1905.az portalının suallarını sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə cavablandırdı.
– Xalqımızın zaman-zaman məruz qaldığı soyqırımların Azərbaycan incəsənətində inikasını necə dəyərləndirirsiniz?
– 20 yanvar 1990-cı il qanlı hadisələrindən keçən 27 il və Qarabağ münaqişəsindən ötən əsrin dörddə birindən artıq müddət ərzində soyqırım mövzusu nə qədər dəhşətli təsir bağışlasa da müəyyən mədəni fenomenə çevrilmiş və Azərbaycan incəsənətinin əksər sahələrində emosional bədii ifadəsini tapmışdır. Ölkəmizin müxtəlif bölgələrində Azərbaycan xalqının məruz qaldığı faciələri əks etdirən xatirə-memarlıq kompleksləri inşa edilmiş, monumental heykəllər ucaldılmış, bu mövzuda kinofilmlər çəkilmiş, tamaşalar səhnəyə qoyulmuş, musiqi və ədəbi əsərlər yazılmışdır.
Söyləmək mümkündür ki, bu gün artıq təsviri sənətdə soyqırım mövzusu kifayət qədər strukturlaşdırılmış və işlənmişdir. Əvvəla, bu mövzu təsviri sənətin bütün sahələrində – rəngkarlıqda, qrafikada, heykəltəraşlıqda kifayət qədər geniş təcəssüm olunub. İkincisi, bu sözləri janr palitrası barədə də deyə bilərik – adı çəkilən mövzu portret, batal janrlannda, epik xarakterli müxtəlif çoxfiqurlu kompozisiylarda, hətta mənzərə janrında belə öz dolğun təcəssümünü tapıb. Üçüncüsü, həmin mövzuya müraciət etmiş fırça və tişə ustalarının sayı heç də az deyil. Ən səthi hesablamalara görə bu müəlifərin sayı 50-dən artıqdır. Üstəlik, rəssamların mövzu daxilinə nüfuz etmələrinin müxtəlif dərəcələrini aydın müşahidə etmək olar. Tanınmış rəssam Nazim Məmmədov (1934-2004) kimi sənətkarlarımız var ki, onlar soyqırım mövzusuna bütöv rəsmlər seriyası həsr etmişlər. Bəzi müəlliflər mövzu ilə bağlı birdəfəlik aksiya qismində ayrı-ayrı müsabiqələrdə, tematik sərgilərdə bir-iki əsərlə iştirak edib. Nəhayət soyqırım mövzusu yaradıcılığının əsas xəttinin təbii davamı olan rəngkarları, heykəltəraşları və qrafikləri xatırlamaq lazımdır. Onların içərisində ən parlaq simalardan biri tanınmış rəssam Əşrəf Hetbətovdur. Soyqırım mövzusu onun üçün “Türk süitası” obrazlarının davamına çevrilmişdir.
Lakin ən vacibi budur ki, rəssamlarımız tərəfindən 1990-2010-cu illərdə yaradılmış əsərlər Azərbaycan təsviri sənətinin müəyyən süjet-tematik ənənəsinə daxil olmuşdur. Bu ənənənin əsasını qoyan şübhəsiz ki, Bəhruz Kəngərlidir. Hələ 1918-1920-ci illərdə o, özünün məşhur “Qaçqınlar” seriyasını yaratmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Bəhruz Kəngərlinin xatirəsinin əbədiləşdirilməsi haqqında imzaladığı sərəncamda deyilir: “Bəhruz Kəngərli dərin müşahidə qabiliyyətinə malik realist rəssam kimi öz fırçası ilə erməni zülmündən qaçmış soydaşlarımızı, erməni millətçiləri tərəfindən axıdılan qanları, bu gün Ermənistan adlandırılan əzəli Azərbaycan torpaqlarından didərgin düşmüş azərbaycanlıları təsvir etmişdir”.
– Təsviri sənətimizdə digər xalqların soyqırım mövzusu nə dərəcədə işlənib?
– Təsviri sənətimizdəki bu ənənə təkcə azərbaycanlıların soyqırımını əks etdirən əsərlərdən təşəkkül tapmayıb. Maraqlıdır ki, hələ sovetlər dönəmində rəssamlarımız digər xalqların soyqırımı mövzusuna müraciət etmiş və çox təsirli, bütün dünyada şöhrət qazanmış tablolar yaratmışlar. Bu sırada ilk növbədə 1970-ci ildə Vyetnam müharibəsi qurbanlarına həsr olunmuş “Sonqmi kəndi sakinlərinin xatirəsinə” adlı əsər yaratmış Azərbaycanın Əməkdar incəsənət xadimi Sara Manafovanın (1932-2007) adını çəkmək yerinə düşər. Bu tablo sözün həqiqi mənasında beynəlxalq hitə çevrildi və dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə nümayiş etdirildi. Ustündən bir çox illər ötdükdən sonra öz xalqının faciəsinə biganə qala bilməyən rəssam 1993-cü ildə “Xocalı faciəsi. Fəryad” ümumi adı altında iki əsər işlədi.
– Xocalı soyqırımından söz düşmüşkən, bu faciəni incəsənətimizdə soyqırım mövzusunun leytmotivi hesab etmək olarmı?
– Müasir Azərbaycan incəsənətində Xocalı faciəsi ümumiyyətlə, soyqırım mövzusunun əsasını, ana xəttini təşkil edir. Bu dəhşətli hadisə Azərbaycan xalqının tarixində və yaddaşında heç vaxt silinməyəcək qanlı iz buraxmışdır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin dinc əhalisi azğınlaşmış erməni quldurları tərəfindən kütləvi surətdə qətlə yetirildi. Bu misli görülməmiş vəhşilik nəticəsində 106-sı qadın və 23-ü uşaq olmaqla 613 nəfər öldürüldü, 487 adam əlil oldu, 1275 nəfər soydaşımız erməni əsirliyinin dəhşətlərinə məruz qaldı, onlardan 150 nəfərin taleyi bu günə qədər məlum deyil. Şəhərin özü yerlə yeksan edildi.
Xocalı mövzusunda ən təsirli, geniş təsviri-nəqledici mahiyyətə malik tablolar rəssam Nazim Məmmədov tərəfindən işlənmişdir. 1992-2004-cü illərdə Nazim Məmmədov Xocalı faciəsi mövzusunda 40-dan çox rəngkarlıq və qrafika əsərləri yaratmışdır. Müəyyən mənada bu yaradıcılıq nümunələrini Xocalı soyqırımının bədii müstəvidə sənədləşdirilmiş salnaməsi adlandırmaq mümkündür. Bu seriyaya daxil olan əsərlərin 2002-ci ildə sərgidə nümayiş etdirilməsi bir çoxları üçün gözlənilməz oldu. Çünki Nazim Məmmədovun kolleqaları, tamaşaçılar onu multiplikator-rəssam, kitab tərtibatçısı və abstrakt rəngkarlıq tablolarının müəllifi kimi tanıyırdılar. Lakin bu, əsl “Xocalı harayı” idi – sərgi belə adlanırdı və həmin susmayan haray rəssamın qəlbində, düşüncəsində səslənirdi.
N.Məmmədovun rəngkarlıq seriyası üslub, rəng və plastika vasitələrinə görə fərqlidir. Buraya məhv edilmiş şəhərin və onun sakinlərinin faciələrini böyük planda əks etdirən “Xocalının son günü”, “Xocalı od içində”, “Ata, oğul, ər! Bizi xilas edin!”, “Köməksiz Xocalı” kimi əsasən iri formatlı çoxfiqurlu kompozisiyalar daxildir. Elə tablolar da var ki, onlarda bir ailənin, yaxud hətta bir insanın faciələri öz əksini tapır. Bu əsərlərin təkcə adları – “Ailə əsirlikdə”, “Onu asıblar”, “Mən yetim qaldım”, “Qohumlarım həlak oldu, mənsə sağ qaldım”, “Xocalı Qavroşu”, “Körpənin ölümü” – onların süjetini çox dolğun ifadə edir. “26 fevral, gecə” tablosu üslubiyyatına görə abstrakt sənətə yaxındır, başqa birisi – “Bu qız üçün günəş Xocalıda batdı” – tablosu forma quruluşu baxımından kubizmi xatırladır. Bu əsərlər nə qədər faciəli, eyni zamanda dəyərli olsalar da, hər halda rəssamın “Xocalı seriyası”nın eriqrafı kimi “Xilaskarı gözləyən gözlər” kompozisiyasını seçmək olar. Vertikal formatlı bu əsərdə bir neçə ağlar qadın gözü, lap yuxarıda isə bir yerdə toplaşaraq sanki ağlayan buluda dönmüş gözlər təsvir olunub. Bütün seriya bədii sənətkarlığın və insan imkanlarının son həddində, dərin psixoloji sarsıntıların, tarıma çəkilmiş əsəblərin səbrlə, dözümlə çarpışdığı, kəllə-kəlləyə gəldiyi o mənəvi uçurumun lap qırağında yaradılıb. Sənətkar, belə hallarda deyildiyi kimi, ürək partlaması həddində işləyib, bu təsirli əsərləri çəkib.
Uzun müddət Almaniyada yaşayan, lakin öz xalqıınn faciələrinə biganə qala bilməyən soydaşımız Əşrəf Heybətovun “Xocalı” (2010) pannosunda da buna bənzər emosional gərginlik, ağrı və kədər hissləri özünü göstərir. Bu monumental pannonun kolorit həlli öz ifadəsini qan-qırmızı və göy rənglərin təzadlı kəsişməsində tapır və dünyaınn sonu – apokalipsis görüntüsü ovqatı yaradır. İstər-istəməz yada düşür ki, ivrit dilində soyqırım “şoa” adlanır (xolokost yunan sözüdür) və bu qısa, kiçik söz böyük bəşəri kədərləri əks etdirən dəhşət, faciə anlamına gəlir. Ə.Heybətovun pannosu doğrudan da ölüm həddində olan, ətrafda ölüm və qandan savayı bir şey görməyən zavallı insanların dəhşət dolu hisslərini əks etdirir.
– Vaqif Ucatayın Xocalı soyqırımı mövzusunda əsərlərini necə dəyərləndirirsiniz?
– Vaqif Ucatayın bütün dünyanı dolaşmış “Xocalı” plakatında köksünə xəncər sancılmış körpə təsvir olunub. Şübhəsiz ki, bu kompozisiya öz emosional təsir gücünə görə soyqırım mövzusunda işlənmiş ən riqqətli, yaddaqalan əsərlərdən biridir. Rəssam həmçinin dinc azərbaycanlıların erməni quldurları tərəfindən törədilən soyqırımına həsr olunmuş “Bax! Gör! Xatırla!” adlı qrafik əsərlər seriyası yaratmışdır. Bu seriya seyrçini ruhən sarsıdır, onu şok vəziyyətinə salır. İnanmaq çətin olsa da, burada heç bir rəssam təxəyyülü, mücərrəd bədii ümumiləşdirmə yoxdur – rəsmlərdəki dəhşətlər məhz olmuş hadisələri əks etdirir. 49 qrafik vərəqədən ibarət olan seriyada əks edilmiş tükürpərdici görüntüləri V.Ucatay möcüzə nəticəsində sağ qalaraq əsirlikdən qurtulmuş Xocalı sakinlərinin dilindən eşitdikləri əsasında işləyib. Seriyanı yaradarkən rəssam bədii ifadə vasitələrindən minimum səviyyədə istifadə edib. Təsvirlər əsasən ağ kağız fonunda qara qrafik cizgilərdən və qırmızı qan ləkələrindən ibarətdir. Hamilə qadının qarnına soxulan bıçaq, diri-diri şaqqalanmış körpəsinin meyiti ilə döyülən, naləsi ərşə qalxan gənc ana, itiuclu armaturlara taxılmış kəsik başlar… əks olunan səhnələrdə qırmızı qan görüntüləri əsl dəhşət ab-havası yaradır. 2009-cu ildə Vaqif Ucatayın Xocalı faciəsinə həsr olunmuş qrafik əsərlərinin sərgisi keçirilərkən seyrçilər sözün həqiqi mənasında böyük ruhi sarsıntılar yaşadı.
AMEA-nın müxbir üzvü, ixtisasca geofizik olan Kərim Kərimovun da soyqırım mövzusuna müraciət etməsi diqqətəlayiq hadisədir.
– Qarabağ müharibəsi, erməni separatizmi və terrorizmi, günahsız azərbaycanlıların soyqırımı mövzuları Kərim Kərimovun (təvəllüdü 1933) yaradıcılığında üzvi surətdə birləşdirilmişdir. Azərbaycan MEA-nın müxbir üzvü, geoloq alim K.Kərimov hələ uşaqlıq illərindən rəsm çəkməklə məşğul olmuş və uzun müddət bunu özünə hobbi hesab etmişdir. Lakin Qarabağ savaşı başlayandan sonra, alimin özünün dediyi kimi, daxilində “sanki ikinci nəfəs açıldı və o,ətrafda cərəyan edən hadisələrə məhz sənətin gözü ilə baxmağa başladı”. Və bununla da K.Kərimov həyatını büsbütün siyasi məzmunlu plakat və karikaturaların çəkilməsinə həsr etdi. Onun rəsmlərinə tamaşa etdikcə ixtiyarsız olaraq İsveçrə psixoanalitiki Karl Qustav Yunqun sözləri yada düşür: “Kim arxetiplərlə danışırsa o, hamını onu dinləməyə vadar edir”. K.Kərimovun plakat və karikaturalarında yer kürəsi, qana bulaşmış bıçaq tutan caynağabənzər əl, kəllələr, buynuzlu şeytanın eybəcər fiquru əks olunur. Və bunun qarşılığında rəssam Azərbaycanın üçrəngli bayrağını, sülh göyərçinini təsvir edir.
– Ərtegin müəllim, Xocalı faciəsi yalnız azərbaycanlı sənətkarlarının yaradıcılığında yer alıb?
– Xocalı faciəsi təkcə azərbaycanlı rəssamların deyil, bir insan kimi bu dəhşəti kənardan biganəliklə seyr edə bilməyən xarici rəssamların yaradıcılığında da yer alıb. Fransız rəssamı Reno Baltzinger bu mövzuya ağ fonda qırmızı və qara rənglərlə işlənmiş bir neçə əsər həsr etmişdir. Rəsmlərdəki qırmızı və qara rənglər kətan üzərində axaraq ölüm və qan assosiasiyası yaradır.
– Heykəltəraşlarımızın bu sahədə fəaliyyətini necə dəyrələndirirsiniz?
– İncəsənətdə Xocalı faciəsi təkcə rənglər yox, həm də daş, plastik obrazlar vasitəsilə öz bədii təcəssümünü tapır. Bakıda, metronun “Xətai” stansiyası yaxınlığındakı o qədər də böyük olmayan sahədə Teymur və Mahmud Rüstəmov qardaşları tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılıb (2008). Heykəltəraşlar soyqırım ideyasını son dərəcə lakonik və sadə vasitələrlə ifadə etməyə müvəffəq olmuşlar. Qara mərmərlə üzlənmiş hündür, düzgün proporsiyalı postament üzərində üz-gözündə, duruşunda dərin kədər və hüzn əks olunan, irəliyə doğru uzatdığı əlləri üstündə öldürülmüş körpəsini saxlayan gənc ana fiquru ucalır. Postamentin aşağı hissəsində müəlliflər soyqırım qurbanlarının xatirəsinə tuncdan tökülmüş əbədi qəbirüstü əklil yerləşdirmişlər. Hal-hazırda Heydər Əliyev Fondunun layihəsinə əsasən Xocalı qurbanları abidəsi yaxınlığında yerləşəcək Xocalı soyqırımı Memorial kompleksinin yaradılması üzrə iş aparılır. Layihənin əsasında simvolik konsepsiya dayanır. “Bu konsepsiyaya müvafiq olaraq kompleksin həyətində fevralın axırında çiçək açan ağaclar əkiləcək. Bu, 1992-ci ilin fevralında Xocalıda amansızlıqla qətlə yetirilmiş günahsız insanların yarımçıq kəsilmiş ömürlərini simvolizə edir. Kompleksi dörd bir yandan çevrələyən düzbucaqlı monolit sanki Xocalı sakinlərini soyqırımdan müdafiə etməyə çalışan simvolik əllər formasında həll edilmişdir. 25 əsərdən ibarət olan, müxtəlif materiallardan düzəldilmiş heykəltəraşlıq seriyasının müəllifi Azərbaycamn xalq rəssamı Xanlar Əhmədovdur. Bu möhtəşəm heykəltəraşlıq əsərləri içərisində “Son ümid”, “Xocalı şəhidi”, “Xocalı faciəsi” öz plastik həlli ilə xüsusilə seçilir. Xocalı mövzusu Azərbaycanın xalq rəssamı, istedadlı heykəltəraş Natiq Əliyevin də yaradıcılığında öz dolğun təcəssümünü tapmışdır. O, Mexikoda (2012), Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda (2012) və Ankara şəhərində (2014) Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış monumental abidələrin müəllifidir. Bu heykəllər maraqlı kompozisiya həlli, plastik formaların mütənasib quruluşu, dramatik məzmunu ilə seçilir.
– İncəsənətimizdə soyqırım probleminin əks etdirilməsinin daha hansı istiqamətlərini vurğulamaq mümkündür?
– İncəsənətdə soyqırım probleminin təcəssüm etdirilməsinin başqa bir istiqamətini Bakıda baş vermiş qanlı 20 yanvar hadisələri təşkil edir. 1990-cı ilin 20 yanvar gecəsində Sovet ordusunun şəhərə yeridilməsi nəticəsində 600-dən artıq insan öldürüldü. Həmin dəhşətli hadisələrdən sonra şəhərin dağlıq hissəsində qara yanvar qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanı yarandı. 1998-ci ildə burada həlak olmuş insanların xatirəsinə abidə inşa edildi. Orta əsrlər dövrü Azərbaycan memarlığı ənənələrini əks etdirən səkkizgüşəli mavzoleyin daxilində əbədi məşəl yerləşir. 2010-cu ilin 20 yanvarında H.B.Zərdabi və M.Həsənov küçələrinin kəsişməsində, metronun “20 yanvar” stansiyası yaxınlığında qara yanvar qurbanlarının xatirəsinə ucaldılmış heykəlin təntənəli açılışı oldu. Abidənin müəllifləri C.Dadaşov və A.Əliyev dinc Bakı sakinlərini təcəssüm edən fiqurların sıxlaşaraq monolit qaya parçasına çevrilməsini, hərbi texnikanın qarşısnıı kəsməyə çalışmasını təsirli, ekspressiv formada əks etdirərək gərgin, dinamik kompozisiya yaratmağa nail olmuşdur. 20 yanvar hadisələri rəngkarlar Kamil Nəcəfzadə, Altay Sadıqzadə, qrafik Arif Hüseynov, heykəltaraşlar Fəxrəddin Əliyev və İbrahim Həsənov. Həmçinin bir çox başqalarının yaradıcılığında öz bədii təfsirini tapıb. Bu sırada Azərbaycanın Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun (1916-1998) “Bakıda 20 yanvar faciəsi”adlı əsərini xüsusi qeyd etmək lazımdır.
Nəhayət, müasir Azərbaycan incəsənətində soyqırım mövzusunun üçüncü əsas istiqaməti erməni daşnaklarının 1918-1920-ci illərdə Azərbaycanın bütün bölgələrində törətdiyi kütləvi qətlləri, baş vermiş qanlı hadisələri ehtiva edir. Cəmi bir neçə il bundan əvvəl, 2007-ci ildə Quba şəhərində həmin qanlı hadisələrdən xəbər verən kütləvi məzarlıq aşkar edilmişdir. 500 kv.m.-dən artıq ərazidə 400-dən artıq insanın sümükləri üzə çıxarılmışdır. 2013-cü ilin sentyabrında burada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə soyqırım Memorial kompleksinin açılışı oldu. Tamamilə brutto-betondan inşa edilmiş memorial kompleks iki piramida şəkilli tikilidən və mərkəzində qara xatirə daşı qoyulmuş əsas ekspozisiya zalından ibarətdir. Piramida formalı, uzun ölçülü konstruksiyalar sanki itiuclu xəncərləri simvolizə edir. Soyqırım qurbanlarının xatirəsinə matəm ab-havası yaratmaq məqsədilə müəlliflər heç bir bəzək elementindən istifadə etməyiblər.
– Sözsüz ki, incəsənətdə soyqırım mövzusu bu gun də öz aktuallığını saxlamaqdadır.
– XX əsr incəsənəti və onun sələfi olan müasir bədii sənət öz mürəkkəb dünyagörüşü, emosional əhvali-ruhiyyəsi, bədii üslubun müxtəlifliyi ilə klassik sənətdən xeyli fərqli təsir bağışlayır. Müasir incəsənət özündə sosial mahiyyət, individualizm, coşqun hisslər, avanqard dünyagörüşünə meyllilik, dərin və ziddiyyətli psixologizm ehtiva edir. Bu mürəkkəb, çoxcəhətli sənət mühiti insanların daxili dünyasının, ümidlərinin, qarşılıqlı münasibətlərinin, sevinc və kədərinin ifadəçisidir.
İncəsənətdə soyqırım mövzusu bəşəriyyətin məruz qaldığı müdhiş reallıqların dramatik, ekspressiv təsir bağışlayan bədii təcəssümüdür. Bu mövzu ötən illər ərzində incəsənətdə əhəmiyyətini itirməyib, əksinə, bir qədər də aktuallıq kəsb edib. Tarixini itirən, gələcəyini də itirər deyiblər. Qan yaddaşımızın, insan faciələrinin təkrarlanmaması hər bir vicdanlı insanın arzusudur. Elə buna görə də keçmişi unutmamalı, ona sənət prizmasından baxaraq bu dəhşətlərin bir daha yaşanmaması üçün əlimizdən gələni əsirgəməməliyik.
Biz soyqırım haqqında danışdıqda, hamımızın səyi yalnız bir məqsəd daşıyır: Bu, bir daha təkrar olmamalıdır. Bir daha yəhudi xolokostu baş verməməlidir, bir daha atom bombası Xirosima üzərinə düşməməlidir, bir daha ispan Gernikası, Vyetnam Sonqmisi, Belorus Xatını, Ukrayna, Qazaxıstan aclığı təkrarlanmamalıdır, bir daha Azərbaycanda Xocalı faciəsi təkrarlanmamalıdır.
Təmkin Məmmədli, 1905.az
Müsahibə ilk dəfə 12 yanvar 2017-ci ildə dərc edilib