
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məşhur “Xəmsə”sindən “Sirlər Xəzinəsi” və “İskəndərnamə” poemalarının orijinalından türk dilinə tərcümə edilmiş kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xəmsə”nin türk dilinə tərcüməsi Azərbaycanın Türkiyədəki səfirliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilir. Tərcüməni Ərzurumdakı Atatürk Universitetinin professoru Nimet Yıldırım həyata keçirib.
Tədbirdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin zəngin irsindən, dünya ədəbiyyatına təsirindən, Azərbaycan və Türk dünyası mədəniyyətinə verdiyi töhfələrdən danışıb. O, Azərbaycan dövlətinin Nizami irsinin təbliğinə xüsusi diqqət yetirdiyini qeyd edərək, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin dahi şairin 880 illik yubileyi ilə əlaqədar “Nizami Gəncəvi ili” elan edildiyini xatırladıb.
Tədbirin moderatoru, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən parçalar təqdim edib, şeirlərini oxuyub.

Tədbirdə giriş sözü ilə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova da çıxış ediblər. Çıxışlarında onlar Nizami yaradıcılığının, “Xəmsə”nin əhəmiyyətini, ədəbiyyatın inkişafına verdiyi töhfələri vurğulayaraq, Türkiyədə həyata keçirilən layihələrin şairin irsinin təbliğinə töhfə verdiyini qeyd ediblər.
Çıxış edənlər Nizaminin əsərlərinin xarici dillərə tərcüməsinin, eləcə də onun yaradıcılığı ilə bağlı xarici alimlərin araşdırmalarının vacibliyini xüsusi vurğulamışlar.
Ərzurumdakı Atatürk Universitetinin professoru, Nizami əsərlərinin türk dilinə tərcüməçisi Nimet Yıldırım layihənin gedişindən, Azərbaycan və türk ədəbiyyatının zirvəsi olan şairin yaradıcılığının əhəmiyyətindən bəhs edib. O, onun poemalarındakı süjet xətlərinin zənginliyini, şairin dərin fəlsəfi baxışlarını, ədəbiyyatda yeni dövrün əsasını qoyduğunu, xalqın onun əsərlərinə məhəbbətini qeyd edib. Alimin sözlərinə görə, Nizaminin bir çox hikmətli misraları canlı danışıq nitqinə daxil olaraq atalar sözlərinə çevrilmişdir.