1905.az portalının suallarını Sankt-Peterburqda fəaliyyət göstərən “Çinar” rəqs ansamblının rəhbəri Xeyransa Mirzəyeva cavablandırır.
– Xeyransa xanım, Sankt-Peterburqda diasporumuzun formalaşması prosesi uzun illərdir ki, gedir. Bu prosesin fəal iştirakçılarındansınız. Sovet İttifaqının süqutundan sonra Neva sahillərində bizim diasporla bağlı cərəyan edən hadisələri necə şərh edərdiniz?
– 30 ildən artıqdır ki, Sankt-Peterburqda yaşayıram. Və burada diasporumuzun formalaşması prosesi gözlərim önündə, mənim iştirakımla gedib. İcmamızın yaranmasında xidmətləri olmuş insanların bir çoxu burada yoxdur. Rəhmətə gedənləri də var, yaşayış yerini dəyişənləri də. Bu illər ərzində iş strategiyamız xeyli dəyişib. “Perestroyka” dövründə daha çox siyasi işlərlə məşğul olub Azərbaycanın və azərbaycanlıların maraqlarını müdafiə edirdik. İndi burada yaşayan azərbaycanlıların xeyli hissəsi artıq Rusiya vətəndaşlarıdır. Və indi biz buradakı azərbaycanlıların özlərini qəribçilikdə hiss etməmələri üçün çalışmalıyıq. Dilimizi, mədəniyyətimizi unutmamalıyıq. Məhz bu məqsədlə mən də bu sahədə çalışmağa başladım. Milli rəqslərimizi təbliğ edəcək “Çinar” ansamblı da belə yaradıldı. Və “Çinar” artıq mədəni mərkəzdir. Qeyd edim ki, Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyəti indi bu işdə aparıcı, dəstəkləyici rol oynayır. Bizə məşğul olmaq üçün zal ayrılıb. Vaxtaşırı milli kostyumlar tikdirmək üşün maliyyə yardımı edilir. Amma bu heç də kifayət deyil, bizə ilk növbədə milli mədəniyyətimizi yaxşı bilən bir xoreoqraf lazımdır.
-Necə oldu ki, “Çinar” az qala 20 ərzində yaşaya, yarada bildi?
– “Çinar”artıq 17 yaşını da geyd etdi, nə deyim, mənim üçün heç vaxt yüngül olmayıb,ən acınacaglısı odur ki, başlanğıcda azərbaycanlılardan başqa hamı bizə kömək eləyib, bizimkilər isə elə hey çalışıblar ki, heç nə alınmasın. Amma buna nail olmayandan sonra, yəni biz şəhərdə ad-san qazanandan sonra, diplomlar, mükafatlar alandan sonra məcbur olub “Çinar”ı qəbul etdilər. Təəccüblüdür bu məsələ, amma belədir.
– Peterburqun erməni və gürcü icmalarının rəqs kollektivləri ilə bağlı durum necədir?
–Bu şəhərdə bir neçə erməni və gürcü rəqs kollektivləri var. Gürcü kollektivləri ilə bağlı problemimiz yoxdur, amma ermənilər yalnız bizim musiqidən istifadə edirlər, nəinki xalq musiqimizi, hətta Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun və başqa bəstəkarlarımızın əsərlərini həyasızcasına erməni musiqisi kimi gələmə verib ifa edirlər. Mən əminəm ki, bizim Mədəniyyət Nazirliyimizin ciddi hərəkətə keçməsi üçün vaxt çoxdan çatıb. Azərbaycan musiqisinin ermənilər tərəfindən necə böyük həyasızlıqla mənimsənilməsi haqqında hamının məlumatı var. Mən bir misal çəkmək istəyirəm. Bu yaxınlarda, Peterburqdakı Dağıstan rəqs ansamblının rəhbəri olan Əşrəf adlı dostumuzun yubileyinə yığışmışdıq.Tədbirin şirin yerində, dəvət olunmuş qonaqlardan biri, erməni əsilli musiqiçi ayağa qalxdı və yubilyara müraciət edərək dedi ki, ona həsr etdiyi mahnını oxuyacaq. Və başladı Azərbaycan müğənnisi Ədalət Şükürovun ifasından çoxlarına tanış olan “Qoca çinar” mahnısını oxumağa. Təsəvvür edirsinizmi? Mahnıya sona qədər qulaq asandan sonra Əşrəf ayağa qalxıb mahnının gözəl mahnı olduğunu söylədi və qeyd etdi ki, həmin mahnını Azərbaycan müğənnisinin ifasında eşidib. Erməni müğənni pərt halda yerinə oturdu. Amma, təəssüf ki, ermənilər belə addımlar atanda heç də həmişə orada biz olmuruq.
-“Çinar”ın planları haqqında nələri demək olar?
– Planlarımız çoxdur. Yubileyimizi təmtəraqla keçirdik. “Arşın mal alan”ı səhnələşdirmək istəyirdik. Bu da baş tutdu. Imkan yaradılsaydı, vokal şöbəsini də inkişaf etdirərdim, yenə Azərbaijandan vokalçı lazım olacag. Bu da böyük problemdir. Nə isə, təki can sağlığım imkan versin, planlarımiz çoxdur.
– Sankt-Peterburqda Azərbaycan diasporunun formalaşmasında müstəsna xidmətləri olan bir şəxs kimi bizim portala nələri tövsiyyə edərdiniz?
–1905.az tövsiyyəm odur ki, saytınız canlı iş aparsın, daha fəal olsun, daha çox oxucunun diggətini cəlb etməyi bacarsın. Sosial şəbələlərdəki insanlarımızı problemlərimizə daha ciddi yanaşmağa sövq edə bilsin. Üstəlik, mütəmadi olaraq oxucular arasında rəy sorğuları apararaq onları daha çox maraqlandıran mövzuları müəyyənləşdirmək lazımdır. 1905.az portalının gördüyü işləri təqdir edirəm. Bu bizim ümumi işimizdir.
-Minnətdaram. Uzaq olmayan gələcəkdə “Çinar”ı Azərbaycan səhnələrində də görəcəyimizə ümid edirəm.
Fuad Babayev, 1905.az