Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrinə şiddətli artilleriya atəşi nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətində səfəri başlayıb. Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə reallaşır.
AZƏRTAC xəbər verir ki, diplomatlar əvvəlcə Tərtərin Qapanlı kəndinə gəliblər. Burada onları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. M.Məmmədov nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib. Bildirilib ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Sonra ermənilərin atdığı mərmilər nəticəsində kənd sakinləri İlqar Əsgərovun, Elnur Məmmədovun, Əli İsmayılovun, Abbas Abbasovun dağılan evlərinə baxış keçirilib.
Diplomatlara erməni əsirliyində olan Şahbaz Quliyevin anasının evi də göstərilib. Bildirilib ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulunda doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülüblər. Onlar hələ də düşmən əsirliyindədirlər.
Sakinlər görüşdə xarici diplomatlara kəndin ətrafına çəkilən istinad divarı barədə də məlumat verilib. Bildirilib ki, əhali kənddə öz evlərində yaşasa da, ermənilər onları atəşə tuturlar. Buna görə də mülki əhalini qorumaq üçün kənddə 4 metr hündürlükdə istinad divarları çəkilib. Buna baxmayaraq, düşmən artilleriyadan atəş açaraq yerli əhalini hədəfə alır.
Kənd sakini Lətif Həmidov deyib: “Biz öz doğma torpağımızda güllə-boran altında yaşayırıq. Buna baxmayaraq, heç birimiz torpağımızı tərk etməmişik. Erməni hərbi birləşmələri artıq ağır artilleriyadan atəş açaraq daha böyük fəsadlar törədir. Əhali arasında həlak olan və yaralananlar var. Düşmən bizi öz torpağımızda güllə-borana tutur. Lakin heç bir beynəlxalq təşkilat buna münasibət bildirmir. Nə vaxtadək belə davam edəcək? Artıq bizim də səbrimiz tükənir. İşğalçıya öz yerini göstərməyin vaxtı çatıb”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində bildirib ki, diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdikləri ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir. Qoy, dünya erməni vəhşiliyinin iç üzünü görsün. Bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.
Daha sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Sarıcalı kəndinə gəliblər. Onlar burada Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olublar. Kənd tam orta məktəbin ziyan dəymiş binasına baxış zamanı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, aprelin 2-də Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəticəsində binaya ciddi ziyan dəyib. Mərmilər şənbə günü günortadan sonra binaya düşdüyündən xəsarət alan olmayıb. Məktəbin binasının dam örtüyü tamamilə sıradan çıxıb, dörd sinif otağı yararsız hala düşüb. Hazırda məktəbdə təmir-bərpa işləri aparılır.
Diqqətə çatdırılıb ki, aprelin 27-dən 28-nə keçən gecə düşmənin artilleriya atəşləri nəticəsində rayon ərazisinə yüzlərlə mərmi düşüb. 194 ev ziyan görüb, 50 ev dağıdılıb.
Sonra xarici diplomatlar Mahrızlı kəndində Bakir Hüseynova məxsus dağılmış evə baxış keçirib, sakinlərlə görüşüblər.
Əfətli kəndinə də baş çəkən diplomatlara dağıntılar barədə məlumat verilərək bildirilib ki, aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşi nəticəsində kəndə ciddi ziyan dəyib. Kəndə 60-dək mərmi düşüb, 1 mülki şəxs yaralanıb, 3 ev dağılıb, 20 ev ziyan görüb. “Qara inək” fermer təsərrüfatı da düşmən artilleriyasının hədəfi olub. Təsərrüfatın ərazisinə çoxlu sayda mərminin düşməsi nəticəsində cins inəklər tələf olub və yaralanıb. Fermadakı sağım avadanlığına və tikililərə də ciddi ziyan dəyib.