
XI Bakı Beynəlxalq Kitab Sərgisinin beşinci günü iştirakçılar üçün maraqlı və rəngarəng proqramla yadda qalıb.
Sərginin media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) XI Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə iştirak edir. AZƏRTAC-ın stendi ziyarətçilərin diqqət mərkəzindədir.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, yazıçı-publisist Vasif Qurbanzadə ilə ölkədə kitab nəşri, gənclər arasında mütaliə vərdişlərinin təbliği və artırılması, media sahəsində bu sahədə görülən işlər barədə məsələləri müzakirə edib.
Sərgi çərçivəsində Agentliyin İdarə Heyətinin sədri, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu, “Şərq-Qərb” nəşriyyatının və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının stendlərində olub. “Şərq-Qərb” Nəşriyyatının direktoru Sevil İsmayılova ilə görüşdə nəşriyyatla AZƏRTAC arasında qurulmuş uğurlu əlaqələrdən məmnunluq ifadə olunub, bu əməkdaşlığın gələcəkdə də davam və inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova ilə söhbət zamanı kitabxananın autizmli və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı AZƏRTAC-la birgə layihələr həyata keçirməsi barədə razılıq əldə edilib.
Daha sonra sərginin fəxri qonağı olan Qətər Dövlətinin stendinə baş çəkilib. Burada Agentliyin rəhbərinə Qətər mədəniyyəti, stenddə sərgilənən mədəniyyət nümunələri, kitablar, broşürlər barədə məlumat verilib, süni intellekt vasitəsilə şer yazılması prosesi nümayiş etdirilib.
Qeyd edək ki, belə görüşlər və müzakirələr Azərbaycan mədəniyyətinin təbliği, kitab sənayesinin inkişafı və bu sahədə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.