Xocalı soyqırımının beynəlxalq və daxili arenada qeyd edilməsini “Diaspor” Jurnalistlər Birliyinin sədr müavini, jurnalist Əli Zülfüqaroğlu və politoloq Nəzakət Məmmədova ilə müzakirə etdik.
Fuad Babayev: Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak edirdilər.
Qətiyyətlə deyə bilərik ki, bu yürüş heç zaman unudulmayacaq.
Xocalının ölkə daxilində və xaricində 27-ci ildönümü dana nələrlə yadda qaldı?
Nəzakət Məmmədova: Keçirilən anım tədbirləri təbliğat sahəsində təcrübəmizin genişləndiyini göstərir. Belə ki, əvvəl tədbirlərdə kortəbiilik, pərakəndəlik vardısa, indi bu sahə həm daxildə, həm də xaricdə daha mütəşəkkil forma alıb. Məsələn, Avropa ölkələrində azərbaycanlıların Ermənistan səfirlikləri qarşısında daha mütəşəkkil etiraz aksiyalarının şahidi olduq. Türkiyədə iqtidar və müxalifətin birgə qatıldığı anım tədbiri keçirildi. Daxildə ölkə prezidenti də daxil olmaqla vətəndaşlar Xocalı üçün yürüdülər. Şəhid hamınındır.
Fuad Babayev: Brüsseldə olan anım tədbiri Diasporla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutmuşdu, yoxsa, təşkilatçı yalnız ölkədə yaşayan azərbaycanlılar idi?
Əli Zülfüqaroğlu: Əvvəla deyim ki, daxildə keçirilən mitinq çox möhtəşəm idi. Bildiyim qədər xarici media da qatılmışdı. Bu özü çox önəmli bir nüansdır. Çünki bir çox hallarda xarici KİV yalnız Azərbaycanda keçirilən aksiyanı işıqlandırır. Brüssel mitinqi Avropada keçirilən tədbirlərin ən geniş və mütəşəkkili idi. Diasporla iş üzrə Dövlət Komitəsi ilə Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi və Avropa Parlamentinin qarşısında keçirilən aksiyada 800 nəfər insan iştirak etdi. Eləcə də ilk dəfə olaraq Nyu Yorkda Xocalı soyqırımını anmaq üçün Amerika Liderlik Alyansı (MALA) və Amerika Sefard Federasiyası (ASF), yəni yəhudilərlə müsəlmanlar bir yerə toplaşdılar. Avrova və Rusiyada keçirilən bir sıra ənənəvi kampaniyalar da var ki, bunları çox da əhəmiyyətli hesab etmirəm. Bir də Brüssel mitinqində şüarların seçilməsi baxımından bir sıra diqqət çəkici məqamlar var. Xaricdə keçirilən etiraz aksiyalarında şüarlar çox ciddi məsələdir. Əvvəlki illərdə bu sahədə çox bəsit səhvlər buraxılmışdı ki, onlar bizə çox ciddi problemlər yaradırdı. Bu il Brüsseldə keçirilən Xocalı aksiyasında şüarlar da düzgün seçilmişdi. Yəni, biz soyqırıma məruz qalmış məzlum tərəfik və ədalət istəyirik.
Belə mitinqlər təşkil edilirsə, təşkilatçılar əvvəla Qarabağ problemini dərindən bilməlidirlər, eyni zamanda təşkilatçıların analitik təfəkkürü olmalıdır, yerli cəmiyyətin psixologiyasını, nəyi, necə qəbul etdiyini, geosiyasi prosesləri bilməlidirlər. Təşkilatçılar sadalananları bilərsə, kobud səhvlər buraxılmaz. Brüssel mitinqi buna misaldır. Orda şüarlar yaxşı seçilmişdi; “Xocalıya ədalət”, “Uşaqları öldürməyin” kimi. Brüsseldə biz çox mütəşəkkil təşkil edilmiş kampaniyanın şahidi olduq. Amma ənənəvi problemlərdən xilas ola bilmədik. Əvvəla mitinq xarici media tərəfindən işıqlandırılmadı. Yalnız Hollandiyada yaşayan Vüqar Abbasov mitinq barədə özü yazıb yerli mediada çap elətdirdi. Bir də əslən türkiyəli olan bir nəfər Belçika mətbuatında çap eləmişdi.
Halbuki diaspor təşkilatların mitinqlərin təşkili, müxtəlif tədbirlərin keçirilməsi, yerli KİV lə işin qurulması kimi məsələlərlə məşğul olması üçün koordinasiya şuraları seçilib və bu sahədə onlar məsuliyyət daşıyırlar. Arzu edirəm ki, bu koordinasiya şuraları daha genişlənsin və orada intellektual insanlar təmsil olunsunlar.
Yeri gəlmişkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası təbliğat-təşviqat işlərinin səmərəliliyini çox artırıb. Bu kampaniyanın çərçivəsində Xocalı soyqırımı ilə bağlı müxtəlif təbliğat və maarifləndirmə vasitələri hazırlanıb. Məsələn, bu il kampaniya çərçivəsində İsrailin Akko şəhərində, Moskvada, Rumıniyada tədbirlər keçirildi. Sonuncu tədbirdə ölkə Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çox maraqlı çıxış edib. Əvvəla xatırladıb ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. Onu da qeyd edib ki, erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilib, erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılıb, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılıb. Ermənistan Xocalı faciəsini törətdikdən sonra Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq daha 7 rayonu işğal edib, bir milyona yaxın azərbaycanlını qaçqın və məcburi köçkünə çevirib. Əli Həsənov çıxışında deyib ki, dünyadakı erməni diasporu və lobbisi mütəmadi olaraq 1915-ci il hadisələrini gündəmə gətirərək Azərbaycan torpaqlarının işğalını, Dağlıq Qarabağ problemini və Xocalı soyqırımını, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının faciəsini unutdurmaq və diqqətdən kənarda saxlamaq istəyir.
Fuad Babayev: Biz qərb qonşularımız tərəfindən saysız soyqırım aktlarına məruz qalmışıq, amma daha çox Xocalıda baş verənləri tirajlamaqla öz faciələrimizi coğrafi nöqteyi nəzərdən lokallaşdırmırıq ki?
Nəzakət Məmmədova: Xocalı yaşadığımız faciələrin bir simvoludur. Bizi maraqlandıran isə məsələnin hüquqi məsuliyyət tərəfidir. Hüquqla məşğul olan hər kəs bilir ki, qanunun geriyə qüvvəsi yoxdur. Soyqırım 1948-ci ildən beynəlxalq cinayət kimi qeydə alınıb, o zaman 1915-ci ildə baş verən hadisələr üçün Türkiyə bu gün məsuliyyət daşımır. Əgər hüquq qanunlarına baxmayaraq 1915-ci il hadisələri soyqırım kimi qəbul edilirsə, o zaman 1918-ci il Bakıda, Qubada baş verən hadisələr də soyqırım kimi tanınmalıdır. Ermənistan Osmanlı dövlətində cinayət törətmiş ermənilərin edam edildiyi 24 aprel gününü soyqırım kimi qəbul edir. Bizdə Xocalı erməni tərəfindən illərlə qətlə yetirilmiş azərbaycanlıların simvoludur. Ermənistan beynəlxalq ictimaiyyətdən Sumqayıt hadisələrinin də soyqırım kimi tanınmasını istəyir. Halbuki, orda baş verənlər adi cinayət hadisəsi idi. Xocalıda baş verənlər isə soyqırım siyasətinin konkret təsnifatına uyğundur. Alman faşistləri Nürnberq prosesində tribunal qarşısına çıxarıldıqları kimi Xocalı qətliamında iştirak edənlər də əməllərinə görə cavab verməlidirlər. Nürnberq prosesində Leninqraddan olan qızın gündəliyi belə sübut kimi məhkəməyə təqdim edilmişdi. Xocalının isə şahidləri sağdır.
Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf rayonlarını ələ keçirilməsində mühüm rol oynamış Robert Köçəryan, Samvel Babayan kimi yalançı müharibə qəhrəmanları artıq məsuliyyətə cəlb ediliblər və streotiplər qırılıb.
Fuad Babayev: Amma məsuliyyətə cəlb olunmanın səbəbi başqadır.
Nəzakət Məmmədova: Hər hansı halda ilk addım atılıb və artıq toxunulmaz, qəhrəman immunitetləri yoxdur. Onlara göstərdilər ki, biz sizi də həbs edə, istintaqa cəlb edə bilərik. Birinci sədd çöküb. Onlar öz xalqına qarşı cinayətdə ittiham olunurlar, biz də onları bizim xalqa qarşı törətdikləri cinayətə görə məsuliyyətə cəlb edə bilərik.
Fuad Babayev: Xocalı ağrısını dünya ictimaiyyətinə daha effektli çatdırmaq üçün nədən istifadə etmək olar? Məsələn, Holokostla bağlı soyqırımın dəhşətlərini çatdıran məşhur “Şindler siyahısı” və “Pianoçu” filmləri var. Yeri gəlmişkən “Pianoçu” filmi real hadisəyə söykənir. Filmin qəhrəmanının real prototipi ömrünün sonuna kimi qonorarının yarısını onu xilas etmiş alman zabitin ailəsinə bağışlayıb.
Əli Zülfüqaroğlu: Əlbəttə, film önəmlidir. Məsələn, Türkiyə film satışına görə dünyada beşinci yerdədir. Bizim isə dünyanın qəbul edəcəyi filmi çəkməyə hələ ki potensialımız yoxdur. Bir detalı qeyd edim; Türkiyədə rejissorlardan biri Kristiano Ronaldonu futbolçu karyerasını bitirdikdən sonra Türkiyənin xüsusi təyinatlısı rolunda filmə çəkilməyə razılaşdırıb. İndi siz filmin yaradacağı effekti düşünün. Bu önəmli detaldır. Biz də belə detallardan yararlana və nəticə əldə edə bilərik. Amma buna qədər xarici media ilə işimizi düzgün qurmalıyıq. Kadrlarımız az da olsa, var. Məsələn, yaxınlarda İspaniya Azərbaycan Ticarət Palatasının sədri Fərid Mustafayev İspaniya mediasında Xocalı ilə əlaqədar bir yazı çap etdi. Bu işdə ilk növbədə istək lazımdır.
Nəzakət Məmmədova: Artıq bu sahədə addım atılıb. Amerikalı rejissor və aktyor Mel Gibson Xocalıda azərbaycanlıların soyqırımı haqqında film çəkəcək.
Gərək düşməndən də nəsə öyrənəsən. Onlar yalanı dünyaya həqiqət kimi sırımağı bacarıblar. Məsələn, erməni əsilli Kim Kardaşyan neçə milyon izləyicisi olan instaqram profilində “erməni soyqırımını” simvolizə edən gül rəsmini paylaşmışdı. Bizdə də azərbaycanlı ünlü birilərini belə paylaşımlara cəlb etmək olar. Məsələn, Anjelika filminin qəhrəmanını oynamış Robert Osseyni təbliğata cəlb etmək mümkündür. Məşhur azərbaycanlı müğənni Sami Yusif Yaxın Şərq və ərəb ölkələrində çox məşhurdur.
Ülviyyə Tahirqızı: Xocalını anma tədbirlərinin təşkilində indiyə kimi hansı səhvlərə yol verilib? Məsələn, təbliğatın daha çox Avropa ölkələrində aparılmasına önəm verilib, amma müsəlman coğrafiyasına fikir verilməyib.
Əli Zülfüqaroğlu: Bəli, İslam ölkələri ilə bağlı bu məsələdə problem var. Bu sahədə daha intensiv işlərin görülməsi gərəkdir. Eyni zamanda Afrika ölkələri ilə bağlı işləri də diqqətdə saxlamaq vacibdir. Məsələn, Cibuti cırtdan ölkə olsa da, Xocalı soyqırımını tanıyıb. Bu artıq bir səs deməkdir. Bütün ekspertlər vurğulayır ki, XXI yüzillikdə Afrika dünyanın maraq dairəsində olacaq və yəqin ki, inkişafı sürətli gedəcək. Biz Türkiyənin xətti ilə Afrikada işlər görə bilərik. Belə ki, qardaş ölkənin orada 20 milyard dollardan artıq maliyyə yatırımı var. Eyni zamanda Osmanlıdan qalma tarixi bazası var. Türkiyəni tanıyırlar, sevirlər, etibar edirlər.
Ülviyyə Tahirqızı: Bu işdə yəhudi diasporunun imkanlarından istifadə etmək olarmı?
Əli Zülfüqaroğlu: Yəqin ki… Nyu Yorkda yəhudi və müsəlmanların birgə keçirdiyi Xocalını anım tədbirində çıxış edən yəhudi deyir ki, faciədə 613 nəfər qətlə yetirilib. 613 bizim dində müqəddəs rəqəmdir. Çox maraqlı detaldır. Dövlət olaraq onlarla geniş əlaqəmiz var. Yəhudilər Azərbaycana çox böyük önəm verirlər.
Nəzakət Məmmədova: Yəhudilər dünyada yalnız Holokostu soyqırım faktı kimi qəbul edirlər. Bu baxımdan onlar “erməni soyqırımı” mövzusunu qətiyyətlə rədd edirlər.
Fuad Babayev: Biz ilk növbədə onu vurğulayaq ki, sıravi azərbaycanlı öz həqiqətini dünyaya qəbul etdirməyin düzgün yolunu bilmir. Qarabağ müharibəsində nə dərəcədə haqlı olduğumuzu faktların dili ilə deməyi bacarmır. “Qarabağ bizimdir” deməklə insanı qəbul etmirlər.
Əli Zülfüqaroğlu: Yaşadığımız faciələr çoxdur, amma geniş səpkidə bunu qəbul etdirməyə gücümüz varmı? Xocalı faciəsi dünyanın gözü qarşısında oldu, faktlar bəllidir. Eyni zamanda həmin ərəfədə transmilli medianın yaydığı xəbərlər var; “Röyter”, “Nyu York Times”, “Vaşinqton Post” kimi mətbuat nəhəngləri bunun soyqırım olduğunu qeyd etdilər.
Ümumiyyətlə, ötən müddət ərzində təkcə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 70-dən çox ölkədə müxtəlif tədbirlər təşkil edilib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, eləcə də ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı Xocalı qətliamının soyqırımı olduğunu təsdiq ediblər.
Hazırladı: Ülviyyə Tahirqızı, 1905.az