Qonaqlarımız Azərbaycan Dövlət Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli və Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğludur.
Fuad Babayev: Sadə Azərbaycan vətəndaşı və kifayət qədər intizamlı oxucu kimi bir məsələ məni çox düşündürür. Bizim jurnalistlər xarici dillərdə, xüsusilə də rus və ingilis dillərində yaza bilmirlər. Hətta deyərdim ki, rus dilində yazanlar bir qədər var, amma iş ingilis dilində yazmağa keçəndə bu say kəskin sürətdə aşağı düşür. Mənə elə gəlir ki, ispan, fransız, alman, portuqal dillərində yazmaqdan heç danışmağa da dəyməz. Orta statistik azərbaycanlı jurnalistin dil potensialını necə dəyərləndirirsiniz?
Vüsalə Ağabəyli: Azərbaycan Dövlət Dillər Universitetində jurnalistika fakültəsi açılanda Azərbaycan dilində başlayıb. Çünki tədris etmək üçün ingilisdilli mütəxəssis tapmaq çətin idi. Amma son 4 ildə tədris ingilis dilində aparılır. Jurnalistikada oxuyan uşaqların tədrisi ingilis dilindədir. Sadəcə onlara ingilis dilində tədris edəcək müəllimləri, ingilis dilli jurnalistlər tapmaq bizə çətindir. Rus dilində yazan jurnalistlər var dediniz, amma Vüqar müəllimgildə vəziyyətin necə olduğunu bilmirəm, amma məncə, rusdilli jurnalistlər də azalıb. Müasir gənclər hətta rus dilini də bilmirlər. Yəni tələbələrimiz var, amma onlara dərs deyəcək adamlar yoxdur. Hətta elə tələbələrimiz var ki, müəllimdən yaxşı bilirlər ingilis dilini.
Fuad Babayev: Siz bu sahə üzrə kadr hazırlığının əsas məntəqələrindəsiniz. Ümumiyyətlə, Azərbaycan jurnalistikasında xarici dilli media mənsublarının sayını qənaətbəxş sayırsınızmı?
Vüsalə Ağabəyli: Məncə, qənaətbəxş deyil. Məsələn, mən izləyirəm, hətta jurnalistlərimizin xarici dildə verdikləri suallar da düzgün deyil. Heç olmasa, buna hazırlaşmaq olardı. Bəlkə də bu, həmin jurnalistin yox, onu oraya çıxaranların ayıbıdır. Hətta sualı verənin də jurnalist olması hökm deyildi. Az-şox jurnalistikadan başı çıxan, ingilis dilini yaxşı bilən adama da o sualları verməyi həvalə etmək olardı.
Vüqar Zifəroğlu: Mən hörmətli həmkarımın dediklərinin hamısına qatılıram. Amma bəzi məqamları da qeyd etmək istəyirəm. Beynəlxalq jurnalistika üzrə mütəxəssisəm. Mən 1995-ci ildə beynəlxalq jurnalistika ixtisası üzrə universitetə qəbul olmuşam. Bundan sonra bu ixtisas üzrə bakalavr pilləsinə qəbul dayandı. Səbəbini bilmirəm. Yalnız 4 il – 1992-1995-ci illər ərzində bu ixtisasa qəbul oldu. Bu dörd il ərzində həmin ixtisası bitirənlər ölkəmizi informasiya və media ilə bağlı sahələrdə ən yüksək səviyyədə təmsil edirlər. Mənim qrup yoldaşlarım arasında səfir, konsullar, xaricdə Azərbaycan mediasını təmsil edən jurnalistlər var. Onların çoxu dövlət media orqanlarını təmsil edirlər. Dil bilikləri də yüksək səviyyədədir. Həm jurnalistikanın tədrisi ilə məşğul olan, həm də beynəlxalq jurnalistikadan yazan, həm nəzəriyyəni, həm də praktikanı bilən bir insan kimi bu məsələyə bir az fərqli formatda baxmaq istəyirəm. Vüsalə xanım haqlı olaraq deyir ki, elə müəllimlərimiz var ki, peşəkardılar, amma ingilis dilini bilmirlər. Bu səbəbdən biz də onları ingilis dilində oxuyan qrupa buraxa bilmirik. Qeyd edim ki, bizdə də tədris üç dildə aparılır. Azərbaycan, rus və ingilis dillərində bizdə bakalavr piləsinə qəbul var. Magistratura pilləsinə də yeddi ixtisas üzrə Azərbaycan və ingilis dillərində qəbul aparılır. Amma biz peşəkar jurnalistikanı bilən müəllimlərimizi ingilis dilini bilmədiklərindən həmin auditoriyalara buraxa bilmirik. Əlacsızlıqdan ingilis dilini yaxşı, jurnalistikanı isə onlarla müqayisədə zəif bilən müəllimlərə bu işi həvalə edirik. Bu nə dərəcədə effekt verə bilər? Bu yol gələcəkdə beynəlxalq həyatdan yazan jurnalistin yetişdirilməsində effekt verməyəcək. Qərbdə jurnalistika təhsili verən institutlar var. Məsələn, oxuduğum illərdə mənə ərəb dili tədris olunub və bu dili müəyyən qədər bilirəm. Bu, mənə Yaxın Şərqlə bağlı müəyyən informasiyalar alıb, təhlil etməyimə imkan verir. Bu o demək deyil ki, mənə ərəb dilində dərs keçiblər. ABŞ-da Yaxın Şərq üzrə ixtisaslaşmış möhtəşəm jurnalistlər var. Məgər jurnalistikanı onlara ərəb dilində keçiblər? Kimsə beynəlxalq jurnalistika üzrə yetişmək istəyirsə gücünü xarici dillərin öyrənilməsinə verməlidir. İdman jurnalisti olacaqsa, ingilis dilini hökmən bilməlidir. Beynəlxalq yarışlarda iştirak etmək, ulduzlardan müsahibə almaq üçün istər-istəməz ingilis dilini təkmilləşdirməlisən. Bunun üçün xarici dillərdə ixtisas fənnlərinin keçirilməsi məcburidrmi? Mənə elə gəlir ki, hansı dildə olmağından asılı olmayaraq, ixtisas fənnləri peşəkarlar tərəfindən öyrədilməlidir. İngilis dilini yaxşı bilən, amma adi janrlar haqqında təsəvvürü olmayan birisi auditoriyaya girirsə, bunun mənim tələbəmə heç bir xeyri olmayacaq. Əgər mənim tələbəm xəbərlə esse, analitik janrla informatik janr arasındakı fərqi bilmirsə, adi müsahibə götürmək qaydalarından bixəbərdirsə, ingilis dilini ən yaxşı səviyyədə bilsə də, bunun ona nə xeyri ola bilər? Amma bu zaman sual da meydana çıxa bilər ki, bəs onda həqiqətlərimizi xarici ölkələrdə dərc olunmalı yazılarla necə təbliğ edək? Beynəlxalq jurnalistikada bunun tətbiq edilən yolu var: media lobbisinin formalaşdırılması.
Fuad Babayev: Yəni Azərbaycanla dostluq edən xarici yazarlar?..
Vüqar Zifəroğlu: Bəli. Bunlar köşə yazarları, blogerlər, televiziya məkanında çalışanlar ola bilər. Media lobbisinin formalaşdırlması bizim həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rol oynaya bilər.
Fuad Babayev: Bir gerçəklik var ki, həqiqətlərimizi qəbul və təbliğ edən xarici həmkarlarımız azərbaycanlı deyillər. Onların fəaliyyəti yalnız dolayısı ilə bizim çağdaş medianın potensialının artmasına səbəb ola bilər.
Vüqar Zifəroğlu: Siz PR texnologiyasını bilirsiniz. PR texnologiyasında hədəf auditoriya, hədəf kütləsi var. Tutaq ki, mənim hədəf auditoriyam yapon cəmiyyətidir. Yapon cəmiyyətinə daha yaxşı xitab edə biləcək və həmin cəmiyyəti inandıra biləcək peşəkar insan yapon dilini yaxşı bilən azərbaycanlı jurnalist, yoxsa yapon jurnalist ola bilər?
Fuad Babayev: Məncə, yapon dilini əla bilən azərbaycanlı jurnalist bizim üçün hələlik əlçatmazdır. Siz gözəl dediniz, 4 il beynəlxalq jurnalistika ixtisası üzrə qəbul olub və bu ixtisası bitirənlər həyatda yerini tapmış insanlardır. Sizcə, Azərbaycanda nə qədər ingilisdilli və rusdilli jurnalistə ehtiyac duyulur?
Vüsalə Ağabəyli: Əslində mən Vüqar müəllimin o fikri ilə tam razıyam ki, kim olursa, olsun, ilk növbədə ixtisasını ana dilində mənimsəsin. Sonradan isə xarici dillərə yiyələnmək olar. Hərçənd tədris dilinin hansısa dildə aparılması ilə bağlı bizim də qarşımızda konkret hədəflər qoyulur. İstənilən halda tələbəyə əlavə dil öyrətmək mümkündür. Yaxud da onların tədris planında ixtisas fənnləri öz ana dillərində olmalıdır. İngilis dili saatları isə çoxalsın.
Vüqar Zifəroğlu: Bizdə beynəlxalq münasibətlərdə elə idi.
Vüsalə Ağabəyli: Sadəcə dil biliyini möhkəmləndirmək lazımdır.
Vüqar Zifəroğlu: Əlinə qələm alıb, xəbər yaza bilən və jurnalistikaya marağı olan kəsin ali media təhsilinə nə ehtiyacı var? Belə bir paradoksal sual ortaya çıxır. Dünyanın heç bir ölkəsində belə bir sual verilmir, yaza bilirsənsə, yaz. Heç kim sənə məhdudiyyət qoya bilməz. Amma bu o da demək deyil ki, ali jurnalistika təhsili olmamalıdır. Yəni biri var şeir yazmaq, biri də var şair olmaq. Bunlar fərqli məsələlərdir. Yazmaq və jurnalistlik də fərqlidir.
Fuad Babayev: Sizin fakültələrinizdə təhsil həm də ingilis dilindədir. Bəs əcnəbi tələbələr təhsil alırlarmı?
Vüqar Zifəroğlu: Magistraturada bizdə Çindən olan tələbələr var. Rus və ingilis bölmələrində təhsil alırlar. Bakalavrda isə Türkiyədən olan tələbələrimiz çoxdur. Hətta rus qrupunda təhsil alan türkiyəli tələblərimiz var.
Vüsalə Ağabəyli: Bizdə jurnalistika ixtisasında türklər var idi, bu il yoxdur. Amma fakültəmizdə Nigeriyadan, hətta Koreyadan olan tələbələrimiz var.
Fuad Babayev: Dünya kütləvi informasiya vasitələrində azərbaycanlıların fəaliyyət göstərməsi ilə bağlı sizdə informasiya varmı? Rusdilli mediada sovetdənqalma ənənə var.
Vüqar Zifəroğlu: Rusiya və Türkiyə mediasında var. Müəllif kimi xarici mediada yazısı çap olunanlar da var. Amma daimi əsaslarla dediyiniz kütləvi informasiya orqanlarında çalışanlarla bağlı mənim məlumatım yoxdur.
Fuad Babayev: Bəs belə insanları yetişdirməyi mümkün sayırsınızmı?
Vüqar Zifəroğlu: Mümkündür. Hər şey jurnalistin gəlib çata biləcəyi peşəkarlıq səviyyəsindən asılıdır. Nə dərəcədə həmin şəxs qarşısına qoyulan məqsədə uyğundur.
Fuad Babayev: Bəlkə də ixtisasınızla bağlı izləyirsiniz, bu baxımdan Ermənistan və Gürcüstanda vəziyyət necədir? Mən məsələn, xaricdə gürcü jurnalistləri ilə səfərdə olanda müşahidə etmişəm ki, onlarda alman dili kifayət qədər güclüdür.
Vüqar Zifəroğlu: Ermənilərdə bu kimi məsələlərdə lobbi təşkilatlandırır. O cür kadrların müxtəlif media orqanlarında yerləşdirilməsinə lobbi rəhbəlik edir. Gürcülərdə isə mən bilən vəziyyət elə bizdəki kimidir. Qərbi Avropa və ABŞ nəşrlərində işləyən gürcülər məncə, barmaqla sayıla biləcək qədər azdır. Amma ermənilər fəaldılar və nüfuzlu nəşrlərdə çalışan erməni jurnalistləri kifayət qədərdir. Hətta Türkiyə mediasında da. Hətta Türkiyə televizyonçuluğunun formalaşmasında da erməni jurnalistlər iştirak ediblər. Qərbdə azad jurnalist kimi çalışan xeyli erməni var. Ermənilərin xarici mediada fəallığı həm də bir sıra media orqanlarının bəzi layihələrinin erməni lobbisi tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. Biz Qərbi Avropa mətbuatının azadlığı, jurnalistika qanunlarına uyğun fəaliyyət göstərməsi ilə bağlı çox danışa bilərik, amma bunlar hamısı yalandır. Erməni lobbisi də onlarla çox bacarıqla iş qurub.
Bir məsələyə də toxunmaq istəyirəm. Medianın siniflənməsi getməlidir. Bir neçə xəbər, mədəniyyət, idman kanallarının olması, yaxud yüksək texnologiyalarla, təbiətlə bağlı, tibb kanalının olması lazımdır. Bu siniflənmənin getməsi üçünsə kadrlar yetişməlidir. Buna isə müəyyən müddət tələb olunur. Məsələ isə ondadır ki, bu gün Azərbaycan mediasında qeyri-peşəkarlar üstünlük təşkil edir. Müasir dövrdə qeyri-peşəkarlarla KİV-in siniflənməsini həyata keçirmək qeyri-mümkündür. Yaxud bir media özünü müxtəlif şəkillərdə göstərməlidir. Bir media vasitəsi öz informasiya portalını, sonra Youtube kanalını və s. yaratmalı, daha doğrusu, şaxələnməlidir. Yəni bu media menecmentini şərtləndirir. Media menecmentini təmin etmək üçün isə media təhsili olan zəruri sayda media funksionerləri lazımdır. Bizim media isə hələ yenidir. Yeni-yeni müasir dövrlə ayaqlaşmağa başlayır, öz simasını qazanır. Sovet dövründən sonra Azərbaycan mediası yeni inkişaf yolu seçdi. Düzdür, “Əkinçi”dən gələn uzun bir yolumuz var, amma sovet dövründə media şablondan ibarət idi. Müstəqillik əldə etdikdən sonra isə həmin şablondan çıxmağa başladıq. Şablondan çıxmaqla yanaşı, müstəqil kadrların yetişdirilməsi də əsas şərtdir. Biz də bunu təmin etməyə çalışırıq. Təsəvvür edin ki, qrupda 90 nəfər var. Onların axı heç də hamısı jurnalist olmur.
Fuad Babayev: Heç lazım da deyil.
Vüqar Zifəroğlu: Yalnız 3-5 nəfər, 10 nəfər peşəkar kimi yetişir. Ona görə də deyirəm ki, peşəkar kadrların yetişdirilməsi zaman tələb edəcək. Heç ABŞ, Almaniya mediası da birbən-birə bu səviyyəyə gəlib, çatmayıb. Bunu şərtləndirən amillər var, bunlardan biri də peşəkarları yetişdirən məktəblərin mövcudluğudur.
Fuad Babayev: Dünya KİV-lərinin Bakıda azərbaycanlı müxbirləri varmı?
Vüqar Zifəroğlu: “Frans-Press”də var idi, müxbir məntəqəsi də vardı. Əslində xarici KİV-lərin Azərbaycandakı müxbir məntəqələri ilə bağlı heç bir problem yoxdur.
Vüsalə Ağabəyli: BBC-nin müxbir məntəqəsi var.
Vüqar Zifəroğlu: Bəli. Problem azərbaycanlı jurnalistin Qərbdəki redaksiyada ştatda işləməsi ilə bağlıdır. Bir çox dünya KİV-lərinin bu bölgədə regional müxbir məntəqələri var. Müsir dövrdə media çox ciddi sosial-siyasi gücə malik institutdur. Bu baxımdan media siyasi institut kimi müəyyən funksiyalar da icra edə bilər. Media orqanlarının hansı ölkədə xüsusi maraqları varsa, ilk növbədə həmin ölkələrdə öz müxbir məntəqələrini açırlar. Bildiyiniz kimi, Ukrayna Qərbi Avropa üçün prioritetdir. “Anadolu” agentliyinin isə Orta Asiya və Qafqaz üzrə nümayəndəliyi Bakıdadır. Bu amillər çox böyük rol oynayır. Yəni medianın təmsil etdiyi ölkənin maraqları və media orqanının informasiya siyasəti xaricdə müxbir məntəqələrinin qurulmasında önəmli amildir.
Gündüz Nəsibov: Azərbaycanın media orqanları ingilisdilli jurnalistlər üçün sizə müraciət edirlərmi?
Vüqar Zifəroğlu: Edirlər. Həm ingilisdilli, həm də rusdilli jurnalistlər üçün. Yeri gəlmişkən, daha çox Azərbaycandilli jurnalistlər üçün müraciət edirlər. Ümumiyyətlə, gənc, savadlı tələbəni həmişə istəyirlər. Özüm nə qədər tələbənin işə düzəlməsində yardımçı olmuşam və bunu özümə borc bilmişəm. Jurnalistika az-az sahələrdəndir ki, burada nəzəriyyə ilə praktika vəhdətdə olmalıdır. Nəzəriyyəni bilmədən peşəkar, praktik jurnalist olmaq mümkün deyil, praktikanı blmədən də yenə peşəkar jurnalist ola bilməzsən. Jurnalistika birmənalı olaraq nəzəriyyə deyil. Ona görə də bizdən çox tələbə istəyirlər.
Vüsalə Ağabəyli: Bizim üçüncü kurs tələbələrimiz artıq mediada çalışırlar.
Fuad Babayev: Vüsalə xanım, Sizin filologiya və jurnalistika fakültəsinin nəzdində sırf jurnalistika ilə bağlı kafedra varmı?
Vüsalə Ağabəyli: Jurnalistika ilə bağlı kafedramız yoxdur. Sadəcə olaraq Azərbaycan dili və ədəbiyyat kafedrasına həmin müəllimlər təhkim olunublar. Rektorumuz istəyir ki, yeni tədris ilində belə bir kafedra yaradılsın.
Fuad Babayev: Filologiya və jurnalistika fakültəsində 9 kafedra var və hamısı filologiya ilə bağlıdır. Paritet pozulmayıbmı? Heç olmasa, 2-3 kafedra sırf jurnalistika ilə bağlı olmalı deyildimi?
Vüsalə Ağabəyli: Heç olmasa, hələlik ancaq biri jurnalistika ilə bağlı olsa, bəs edərdi. Hələlik dərs saatı imkan vermir.
Vüqar Zifəroğlu: Mən həmkarıma kömək etmək istəyirəm. Kafedranın açılmasında dərs saatı çox vacibdir. Bir kafedranın açılması üçün ən azı 3 min dərs saatı olmalıdır. Xarici Dillər Universitetində bu proses hələ yeni başlayıb. Və əminəm ki, ən yüksək səviyyədə də davam edəcək.
Vüsalə Ağabəyli: Jurnalistika ixtisası üzrə baza Bakı Dövlət Universitetidir. Təhsil Nazirliyi də bizə jurnalistika ixtisasını təhsil ingilis dilində olmaq şərti ilə bir qrup kimi verib. Bizim 4 kursda cəmi 50-ə yaxın tələbəmiz var. Hələ tədris saatı azdır. Amma magistratura pilləsində beynəlxalq jurnalistika ixtisası olacaq.
Fuad Babayev: BDU-da isə yalnız bu tədris ilində bakalavr və magistr pilləsinə 400 nəfərə yaxın qəbul olub?
Vüqar Zifəroğlu: Bəli. Gələn il isə onların sayı ən azı 100 nəfər artacaq.
Hazırladı: Gündüz Nəsibov, 1905.az