Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi martın 2-də “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı martın 2-də keçirdiyi mətbuat konfransında bildirib ki, hesabatda əks olunmuş məlumat daha çox erməni açıq mənbələrindən toplanılaraq işğal olunmuş ərazilərdə beynəlxalq hüquqa tam məhəl qoyulmadan məskunlaşmanın həyata keçirilməsi, mülkiyyət, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti daxil olmaqla, davamlı fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər təmin edir. Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın zəbt edilmiş ərazilərində qanunsuz istehsal edilmiş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır.
Mətbuat katibi qeyd edib ki, işğal olunmuş Azərbaycan ərazilərindəki qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər haqqında Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan hesabat yeddi hissədən ibarətdir: 1. Giriş. Bu hissədə sözügedən məsələ barədə və hesabatın hazırlanmasında istifadə olunan metodologiya haqqında məlumat verilir. 2. İcmal. Bu hissədə hesabatın gəldiyi nəticələr təqdim olunur. 3. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və bu ərazilərin ilhaq edilməsi. Bu hissədə Ermənistanın işğal olunmuş ərazilərdə nəzarəti həyata keçirməsini təsdiq edən faktlar təqdim edilir. 4. Ermənistanın iqtisadi gəlirlər məqsədilə işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri. Bu hissədə işğal edilmiş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyətlər, o cümlədən qanunsuz məskunlaşma, təbii sərvətlərin istismarı, infrastrukturun dəyişdirilməsi haqqında faktlar təqdim olunur. 5. Azərbaycan ərazilərinin işğalının davamı və bu ərazilərdə qeyri-qanuni fəaliyyətlərlə əlaqədar Ermənistanın öhdəliyi və məsuliyyəti. Beynəlxalq hüquq əsasında ərazilərin işğalı və qeyri-qanuni fəaliyyətlərlə əlaqədar Ermənistanın daşıdığı hüquqi məsuliyyət təhlil və izah edilir. 6. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı və ilhaqı cəhdlərinin dərhal dayandırılması üzrə təxirəsalınmaz tədbirlər. Burada təxirəsalınmaz tədbirlərin siyahısı təqdim olunur.
Diqqətə çatdırılıb ki, hesabatın hazırlanmasında əsasən Ermənistan və erməni diaspor dairələrinin kütləvi informasiya vasitələrinin məlumatlarından istifadə edilib, 500-dən artıq müxtəlif məlumata müraciət olunub.
Münaqişənin ən tez bir zamanda siyasi həllinə yönəlmiş hazırkı səylərə baxmayaraq, Ermənistanın həyata keçirdiyi siyasət və təcrübə onun açıq-aşkar Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi, hərbi qüvvələr tərəfindən zəbt olunmuş və kütləvi şəkildə etnik təmizləmə aparılmış həmin ərazilərin ilhaqının təmin edilməsi niyyətini sübut edir. Ermənistan tərəfinin bu hərəkətlərinə qarşı adekvat beynəlxalq reaksiyanın olmaması yalnız onun cəzasızlıq və özbaşınalıq hisslərinin artmasına yardım edir.
Bu baxımdan, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam riayət etməyə, dərhal həm erməni vətəndaşlarının, həm də xarici vətəndaşların işğal olunmuş ərazilərə köçürülməsini dayandırmağa və ləğv etməyə, Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi və ticarət fəaliyyətini dərhal dayandırmağa və gələcəkdə də belə fəaliyyətlərdən çəkinməyə, həmin ərazilərdəki arxeoloji, mədəni və dini abidələr də daxil olmaqla, mədəni irs nümunələri və müqəddəs yerlərin dağıdılması və talan edilməsini dayandırmağa məcbur etməyə çağırır.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin bütün üzvlərini Azərbaycanın Dağlıq-Qarabağ regionu və işğal olunmuş digər ərazilərində hər hansı qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və onda iştirak da daxil olmaqla, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə öz ərazilərində hər hansı fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilən fəaliyyətin milli qanunvericilik imkanları da nəzərə alınmaqla, qarşısını alacaq effektiv tədbirlər görməyə çağırır.
Vurğulanıb ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün yeganə yol BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və işğal olunmuş digər ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin edilməsidir.
Azərbaycan Respublikası öz suverenliyi və ərazi bütövlüyünün, xüsusilə işğal olunmuş ərazilərində hər hansı yol və vasitə ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və ya onda iştirak da daxil olmaqla, pozulmasına imkan verməyəcək. Beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü, eləcə də vətəndaşlarının hüquqları və qanuni maraqlarını qorumaq üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə bağlı özünün milli hüquq sistemi və qeyri-qanuni fəaliyyətə cəlb olunmuş üçüncü ölkənin yerli məhkəmələri vasitəsilə fərdlər və şirkətləri təqib etmək məcburiyyətində qalması kimi hər hansı bir fəaliyyətin nəticələrinin məsuliyyəti bütünlüklə Ermənistan Respublikasının və qeyri-qanuni fəaliyyətə cəlb olunmuş fiziki və hüquqi şəxslər, şirkətlər və qurumların üzərinə düşəcək.
AZƏRTAC