Xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 1990-cı ilin 20 Yanvarıdır. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edənləri, azadlıq, müstəqillik və suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədilə həmin gün imperiya rəhbərləri Bakı şəhərinə əksəriyyəti ermənilərdən ibarət olan qoşun yeritdilər. Təcavüz nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, 700-dən çox insan yaralandı, 321 nəfər itkin düşdü, yüzlərlə azadlıq aşiqi həbs edildi, çoxu ömürlük şikəst oldu.
1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsi, ittifaq rəhbərliyinin uğursuz “yenidənqurma”sı, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər xalqın milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Vəziyyətin bu həddə çatmasında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması da rol oynadı. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin torpaq iddiaları və soydaşlarımıza qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb oldu. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar başlayan milli-azadlıq hərəkatı SSRİ rəhbərliyinin ciddi narahatlığına səbəb oldu. Milli-azadlıq mücadiləsi, Dağlıq Qarabağda baş qaldıran erməni separatizmi həm də qədim türk torpaqları olan indiki Ermənistandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulması ilə nəticələndi. Həmin dövrdə nümayiş və mitinqlərdə əhali sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar isə zorla öz doğma yurdlarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır, əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi və Moskvaya itaət göstərməsi idi.
Ölkədə yaranmış özbaşınalıq və hərc-mərclikdən məharətlə istifadə edən SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının yaxından köməyi ilə Bakıda müxtəlif iğtişaşlar törətdikdən dərhal sonra Bakıya qoşun və tanklar yeritdilər. Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Radio işləmirdi, qəzetlər nəşr edilmirdi. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş qanlı hadisədən xəbərsiz idi. Belə ağır və müsibətli bir vaxtda xalqımızın vətənpərvər oğlu, görkəmli dövlət və ictimai xadim Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Ulu öndər bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünya səviyyəsində rəsmiləşdirdi, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün ümummilli lider Azərbaycan KP MK-ya, respublikanın Ali Sovetinə və Nazirlər Sovetinə teleqramlar göndərdi. Bununla ulu öndər bütün dünya qarşısında 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin bünövrəsini qoydu. Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl, vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqe nümayiş etdirdi.
Böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirdi. Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qanla yazılan 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yönümündə ciddi addımlar atıldı. Hələ 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etmişdi. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra isə bu faciəyə hüquqi qiymət verildi. Ulu öndər 1993-cü ilin iyununda ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü layiqincə götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu…
O vaxtdan şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilib. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına tikilən fərdi və yaşayış evlərinin sayı artır.
Xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva da 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər də yüksək dəyərlərə malikdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağ münaqişəsi, xalqımızın qanlı tarixi – 20 Yanvarla bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir.
Xalqımız 20 Yanvar faciəsinin 27-ci ildönümünü qeyd edir, canlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban verən mərd oğul və qızlarımızın fədakarlığı, onların əziz xatirələri ehtiramla yad olunur.
Prezidentin 16 yanvar 2016-cı il tarixli fərmanına əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, eləcə də həmin tarixli digər sərəncamı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği ötən il fevralın 1-dən 10 faiz artırılmışdır.
Bir neçə gündür ki, respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı görüşlər, konfrans və toplantılar keçirilir, mühazirələr söylənilir, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar göstərilir, bədii və sənədli filmlər nümayiş etdirilir, bu tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılır. Respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər aparılır, xalqımızın qəhrəmanlıq tarixinə çevrilmiş 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar verilir, Azərbaycandakı dini qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə mərasimlər təşkil edilir.
Bundan əlavə, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlər keçirilir. Dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar gündəmə gətirilir. Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq. Ölkəmizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ömür və qəhrəmanlıq yolunu əks etdirən foto-sərgi açılacaq. Vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı və s. təqdim olunacaq.
O müdhiş Qanlı şənbə gecəsində ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizəyə qalxan dinc əhaliyə tutulan amansız divanı xalq heç vaxt unutmur. Hər il dinindən və irqindən asılı olmayaraq Azərbaycan vətəndaşları, ölkəmizdə səfərdə olan xarici ölkə başçıları, turistlər və qonaqlar Bakının ən uca yerində xalqımız üçün müqəddəs sayılan, qəhrəmanlıq tariximizi özündə yaşadan Şəhidlər xiyabanına gedir, müstəqillik uğrunda sinələrini sipər etmiş xalqımızın mərd oğul və qızlarını böyük ehtiramla yad edir, məzarları önünə gül-çiçək dəstələri düzürlər.
Rəhman SALMANLI,
“Azərbaycan” qəzeti, 17 yanvar 2017