Bir müddət öncə, əməkdar jurnalist Fuad Babayev sosial şəbəkələrdə Quba rayonunun Xanəgah kəndindəki XIX əsrə aid tarixi məscid binasının tamamilə dağılmaq ərəfəsində olduğunu bildirdi və həyəcan təbili çaldı.
Xanəgah kəndindən olan ziyalı Nəriman Qurbanov da yüz ildən artıq yaşı olan məscidin hazırki vəziyyətindən narahatçılığını gizləmir: “Xanəgah məscidi qədim memarlıq abidələrmizdəndir.1900-cü ildə tikilib, insanların istifadəsinə verilib. Yüz ildən artıq tarixi olan məscidin hazırki vəziyyəti çox ürəkağrıdıcıdır. Demək olar ki, məscid tamamilə dağılma ərəfəsindədir. Məcsid tez bir zamanda bərpa edilməsə, sonra çox gec olacaq”.
“Quba tarixi”nin müəllifi, tarix elmləri doktoru Şahin Fazil də Xanəgah məscidini nəzərdən qaçırmamağa çağırır: “Xanəgah kəndi Qubanın ən qədim kəndlərindəndir. Mən bir faktı xüsusi qabartmaq istərdim ki, Xanəgah kəndi Azərbaycan elminə böyük tarixçi, Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayevi bəxş edib. Mərhum İlyas müəllim də həmişə Xanəgah kəndinin tarixinə biganəlikdən gileylənirdi. Axı bizim tariximiz həm də tikintilərimizdir, onları qorumaq, bərpa etmək ən ümdə vəzifəmiz olmalıdır. Bəzən bizim hansısa insanlarımız ölkə xaricində olan tarixi abidələrin bərpasına yardım göstərirlər. Çox istərdik ki, Xanəgahdakı XIX əsrin yadigarı olan bu tarixi məscid də həmin insanların nəzərindən qaçmasın”.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov təmsil etdiyi qurumun məsələni diqqətdə saxlayacağını qeyd edir: “Bizdə təmirə ehtiyacı olan çoxlu belə tarixi abidələr var. Amma vəsait çatışmazlığına görə il ərzində bir neçə abidə təmir-bərpa olunur. Bu il də bərpa üçün müraciətlər olacaq. Dediyiniz tarixi abidənin də vəziyyəti haqqında məlumatımız var. Yəni məsələ diqqətdə saxlanılacaq”.
“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabının müəllifi Nahid Məmmədovun da rəyini öyrəndik. Nahid müəllim də Xanəgah məscidinin əsaslı restavrasiyaya ehtiyacı olduğunu vurğulayır: Təəssüf doğuran haldır. Bir çox vacib olmayan sahələrə böyük vəsaitlər ayrılır. Tariximizə isə biganəyik. Heyif ki, məscid arıq dağılıb. Onu əsaslı restavrasiya etmək lazımdır. Və bu yeganə hal deyil. Bir çox bölgələrimizdə oxşar tarixi və dini abidələrimiz var. Ümidvarıq ki, dövlətin bu sahəyə qayğısı daha da sürətlənəcək. Mənəvi dəyərlər Fondunun gələcəkdə nəzərdə tutulan fəaliyyət istiqamətlərindən biri də budur.”
Xanəgah məscidinin təəssüf doğuran durumu ilə bağlı dəyərli insanlarımızın rəylərini öyrənməkdə davam edəcəyik.
Gündüz Nəsibov, 1905.az