
XI Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərginin dördüncü günündə də yerli və xarici müəlliflərin kitab təqdimatları, oxucularla görüşləri, imza saatları təşkil olunub.
AZƏRTAC-ın stendi də ziyarətçilərin maraq dairəsindədir. Oktyabrın 4-də stendin ziyarətçiləri arasında Milli Məclisin deputatları Ceyhun Məmmədov, Günay Əfəndiyeva, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Doha Beynəlxalq Kitab Sərgisinin müdiri Jassim Əhməd Əl-Buainain, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun zabit və kursantları da yer alıblar.
Qonaqlara qocaman xəbər agentliyinin bir əsrdən çox dövrdə keçdiyi yol barədə ətraflı məlumat verilib, Azərbaycan həqiqətlərinin 8 dildə dünyaya çatdırılmasından bəhs olunub. Stendin ziyarətçiləri hər zaman ən dəqiq xəbərlərin ünvanı olaraq AZƏRTAC-a müraciət etdiklərini vurğulayaraq, agentliyin kollektivinə uğurlar arzulayıblar.
Builki sərgidə 120-dən artıq yerli və 70-dən çox xarici nəşriyyat iştirak edir.
Sərgi oktyabrın 7-dək davam edəcək.