“Daşnaksütyun və Hnçak partiyalarının rəhbər orqanları baş vermiş hadisələrə görə tam məsuliyyət daşıyırlar. Dostoyevskinin “Şeytanlar” kitabındakı kimi süjet cızaraq, siyasi mənfəət əldə etməyə çalışan ermənilər, əslində öz faciələrinə səbəb olublar. Əgər mən söz azadlığından istifadə edib bunu İsveçrədə bəyan etmək istəsəm, məni cinayət məsuliyyətinə cəlb edə bilərlər”.
Bunu 1982-1983-cü illər ərzində Marqaret Tetçerin şəxsi müşaviri vəzifəsində çalışan, onun spiçrayteri olan Norman Stoun “JTW News”a müsahibəsində deyib. M.Tetçerlə əməkdaşlıq etməklə yanaşı, cənab Stoun, Oksford və Kembric universitetlərində dərs deyib, müxtəlif elmi layihələrdə iştirak edib. 1997-ci ildən etibarən isə Türkiyənin Bilkənd və Koc universitetlərində müəllim-professor vəzifəsində çalışır. Norman Stoun “Zaman” və “JTW News” kimi müxtəlif xəbər saytlarına verdiyi müsahibələrdə “erməni soyqırımı”nı danma faktına görə İsveçrə və Fransa kimi ölkələrdə cinayət işi açılmasının absurd olduğunu bildirib, bunu gülməli və eyni zamanda alçaq bir biznes oyunu adlandırıb.
Məsələ burasındadır ki, Kaliforniyadakı erməni icması 1915-ci ilə aid iddialarıyla “Deutche Bank”ı iflasa uğradaraq, 17.000.000 dollarlıq təzminat əldə edib. Eyni tədbirlər Fransa siğorta şirkətinə qarşı da həyata keçirilib. N.Stounun sözlərinə görə, qondarma erməni soyqırımını qəbul edəcəyi halda Türkiyənin də eyni oyuna qurban gedəcəyi gözlənilməz olmamalıdır.
N.Stoun “JTW News”a müsahibəsində, ermənilərin Türkiyə ərazisi hüdudlarında köçürülməsinə aydınlıq gətirərək bunları qeyd edib: “Ermənilərin Türkiyədə bir yerdən başqa yerə köçürülməsi 1914-cü ildə Türkiyə ilə Rusiya arasındakı müharibədən sonra başladı. Bunun da səbəbi o idi ki, Rusiya müharibə ərzində xristianlıq həmrəyliyi adı altında ermənilərdən istifadə edirdi. Vanda başlanan üsyanlardan sonra rus ordusunun ermənilərdən ibarət 4 alayı sərhəddi keçərək Türkiyəyə gəldi. Bu zaman Türkiyə ermənilərin ərazidən köçürülməsinə qərar verdi. Bundan əlavə, bildiyiniz kimi, İstanbul 1918-1922-ci illər ərzində Böyük Britaniyanın işğalı altında olub. O zamanlar bütün arxiv materialları ingilislərin əllərində idi. 150 tanınmış Türkiyə vətəndaşı Maltaya göndərildikdən sonra axtarışlar başlandı. Lakin erməni soyqırımını təsdiq edən heç bir material aşkar edilmədi. Bundan sonra 1914-1915-ci illərdəki hadisələrə şahidlik etmiş Amerika konsulluğundan “erməni soyqırımı”nı təsdiq edən sənədlər tələb olundu. Cavab isə sadə idi: “Belə sənədlər ümumən mövcud deyil”. Sübutu olmayan bir hadisə soyqırım adlandırıla bilməz”.
“Britaniya höküməti bu gün də, illər öncəki mövqeyini qorumaqdadır”, deyə bəyan edən S.Norman həm də Qafqazda, Balkanda və Krımda öldürülən 7 milyon türkün yada salınmamasını, irqçilik kimi dəhşətli cinayətin törədildiyini vurğulayır.
Əvvəldə sözü gedən “Şeytanlar” romanı Fyodor Mixayloviç Dostoyevskiyinin yaratdığı möhtəşəm əsərlərdən biridir. Amma möhtəşəm yalan da olurmuş. Ermənilərin söylədikləri kimi…
Lətifə Bəyəliyeva