daha da inkişaf etdirmək lazımdır. Xəzər mövzusuna ədəbiyyatda, publisistikada yer verilməli, bu barədə filmlər çəkilməlidir.
Materialda cont.ws saytından götürülmüş fotodan istifadə olunub.
Hazırladı: Mehman İbrahimov, 1905.az