Müsahibimiz “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğludur.
– Şamil müəllim, müdhiş Xocalı soyqırımının 25-ci ildönümünə az qalır. Xocalı soyqırımının tanıdılması ilə bağlı danışaq.
– Məmnuniyyətlə. Bilirsiniz, dəfələrlə söyləmişəm, 1992-1993-cü illərdə, Xocalı soyqırımından sonra Azərbaycan cəmiyyətində böyük bir təəssübkeşlik əhval-ruhiyyəsi yaranmışdı. Yalnız Sumqayıt şəhərindən 800-dən çox könüllü hərbi komissarlığa müraciət etmişdi ki, Xocalıdakı ana-bacılarımızın qisasını almağa getmək istəyirlər. Və getdilər də. Düzdür, o vaxt vahid komandanlıq olmadığından, itkilərimiz də çox oldu. Amma hər halda minlərlə insan könüllü olaraq cəbhəyə yollandı. Təəssüf ki, bu gün insanlar arasında həmin əhvali-ruhiyyə yoxdur. Başa düşürük ki, insanlar arasında maddi sıxıntıları olanlar, başı iqtisadi problemlərə qarışanlar, ailəsinə görə əziyyət çəkənlər var. Nəzərə almaq lazımdır ki, 1992-1993-cü illərdə iqtisadi durum indikindən daha pis idi. Mən həmişə söyləyirəm ki, bizim başımıza gələnlər, ermənilərin başına gəlsəydi, bizə yaşamağa imkan verməzdilər.
– Şamil müəllim, əlbəttə, indi söyləyəcəklərimizi Xocalı kimi dəhşətli faciələrə şamil etmək olmaz, amma deyirlər, ”torpağın üzü soyuqdur” . Yəni o müdhiş faciə baş verəndən dərhal sonra cəmiyyətdə yaşanan, gedən proseslərin iyirmi beş il ərzində saxlana biləcəyini düşünmək sadəlövhlük olardı. Amma Xocalı faciəsini unutmaq olmaz. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi olaraq bu faciəni unutdurmamaq üçün nə edirsiniz?
– Bilirsiniz, biz xarici ölkələrdə bu mövzu ilə əlaqədar tədbirlərin keçirlməsi ilə fəal işləyirik. Son üç il ərzində – 2013-2016-cı illərdə dövlətdən bir qəpik almadan çox böyük tədbirlər keçirmişik. 2015-ci ilin dekabrında bizim təşkilatın sədr müavini Dilbər Sultanova və təşkilatın Gəncəbasar bölgəsinin sədri, Qarabağ qazisi Aqil Məmmədov Türkiyədə oldular. Onlar İzmir şəhərinin bələdiyyə başçısı ilə görüşmüşdülər. Görüşdə qərara alınmışdı ki, İzmirdə Azərbaycan-Türkiyə parkı açılsın və orada Xocalı qurbanlarının şərəfinə abidə qoyulsun. 2016-cı il fevral ayının 27-də həmin abidə açıldı. İddia etmək olmaz ki, Türkiyədə hamının Xocalı soyqırımı ilə bağlı məlumatı var. Uşak şəhərində bizim Xocalı hadisələri ilə bağlı çıxışlarımızdan sonra çox böyük ajiotaj yarandı və qısa bir müddət sonra Xocalı qurbanlarına abidə qoyuldu. Abidənin üzərinə “Xocalı soyqırımının qurbanlarına” sözləri yazılmışdı. Yəni soyqırım sözü işlədilmişdi, amma ermənipərəsət qüvvələrin təhriki ilə soyqırım sözü silindi.
– Deməli, bunlar sizin son vaxtlar gördüyünüz işlərdir. İstərdik keçmişə, daha doğrusu, 25 il əvvələ – Xocalı faciəsinin baş verdiyi o zaman kəsiyinə qayıdaq. Siz orda çəkilişlər etmisiniz, mediaya çıxmısınız. O barədə danışaq… 1992-cı ilin fevralından.
– Mən əslən qarabağlı deyiləm. 1990-cı ilin mart ayında Xocalıya rayon-şəhər statusu verildi. Məlumat daxil olurdu ki, Xocalıda vəziyyət pisdir, kömək lazımdır. Mən o zaman Respublika komsomolunun birinci katibi olan Sahib Ələkbərovun (hazırda Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavinidir) yanına getdim. Sahib müəllimlə görüşdük, razılaşdıq və bir dəstə yaratdıq. Dəstənin adını “Şah İsmail Xətai adına könüllülər dəstəsi” qoyduq. Beləcə yollandıq Xocalıya.
– Silahla?
– Xeyr, silahımız yox idi. Biz düşünürdük ki, əsas məsələ ora getməkdir. Silah tapmaq olardı. Əsas oraya getmək üçün ürək lazım idi.
Azərbaycan hələ müstəqil deyildi. Orada SSRİ Daxili İşlər Nazirliyinin xüsusi qüvvələri var idi. Hərəkət etmək çox çətindi. Amma hər halda Xocalıda həm tikinti-abadlıq işlərində, həm də müdafiə məsələlərində yerli əhaliyə kömək etməyə çalışırdıq. İş elə gətirdi ki, mən 1991-ci ildən həm də “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri oldum. Və başladım “Səhər” qəzetinə materiallar göndərməyə. Əvvəlcə mənə maaş veriləcəyini bilmirdim. Hətta bir illik maaşımı yığıb saxlamışdılar. Redaksiyaya yolum düşəndə qəzetin redaktoru Məzahir Süleymanzadə həmin pulları mənə verdi ki, “qardaş, neçə vaxtdır gəlib götürmürsən maaşını, amma biz onu heç nəyə xərcləməmişik. Bu, sənin halal haqqındır.”
20 Yanvar hadisələrindən sonra Xocalıda insanlar arasında bir ruh düşkünlüyü var idi. Ona görə də Xocalı təhsil şöbəsinin müdiri Murad Şükürovla görüşdüm, dedim ki, tikinti-müdafiə işləri öz yerində, amma istəyirəm kömək edəsiniz ki, 28 May bayramını qeyd edək. Bayramın keçirilməsi üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçkodan da razılıq ala bildim. Ağdamdan ansambl götürdüm və Ağdam-Əsgəran yolu ilə Xocalıya qayıtdıq. O vaxt bu yol çox riskli idi, ermənilər tərəfindən yolla gedən maşınlar daş-qalaq edilirdi. Çətinliklə Xocalıya çatdıq və tədbiri keçirdik. Mən qürur duyuram ki, o çətin vaxtlarda, çətin anlarda Xocalıda ruh yüksəkliyinin qalxmasına müəyyən kömək göstərə bildim. Təəssüflər olsun ki, bizə silah-sursat vermədilər. Bir-iki dənəsini özümüz tapdıq. Hərçənd bizə vəd vermişdilər ki, silah olacaq. Silahı yalnız özümüz axtarıb tapırdıq. Amma çox çətin idi. Həmişə mən yazılarımda yazırdım ki, Xocalıya kömək göstərilməsə, işğal olunacaq. Sonra bir müddət Xocalı rayonunun Cəmilli kəndində də oldum, müəllim kimi işlədim. Cəmilli kəndi Xankəndi şəhərinə yaxın bir ərazidə yerləşirdi. Kənd işğal olunandan sonra yenə Xocalıya qayıtdım. Amma təəssüflər olsun ki, mənim yazılarıma, insanların hayqırtısına fikir verilmədi. Mən yazırdım ki, yol bağlıdır, insanlar əziyyət çəkir, amma bizi məsxərəyə qoyurdular.
– Kim idi Sizi məsxərəyə qoyanlar?
– O vaxtkı Prezident Administrasiyasının rəsmiləri – 1992-ci ilin əvvəllərində. Mən 1992-ci il fevral ayının 5-də, yaxud 6-da Ağdamda Allahyar müəllimlə görüşdüm. Allahyar müəllim Xocalıdan idi. Onun atası da hadisə zamanı şəhid olub. Onlar Ağdamda idilər. Ona dedim ki, vəd edilənlərə inanmayın, Xocalını verəcəklər. Çünki aldığım informasıyalar, öz düşüncələrim bunu söyləməyimə imkan verirdi. Artıq bunu hiss edirdim. Onlara da dedim ki, arxayın olmayın. Bir on-on beş nəfərlə gəlin Bakıya. Bəzi adamlarla, hakimiyyət orqanlarının təmsilçiləri ilə görüşək və tələb edək ki, Xocalı–Əsgəran yolu açılsın. Bildiyiniz kimi, Əsgəranda Pənahəli xanın tikdirdiyi Əsgəran qalası var. Ermənilər bu qalanı beton dirəklərlə hörmüşdülər. Qalanın giriş və çıxış yolları bağlı idi. Ümid yalnız hava nəqliyyatına qalmışdı. 1992-ci il yanvar aynın 28-də Ağdamdan Şuşaya gedən mülki helikopter – Mİ-8 vurulmuş, 43 nəfər sərnişin və bütün heyət həlak olmuşdu. Ondan sonra bir dəfə də yardım aparan helikopter bir az ərzaq və başqa lazımlı şeylər gətirdi, bir qədər də adam çıxartdı. Əhali qaldı mühasirədə. Su, işıq, ərzaq yox idi, qıtlıq idi. İnsanlar əzablı günlər yaşayırdılar. Yol da açılmırdı. Allahyar müəllim 1992-ci il fevralın 11-də 17-18 nəfərlə Bakıya gəldi. Mən onları qonaq evində yerləşdirdim. Üç gün Bakıda oldular. Mən onları mərhum Əbülfəz Elçibəy, deputatlar İsmayıl Şıxlı, Tofiq Bağırov, Etibar Məmmədovla, Rəhim Qazıyev ilə, “İstiqlal” qəzetinin baş redaktoru Zərdüşt Əlizadə ilə və Türkiyənin Azərbaycandakı ilk səfiri ilə görüşdürdüm. Səfirdən xahiş elədik ki, bizim sözlərimizi Ayaz Mütəllibova çatdırsın. Əks təqdirdə Xocalı işğal olunacaq. Səfir vəd etdi ki, nə mümkündür, imkanları nəyə çatırsa, əlindən gələni edəcək. Sonrakı gün xəbər gəldi ki, A.Mütəllibova xəbər çatdırılıb, narahat olmayın. 12 fevralda prezident yanında təhlükəsizlik şurasının yığıncağı çağırılıb, bu məsələ müzakirə olunacaq və qərar veriləcək. Və xocalıların da guya bir nümayəndəsi orada iştirak edəcəkdi. Allahyar müəllimə dedim ki, biz məsləhət bilirik ki, siz də orada olasınız. Mütləq deyin ki, tədbir görülməsə, Xocalı işğal olunacaq. Axşam saat səkkizdə təhlükəsizlik şurasının iclası başlayanda dedilər ki, kənar adamlar iştirak edə bilməz. Güya burada qəbul edilən qərarlar ermənilərə çatdırıla bilər. Gecə saat dördə işləmiş iclas qurtardı. Mütəllibova yaxınlaşmaq istəyəndə mühafizə xidməti imkan vermədi. Dedilər ki, gedin, sizə maşın ayrılıb, Ağdama kimi aparacaq, Xocalı-Əsgəran yolu da açılacaq. Səhərisi gün Xocalıdan gələnlər getdilər Ağdama, mən qaldım Bakıda. Şəhid milli qəhrəman Aqil Quliyevin qardaşı Nəsimi ilə çalışırdıq xeyli silah-sursat yığıb, Ağdama qayıdaq.
– Bu zaman Aqil artıq Xocalıda idi?
– Bəli, Aqil hadisə zamanı şəhid olub. Qardaşı Bakıda idi o zaman. Və biz getdik Ağdama. Artıq fevralın 21-də Ağdamda idim. Fevralın 21-22-də əməliyyatlar aparılmışdı müəyyən istiqamətlərdə, amma alınmamışdı. Hətta bizim döyüşçülərimizdən minaya düşənlər olmuşdu. Bildim ki, təxribat var. Fevralın 26-da Xocalı işğal olundu. Mən bu barədə məlumatı 26-da axşam çağı “Azərbaycan” nəşriyyatında yerləşən “Səhər” qəzeti redaksiyasına xəbər verəndə, Məzahir Süleymanzadənin Türkiyədən qonaqları var idi. Bakıya məlumat verəndə “Səhər” qəzetinin baş redaktor müavini Hidayət Elvüsal dedi ki, Şamil, bizdə məlumat var ki, cəmi iki nəfər adam ölüb. Rəsmi məlumat var. Ağladım, dedim ki, Hidayət müəllim, mənə bölgə müxbiri kimi inanmırsınız? Əlif Haciyev şəhid olub, Tofiq Hüseynov, Şöhrət Həsənov, Aqil Quliyev, Rövşən Həsənov, Ələsgər Novruzov, Elman Məmmədov … Mənim bircə səhv məlumatım Elman Məmmədovun da həlak olması ilə bağlı idi. Çünki hadisədən bir gün keçmişdi, amma hələ Elman müəllim gəlib çıxmamışdı. Xəbər vermişdilər ki, Elman müəllim də yaralanıb, düşmən tərəfdə qalıb. Mənim də vaxtım yox idi hamısını araşdırmağa. Qalan bütün məlumatlarım düz idi. Mən yazmışdım ki, yüzlərlə adam həlak olub.
Bundan sonra “Səhər” qəzetinin manşetindən rəsmi məlumat çıxarılıb, mənimki qoyulmuşdu. Bununla bağlı bir maraqlı hadisə də olmuşdu. Bir yandan mən yazmışam ki, yüzlərlə insan həlak olub, digər tərəfdən də yalnız 2 nəfərin ölməsi ilə bağlı rəsmi məlumat yayılıb və Azərbaycan Televiziyası da həmin məlumata istinad edib. Fevralın 27-28-də rəsmi dairələr 200-300 nəfər insanı yığıblar “Azərbaycan” nəşriyyatının qabağına. Onlar da qışqırırlar ki, yüzlərlə insanın həlak olması haqqında məlumatı yayanlar erməniləşiblər, çıxıb üzr istəsinlər. Məzahir müəllim də çıxıb insanların qabağına, deyib ki, əgər belə bir yanlışlıq olsa, mən sizdən üzr istəyərəm, amma bölgə müxbirimiz hadisə yerindədir, məlumat ondan alınıb. Mən Ağdamdan olan, lakin Bakıda yaşayan dəyərli ziyalı Misir Rəhimov vasitəsilə fotoşəkilləri göndərəndən sonra gördülər ki, doğrudan da Xocalı işğal olunub. Xocalıda 8 ailənin nəsli kəsilib. Körpələr, uşaqlar, qadınlar, qocalar öldürülüb. Amma insanlar Xocalıda belə bil vəhşilik törədilə biləcəyinə inanmırdılar. O zaman obyektiv məlumat verdiyimə görə mən qürur duyuram, çünki heç olmasa faciənin xalqdan gizlədilməsinə imkan verilmədi.
– 1990-1992-ci illərdə yaşananlardan danışdınız. Bəs Xocalı ilə bağlı təşkilatı yaratmaq prosesi necə oldu?
– Xocalı ilə bağlı mətbuatda yazılarım gedirdi və Xocalı soyqırımının ildönümlərində tez-tez televiziyalara, tədbirlərə dəvət olunurdum. Bir dəfə dostumuz, Dünya Azərbaycan Gənclərinin Həmrəllik Cəmiyyətinin rəhbəri Tofiq Əlizadə mənə dedi ki, Şamil, sən onsuz da bu işləri görürsən, amma pərakəndə halda, bəlkə bir təşkilat yaradasan. Baxdım ki, çox maraqlı fikirdir, ideyadır. Bu söhbət 2006-cı ildə olub.
– Bəs 2006-cı ilə qədər harada çalışırdınız?
– Mən bir müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu“qəzetində müxbir kimi çalışmışam. Sonra “Veteran” qəzetini yaratdım. İki il onun üzərində işlədim. Düzünü deyim ki, hətta bir müddət işsiz qaldım. Çox böyük sıxıntılar keçirdim. 2006-cı ildə bu təşkilatı yaratdım – “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyini, 2007-ci ildə ildə isə qeydiyyatdan keçdi. Hətta təşkilatın adındakı “soyqırım” sözünə görə bir balaca problem yarandı, dedilər ki, bəlkə “faciəsi” edəsən. İmtina etdim. Qeydiyyatdan keçirdikdən sonra mütəmadi tədbirlər keçirməyə başladıq. Həm Azərbaycanda, həm də ölkə xaricində. Türkiyədə çox maraqlı tədbirlər keçirmişik.
-Şamil müəllim, rəhbərlik etdiyiniz Təşkilatda nə qədər üzv var? Aydındır ki, təşkilatın rəhbəri olaraq əsas ağırlıq, məsuliyyət sizin üzərinizə düşür. İşləriniz necə gedir?
– Təşkilatımızın 1500 nəfər üzvü var. Amma, istəsək qısa müddət ərzində üzvlərimizin sayını 5000-dən çox edərik. Təəssüf ki, bu günə kimi ofisimiz yoxdur. Dəfələrlə əlaqədar orqanlara müraciət etsək də nəticəsi yoxdur. Ona görə də kirayələrdə qalırıq. Ofisin pulunu özümüz ödəyirik. Bu yaxında Respublika Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqədə qalıb gəldik. “Biz, soyqırım və terrora yox deyirik!” adlı layihə çərçivəsində sənədli film çəkdik. Türkiyənin Azərbaycana yeni təyin olunan Səfiri Erkan Özoral, Azərbaycan Respublikası Milli Məclisinin deputatları-Flora Qasımova, Elman Məmmədov, Qənirə Paşayeva, Adil Əliyev, Akademik Vəli Əliyev, Azərbaycan Tibb Universitetinin məsul əməkdaşı, Tibb elmləri doktoru, Professor Mübariz Allahverdiyev, “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, “Qürur”Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri Naibə Behbudova, “Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədri Tahir Xudiyev, Xocalı soyqırımı zamanı düşmənlər tərəfindən əsir götürülmüş, əsirlikdə min bir əziyyət görmüş Hüseynağa Quliyev və başqaları filmdə müsahibə vermişlər. Filmin təqdimatı bu il fevralın 2-ci ongünlüyündə Bakıda, daha sonra isə, Türkiyənin Ankara, Bolu və İzmir şəhərlərində, habelə Aksaray və Amasya Universitetlərində təşkil olunacaq. Film az sonra daxili imkanlarımız hesabına ingilis və rus dillərinə tərcümə ediləcək. Qalan məbləğin müəyyən hissəsini ofis üçün ödəmək məcburiyyətindəyik. Təşkilatımızda iki nəfər sədr müavini, 15 nəfər idarə heyətinin üzvü var. “Ana harayı” adlı qəzet redaksiyamız var. 2016-cı ilin noyabr ayından etibarən Məşqçilər arasında Dünya çempionu, Respublikanın Əməkdar məşqçisi, Qarabağ qazisi Namiq Məhərrəmovun rəhbərlik etdiyi “Zirvə” idman klubu təşkilatımızın nəzdində fəaliyyət göstərir. “Haray” teatr studiyası da təşkilatın nəzdindədir.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 06 fevral 2017-ci ildə dərc edilib