AZƏRTAC-ın əməkdaşı, fotojurnalist İlqar Cəfərovla danışdıq.
– İlqar müəllim, Siz Xocalı soyqırımı ilə bağlı dünyada ən geniş yayılmış fotoşəkillərin müəllifisiniz. Xocalı soyqırımı baş verən gün harada idiniz?
– Mən AZƏRTAC-da işləyirəm. 1992-ci il fevral ayının 24-də ilk ezamiyyətlərimdən birinə Füzuli, Laçın, Şuşa rayonlarına yollanmışdım. O vaxt həmin rayonlar atəş altında idi, döyüşlər gedirdi. Bir gün Füzulidə olduqdan sonra, getdim Şuşaya. O vaxtadək Qarabağ bölgəsində olmamışdım və birinci dəfə idi ki, bu bölgəyə gedirdim. Hələ Şuşada olarkən əsgərlərdən eşitdim ki, Xocalı aramsız atəşə tutulur, vəziyyət ağırdır. Elə Şuşanın özü də atəş altında idi. Fevralın 25-də Şuşada idim. Mərmilər şəhərdə böyük dağıntılar törətmişdi, vəziyyət gərgin idi. Həmin dağıntıları lentə aldım. Səhərisi gün yenə dağıntıların şəklini çəkdim. Sonra 2-3 günlüyə atəş kəsildi. O vaxt İrandan nümayəndə heyəti gəlmişdi. Ancaq atəş kəsilməklə yanaşı, Xocalıda dəhşətli hadisələr baş verirdi. Hiss olunurdu ki, ermənilər atəşkəsə daha məkrli bir planın hazırlanması üçün razılıq vermişdilər. Həmin vaxt xarici agentliklər də orada çəkiliş aparırdılar. Fevralın 26-da qayıtdım Laçına, gecə bir az çəkiliş etdim və fevralın 27-də Bakıya yola düşdüm.
– Yəni Xocalı qətliamı haqqında məlumatı artıq Bakıda eşitdiniz.
– Xocalı faciəsi haqqında həqiqəti əks etdirən məlumat yalnız 2-3 gün sonra, fevralın 27-si axşam televiziya ilə bildirildi. Televiziya ilə axşam “Günün xəbərləri” verilişindən öyrəndim ki, Xocalıda belə bir dəhşətli qırğın törədilib, insanlar həlak olub. Və mən özüm qərara gəldim ki, Ağdama yollanıb, çəkilişlər aparım. Ertəsi gün AZƏRTAC-a gəldim, səhv etmirəmsə, bazar günü idi. Bildirdim ki, axşam Ağdama gedəcəyəm. Fevralın 28-də gecə Ağdam qatarına minib yola düşdüm.
– Ağdamda vəziyyət necə idi, artıq Xocalıda öldürülənlərin cəsədləri gətirilmişdi?
– Ağdama martın 1-də çatdım. Həmin gün səhər tezdən Ağdam rayon İcra Hakimiyyətinə getdim. Orada dedilər ki, bir gün əvvəl Çingiz Mustafayev gəlib, hadisələrin baş verdiyi ərazilərdə çəkiliş aparıb. Ona görə də qərara gəldim ki, çıxım bir özüm baxım, görüm şəhərdə nə var, nə yox. Ağdam da erməni artilleriyasının hücumuna məruz qalmış, univermağın bir hissəsi mərmidən dağılmışdı. Bir az sonra dedilər ki, bir evə də mərmi düşüb. Səhər-səhər olmuşdu bu hadisə. Sonra məscidin yanına gəldim. Burada insanlar gözləyir, ağı deyirdilər, öz qohumlarından xəbərsiz və çox qəzəbli idilər.
– Həlak olanların fotoşəkillərini məsciddə çəkmisiniz?
– Bəli, məscidin qabağında güllə yarası alan və həlak olmuş insanlar vardı. Qohum-qardaşları gəlirdilər, kömək edirdilər. Sonra arxadakı otağa keçdim. Ağdam məscidinin arxasındakı otaqda uşaq meyitlərini stolun üstünə qoymuşdular. İnanın, mən o vaxtadək meyit görməmişdim və təsəvvür edin, uşaq meyitləri gözümün qabağında durmuşdu, əlim qalxmırdı şəkil çəkəm. Birdən-birə öz-özümə dedim ki, çəkməliyəm, bu hadisələri yaymaq lazımdır, çünki belə bir ağlasığmaz vəhşilik törədilib. Meyitləri gətirib otağa düzürdülər. Uşaq meyitlərinin yanında əlacsız vəziyyətdə oturmuş kişi gözümün önündən getmir. Sanki baş vermiş hadisələrə görə özünü günahlandırır, xəcalət çəkirdi.
– Meyitlər hələ də gətirilirdi?
– Ümumiyyətlə bu proses çox dəhşətli bir konveyerə bənzəyirdi. Bir yandan ölüləri yuyur, tabuta qoyub basdırır, qohum-qardaşları ağlaşırdı, digər tərəfdən isə yeni-yeni meyitlər gətirirdilər. Xocalıdan olan insanlar öz yaxınlarını axtarır, ağlaşırdılar. Həmin gün Ağdam məscidində baş verənlər doğrudan da dəhşətli idi. Məscidin yaxınlığında bütün üzvləri öldürülmüş bir ailəni gördüm. Ailə başçısını ağzından güllə ilə vurmuşdular, qadının üzündə cırmaq izləri vardı. Yəqin ki, müqavimət göstərmişdilər, uşağı da, özlərini də öldürmüşdülər. Onların şəklini çəkəndə, həmin ailənin bir qohumu girdi içəri, qadının qardaşı idi. Dedi ki, yeznəsi o qədər güclü insan idi ki, ermənilər yalın əllə onun üstünə gedə bilməzdilər.
– Bəs bilavasitə hadisə yerinə getmək imkanı var idimi?
– Ağdam rayon İcra Hakimiyyətinin yaxınlığında çoxlu yerli və xarici jurnalistlər, teleoperatorlar yığışmışdı. Hamı tələb edirdi ki, onları hadisə olan yerə aparsınlar. Hökumət adamları ilə danışıqlar gedirdi, amma konkret bir şey yox idi. Deyirdilər ki, həmin yerə getmək təhlükəlidir. Ona görə də mən bu işləri imkanım daxilində edirdim. Dəmiryol vağzalında bir vaqon ayırılmışdı, orada yaralılar, müayinə və əməliyyat olunurdu. Vaqon səyyar hospitalı xatırladırdı. Yaralanmış, şaxta vurmuş, döyülmüş insanları maşın-maşın oraya gətirirdilər. Həmin adamların mütləq əksəriyyəti özü yeriyə bilmirdi. Hamısının üzündə ağrıların yaratdığı bir iztirab var idi. Əməliyyat üçün öz növbələrini gözləyirdilər. Onları xərəklə gətirir, vağzalla üzbəüz bir binanın döşəməsinə qoyurdular. Qohumları çox üzgün idi.
Vəziyyəti ağır olanları isə başqa vaqonla Bakıya yola salırdılar. Həmin vaqonda bir ailəni çəkmişdim. Az müddət içərisində iki dəfə qaçqınlıq həyatı yaşamışdılar. Birinci dəfə Ermənistandan, ikinci dəfə isə Xocalıdan qaçmağa məcbur olublar. Ailə başçısını ermənilər Xocalıda öldürmüşdülər. Qadın üç uşağı ilə yalqız qalmışdı və çaşqın vəziyyətdə idi. Mən həmin gün gecə qatarı ilə Bakıya qayıdası oldum. Bakı qatarına ağır yaralılarla dolu iki vaqon da qoşmuşdular. Paytaxt vağzalında yaralıları onlarla təcili tibbi yardım maşını qarşılayırdı.
– İlqar müəllim, dəfələrlə xaricdə sərgiləriniz olub. Hətta mənim yadıma gəlir ki, bir neçə il əvvəl Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə Belçika parlamentində “Qarabağ harayı fotolarda” adlı sərginiz olmuşdu. Sərgilərdə, xarici həmkarlarınızla görüşlərdə Xocalı soyqırımı ilə bağlı danışırsınızmı?
– Əlbəttə. Onlara danışıram ki, mənim çəkdiklərim Xocalı faciəsi zamanı həlak olanların və yaralananların cüzi bir hissəsidir. Çünki faciə zamanı yüzlərlə insan həlak olub, yaralanıb və əsir düşüb. Aralarında uşaqlar, qadınlar və qocalar da olan bu insanların yeganə suçu azərbaycanlı olmaları idi.
Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 19 yanvar 2017-ci ildə dərc edilib