1905.az portalının suallarını filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva cavablandırdı.
– İradə xanım, çox zaman belə bir yanaşma ilə rastlaşırıq ki, müharibə, soyqırım kimi faciələr haqqında əsl sənət nümunələri yaratmaq üçün müəyyən müddət keçməlidir. Xocalı soyqırımından keçən 25 ili bu mövzunun Azərbaycan ədəbiyyatındakı dərki üçün kifayət hesab etmək olarmı?
– Belə bir fikir var, amma mən bunu zəruri hesab etmirəm. Xocalı hadisəsi dünya müharibəsi, böyük siyasi və hərbi güclərin illərlə davam edən münaqişəsi kimi səciyyələnməməlidir. Bu bir gecənin bir neçə saatlıq qətliamı, vəhşiliyi idi. Doğrudur, bu “gecə”nin mahiyyətinə varanda arxadakı həmin böyük siyasi, hərbi qüvvələrin obrazını görürük. Lakin Sizin dediyiniz kimi, bu hadisənin ictimai, siyasi, bədii səciyyəsini vermək üçün heç də 25, 30 illik zaman lazım olmur. Gözlərimiz qarşısında baş verən bir faciənin isə şərhini vermək, obrazlı dillə desək şəklini çəkmək, onu sənətə, ədəbiyyata gətirmək o qədər də çətin deyil. Və məsələ ondadır ki, bu ağrılı mövzu bizim həm tarix, həm də ədəbiyyat kitablarımızda, rəsm və musiqi əsərlərində kifayət qədər əks olunub. Filmlər, dram əsərləri, publisistik yazılar… Sadəcə, ədəbiyyatımızda təkcə Xocalı faciəsinin deyil, ümumiyyətlə, Qarabağ müharibəsinin bədii inikası qənaətbəxşdirmi?- məsələsi var… 90-cı illərdə torpaqlar əldən gethagetdə avtobus-avtobus şair-müğənni, aktyor göndərirdilər cəbhə xəttinə. Təsəvvür edirsiniz?! Siyasətçi, hərbçi, hərbi sursat, həkim, ərzaq, ideoloq yox, daha çox çalıb-oxuyan. Bu “ruhlandırma” metodu isə nə ədəbiyyat, sənət yarada bildi, nə də qələbəyə dəstək ola bildi… Əksinə, bu cür yanaşma bizim Qarabağ siyasətimizə çox ziyan vurub. Ədəbiyyatın hamının əvəzinə danışmaq səlahiyyəti zərərli ideologiyadır. O yerdə ki tarixçilər, arxeoloqlar danışmalıdır ədəbiyyat çıxır meydana, o yerdə ki, hərb sənəti, texnika danışmalıdır, ədəbiyyata uzadırlar “mikrofonu”. Jurnalistin, politoloqun yerinə də ədəbiyyat dillənir. Müharibə mövzusunda ədəbiyyat özü nə etməlidir, bu hələ də qeyri-müəyyən şəkildə qalmaqdadır…
Məqalələrimin birində də bu barədə geniş yazmışam. Və həmin fikirləri təkrarlamaq məcburiyyətindəyəm. Mən qarabağlıyam… Qarabağ haqqında Qarabağ alınan gündən bircə şeir, bircə hekayə və bircə romanı da ürəklə, könüllü, özxoşuma oxumamışam. Qarabağ haqqında inşa yazdıran müəllimlərin yazı taxtasına yazdığı “İnşanın planı” qeydindəki maddələr də mənə mücərrəddən mücərrəd, saxtadan saxta görünür. Elə Qarabağ haqqındakı bir çox mahnıların mətni kimi… Vaxtilə “Qarabağdan yazmayaq!” adlı məqaləmi ona görə yazmışdım ki, Qarabağ faciəsini bədiiləşdirmək istəyən yazarların bir çoxunun yazdıqlarında o sarsıntını varlığında daşıyan oxucu kimi mən özümü, o zaman ətrafımda baş verən hadisələrin əslinə bənzər şəklini, xatırladıqca məni riqqətə gətirə biləcək qanlı-qadalı mənzərələri, bir sözlə, Qarabağ itkisinin bədii mətnini, ssenarisini, süjetini görə bilmirdim. Həmin əsərlərdə qışqırıq, meydanlardakı şüarlara bənzər pafoslu çağırışlar, nağıl qəhrəmanlarını xatırladan mübaliğəli obrazlar, ən pisi isə, ortalıqdan çıxmayan təlaşlı, inqilabçı, partizan kimi görünmək uğrunda tər tökən müəllif xarakterinin kölgəsi… Təsvir olunan hər hadisədə, danışdırılan hər qəhrəmanın çıxışında erməniyə, rusa barmaq silkələyən müəllif saxtakarlığını görə-görə əsəri axıradək mütaliə etmək ağırdır… Lakin təəssüf ki, həmin müəlliflər sonadək müəllif, yazar “saxtakarlığı” ittihamı ilə vətəndaş, azərbaycanlı vətənpərvər “saxtakarlığı” ittihamını ayıra bilmədi. Elə bildilər ki, onların vətəndaş yanğısına şübhə ilə yanaşıram… Fəqət, aydındır ki, yaxşı insan və vicdanlı vətənpərvər olmaq hələ mükəmməl yazar olmaq anlamını ifadə etmir… Ona görə də “Necə yəni, Qarabağdan yazmayaq?!” – nida və sualı ilə əks reaksiya nümayiş etdirdilər… Halbuki, Qarabağ mövzulu əsərlərdən gözləntimizdə sadə bir tələb vardı: ən azından həmin illərin qarabağlısının yaşadığı maddi, sosial-siyasi və mənəvi-psixoloji sarsıntının doğma, tanış mənzərəsini yaratmağı bacarsın. O qədər doğma ki, məsələn, heç olmasa elə Xocalı faciəsinin şahidləri, müşahidəçiləri olan didərginlər əsəri oxuyanda elə bilsin ki, yarasına duz basırlar, qulağında qrad atəşinin şaqqıltılarını hiss etsin. Əlində qaçqın bağlaması səksəkə içində səhərə qədər gözlərini pəncərəyə, qulağını qapı taqqıltısına kökləyən həmin illərin şahid qarabağlısı romantika, pafos və macəra donlu əhvalatları öz yaşantıları hesab etmir. Bu aldadılmış, alçaldılmış, “qaçqın”, “didərgin”, “köçkün” və s. bu kimi statuslarla, yardım torbaları və “qanpulu” assosasiyalı “qaçqınpulu” təsəllisi ilə susdurulmuş insanların tapdanmış haqqı həm də yazarların boynunda qaldı. Bu mövzunun sənətkarlıqla davamı Sabir Əhmədlidən sonra bir az da söndü… Cavan müəlliflər üçün bu mövzu yaddır, demək olar ki… Görürsünüz, biz zamanı uzatdıqca şahidlər və o ağrını ruhunda, canında hiss edənlər qocalır, dünyasını dəyişir… Gənclərdə isə bu faciə sanki sadəcə tarix faktı və inşa mövzusu kimi əks-səda verir…
– Xocalı soyqırımının müasir ədəbiyyatımızda hadisələrin təsvirindən fərqli üslublarda (mistik, sürrealist) inkasına rast gəlmisinizmi?
– Bizim hamımız üçün, mən elə bilirəm ki, bu mövzu ilə bağlı ən dəyərli əsər (həm bədii, həm tarixi, siyasi, hərbi və s.) ilk növbədə Çingiz Mustafayevin kadrları idi… Çünki, orda insan, vətəndaş, azərbaycanlı həyəcanı, yanğısı vardı. Ədəbiyyatda, sənətdə də bu yanğı olmalıdır. Təbliğat xarakterli mətnlərin hamısı hələ ədəbiyyat ola bilmir. Olsa-olsa publisistika materialı ola bilir. Rasizm, poetik hikkə, hay-harayla əsil sənət əsəri yaratmaq olmaz. Bu faciənin özü nə qədər ürəkdağlayan olsa da, ədəbiyyatın, obrazlı təfəkkürün təhlilində soyuqqanlılıqla ifadəsini tapmalıdır. Azərbaycan, türk, erməni və hətta bəzən rus ədəbiyyatı nümunələrində “erməni məsələsi” adında bir mövzunun müxtəlif cür bədii inikasının şahidi olmuşuq. Yaxın zamanlarda bu mövzuya həsr edilmiş beynəlxalq konfrans materiallarını və eyni adda irihəcmli bir məqaləni də oxudum. Təbii ki, müəlliflərin hamısı alim, ədəbiyyatşünas və ziyalılardır… Ana tezis isə bu idi: Ermənilər bizə bir əsrdən çoxdur nifrətlərini həm də bədii şəkildə ifadə edə bilir, amma biz gecikirik!.. Belə çıxdı ki, bizim ədəbiyyatda kifayət qədər nifrət sindiromu yoxdur, bunu gücləndirmək və ədəbiyyatımızın yaddaşında möhkəmləndirmək lazımdır… Qəribədir… Niyə bizim ədəbiyyatımız sadəcə bir, “nifrət konfransı” və ya ittiham, lənət romanları tələbi ilə çıxış edir sadəcə? Daha doğrusu, erməni yanaşmasına adekvat cavablar axtarır? Məhz erməni tərzində məsələyə yanaşma bizi və ədəbiyyatımızı, əlbəttə, kiçildir… Biz bu nifrətlə ədəbiyyat yarada bilmərik, təbii… Bu bizim xislətimizə yad bir istəkdir… Yanaşmamızdakı yalnışlığı düzəltməliyik ilk növbədə… Təsəvvür edin, Əlif Şəfəqi ermənipərəstlikdə suçlayan adamlar onun əsərlərinin alt qatındakı mənanı açmadan, təhlil etmədən hətta onu məhkəməyə verib Türkiyədə. Halbuki, məsələn onun “Ata və bic” romanında (bununla bağlı “Ədəbiyyat qəzeti”ndə silsilə məqalələrim də çap olunmaqdadır hal-hazırda) “erməni xəstəliyi” deyilən bir sindiromun fəlsəfəsi açılır. Özü də elə tarixi-siyasi və bədii-estetik detallarla ki, fərqində olanlar bu xanımın siyasətçilərdən də çox iş gördüyünü anlayar… Həmin romanda sizin dediyiniz sürrealist və mistik elementlər kifayət qədərdir… Əlif Şəfəqin “erməni məsələsi”nə bu cür tarixi-ictimai mövqedən məntiqli və faktlı yanaşmasındakı HƏQİQƏTİ bizi düşündürür. “Ata və bic” romanında obrazlardan biri- ssenarist 1915-ci il hadisələrinin kinini varlığında daşıyan gənc erməni qızı Armanuşa deyir: “Toplu isterika deyə bir şey varsa, toplu hafızə deyə bir şey də vardır. Ermənilərin isterik olduğunu -filan demirəm, yanlış anlamayın. Ancaq topluluqların, tək –tək üzvlərinin inanclarını, algılarını, hətta fiziki təzyiqlərini yönləndirməyə qabil olduqları məlum həqiqətləri deyirəm. Bir hekayəni təkrar-təkrar dinləyərsən, daha sonra o hekayəni başına gələnlər kimi yaşamağa başlayarsan. Və o zaman o hekayə başqasının olmaqdan çıxar, sənin hekayənə çevrilər. Hətta hekayə olmaqdan belə çıxar, həqiqət olar-sənin həqiqətin… Öz həyati həqiqətintək canını dişinə tututb mücadilə edərsən. Bu səbəbdəndir ki, bir sürü hələ 20 yaşı olmamış erməni-amerikan dədələrinin, nənələrinin danışdığı hekayələri bu qədər içdən yaşayırlar. Zamanda donub qalmış bir məlumata əsir olub qalıblar”.
Bizim ədəbiyyatda, məsələn, Aqil Abbasın “Dolu” romanında, E.Hüseynbəylinin hekayələrində və roman mətnlərində yanğı var, amma biz müharibəmizin dünya ədəbiyyatı faktı olması arzusundayıq axı həm də… Deməli, tək yanğı da kifayət etmir. Mistika bir az bu mövzuya hələ ki yaddır. Niyə? Çünki biz bu gün bu ağrını real tarixi olay kimi varlığımızda hiss edirik. Və daha çox uduzduğumuz müharibənin həqiqətini siyasi, beynəlxalq arenada həqiqət donunda təqdim etmək cəhdindəyik. Bu da anlaşılandır. Lakin mən elə düşünürəm ki, həqiqi, ciddi bir bədii mətn yaradılarsa bu mövzuda, orda mistikaya doğrudan da ehtiyac olacaq… Folklor nümunələrimizdə də bu faciə öz səmimi ifadəsini tapmaqdadır. Məsələ ondadır ki, Xocalı şahidləri olan və indi artıq yaşlı nəslin adamı kimi gördüyümüz adamların qoşduğu bayatılar daha çox ədəbiyyat faktı olur…
Xocalı –elim mənim,
Çiçəyim –gülüm mənim.
Xocalı dedim –yandı
Ağzımda dilim mənim!
Xocalı –elim mənim,
Gözümdə selim mənim.
Qırılıb -haray çəkir
Kamanda telim mənim!
Xocalı –elim mənim,
Qanadım, qolum mənim.
Qığılcım var içimdə
Yanacaq külüm mənim!.. (Dünyamin)
– Konkret nümunələrin timsalında Xocalı soyqırımına həsr edilmiş hansı əsərlərin üzərində dayanmaq istərdiniz?
– Nurəngiz Günün “Xocalı simfoniyası”, Ənvər Əhmədin “Qarabağ”, “Xarı bülbül”, “İttiham”, “Bu yara köz bağlamaz” poemaları var. Qəşəm Nəcəfzadənin, Mahirə Abdullanın və başqa yazarlarımızın da bu mövzuya müraciətini dəyərləndiririk. Lakin yenə deyirəm, faciənin vəsfi və yanğıdan doğan poetik emosionallıqla yanaşı, fundamental, dünya ədəbiyyatı faktına çevrilə biləcək mətnlər yoxdur…
– Yaşlı və gənc nəslin yaradıcılığında soyqırım mövzusuna yanaşmada nəzərəçarpacaq fərqlər mövcuddurmu?
-Ağdamda fevral ayının 26-sı günü İcra hakimiyyətinin (o zaman “raykomun binası” deyirdilər) qarşısından keçib sübh tezdən dərsə gedirdim. Hava çox soyuq idi və mənim qabağımca bir dəstə ayağıyalın, başıaçıq qoca, cavan ağlaya-ağlaya, ağı deyə-deyə İcra hakimiyyətinə tərəf irəliləyirdi. Bu mənzərə tanış idi. Çünki hər gün alınan, dağıdılan kəndlərdən Ağdama axın-axın, bu şəkildə, hər şeyini qoyub canını götürüb qaçan insanlar gəlirdi. Hətta Malıbəyli kəndi alınanda yenə İcra hakimiyyətinin qabağına tökülüşmüş insanlardan biri –orta yaşlı bir qadının dayanmadan nalə çəkib dırnaqları ilə daşı, torpağı diddiyi günləri də unutmamışam. O zaman bu əlacsız insanlar üçün hökumət “İcra” və əlac yeri isə onun qarşısındakı meydança idi. Hamını dilə tutub dağıda bilmişdilər, amma həmin qadının 3 qızı erməni saqqallılarına əsir düşmüşdü. O, qızlarını hökumətdən, “İcradan” tələb edirdi. Gecə də, gündüz də orada ac-susuz nalə çəkib dərdinə əlac istəyirdi… Sonra eşitdim ki, həmin qadının başına hava gəlib və gülə-gülə mahnı oxuyurmuş, onu dəlixanaya (O vaxt Ağdamdakı ruhi xəstəxanaya baş həkimin adıyla “Rəfayılın balnisiyası” deyirdilər) aparıblar. Nə isə, Xocalıdan qaça bilən yaşlı qadınlardan biri ağlayıb qışqırır və qəzəblə bu sözləri təkrarlayırdı: “Biz də bütün gecəni burdan kömək gözləmişik, bunlar yatıb ki!”… Bir az da qabağa gedəndə həmişə rastlaşdığım mənzərənin tam əksini gördüm. Bütün texnikanı (tanklar və s. həmişə orda guya hazır dayanırdı) deyilənlərə görə geriyə (Ağcabədiyə) çəkib aparmışdılar. Məqsədli şəkildə Xocalı harayına hay verilməmişdi… Hər ailədən, nəsildən tək-tük sağ qalan və mənim qabağımca ağı deyə-deyə fəryad qoparan bu insanlar inandıqları, arxalandıqları arxa qüvvənin, arxa cəbhənin özündən belə zərbə almışdılar… Xaos o qədər labrintləşmişdi ki, dostla düşmən, qəhrəmanla fərari, satqınla vətənpərvəri seçib ayırmaq mümkünsüzləşmişdi. Döyüş başlanan gün komandir yoxa çıxırdı, deyirdilər ya başqa cəbhəyə, kəndə göndəriblər vuruşmaq üçün, ya da Bakıya çağırıblar vəzifə verəcəklər orda, və s. Sonradan həmin mənzərənin obrazını Kəramət Böyükçölün “Səkkizinci gün” romanında oxudum. Düzü təəccübləndim həm də… mühasirə vəziyyəti yaşayan, köməksiz, pərakəndə xəbərlərin təsiri ilə çaş-baş qalan bir kəndin sakinləri də eyni halı yaşayıbmış sən demə… “ – Şuşadan xahiş elədik ki, erməni kəndlərini atəşə tutsunlar, bəlkə bundan sonra ermənilər geri çəkilər… Şuşa susurdu. Ayrı vaxt Xankəndində erməni kəndlərinə top yağdıran Şuşa bu gecə əlləri qoynunda elə sakit dayanıb ki, elə bil orada bir inni-cinni yoxdu”. Kəramətin “Səkkizinci gün” romanında illər öncə şahidi olduğum həmin mənzərələrin doğma, tanış cizgiləri artıq mənim kimi şahidlərin xatirəsini ədəbiyyat faktına çevirə bilmişdir…
Təmkin Məmmədli, 1905.az
Müsahibə ilk dəfə 14 yanvar 2017-ci ildə dərc edilib