1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində Azərbaycanın tarixi torpaqları iki imperiya arasında bölüşdürüldü, Azərbaycan dövlət müstəqilliyndən məhrum edildi.
İşğal nəticəsində Azərbaycan ərazisi Rusiya və İran müstəmləkəçiliyinin xammal bazasına çevrildi, ölkənin iqtisadiyyatına və mədəniyyətinə ağır zərbə endirildi. Çar Rusiyasının ölkədə qurmuş olduğu idarəçilik tezliklə milli-etnik qarşıdurmalara, gələcəkdə isə ərazi iddialarına səbəb olacaq köçürmə siyasətilə çulğaşmış oldu. XIX əsrin 20-30-cu illərində Cənubi Qafqaza, o cümlədən əzəli Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi bölgədə “erməni amili”nin yaranması ilə nəticələndi. Ermənilərin bölgədəki yerli xalqlarla gərgin münasibətləri, çarizmin türkmüsəlman əhaliyə qarşı ayrı-seçkilik və təqib siyasəti, azərbaycanlılara qarşı soyqırımlarının və deportasiyaların həyata keçirilməsində ermənilərdən ən fəal şəkildə istifadə edilməsi nəticəsində Cənubi Qafqaz bölgəsi etnik və milli qarşıdurmaların yaranıb genişləndiyi bölgələrdən birinə çevrildi.
XVIII əsrin sonu – XIX əsrin əvvəlləri Azərbaycanın hərbi və siyasi tarixində çox mürəkkəb, təzadlı və nəticələri sonrakı iki yüzillik üçün ağır olan hadisələrlə xarakterizə olunur. Bir tərəfdən, ölkənin daxilində gedən proseslər, o cümlədən xanlıqlar arasında durmadan artan mübarizə, aparıcı xanlıqların vahid Azərbaycan dövləti yaratmaq məqsədinə yönəlmiş siyasətinə qarşı ölkədaxili bəzi qüvvələrin güclü müqaviməti, separatçılığı, digər tərəfdən, xarici işğal təhlükəsinin artması Azərbaycandakı siyasi və hərbi vəziyyəti son dərəcə ağırlaşdırmışdı. Azərbaycanda hərbi-siyasi durum, əslində, bütün Cənubi Qafqaz üçün səciyyəvi idi; ölkədə baş verən istənilən hadisə dərhal bölgənin ümumi vəziyyətində öz əksini tapırdı və ya əksinə, bölgədəki hər hansı bir dəyişiklik Azərbaycanın durumuna güclü təsirini göstərirdi. Cənubi Qafqazın vəziyyətini gərginləşdirən, o cümlədən, Azərbaycanda vahid dövlətin yaranmasına neqativ təsir göstərən ən böyük xarici amil isə – çar Rusiyası idi. IV İvanQroznıdövründə (1533-1584) rusların Xəzəryanı bölgələrdə möhkəmlənmək cəhdləri Kazan və Həştərxan xanlıqlarının ələ keçirilməsi ilə (1552 və 1556-cı illərdə) başa çatmışdı. İngiltərəni Səfəvi dövləti ilə ticarət münasibətlərindənuzaqlaşdıran çar IV İvan Azərbaycanı Rusiyanın iqtisadi nüfuz dairəsinə salmağa çalışırdı. İngiltərənin “Moskva” şirkətini Xəzəryanı bölgələrlə ticarətdən məhrum edən IV İvan öz xələfləri üçün əslində müstəmləkəçiliyin özülünü qoymuşdu.
I Pyotrun dövründə (1689-1725) isə Cənubi Qafqazda təkcə iqtisadi deyil, hərbi-siyasi baxımdan möhkəmlənmək cəhdləri başlayır və bu siyasət imperatriçaYekaterinanın dövründə (1762-1796) daha da güclənir. Çar Rusiyası nə yolla olursa olsun, Cənubi Qafqazda möhkəmlənmək, Xəzəryanı vilayətlərin vasitəsilə Hind okeanına çıxış əldə etmək istəyirdi və bu yolda Azərbaycanın müstəmləkələşdirilməsi birinci dərəcəli əhəmiyyət kəsb edirdi. 1801-ci ildə Şərqi Gürcüstanın (onun da tərkibində Qazax və Şəmşəddil sultanlıqlarının) Rusiyaya birləşdirilməsi, 1803-cü ildə isə Car-Balakən camaatlığının və 1804-cü ildə Gəncə xanlığının işğalı Azərbaycanın müstəmləkələşdirilməsinin ilk addımları oldu. Rusiyanın Cənubi Qafqazda fəal şəkildə müstəmləkə işğallarına başlaması bölgədəki ümumi durumu ağırlaşdırmaqla yanaşı, xarici siyasi və hərbi vəziyyəti də gərginləşdirmiş oldu. Belə ki, çarizmin işğalları 1804-cü ildə Rusiya-İran müharibəsinin başlamasına təkan verdi. Bölgədəki onsuz da ağır olan durum indi bu bölgə uğrunda iki imperiyanın aparmış olduğu müharibə səbəbindən daha da kəskinləşmiş oldu. Azərbaycandakı aparıcı siyasi qüvvələr ağır hərbi-siyasi vəziyyətdən çıxış yolu axtarmağa başladılar. Onların içərisində Qarabağ xanlığının vəziyyəti xüsusilə ağır idi. Belə ki, hələ 1795-ci ildə İranda hakimiyyətə gəlmiş Ağa Məhəmməd şah Qacar (1742-1797) Qarabağ xanlığına hücum etmiş, Şuşanı 33 gün ərzində mühasirədə saxlamış, 1797-ci ildə Şuşanı ələ keçirməyə nail olmuşdu. 1804-cü ildə Rusiya ilə İran arasında müharibə başlayanda Qarabağ xanı İbrahim xan Qarabağın təkrar işğalının qarşısını almaq üçün 1805-сi ildə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla Kürəkçay müqaviləsini bağlamalı oldu.
Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı Rusiyaya ilhaq edilmiş oldu. Tezliklə Bakı və Şəki xanlıqları da ruslar tərəfindən işğal edildi və 1813-cü il oktyabrın 13-də Qarabağın Gülüstan kəndində imzalanan sülh müqaviləsi ilə Azərbaycan torpaqlarının böyük bir hissəsinin Rusiyanın tərkibinə qatılması baş tutdu. Bunun ardınca 1826-cı ildə başlamış olan yeni Rusiya-İran müharibəsi Azərbaycanın müstəmləkələşdirilməsini sürətləndirdi və 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsi Azərbaycanın tarixi torpaqlarının iki imperiya arasında bölüşdürülməsini qətiləşdirdi. Azərbaycanın şimal torpaqları çar Rusiyasının müstəmləkəsinə çevrildi, Azərbaycan dövlət müstəqilliyndən məhrum edildi və vahid Azərbaycan xalqının zorla ikiyə bölünməsi baş verdi. İşğal nəticəsində Azərbaycan ərazisi Rusiya və İran müstəmləkəçiliyinin xammal bazasına çevrildi, ölkənin iqtisadiyyatına və mədəniyyətinə ağır zərbə endirildi. Çar Rusiyasının ölkədə qurmuş olduğu idarəçilik tezliklə milli-etnik qarşıdurmalara, gələcəkdə isə ərazi iddialarına səbəb olacaq köçürmə siyasətilə çulğaşmış oldu.
Rusiyanın köçürmə siyasətində başlıca yer ermənilərə verilmişdi və bu siyasətin konkret məqsədləri var idi. Əvvəla, bütün metropoliyalar kimi, çar Rusiyası da “divide et impera” (parçala və hökm sür”) prinsipini müstəmləkə idarəçiliyində əsas götürmüşdü. Bu siyasət yerlərdə siyasi və iqtisadi inkişafın qarşısını almaq, milli qüvvələrin tərəqqisinə mane olmaq və yerli dövlətçiliyin hər hansı bir izini silmək məqsədinə tabe idi. Digər tərəfdən, Cənubi Qafqazda Rusiya idarəçiliyinə meyl edən, Rusiyanı dəstəkləyən iri siyasi qüvvələr olmadığından, çarizm süni şəkildə bu qüvvəni yaratmaq məcburiyyətində idi. Nəhayət, konkret ermənilərin bu məqsədlə seçilməsinə gəlincə, əminliklə aşağıdakıları demək lazımdır ki, Qafqaz xalqlarından (azərbaycanlılardan, gürcülərdən və bölgənin digər xalqlarından) fərqli olaraq, ermənilər amorf bir xalq idi: istənilən şəraitə uyğunlaşıb, xəyanət yolu tutmağa meylli idilər. Cənubi Qafqazın işğalı illərində və sonrakı dönəmdə Rusiya üçün separatçılığı yaya biləcək, etnik qarşıdurmalarda aparıcı qüvvə kimi çıxış edə biləcək ermənilərdən daha “optimal” variant yox idi. Ermənilərin bu xüsusiyyətini nəzərə alan çar I Nikolayın (1825-1855) fərmanlarından birində ermənilərdən istifadə edilməsi ilə bağlı deyilirdi: “ … Hər cür nəvazişlə erməniləri öz tərəfinizə çəkməyi xüsusi olaraq ixtiyarınıza buraxıram”.
Rusiya erməni əhalinin Azərbaycana köçürülməsini hələ İran və Osmanlı imperiyası ilə müharibələr apardığı illərdə planlaşdırmışdı. Bu köçürmə layihəsi 1827-ci ildə Rusiyanın İrandakı səfiri A.S.Qriboyedovun başçılıq etdiyi diplomatik dəftərxanada hazırlanmışdı və səfir özü şəxsən bu məsələni ciddi nəzarətində saxlayırdı. Bu layihənin müəllifləri ermənilərin köçürülməsinə Rusiyanın Qafqaz siyasətinin prioritet məsələlərindən biri kimi baxırdılar. Təsadüfi deyil ki, istər İranla bağladığı 1828-ci il Türkmənçay müqaviləsinə, istərsə də Osmanlı imperiyası ilə bağladığı 1829-cu il Ədirnə müqaviləsinə ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsi ilə bağlı xüsusi maddələr salınmışdı. Türkmənçay müqaviləsinin 15-ci maddəsi, Ədirnə müqaviləsinin isə 13-cü maddəsi ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini rəsmiləşdirirdi. Əslində isə Rusiya hələ hərbi əməliyyatların davam etdiyi bir vaxtda ermənilərin bölgədə möhkəmləndirilməsi siyasətinə rəvac vermişdi. Belə ki, 1827-ci ildə İrəvanın “Müvəqqəti idarəsi” adlı qurum yaradılmış və həmin qurumda erməni arxiyepiskopu Nersesə qeyriməhdud səlahiyyətlər verilmişdi.
Erməniləri Azərbaycan ərazisinə köçməyə sövq etmək üçün çar hökuməti ən məşhur məmurlarını da bu işə cəlb etmişdi. Erməni mənşəli çar polkovniki Qazaros Lazaryan (Lazarev) 1827-ci ilin mayında general Paskeviçini sərəncamına götürülmüşdü və bu prosesi sürətləndirmək üçün ermənilər arasında iş aparmaq ona tapşırılmışdı. 1827-ci ilin oktyabrında Təbrizin komendantı təyin edilən Q.Lazaryanın İran ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə ünvanlanmış məşhur müraciətində (30 mart 1828-ci il tarixli) deyilirdi: “ … Orada siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz. İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin. Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq”.
Qeyd edək ki, İranın erməni əhalisi də Rusiyaya meylli idi. Azərbaycan tarixçilərinin son illərdə apardıqları araşdırmalar, arxiv materiallarındakı və qaynaqlardakı məlumatlar göstərir ki, İran erməniləri general Paskeviçə müraciət edərək rusların işğalı altında olan torpaqlara köçmək istədiklərini bəyan etmişdilər. Köçürmə siyasətini həyata keçirmək üçün çarizmin atdığı ciddi addımlardan biri də Cənubi Qafqazda ermənilər üçün xüsusi “vilayət” təşkil edilməsi oldu. Belə ki, 1828-ci il martın 20-də Türkmənçay müqaviləsi ratifikasiya edildikdən bir gün sonra, martın 21-də çar I Nikolay “Erməni vilayətin”in yaradılması haqqında fərman imzaladı. Qeyd edək ki, “Erməni vilayəti” Azərbaycanın tarixi torpaqlarının hesabına yaradılmışdı, vilayət inzibati olaraq İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. Vilayətin idarəsi isə gürcü knyazı, general-mayor A.Q.Çavçavadzeyə tapşırılmışdı.
Yuxarıda qeyd etdiyimiz kimi, Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, İran hökuməti ermənilərin Rusiya tabeçiliyən keçmiş olan ərazilərə köçürülməsinə icazə verirdi və bununla da, “İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi”. Prosesi mütəşəkkil qaydada həyata keçirmək üçün xüsusi təlimatlar hazırlanmışdı. General Paskeviçin 1828-ci il 26 fevral və 29 fevral tarixli təlimatlarında köçürülən ermənilərin məşğuliyyət sahəsinə uyğun yerləşdirilməsi, köçürülənlərin təhlükəsizliyinin təmin edilməsi, onlara maddi və maliyyə yardımı göstərilməsi nəzərdə tutulmuşdu. Təlimatda deyilirdi: “Köçürülənləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə xristian əhali mümkün qədər artırılsın”.
Ermənilərin köçürülməsi, dəqiq desək, onlara yardım edilməsi üçün xəzinədən 25 min rubl vəsait ayrılmışdı. Köçürmə siyasəti 1828-ci il fevralın 26-da başlamış, həmin il iyunun 11-də əsasən başa çatdırılmışdı. Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən 26 may 1828-ci il tarixli raportda bildirilirdi ki, bu müddətdə “Qarabağda 279, İrəvan vilayətində 948 ailə məskunlaşdırılmışdır”.
İ.Şopenin məlumatlarına görə, İrəvan şəhərində 366 ailə, Naxçıvan şəhərində 265 ailə, Ordubad şəhərində isə 36 ailə məskunlaşdırılmışdı. İranla yanaşı, Osmanlı imperiyasından da ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi planlı şəkildə gedirdi. Ədirnə müqaviləsinin 13-cü maddəsinə görə, ermənilər 18 ay müddətində Rusiya təbəəliyinə keçmək hüququ qazanmışdılar. Artıq 1829-cu il oktyabrın 10-da general Paskeviç imperator I Nikolaya yazdığı raportunda 10 min erməninin Gürcüstanda və qondarma “Erməni vilayəti”ndə yerləşdirilməsinə icazə istəmişdi. İmperatorun dəstəyini alan general Paskeviç ermənilərin Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürülməsi ilə bağlı xüsusi komitə yaratmış, komitə köçürülmənin mütəşəkkil olması üçün xüsusi təlimatlandırmışdı. İ.Şopenin məlumatlarına görə, qondarma “Erməni vilayəti”nə Osmanlı imperiyası ərazisindən 3682 erməni ailəsi köçürülmüşdü.
Rəsmi məlumatlara görə, ümumilikdə 1828-1830-cu illər arasında Şimali Azərbaycana İrandan 40 min, Osmanlı imperiyasından isə 90 min erməni köçürülmüşdü. Sinxron mənbələrin əksəriyyətində göstərilir ki, köçürülən ermənilər Azərbaycanın ən münbit torpaqlarında yerləşdirilmişdi. Nəticədə bu torpaqlardakı azərbaycanlılar ev-eşiksiz qalmışdı, üstəlik, yerli əhaliyə torpaqlarından məhrum olduqları üçün kompensasiya verilməsi əvəzinə, köçürülən ermənilərə xüsusi imtiyazlar və güzəştlər də verilmişdi.
Nəzərdən keçirdiyimiz bu faktlar XIX əsrin 20-30-cu illərində çarizmin köçürmə siyasətinin bir mərhələsini təşkil edir. Bu faktları izləməkdə məqsədimiz Azərbaycan ərazisində ermənilərin yerləşdirilməsinin nəticələrini, o cümlədən “erməni amili”nin yaranmasını şərtləndirən hadisələrə qiymət verməkdir. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində, yəni ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinədək Cənubi Qafqaz bölgəsində hər hansı bir etnik qarşıdurma faktına rast gəlinmir. Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, bölgənin yerli xalqları arasında etnik zəmində hər hansı bir gərginlik yox idi və burada möhkəmlənməyə çalışan Rusiya və İran imperiyaları üçün bu vəziyyət sərfəli deyildi. Ermənilər isə Rusiya-İran və Rusiya-Osmanlı müharibələri gedişində özlərini separatçı qüvvə kimi “nümayiş” etdirmişdilər və çarizm üçün Cənubi Qafqazda gərginliyi saxlamaq, İslam-Türk amilini zəiflətmək üçün xüsusi bir vasitəyə çevrilməyə tam hazır olduqlarını isbatlamışdılar. Köçürülən ermənilərin Azərbaycanın tarixi torpaqlarında – İrəvan, Naxçıvan və Qarabağ ərazilərində yerləşdirilməsi, yerli əhalinin – azərbaycanlıların öz ata-baba mülklərindən çıxarılması çar Rusiyasının başlıca hədəfini açıq-aşkar göstərirdi: Cənubi Qafqazda İslam-Türk amilini sıxışdırıb əvəzinə erməni-xristian amilini gücləndirmək.
Sonrakı yüzillikdə azərbaycanlılara qarşı törədilən soyqırımları da bu hədəfə yönəldilmişdi. Beləliklə, XIX əsrin 20-30-cu illərində Cənubi Qafqaza, o cümlədən əzəli Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi bölgədə “erməni amili”nin yaranması ilə nəticələndi. Ermənilərin bölgədəki yerli xalqlarla gərgin münasibətləri, çarizmin türk-müsəlman əhaliyə qarşı ayrı-seçkilik və təqib siyasəti, azərbaycanlılara qarşı soyqırımlarının və deportasiyaların həyata keçirilməsində ermənilərdən ən fəal şəkildə istifadə edilməsi nəticəsində Cənubi Qafqaz bölgəsi etnik və milli qarşıdurmaların yaranıb genişləndiyi bölgələrdən birinə çevrildi. Azərbaycan torpaqlarında yaradılmış “Erməni vilayəti” isə gələcəkdə burada Ermənistan Respublikasının yaradılmasının əsasını qoydu. Yaradılan Ermənistan Respublikası isə Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edərək Cənubi Qafqazın müasir dünyadakı gərginlik mərkəzlərindən biri olaraq qalmasını şərtləndirdi.
Aydın Mirzəzadə,
Tarix və onun problemləri. №4, 2014