Osmanlı dövləti ərazisində meydana gələn erməni millətçi ekstremizmi XIX əsrin son rübündən etibarən öz fəaliyyətini Rusiya imperiyası ərazisində, daha dəqiq desək, Cənubi Qafqazda genişləndirməyə başlamışdır.
Ermənilər Osmanlı ərazisində sınaqdan keçirdiyi hökumət dairələrinə və dinc müsəlman əhalisinə qarşı terror və zorakılıq metodlarından burada da istifadə edirdilər. Paradoksal olsa da, uzun müddət Osmanlı dövlətini zəiflətmək üçün erməni amilindən istifadə edən, erməni millətçilərinin Osmanlı ərazisindəki etno-kriminal və terrorçu fəalliyyətinə dəstək verən Rusiyanın özü XIX əsrin sonu-XX əsrin əvvəllərində erməni ekstremizminin əsas hədəfinə çevrildi.
Rusiyanın “erməni məsələsi”ndə fəallığı onun Türkiyə ilə 1877-1878-ci illər müharibəsini uğurla başa çatdırmasından sonra artdı. Lakin Rusiyanın “erməni məsələsi”ndə aparıcı rolu və San-Stefano sülhünə əsasən ərazi qazancları (Ərdahan, Qars, Bəyazid, Batum Rusiyaya keçirdi) onun mövqeyinin güclənməsindən və Aralıq dənizinin şərqində qüvvələr nisbətinin dəyişməsindən ehtiyat edən Böyük Britaniyanın narahatlığına səbəb olmuşdur. 1878-ci ilin iyulunda Berlində imzalanmış müqavilə Rusiyanı “erməni məsələsi”ndə oynadığı müstəsna roldan və müharibədən sonra ələ keçirdiyi bəzi ərazilərdən məhrum etmişdir. Berlin müqaviləsinin 61-ci maddəsinə əsasən, osmanlıların ermənilər yaşayan bölgələrdə islahatlar keçirəcəyinə dair öhdəliyinə artıq bir neçə dövlət – Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya-Macarıstan və İtaliyaya nəzarət edəcəkdi (28, s. 205). Beləliklə, Avropa dövlətlərinin təzyiqi altında Rusiya “erməni məsələsi”ndə aparıcı mövqelərinin zəifləməsi ilə razılaşmağa məcbur olmuşdur. Berlin müqaviləsi Türkiyədəki ermənilərin vəziyyətində elə də ciddi dəyişikliklərə gətirib çıxarmamışdır. Avropa dövlətləri yalnız Türkiyəyə etirazlar bildirməklə kifayətlənərək, Berlin müqaviləsinin ermənilərə aid şərtlərinin praktiki gerçəkləşməsi üçün konkret addımlar atmadılar. Bu baxımdan ABŞ tarixçisi Günter Levinin “ermənilər Avropanın hakimiyyət və hökmranlıq uğrunda apardığı mübarizənin girovuna çevrildilər” fikri ilə (25, s. 15) razılaşmamaq mümkün deyil.
Rusiyanın Berlin konqresində diplomatik məğlubiyyəti onun fəallığını və Osmanlı dövlətində “erməni məsələsi”nə müdaxiləsini azaltmışdır. Bu, bir tərəfdən Avropa dövlətlərinin Rusiyanın mövqelərinin güclənməsinə və Osmanlı dövlətinin həddindən artıq zəifləməsinə mane olması ilə əlaqədar idi. Digər tərəfdən, Rusiyanın xarici siyasət kursunun Mərkəzi Asiya və Uzaq Şərqdə nüfuz dairələri uğrunda mübarizəyə doğru dəyişməsi də nəzərə alınmalıdır. “Erməni məsələsi” Rusiya üçün ikinci plana keçmişdir. Lakin Rusiyanın mövqeyinin dəyişməsində xarici siyasət amili ilə yanaşı, Sankt-Peterburqun daxili siyasət maraqları da az rol oynamamışdır. Unutmaq olmaz ki, Berlin müqaviləsinin imzalanmasına qədər Rusiya hökumətinin erməni kilsəsi ilə ciddi problemləri ortaya çıxmışdır və bu problemlər Eçmiədzin katolikosunun hüquqları, həmçinin dini məktəblərə hökumət nəzarəti məsələsində özünü biruzə vermişdir. Doğrudur, buna baxmayaraq, Rusiya 1877-1878-ci illər müharibəsi vaxtı Anadolunun erməni əhalisindən öz məqsədləri üçün istifadə etməkdən də çəkinmirdi. Lakin Rusiya ilk növbədə himayədar obrazı ilə öz maraqları arasında mütənasibliyi gözləməyə məcbur idi. Bu maraqlar isə hökumətin ermənilərlə heç də rəvan münasibətlə rinə dəlalət etmirdi. Müəyyən siyasi dairələr anlayırdılar ki, ermənilərin Türkiyədə iddia etdiyi muxtariyyət Rusiyanın maraqlarına təhlükə törədir, çünki bir müddətdən sonra ermənilər eyni tələbi Rusiyanın qarşısında da qoya bilərlər. Rusiyanın “erməni məsələsi”ndə fəallığının azalmasında 1881-ci ildə III Aleksandrın taxta çıxmasından sonra aparılan, milli və separatçı hərəkatlarla mübarizəyə yönələn daxili siyasətin də rolu az deyildi.
Osmanlı dövlətində erməni separatçı hərəkatı, XIX əsrin 90-cı illərində baş verən silahlı üsyanlar Rusiyanı yalnız o həddə qədər maraqlandırırdı ki, bu əməllər onun təhlükəsizliyinə və Cənubi Qafqazdakı sərhədlərinin sabitliyinə təhlükə törətməsin. Rusiya ictimaiyyəti və siyasi elitası Türkiyədəki erməni hərəkatına rəğbət bəsləyir, Osmanlı hökumətinin terrorçuları təqib etməsinə etirazını bildirirdi, çar senzurası ermənilərin mübarizəsi haqqında tərifli yazıların çapına icazə verirdi. Eyni zamanda, hökumət sərhəddə Türkiyədən Qafqaza silah və quldur keçirmək cəhdlərinin qarşısının alınması üçün tədbirlər görürdü. Lakin hökumətin erməni millətçi ekstremizminin Rusiya ərazisində yayılmaması üçün gördüyü bütün tədbirlərə baxmayaraq, buna nail olmaq qeyri-mümkün idi. Bu uğursuzluğun ən başlıca səbəblərindən biri də Osmanlı dövlətindən gəlmiş qaçqınların Cənubi Qafqaz ərazisinə buraxılması idi. Hər erməni qiyamından və ardınca sultan hökumətinin repressiv tədbirlərindən sonra on minlərlə erməni Osmanlı-Rusiya sərhədi vasitəsi ilə maneəsiz olaraq Cənubi Qafqaza köçürdü. Köçkünlər arasında dinc əhaliyə və türk hökumətinə qarşı terror əməllərinin bilavasitə iştirakçısı olmuş xeyli sayda erməni qulduru var idi. Onların Qafqazda peyda olması bölgədəki sabitliyə ciddi təhlükələrə gətirib çıxara bilərdi. On minlərlə qaçqının axışıb gəlməsi Cənubi Qafqaz ermənilərinə də təsirsiz ötüşməmiş, onlar arasında erməni milli ideyasının və inqilabi əhval-ruhiyyənin geniş vüsət tapmasına səbəb olmuşdur. Şovinist ideyalar erməni mətbuatına və ədəbiyyatına sirayət etmişdir. Rus hökuməti ilə münaqişədə olan və özünü təkcə Türkiyə deyil, həmçinin Rusiya ermənilərinin müdafiəçisi kimi qələmə verən qriqorian kilsəsi də bu proseslərə müəyyən təkan verirdi. Erməni ruhaniliyi nəinki mənəvi, eləcə də təşkilati cəhətdən separatçı hərəkata yardım göstərir, bəzən isə bilavasitə həmin hərəkatda iştirak edirdi.
Erməni ekstremizminin XIX əsrin 80-90-cı illər tarixi inqilabi təşkilatların və partiyaların yaranması dövrü kimi tanınır. Bunların mütləq əksəriyyəti qarşıya qoyulan məqsədlərə çatmaq üçün yalnız zorakı vasitələrdən istifadəni məqbul hesab edirdilər. İlk erməni partiyaları Rusiyanın hüdudlarından kənarda yaransalar da (“Daşnaksutyun”dan başqa), ayrı-ayrı millətçi təşkilatlar Cənubi Qafqazda da fəaliyyət göstərirdilər. Belə ki, 1880-ci illərdə İrəvanda “Qaya-Ser” və “Aska-Ser” (erməni millətpərvərləri və vətənpərvərləri) dərnəyi mövcud idi. Gələcəkdə müstəqil Ermənistan dövlətini qurmağa çalışan bu dərnək əsasən Türkiyə erməniləri üçün silahın alınması məqsədi ilə pul toplanılması ilə məşğul idi (26, s. 224).
1885-ci ildə Marseldə P.Portuqalyan tərəfindən təşkil olunmuş “Armenakan” (“Armenistlər”) təşkilatı Avropa dövlətlərinin diqqətini “erməni məsələsi”nə cəlb etməyi və onların köməyi ilə ermənilərin ənənəvi olaraq “Türkiyə Ermənistanı” adlandırdığı Şərqi Anadoluda muxtariyyət yaradılmasını qarşısına məqsəd qoymuşdur. 1896-cı il Van qiyamından sonra təşkilatın üzvləri Rusiya ərazisinə köçmüş və Cənubi Qafqazda armenistlər cəmiyyətini qurmuşlar. Tiflis quberniya jandarm idarəsinin rəisi öz hesabatında (1898-ci il) yazırdı ki, əsas fəaliyyəti pul toplamaqdan və silah almaqdan ibarət olan cəmiyyət varlı ermənilərdən maddi dəstək alırdı. Həmin silah İrana göndərilir, burada isə Rusiya-Osmanlı sərhədini keçmək üçün dəstələr formalaşdırılırdı. Təşkilat parçalandıqdan sonra onun üzvlərinin bir hissəsi hnçakçılara, digəri isə daşnaklara qoşulmuşdur (14, s. 366-367).
“Hnçak” (“Zəng”) partiyası Cenevrədə 1887-ci ildə bir qrup erməni tələbələri tərəfindən yaradılmışdır. Partiyanın proqramı sosialist xarakterli olsa da, hnçakçılar Osmanlı, Rusiya və İran torpaqlarından ibarət müstəqil Ermənistanın yaradılmasını qarşılarına məqsəd qoymuşlar. Radikal üsullara üstünlük verən “Hnçak” siyasi rəqiblərlə mübarizədə terrordan istifadə edirdi (25, s. 17-18). XIX əsrin 90-cı illərində “Hnçak”ın Bakıda, 1902-ci ildə isə Şuşa və Yelizavetpolda (indiki Gəncə) yerli təşkilatları yaradılmışdır (11, s. 203).
1890-cı ildə ermənilərin artıq bilavasitə Cənubi Qafqazda yeni “Daşnaksutyun” (“Erməni İnqilab Federasiyası”) partiyası yaradıldı. Tiflisdə təsis olunan partiyanın proqramında əsas tezislərdən biri inqilabi yolla Osmanlı dövlətinin şərq vilayətlərinin siyasi və iqtisadi müstəqilliyinə nail olmaq idi. Daşnaklar bildirirdilər ki, partiya “məqsədə çatmaq üçün yalnız diplomatik yoldan istifadə etmək istəyənlərlə razılaşa bilməz. Avropa bizim üçün deyil. O, bizə kömək etməyəcək. Qoy ermənilər bilsinlər ki, onlar torpağı qana boyamayana qədər heç nə qazanmayacaqlar…” (24, s. 171). Təbliğat metodları ilə yanaşı, daşnaklar döyüş qruplarının təşkilini və hazırlanmasını, xalqın silahlandırılmasını, terroru, silah göndərmək kanallarının işlənib hazırlanmasını, hökumət binalarının dağıdılmasını da mümkün sayırdılar (24, s. 173).
1892-ci ildə Tiflisdə daşnak partiyasının toplantısı keçirilmiş və burada Osmanlı hökumətinə qarşı terror, həmçinin Türkiyənin şərq vilayətlərinin “azad edilməsi” üçün qiyamın hazırlanması haqqında qərar qəbul edilmişdir. 1893-cü ildə Qafqazın digər şəhərlərində keçirilmiş bu cür toplantılarda da Türkiyə ermənilərinə kömək göstərilməsi məsələləri müzakirə olunmuşdur (1, s. 45). “Daşnaksutyun” partiyasının Şimali Azərbaycanda yerli təşkilatları XX əsrin əvvəlində meydana gəlməyə başlamışdır (11, s. 215). 1903-cü ilin sentyabrında Bakıda aşkar edilən daşnakların gizli mətbəəsindən tapılan bəyannamə aşağıdakı sözlərlə bitirdi: “Son döyüşlərə hazır olaq; ölən yırtıcı [çar hökuməti nəzərdə tutulurdu – F.C.] ilə mübarizə azadlıq uğrunda aparılırsa, onda qorxulu deyil” (13, s. 33).
Beləliklə, Cənubi Qafqaz tədricən erməni ekstremistlərinin bazasına çevrilir, onlar buradan Anadolu ərazisinə basqınlar təşkil edir, qiyamlar üçün pul və silah toplayır, terrorçular hazırlayır, əhali arasında təbliğat aparırdılar. Bu cinayət əməllərinin qarşısını almaq üçün çar hökuməti bəzi qabaqlayıcı tədbirlər gördü. Məsələn, adamları quldur dəstələrinə cəlb edib onları Türkiyəyə göndərməklə məşğul olan bəzi ermənilərə cinayət işləri açılmışdı.
Ermənilər Cənubi Qafqazdan Osmanlı dövləti ərazisində silahlı üsyanlara yardım göndərilməsi kanallarını işləyib hazırlamışlar. Buna ilk növbədə silahın satın alınması və onun Rusiya-Osmanlı sərhədindən keçirilməsi aid idi. Türkiyə tədqiqatçısı Mehmet Perinçekin Rusiya arxivlərindən tapdığı sənədlərin birindən məlum olur ki, 1897-ci ildə İrəvanda Türkiyəyə silah göndərdiklərinə görə Osmanlı təbəəsi olan üç nəfər erməni saxlanılmışdır. Silah rus əsgəri S.Kovalenkonun köməyi ilə çatdırılır, İrəvan sakini A.Canpoladov isə bu işdə vasitəçilik edirdi (5, c. 38-40). Növbəti silah göndərmə kanallarından biri 1899-cu ildə Moskvada aşkar edilmişdir. Məlum olmuşdur ki, həbs edilən iki nəfər dövlətə məxsus silah zavodlarından və Moskva cəbbəxanasından metal adı altında odlu silah hissələrini qanunsuz əldə edir və onları öz emalatxanalarında yığaraq gizli şəkildə ermənilərə ötürürdülər. Cənubi Qafqaza silah çatdırmaq üzrə bütün bu əməliyyatlar Moskvada yaşayan erməni həkim vasitəsi ilə aparılırdı (5, s. 55-57). Azərbaycan tarixçisi Musa Qasımlı Gürcüstan və Rusiya arxivlərinə istinadən ermənilərin silah əldə etməsinə dair çoxsaylı faktları üzə çıxarmışdır. Məsələn, 1896-cı ildə Bakı gömrüyündə Osmanlı erməniləri üçün silah daşıyan «Poseydon» gəmisi saxlanılmışdır. 1897-ci ildə Şuşaya, 1898-ci ildə Yevlaxa, 1899-cu ildə Tiflisə və Bakıya Moskvadan ermənilər üçün silah gətirilmişdir (1, s. 53).
Rusiya üçün digər mühüm problemlərdən biri Osmanlı ermənilərinə köməyə gedən Qafqaz ermənilərinin sərhədi pozması faktları idi. 1890-cı illərin birinci yarısında Ərzurumda baş verən toqquşmaların təsiri altında Cənubi Qafqaz erməniləri arasında könüllü dəstələrin təşkilinə və onların Türkiyəyə göndərilməsinə başlanılmışdır. Əhali arasında aparılan təbliğatla yanaşı, Rusiya ilə həmsərhəd Türkiyə kəndlərinə hücumlar təşkil olunur, polisə müqavimət göstərilir, qətl və qarətlər törədilirdi. Bu hərəkatda iştirak edən yerli ruhanilər və kəndlərdəki vəzifəli şəxslər Rusiya hökumətinin Türkiyə ermənilərinin üsyanlarına rəğbətlə yanaşması barədə şayiələr yayırdılar. Təbliğat «Böyük Ermənistan»ın xəritələrinin, onun keçmişini təcəssüm etdirən rəsmlərin, silahlı quldur qruplarının fotoşəkillərinin, vətənpərvər ruhlu mahnıların yayılması yolu ilə aparılırdı (29, s. 54). Türkiyə arxivlərində saxlanılan çoxsaylı sənədlər 1890-cı illərin ikinci yarısından etibarən erməni quldur dəstələrinin dəfələrlə Osmanlı sərhədlərini keçmək cəhdlərinə dəlalət edir. Bu həmlələr əsasən Naxçıvanla İrəvan arasındakı ərazilərdə baş verirdi. Oradan erməni quldurları İran ərazisinə – Xoy, Salmas, Maku əyalətlərinə, daha sonra isə Türkiyə ilə həmsərhəd ərazilərə keçirdilər. Türkiyə hökuməti sərhədlərin mühafizəsi məsələsinə dair Rusiya və İran hökumətləri ilə daim əlaqə saxlasa da, erməni basqınlarının qarşısını heç də həmişə almaq mümkün olmurdu. Məsələni əngəlləyən amillərdən biri də bu idi ki, Qafqaz bölgəsinin İranla həmsərhəd ərazisinə əsasən erməni əsilli zabitlər nəzarət edirdilər (15, v. 25). 4-cü Osmanlı ordusunun komandanlığı hökumətə məlumat verirdi ki, sərhəddə qulluq edən erməni zabitləri quldurları təlimatlandırır, sərhədi keçmək üçün onlara köməklik göstərirlər (3, vv. 1-10). Bundan başqa, Qafqazın baş hakimi Q.S.Qolitsının daxili işlər naziri V.K.Pleveyə yazdığına görə, Osmanlı hökuməti əmin idi ki, Türkiyədəki erməni hərəkatı Qafqaz erməniləri tərəfindən idarə olunur, şərq vilayətlərinin əhalisi Qafqazdakı inqilabi komitələrlə daim əlaqə saxlayır və həmin komitələr Türkiyə ərazisinə hücum edən silahlı quldur dəstələrini hazırlayırlar (6, v. 32). Xoy və Salmas şəhərlərinə ezam olunan Rusiyanın Təbrizdəki baş konsulluğunun dilmancı V.F.Minorski 1904-cü ilin dekabrında hökumətə yazırdı ki, sərhədin zəif mühafizə olunması səbəbindən silahlı dəstələr Osmanlı ərazisinə keçməklə bərabər, həmçinin Rusiya erməniləri arasında ümümi inqilabi təbliğat planları hazırlanır (15, v. 19).
Erməni daşnakları separatçı hərəkatın maliyyələşdirilməsi mənbələrini də təşkil etmişlər. Lazım olan maddi vəsaitlər xeyriyyə məqsədi adı altında təşkil edilən konsertlərdən, ədəbi axşamlardan, lotereyalardan, üzvlük haqlarının və birdəfəlik ianələrin toplanmasından yığılırdı (29, s. 27). Partiya üzvü olan kəs, həmçinin “köməkçi üzvlər” (“Daşnaksutyun”un ideyaları ilə həmrəy olan, ona ya maddi cəhətdən kömək göstərən, ya da təbliğat işində iştirak edənlər) partiya fonduna əməkhaqqının yaxud gəlirlərinin ən azı 2%-ni köçürməli idilər. Daşnaklara rəğbət bəsləyən və onları maddi cəhətdən dəstəkləyənlər arasında Qafqazın məşhur milyonçularından A.İ.Mantaşev, P.O. və A.O.Qukasovlar, B. Lalayev və bir çox başqaları var idi (6, vv. 43-44; 9, v. 193; 18, v. 1; 22, s. 698). Bakıda və Tiflisdə fəaliyyət göstərən müxtəlif ictimai təşkilatlarda erməni millətçi partiyalarını yaxından dəstəkləyirdilər. Məsələn, Qafqaz Erməni Xeyriyyə Cəmiyyəti, Müqəddəs Qriqori naminə Erməni İnsansevərlik Cəmiyyəti, Erməni Kitablarının Nəşri Cəmiyyəti, Tiflisdə Erməni Qadın Xeyriyyə Cəmiyyəti maarifçilik və xeyriyyə fəaliyyəti adı altında əslində millətçi hərəkatın məqsədlərinə xidmət edirdilər. Bu cəmiyyətlərin üzvlərinin bir çoxu həm də “Daşnaksutyun” partiyasının üzvləri idi, inqilabi təbliğat və vahid müstəqil Ermənistan uğrunda ideyaların yayılması ilə məşğul olurdular (10, vv. 1-3).
XIX əsrin 90-cı illərindən etibarən Cənubi Qafqazda erməni şovinizmi əvvəlki dövrlərə nisbətən daha aqressiv xarakter almışdı. Bu zaman Osmanlı dövlətində başlayan separatçı qiyamlar Cənubi Qafqaz ermənilərini də öz dindaşlarına maddi və silahlı kömək göstərməyə sövq edirdi. Məhz həmin illərdə Rusiya hökumətinin erməni-qriqorian kilsəsi ilə qarşıdurması sonuncu mərhələyə qədəm qoymuşdu. Kilsənin ermənilərin gündəlik həyatına təsirini nəzərə alaraq, ona qarşı məhdudlaşdırıcı, daha sonra isə repressiv tədbirlərin görülməsi erməni siyasi elitasının radikal hissəsində cavab reaksiyasını doğurmaya bilməzdi. Rəsmi statistikaya görə, 1890-cı illərin sonunda ermənilər Cənubi Qafqazda hökumət əleyhinə geniş fəaliyyətlə məşğul idilər. Ədliyyə naziri N.V.Muravyovun 1897-ci il üçün məruzəsindən və Rusiyada 1894-1897-ci illər üzrə hökumət əleyhinə hərəkatın qısa icmalından məlum olur ki, dövlət cinayətlərində ittiham olunanlar arasında ermənilər yalnız ruslardan və polyaklardan geridə qalaraq üçüncü yeri tuturdular (29, s. 18). 1897-ci ildə araşdırılan başlıca cinayət işləri arasında N.V.Muravyov Cənubi Qafqazda gizli erməni cəmiyyətləri haqqında işi qeyd etmişdir. Həmin cinayət işi üzrə ümumilikdə 117 şəxs saxlanılmışdı və bu xarakterli 13 böyük iş içərisində saxlanılanların sayına görə gizli erməni cəmiyyətlərinin işi ikinci yeri tuturdu (29, s. 20).
Ermənilər arasında millətçi ekstremizm meyillərinin güclənməsi səbəbindən Rusiya hökuməti onların qarşısını almaq üçün tədbirləri sərtləşdirdi. Bu tədbirlər arasında Türkiyədən Cənubi Qafqaz hüdudlarına köçüb gələn və ekstremistlərə qoşulan ermənilərin axınının qarşısını almaq məsələsi mühüm yer tuturdu. Q.S.Qolitsının fikrincə, bu tədbirlə yanaşı əvvəllər köçüb gəlmiş qaçqınların Cənubi Qafqazdan çıxarılması da arzuolunan idi. Q.S.Qolitsının 9 noyabr 1901-ci il tarixli qərarı ermənilərin miqrasiyasının məhdudlaşdırılması istiqamətində mühüm addım olmuşdur. Qərar Cənubi Qafqaza gələn erməni qaçqınlarının sayının məhdudlaşdırılmasına və onların geri qaytarılmasına yönəlmişdirsə də, sonrakı hadisələr göstərdi ki, qərarın nəticələri heç də birmənalı olmamışdır. Qərara görə, ermənilərin Türkiyədən Qafqaza köçməsi dayandırılırdı, 1893-cü ildən sonra köçənlər isə Rusiya təbəəliyini qəbul etməli və ya geri qayıtmalı idilər (17, v. 8-8 arx.). Qərarın məzmunundan göründüyü kimi, onun məqsədi Türkiyədən erməni axınlarını məhdudlaşdırmaq və Qafqazda onlar üçün daha əlverişsiz şərait yaratmaq idi. Lakin nəzərə alınsa ki, qaydalar 1893-cü ildən sonra köçənlərə şamil edilirdi, onda qərarın verildiyi 1901-ci ildə Qafqazda məskunlaşan Türkiyə ermənilərinin sayı heç də az deyildi. Buna görə hətta bu cür məhdudiyyətlər diyarda ermənilərin sayının ciddi şəkildə azalmasına təsir edə bilməzdi.
Q.S.Qolitsının qərarının nəticələrinə toxunan erməni müəllifi Xaçatur Dadayan yazır ki, bundan sonra erməni köçkünlərinin yarısından az hissəsi Rusiya təbəəliyini qəbul etmişdir (21, s. 75). Bununla belə, X.Dadayan hansı rəqəmin yarısı barədə konkret məlumat vermir. Əslində isə rəqəm olduqca böyük idi – 75 min nəfər. Erməni ekstremizminin geniş vüsət aldığı bir şəraitdə bu qədər kütlənin nələrə qadir olduğunu və gələcəkdə Cənubi Qafqaz üçün hansı fəsadlar törədəcəyini təsəvvür etmək çətin deyildi.
Ən təhlükəli hallardan biri də erməni qaçqınları arasında çoxlu silahlı quldurların olması və onların sərhədyanı bölgələrdə, eləcə də iri sənaye şəhərlərində və quberniya mərkəzlərində məskunlaşması idi. Məhz bu quldurlar Cənubi Qafqazda cinayətkarların əsas kütləsini təşkil edirdilər. Eçmiədzin Sinodunun prokuroru L.A.Frenkelin qeyd etdiyi kimi, 70 il ərzində Türkiyədəki erməni gənclərinin üç-dörd nəsli hökumətə müqavimət göstərmək, onunla mübarizənin ədalətli olması ideyalarının əsiri altında böyümüşdür (27, v. 260). 1905-1906-cı illər qırğınları zamanı həmin kütlə Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Yelizavetpolda, Şuşada dinc azərbaycanlı əhaliyə qarşı erməni terrorunun əsas zərbə qüvvəsini təşkil etmişdir.
Erməni millətçi ekstremizminin zirvə nöqtəsi XX əsrin əvvəllərinə təsadüf etdi və onun təkanvericisi, heç şübhəsiz, erməni-qriqorian kilsəsinin əmlakının sekulyarizasiyası haqqında 12 iyun 1903-cü il tarixli çar fərmanı oldu. Kilsə əmlakının qəbulu zamanı polislə və qoşunla toqquşmalar daha çox hnçakçıların və daşnakların iştirakı ilə baş verirdi. “Hnçak”dan fərqli olaraq, daha yaxşı silahlanan, hərbi təşkilata malik olan və terror taktikasına üstünlük verən “Daşnaksutyun” partiyası bu prosesdə fəal rol oynayırdı. Kilsə əmlakının sekulyarizasiyası ilə bağlı Tiflisdə buraxılan vərəqələrin birində partiya açıq-aşkar bildirirdi: “Ermənilər inqilab yoluna qədəm qoyaraq əmin olmuşlar ki, bu yol xalqın hüquqlarını qorumaq və onları əldə etmək, insan ləyaqətini qoruyub-saxlamaq, azadlığa və özünüidarəetməyə nail olmaq, əsrimizin ən böyük zülmü sayılan mütləqiyyətdən xilas olmaq üçün yeganə vasitədir” (7, vv. 33-36).
Hökumət tərəfindən kilsə əmlakının qəbulu zamanı ermənilərin hərəkət taktikasını da məhz “Daşnaksutyun” müəyyənləşdirirdi. Arxivdə qorunan sənədlərin birində partiya din xadimlərinə, kəndxudalara, mülklərin işlər müdirlərinə, icarədarlara xəbərdarlıq edirdi ki, onlar heç bir halda əmlakı Rusiya hökumətinə təhvil verməsinlər, heç bir kağız, sənəd imzalamasınlar. Əks halda, belə şəxslər xain bilinib daşnakların qisasına məruz qalacaqdılar (8, v. 78). Digər sənəddə isə daşnaklar ermənilərin sekulyarizasiya zamanı hökumət məmurlarına qarşı etiraz davranışlarına dair təlimat verirdilər. Bu etiraz aşağıdakı formalarda özünü göstərməli idi: izdihamlı nümayişlərin keçirilməsi, erməni dükanlarının bağlanması, kilsə zənglərinin çalınması, alınan əmlakın ətrafında matəm geyimində toplaşma, milli mahnıların oxunması, polisə müqavimət və əmlakın alınmasına əngəl yaradılması, bundan sonra kilsələrdə kollektiv toplaşma (8, v. 79).
Göründüyü kimi, 12 iyun 1903-cü il tarixli qanun və onun həyata keçirilməsi “Daşnaksutyun”un Rusiyada hökumət əleyhinə fəaliyyətinə güclü təkan vermişdir. Məhz bu hadisə daşnakların Qafqazda bütün sonrakı mübarizəsini müəyyənləşdirmişdir. Erməni millətçi-ekstremist hərəkatı fonunda güclənən “Daşnaksutyun” faktiki olaraq, kilsə ilə bərabər “dövlət içində dövlət” rolunu icra edirdi. Əgər kilsə erməni hərəkatını maddi cəhətdən dəstəkləyir və onun ideoloji mərkəzi kimi çıxış edirdisə, “Daşnaksutyun” polis, məhkəmə, cəza funksiyalarını öz üzərinə götürmüşdür. Kilsə ilə daşnakların ittifaqı zamanın hökmü idi, hər iki qüvvə ümumi məqsəd naminə birləşmişdi. Qafqazda erməni millətçi-ekstremist hərəkatına nəzər saldıqda, erməni ruhaniliyinin və “Daşnaksutyun” partiyasının çar hökumətinə qarşı fəal mübarizəsinin səbəbləri aydın olur. Birincisi, erməni-qriqorian kilsəsinin gəlirlərinin böyük hissəsi bu və ya digər yolla daşnak partiyasının, partiyanın tərəfdarı olan ziyalıların saxlanılmasına xərclənirdi. Buna görə kilsənin əmlakdan məhrum edilməsi həm onun, həm də “Daşnaksutyun”un maddi resurslarını zəiflətmişdi. İkincisi, 12 iyun qanunundan sonra başlanan etirazlar fonunda “Daşnaksutyun” kənarda dursa idi, onda kütlələrə nüfuzunu itirmək riski ilə qarşılaşa bilərdi, çünki bu dövrdə daşnaklar artıq Qafqazda erməni millətçi-separatist hərəkatının real qüvvəsinə çevrilmişdilər. Təsadüfi deyil ki, bunu nəzərə alan Qafqazın baş hakimi Q.S.Qolitsın 1904-cü ilin yazında kilsə ilə daşnakların ittifaqını pozmaq üçün irimiqyaslı plan hazırlamışdır. Həmin plana əsasən, İrəvan quberniyasında və Eçmiədzində katolikos Mkrtıç ətrafında toplaşmış erməni inqilab və terrorçu təşkilatı ləğv edilməli idi (16, v. 51). Lakin Q.S.Qolitsına qarşı törədilən sui-qəsd, daha sonra isə onun Qafqazdan getməsi bu tədbiri həyata keçirməyə imkan verməmişdi.
Yerlərdə sekulyarizasiyanı aparan Rusiya məmurları 12 iyun 1903-cü il tarixli qanunun həyata keçirilməsi zamanı ciddi çətinliklərlə üzləşmişlər. Bu çətinliklər bəzən onların həyatı və təhlükəsizliyi üçün ciddi risklər yaradırdı. Təkcə İrəvan quberniyasında və Qars vilayətində 22 çar məmuru erməni inqilab komitəsinin əlindən zərər çəkmişdir. Terrorçuların ən məşhur cinayəti Q.S.Qolitsına qarşı törədilmiş sui-qəsd idi. Ermənilərin nəzərində Q.S.Qolitsın kilsə hökmranlığınının məhdudlaşdırılması siyasətinin əsas təşəbbüskarı idi. 1903-cü il oktyabrın 14-də “Hnçak” partiyasının üç terrorçusu Q.S.Qolitsına hücum etdilər və xəncərlə başından yaraladılar (12, s. 392-393). Baş hakim sağ qaldı, lakin 1904-cü ilin iyulunda Sankt-Peterburqa getdi və bir daha Qafqaza qayıtmadı.
Rusiya hökuməti ilə mübarizənin başlanması həmçinin “Daşnaksutyun” partiyasının strategiyasında da dəyişikliklərə səbəb olmuşdur. 1904-cü ilin fevralında Sofiyada (bəzi əsərlərdə Vyana göstərilir) baş tutmuş partiyanın III qurultayında daşnaklar öz fəaliyyətlərini Qafqaz ərazisinə köçürmək barədə qərar qəbul etmişlər. Qurultay Qafqaza dair təbliğat, terror, mitinqlər və silahlı müqavimət taktikasını qəbul etməyi qərarlaşdırmışdır (24, s. 177). Rusiyanın Türkiyədəki səfiri İ.A.Zinovyevin erməni hərəkatı haqqında 15 aprel 1904-cü il tarixli məlumatında göstərilirdi ki, həmin hərəkatın nüfuzlu xadimləri Türkiyədəki çıxışları dayandırmağı məqsədəuyğun sayırdılar, çünki onlar əsas düşmən kimi Osmanlı dövlətini yox, kilsəyə aid qərarları ilə erməni əhalisini özündən uzaqlaşdıran Rusiyanı qəbul edirlər. İ.A.Zinovyevin məlumatlarına görə, ermənilərdə belə bir qəti inam yaranmışdır ki, əgər Rusiya ilə Türkiyə arasında müharibə olarsa, onlar türklərə nifrət etsələr belə, Osmanlının tərəfinə keçməli və Rusiyaya qarşı çıxış etməlidirlər (31, v. 69-69 arx.).
Daşnakların Rusiyaya qarşı silahlı mübarizəyə hazırlaşması haqqında Osmanlı dövlətində də xəbərdar idilər. Türkiyənin Bolqarıstandakı komissarı İstanbula məlumat verirdi ki, Qafqazdakı və Bolqarıstandakı erməni komitələri sıx əlaqə saxlayır və Avropadakı digər erməni komitələri ilə birgə iş aparırlar (4, v. 1). Kəşfiyyat materiallarından məlum olur ki, komitələr Avropa şəhərlərində ianələrin toplanılması ilə məşğul olur və həmin vəsaitlər Rusiyada üsyanın hazırlanmasına getməli idi (2, vv. 1-4, 6-7). Bütün bu məlumatlarda diqqəti cəlb edən məqam odur ki, Osmanlı hökuməti ermənilərin Rusiyada planlaşdırdığı aksiyalarla bağlı ciddi narahatlığını ifadə edir. İstanbulda yaxşı başa düşürdülər ki, çoxdankı rəqibə – Rusiyaya qarşı erməni-millətçi ekstremizmindən istifadə etmək imkanı nə qədər cəlbedici görünsə də, belə təhlükəli vasitə ilə istənilən oynaqlaşma erməni separatizminin bütün acılarını öz üzərində hiss etmiş Türkiyənin təhlükəsizliyi üçün təhdid yaradır.
Erməni ekstremizminin Cənubi Qafqazda fəallaşması kontekstində daha bir məqamı nəzərdən keçirmək vacibdir. Söhbət erməni ekstremist partiyalarının bölgənin ən çoxsaylı etnosu olan azərbaycanlılara münasibətindən gedir.
Mənbələrdən göründüyü kimi, o dövrdə Azərbaycan cəmiyyətinin siyasi fəallığı Rusiyanın digər xalqları, məsələn, ruslar, ermənilər, yəhudilər, polyaklar və başqaları ilə müqayisədə o qədər də güclü deyildi. Rəsmi məlumatlara görə, 1894-1897-ci illərdə bütün Rusiya üzrə dövlət cinayətlərində ittiham edilən 1894 nəfərdən yalnız 6-sı (29, s. 18), 1898-1900-cü illərdə isə 4481 müttəhimdən 14-ü müsəlman idi (29, s. 64-69). Doğrudur, hökumət qurumları panislamizm ideyalarının təbliği, Rusiya müsəlmanlarının Türkiyədəki və İrandakı dindaşları ilə birləşmək məqsədləri haqqında mütəmadi olaraq narahatçılıq bildirsələr də (30, v. 8 arx.), müsəlmanların, o cümlədən, azərbaycanlıların hökumətə qeyri-loyal münasibətini təsdiqləyən ciddi faktlar aşkar edilməmişdir. Panislamizm hərəkatı isə təkcə Rusiyada deyil, bütövlükdə dünyada hüquqları pozulan müsəlman xalqlarının müdafiəsinə yönəlmişdi və bu ideyalar əhalinin geniş təbəqələri arasında yox, bir qayda olaraq, ziyalıların müəyyən hissəsi arasında populyar idi. Azərbaycan cəmiyyətinin siyasi cəhətdən tam yetkin olmadığını təsdiqləyən daha bir misal bundan ibarətdir ki, digər millətlərdən fərqli olaraq, burada siyasi partiyalar yalnız XX əsrin əvvəllərində meydana gəlmiş, Azərbaycanın ictimai-siyasi xadimləri müəyyən vaxta qədər ölkədəki aparıcı siyasi partiyalarda (istər sağ, istərsə də sol təmayüllü) təmsil olunmamışlar.
Rusiya xalqları içərisində hökumət əleyhinə fəaliyyətdə sonuncu yeri tutan müsəlmanlar nəinki inqilabi çıxışlarda iştirak etməyə meylli deyildilər, eləcə də özlərini bu cür çıxışlara onları cəlb etmək cəhdlərinə müqavimət göstərirdilər. Maraqlıdır ki, belə cəhdlər məhz ermənilər tərəfindən edilirdi. Belə ki, 1904- 1905-ci illərdə daşnaklar Bakıda bəyannamələr yayaraq, azərbaycanlıları inqilabi partiyalarla birlikdə çarizmə qarşı mübarizəyə çağırırdılar, lakin azərbaycanlılar ermənilərin avantürasına uymayaraq, hökumət əleyhinə çıxışlarda iştirak etməyəcəklərini bildirmişlər (19, vv. 84 arx., 181-181 arx., 252 arx.-253).
Ermənilərin təxribatları təkcə bəyannamələrin yayılması ilə məhdudlaşmırdı. Polisin məlumatlarına görə, azərbaycanlıları hökumət əleyhinə aksiyalara təhrik etmək üçün ermənilər 1904- cü il martın 15-də imam Hüseynin qətli münasibəti ilə şiələrin keçirdiyi Aşura günündə Bakıda müsəlmanların toplaşdığı yerə qumbara atıb, hadisənin polis tərəfindən törədildiyi haqqında şayiə yaymağı planlaşdırırdılar. Hökumət təmsilçiləri müsəlmanların başçılarını bu barədə xəbərdar etmişlər (23, s. 105).
Azərbaycanlıların hökumət əleyhinə mübarizəyə qoşulmaq çağırışlarına cavabı qəti olmuşdu və onlar ermənilərin təklifini rədd etmişdilər. Lakin belə bir cavab təkcə azərbaycanlıların inqilabi çıxışlara rəğbət bəsləməməsi və ənənəvi şərq sadiqliyi ilə izah olunmurdu. Bu, uzun illər boyu iki millət arasında yığılıb qalan ziddiyyətlərə məntiqi reaksiya idi. Ziddiyyətlər heç vaxt irimiqyaslı millətlərarası toqquşmalara gətirib çıxarmasa da, lokal münaqişələr baş verirdi. İqtisadi və siyasi üstünlüyə yiyələnə bilmiş ermənilər azərbaycanlıları özlərindən asılı vəziyyətə salmağa çalışır, bu isə əvvəllər ermənilər üzərində hökmranlıq etmiş azərbaycanlılarda cavab reaksiyasına səbəb olurdu.
Ermənilərlə azərbaycanlılar arasında lokal münaqişələr hər hansı ciddi siyasi səbəb olmadan baş verirdi. Bu, daha çox məişət zəminində mübahisələr idi, lakin uzun illər boyu yığılıb qalan ziddiyyətlərin və qarşılıqlı ədavətin təsiri altında həmin mübahisələr mütləq silahlı toqquşmalarla və tələfatlarla müşayiət olunurdu. İlk toqquşmalardan biri hələ 1887-ci ildə İrəvanda baş vermişdir. Ermənilərin iki azərbaycanlını öldürməsinə cavab olaraq iki erməni qətlə yetirilmişdir. Yanvarın 5-i İrəvanın bazar meydanında iki millət arasında atışma başladı. Qoşunun müdaxiləsi nəticəsində toqquşmaların qarşısını almaq mümkün oldu. İrəvan qubernatorunun hesabatında göstərildiyi kimi, toqquşma zamanı ermənilər müsəlmanlara təcavüz etmiş, küçədən keçən dinc sakinlərə atəş açmışdılar. Toqquşma nəticəsində 17 nəfər ölmüş və yaralanmışdır (1, s. 39-40).
Qarşılıqlı hücumlar və qətllər Bakıda da sistematik hal almışdır. 1904-cü ilin yayında və payızında qisas zəminində bir neçə qətllər törədilmişdir. Bunu qətllərin törədildiyi üsul və meyitlər üzərində zorakılıq əlamətləri sübut edir. Belə ki, şəhərdə qar əriyəndən sonra tanınmaz hala salınan azərbaycanlı meyitləri aşkar olunmuşdur və bu fakt cəmiyyətdə təbii etiraza və narahatlığa gətirib çıxarmışdır (20, v. 120 arx.).
Cəmiyyətdə belə bir fikir qətiləşmişdir ki, ermənilərlə azərbaycanlıların münasibətlərində gərginlik artır. Erməni təxribatlarının sayının artması azərbaycanlıları cavab reaksiyaya təhrik etməyə və şəhərdə iğtişaşların başladılmasına hesablanmışdır. Bununla ermənilər iki məqsədə – dinc azərbaycanlı əhaliyə qarşı terror həyata keçirməyə və Rusiya hökuməti ilə mübarizəni yeni səviyyəyə qaldırmağa nail olmaq istəyirdilər. Beləliklə, Cənubi Qafqazda erməni ekstremistləri illər boyu Osmanlı dövlətində sınaqdan keçirdikləri taktikanı – müsəlmanlara qarşı qətlləri, zorakılığı və hökumət əleyhinə mübarizəni tətbiq etmək niyyətində idilər. Ermənilərin törətdiyi təxribatlar nəticəsində belə bir vəziyyət yaranmışdır ki, qarşılıqlı ədavətin irimiqyaslı qarşıdurmaya çevrilməsi üçün kiçik qığılcım da kifayət edirdi. 1905- ci ilin əvvəllərində Bakıda ermənilərlə azərbaycanlılar arasında münaqişəsinə baş verəcəyi haqqında şayiələr yayılmağa başladı. Şayiələr müxtəlif idi: bəziləri ermənilərin azərbaycanlıları qıracağını, bəziləri isə əksini deyirdilər. Ermənilər bu baxımdan daha fəal görünürdülər, hər vəchlə azərbaycanlıların təxribat törədəcəyini təbliğ edirdilər. 1905-ci ilin fevralından başlayan ikiillik erməni-azərbaycanlı münaqişəsini nəzər saldıqda həmin taktikanın nə üçün seçildiyini anlamaq çətin deyil. İctimai rəy qırğınların azərbaycanlılar tərəfindən törədiləcəyi, ermənilərin isə zərərçəkən tərəf olduğu fikrinə hazırlaşdırılırdı. Ermənilər dəfələrlə sınaqdan keçirdikləri üsulu işə saldılar – əvvəl özlərini Osmanlı dövlətinin, sonra Rusiyanın, indi isə azərbaycanlıların günahsız qurbanları rolunda təqdim etməklə terrora bir növ bəraət qazandırırdılar. Terror cavab addımı kimi qələmə verilsə də, əslində daşnaklar, hnçakçılar və erməni kilsəsi ona çoxdan hazırlaşırdılar. Vəziyyəti mürəkkəbləşdirən həm də ermənilərin əlində külli miqdarda silahın cəmlənməsi və həmin silahın daşnak quldurlarının sərəncamında olması idi. Osmanlı dövlətində separatçı hərəkat zamanı ermənilərin kütləvi şəkildə və maneəsiz silahlanması terrora öyrəşmiş daşnak dəstələrinə yeni meydan – Cənubi Qafqaz müsəlmanlarına qarşı mübarizə meydanını açmış oldu.
Beləliklə, 1904-cü ilin sonu-1905-ci ilin əvvəllərində Bakıda olduqca gərgin vəziyyət yaranmışdı: bir tərəfdən, şəhərdə Bakı fəhlələrinin güclü dekabr tətili baş vermiş, digər tərəfdən isə hnçakçıların və daşnakların terroru və təxribatları nəticəsində ermənilərlə azərbaycanlıların münasibətlərində qarşıdurma yaranmışdır. Bütün bunlar inqilabi partlayış astanasında duran Rusiya imperiyasında ümumi siyasi və iqtisadi vəziyyətin kəskinləşməsi fonunda baş verirdi. Hər gün və hər yerdə siyasi, millətlərarası iğtişaşlar, cinayətlər genişlənirdi. Cənubi Qafqazdakı vəziyyətin spesifik xüsusiyyətini də unutmaq olmaz – erməni millətçi ekstremizmi açıq-aşkar rus mütləqiyyəti ilə mübarizə yolunu seçmişdi. Bu barədə yazan Rusiyanın İstanbuldakı səfiri İ.A.Zinovyev Türkiyənin Parisdəki işlər müvəkkilinin məlumatlarına istinad edərək Rusiya Xarici İşlər Nazirliyini xəbərdar edirdi ki, “Rusiyadakı erməni əhalisi arasında mövcud olan planlar tez bir zamanda bilavasitə Rusiyaya qarşı yönələcək ciddi hadisələrə gətirib çıxaracaqdır.” (31, v. 69 arx.). 1905-ci ilin fevralında baş verən hadisələr göstərdi ki, bu narahatlıq əsassız deyildi.
Beləliklə, XX əsrin əvvəllərində erməni millətçi ekstremizmi Cənubi Qafqazdakı mübarizəsini iki istiqamətdə – Rusiya hökumətinə və azərbaycanlılara qarşı aparırdı. Birinci halda bu mübarizə özünü güclü silahlanmada, döyüşçü dəstələrinin yaradılmasında, hökumət məmurlarına qarşı terror aksiyalarında göstərirdi. “Hnçak” və “Daşnaksutyun” bölgədə sabitliyin maksimal dərəcədə pozulmasını və dövlətin əsaslarının laxladılmasını qarşıya məqsəd qoymuş solçu partiyaların inqilabi hərəkatına qoşulmuşdular. Mübarizənin ikinci cəbhəsinə gəldikdə isə bölgədə iqtisadi üstünlüyə nail olan ermənilər azərbaycanlıları özlərinə tabe olan millət kimi qəbul edirdilər və buna görə öz qaydalarını qəbul etdirmək ixtiyarında olduqlarını hesab edirdilər. Həmçinin hökumət əleyhinə çıxışlarda azərbaycanlıların passiv iştirakı onların ermənilərin əsas düşmən saydığı rejimə loyallığı təsəvvürünü yaradırdı. Sistematik hal almış qətllər, hədə-qorxular, təhqirlər, qorxuducu bəyannamələr azərbaycanlıların cavab reaksiyasına səbəb olur və iki millət arasındakı problemli münasibətlərə əlavə gərginlik gətirirdi. Cəmiyyət qanlı toqquşmaya gətirib çıxara biləcək irimiqyaslı münaqişənin astanasında dayanmışdı və həmin münaqişə 1905-1906-ci illərdə baş vermiş tarixdə ilk erməni-azərbaycanlı qırğını ilə nəticələnmişdir.
Ədəbiyyat:
- Qasımlı M. “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920). Bakı, 2014.
- Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi (TC BOA): A.MTZ (04), № 115/28.
- TC BOA: MKT.MHM, № 548/2.
- TC BOA: Y.A.HUS, № 462/33.
- Perinçek M. Rus Devlet Arşivlerinden 150 belgede ermeni meselesi. İstanbul, 2012.
- Архив политических документов Управления делами Президента Азербайджанской Республики (АПД УДПАР): ф. 276, оп. 8, д. 37 а.
- АПД УДПАР: ф. 276, оп. 8, д. 60.
- АПД УДПАР: ф. 276, оп. 8, д. 79.
- АПД УДПАР: ф. 276, оп. 8, д. 269.
- АПД УДПАР: ф. 276, оп. 8, д. 292.
- Багирова И. С. Политические партии и организации Азербайджана в начале ХХ века (1900-1917). Баку, 1997.
- Бигаев Н. А. Последние наместники Кавказа (в свете личных воспоминаний) (1902-1917). / В кн.: Исмаилзаде Д. И. Граф И. И.Воронцов-Дашков. Наместник Кавказский. М., 2005.
- Всеподданнейший отчёт о произведённой в 1905 году, по Высочайшему повелению, сенатором Кузминским ревизии города Баку и Бакинской губернии. СПб., 1906.
- Галоян Г. А. Сила интернационального единства (к событиям в Закавказье в начале 1905 года). / «Историкофилологический журнал», 1969, № 1.
- Государственный архив Российской Федерации (ГА РФ): ф. 102 ОО 1905 г., оп. 233 а, д. 11 ч. 1.
- ГА РФ: ф. 102 ОО 1906 г., оп. 235, д. 40.
17.Государственный исторический архив Азербайджанской Республики (ГИА АР): ф. 43, оп. 1, д. 372.
- ГИА АР: ф. 46, оп. 4, д. 143.
- ГИА АР: ф. 185, оп. 11, д. 73.
- ГИА АР: ф. 484, оп. 3, д. 4.
- Дадаян Х. Армяне и Баку (1850-е гг.-1920 г.). Ереван, 2007.
- Дякин В. С. Национальный вопрос во внутренней политике царизма (XIX – начало XX вв.). СПб., 1998.
- Исхаков С. М. Первая русская революция и мусульмане Российской империи. М., 2007.
- Киракосян Н. Б. Создание и деятельность партии «Дашнакцутюн» (1890-1907 гг.). / История национальных политических партий России. Материалы международной конференции. М., 1997.
- Леви Г. Армянский вопрос в Османской империи: мифы и реальность. М., 2016.
- Развитие Еревана после присоединения Восточной Армении к России. Сборник документов. 1801-1917 гг. Составитель Т. Х. Акопян. Ереван, 1978.
- Российский государственный исторический архив: ф. 821, оп. 7, д. 96.
- Сборник договоров России с иностранными государствами. 1856-1917. М., 1952.
- 1894-1905. Революционное движение в России в докладах министра Муравьёва. С предисловием Л. Мартова. СПб., б/д.
- Центральный государственный исторический архив Грузии (ЦГИАГ): ф.13, оп. 27, д. 93.
- ЦГИАГ: ф. 13, оп. 29, д. 177.
Fərhad Cabbarov
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi,
tarix üzrə fəlsəfə doktoru, dosent
“ERMƏNİSTANIN İŞĞALÇI SİYASƏTİNİN İFŞASI (MƏQALƏLƏR TOPLUSU)”, BAKI – 2019, s.15-35