1905.az saytının bu dəfəki həmsöhbəti İstanbul şəhəri, Doğan Hastanesinin psixoloqu Xatirə Səfərovadır.
-Xatirə xanım, ən adi, gözlənilən itki belə insan psixikasına təsirsiz ötüşmür. Qarabağın işğalı bizim toplumun psixikasına hansı təsiri göstərib? Psixikamızın məruz qaldığı deformasiyanın miqyası, strukturu barədə nə demək olar?
– İtki insan psixologiyasına zərərsiz ötüşmür. Sənə məxsus olan kiçik bir əşyanın itkisi belə daxilində dərin kədər, qəm-qüssəni fəallaşdıraraq disharmoniya yaradır. Disharmoniya sayəsində neqativ ruh halı daxildə məskən salır. Gəlin, beynimizdə belə bir hadisəni canlandıraq. Sizə kimsə daş atır. Təbii olaraq siz bu daşların altında qalsanız, avtomatik əllərinizlə özünüzü müdafiə etməyə cəhd göstərəcəksiniz. Eynilə daxilimizdə də bizi bu cür müdafiə edən 8 müdafiə mexanizmi var. İtki əsnasında sırf “inkar etmə” müdafiəsi önə keçərək, reallığı qəbul etməməyimiz üçün əlindən gələni edir. Bu zaman təlqin sözləri – “Nə? Ola bilməz, inanmıram” kimi kəlmələr meydana çıxır. Beləliklə, bu travmadan sonra beynin bizim üçün hazırladığı qəribə oyunları başlayır. Bilirsiniz, insan tamamilə başqa xüsusiyyətə malik varlıqdır. Adaptasiya etdiyi hadisələri özündə nisbi uyğunlaşma ilə təyin edir, lakin bu adaptasiya növlərinin heç də hamısı mükəmməl deyil. Bildiyimiz kimi, təkamül prosesində insanda qravitasiayanın, iqlim şəraitinin və ya şüalanmanın müəyyən şəraitinə qarşı uyğunlaşma yaranıb. Ekstremal şəraitə düşdükdə isə insanlar buna müəyyən hədlər daxilində uyğunlaşa bilirlər. Müəyyən dəyişkənliyə uyğunlaşma insan üçün zəruri hala keçir. İnsan sosial-bioloji varlıq olduğundan aclıq, təşviş, qorxu hisslərini yaşayır. Lakin baş vermiş faktlara uyğunlaşma imkanını orqanizm özü yaradır. Orqanizm stress reaksiyasının qarşısını alan effektiv mexanizmə malikdir. Ekstremal hadisələrə uyğunlaşmanı isə insanda yüksək qiymətləndirmə kimi təyin etmək vacibdir. İnsan stress əsnasında psixikasını bərkidərək zəiflik strategiyasını aşmış olur. Və təbii ki, stress insan üçün təsirsiz ötüşmür.Olmuş, bitmiş hadisəyə uyğunlaşsa belə bu hadisə müxtəlif izlərlə özünü biruzə verir. Bu səbəbdən də psixikamızda mütləq olan dəyişikliklər davranışlarımızda daha qərarlı, seçimlərimizdə daha ehtiyatlı və hətta güvənsizlik hissinə transfer edilir. Ekstremal hadisənin stressi ən çox itirmə və təşviş qorxusu ilə iz qoyur. Deyərdim ki, bizə sosial problemlərlə müraciət edən insanların sayı azdır. Müraciətlərin əksəriyyəti səbəbsiz təşviş, qorxu hissi, sağlamlığın itirilməsi və ölüm qorxusu ilə bağlıdır. Bir hadisə barəsində danışmaq istəyirəm. Konsultasiya zamanı pasientlərimdən biri həyəcan içində şikayətlərindən danışırdı. Xanım demək olar ki, hər ay bütün həkimlərdən müayinədən keçir və cavablar təhlil edilir. Fiziki sağlamlığı ilə bağlı müsbət cavab xanımı sakitləşdirmədiyindən, nəhayət onu psixoloqa yönəldirlər. Əldə etdiyim məlumatlardan bəlli olur ki, xanım Qarabağdandır və müharibə dövründəki gülləbaranın səsinin hələ də qulaqlarında səsləndiyini vurğulayır, bir qardaşı əsir düşüb və bir müddət sonra digər qardaşının ölüm xəbəri gəlir. Təbii ki,beyin bu cür ağır stressi daşımaqdan yorulur, unutduğu halda isə daxili günahkarlıq hissi qabarır. Nəticə etibarilə beyin başqa alternativlərə yönəlir. Beyin real hadisələri təxirə salaraq yeni bir problem icad edir ki, bu da sırf travmanın acınacaqlı oyunlarıdır. Buna bənzər şikayətlərlə qəbula yazılan 38 yaşlı kişi də demək olar ki, hətta başqa ölkələrdəki həkimlərdən də müsbət cavablar almasına baxmayaraq, “mən xəstəyəm, amma həkimlər savadsızdır. Onlar mənim dərdimi bilmirlər” fikirləri ilə dolaşaraq psixoloqa müraciət edir. Real problemi isə əsgərlikdə olduğu ərəfədə erməni işğalı zamanı gözlərinin önündə bir neçə dostunun acınacaqlı şəkildə dünyasını dəyişməsi ilə bağlıdır. Bu pasient həmin hadisədən illər ötsə də əziyyət çəkirdi.Toplumun toplum halda stressi eyni xətt üzrə cərəyan etməsini araşdırarkən dayanacağım bir nöqtə oldu -“Qarabağ problemi´”. Belə bir nəticəyə varmaq olar ki, Qarabağın işğalı toplumun psixi durumunda təşviş, həyəcan, obsessiv-kompulsiv fikirlər, sayrışan nevrozun artımına səbəb olub. Psixikamızın müharibə dövründən sonra deformasiyası normal hesab edilir. Stress qalıqlarını təmizləmək isə Azərbaycan həkimləri, müəllimlərinin üzərinə daha çox məsuliyyət qoyur.
– Bizim psixologiya elmi bu problemi araşdırırmı?
– Əslində bu mövzuda psixologiya elminin ciddi bir araşdırma aparmasının şahidi olmamışam, lakin individual olaraq bir psixoloq kimi öz araşdırmamda belə bir qənaətə gəlmişəm ki, endogen depressiyadan daha çox şikayətlər edilir, nəinki, psixogen depressiyadan. Bu məsələ ilə bağlı tibb elmləri doktoru, nevropatoloq Rövşən Həsənovla görüşdüm və illərin təcrübəsini toplamış həkimlə bu barədə danışdıq. O da bu gün vətəndaşlara ən çox təşviş (panik attak) diaqnozu təyin edildiyini vurğuladı. Qəribə tendensiya o zaman ortalığa çıxır ki, düşüncə tərzinin dəyişməsi öz zərərli mahiyyətini miras kimi ötürür. Belə ki, insanlarda “Mən kiməm?” sualı deyil, “Mənim nəyim var?” düşüncəsi artıq bir həyat tərzinə çevrilir. Beləliklə, kütlə yaşam kodeksinə sadəcə eyforiya qatmaqla müvəqqəti sevinc hissini qazanmağa daha çox meyillidir, nəinki məqsədinə çatmağa zaman xərcləməyə. Sadə bir misal çəkərək buna aydınlıq gətirmək istəyirəm. İmpulsiv pozuntusu olan şəxs yemək yesə də, yenə də gözü və fikri yeməkdə qalaraq, beynində daim “nə yeyim?” düşüncəsi cərəyan edir. Əlində olan məbləği dərhal xərcləyir, ətrafında olan insanlara ya həddindən artıq dəyər verir, ya da dəyər verdiyi şəxsdən zərrə qədər xoşagəlməz bir hərəkət gördükdə onu həyatından silir. 2011-ci ildə Qızıl Aypara Cəmiyyətində “İtkin düşmüş ailələrə necə yardım etmək və onların psixi durumunu necə təyin etmək”lə əlaqədar (ICRC-Accompanying familles of missing ) beynəlxalq dərəcəli sertifikat-araşdırmamın da mənə çox faydası oldu.
– Peşəkar psixoloq kimi yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza nələri tövsiyə edərdiniz?
– Mühitdə baş verən kəskin dəyişikliklər fərdlərin və bütövlükdə növlərin taleyini dəyişir. Qapalı cəmiyyətlə müqayisədə açıq cəmiyyət təbiətlə harmonikliyə daha yaxındır. Belə ki, ikincidə cəmiyyətin təkamül yolu çoxsaylı yasaq və qadağalar vasitəsilə süni müəyyənləşdirilib ona diqtə edildiyindən, son nəticədə bu inkişaf ümumi dünya harmoniyasından təcrid şəklində baş verir. Buna görə də cəmiyyətin deqradasiyası ilə nəticələndikdə əksinə, açıq cəmiyyətdə təkamül, bütün hallarda ətraf dünya ilə harmoniya, adaptasiya şəraitində baş verir ki, bu da ümumi təkamül və təbii seçmə nəzəriyyələri ilə uyğundur. İnsanları motivə etmək üçün yararlı kəlmələrdən istifadə edilməlidir. Yanlış söz seçimlərindən istifadə bizi zəiflədici faktorlarla yükləyir. Stimullaşmaq üçün xalqımızın ruh yüksəkliyinə böyük ehtiyacı var. Problemin həlli problemi dərk etməkdən keçir.
– Biz işğal altında olan torpaqlarımızı geri qaytaracağıq. Zaman-zaman buna inanmayan, inana bilməyənlərə də rast gəlirik…
– İnamsızlıq məğlubiyyətin istiqamətidir. Bu istiqamət manipulyasiya xəttindən keçir, hansı ki, ümidsizlik gəmisində üzəndə məğlubiyyətini görürsən. Beynimizin xüsusi proqramı var və yüklədiyimiz proqram sayəsində həyat ssenarimizi yazaraq onun cığırı ilə səyahətə çıxırıq. Beyin elə bir mexanizmdir ki,durmadan çalışır və hətta yatarkən belə, yuxu görməklə məşğuldur. Daim aktiv fəaliyyət istəyir.
– Yeri gəlmişkən, erməni psixologiya elmi, erməni psixoloqlarının işləri ilə tanış olma imkanınız olubmu?
– İsgəndər imperiyasının yerində formalaşan əyalətlərin birində rəhbəri türk sərkərdəsi Artaş olan Ərməndə milli azlıqlardan və ya əsir kaloniyalarından biri kimi mövcud olan və «Hay|k|»lar adlanan hazırkı ermənilər, sonrakı dövrlərdə qonşu ərazilərdə elə yaşadıqları ölkənin adı ilə də adlandırılaraq “ərmənlilər” kimi tanındılar. Sonradan Artaş dövlətinin süqutundan sonra da bu adı qoruyub saxlayaraq onu bir növ özəlləşdirdilər. Bununla belə, heç vaxt xüsusi dövlət şəklində mövcud olmayıblar ki, bunu da onların tarixdə heç bir dövlət atributlarının (pul, gerb və s.) qalmaması faktı da isbatlayır. Bu millətdə kolonial düşüncə sistemi patoloji səviyyədədir.Türk xalqları qarşısında gücsüzlük «natamamlıq kompleksi» kimi patoloji hiyləgərlik, yaltaqlıq psixologiyası meydana çıxarıb.
– Və sonda. 1905.az portalının yaradıcı heyətinə və oxucularına psixoloq kimi nələri tövsiyə edərdiniz?
– Portalınızda mənə yer ayırdığınız üçün dərin təşəkkürlərimi bildirirəm.
– Minnətdarıq.
1905.az