
Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə oktyabrın 18-dən noyabrın 9-dək 25-ci Yubiley Arıçılıq Məhsullarının ənənəvi Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, yarmarkanın əsas məqsədi yerli arıçıların istehsal etdiyi keyfiyyətli bal və arıçılıq məhsullarının istehlakçılara birbaşa təqdim edilməsini təmin etmək, daxili bazarda yerli məhsulların payını artırmaq və bu sahədə sahibkarları dəstəkləməkdir.
Budəfəki yarmarkada ölkənin müxtəlif bölgələrindən gətirilmiş müxtəlif növ təbii bal, arı südü, mum, propolis, gül tozu və digər arıçılıq məhsulları satışa çıxarılıb. İstehlakçılar burada həm məhsulun dadına baxmaq, həm də birbaşa arıçılardan alış etmək imkanı əldə edirlər.
AZƏRTAC-ın müxbiri 25-ci Respublika Sərgi-Satış Yarmarkasında arıçılarla həmsöhbət olub.
Açıqlama verən Valeh Vəliyev ilk dəfə “Xocalı Balı” loqosuyla bazarda iştirak etdiyini vurğulayıb. O bildirib ki, təqdim edilən məhsul Xocalının Qırxqızlar ətəklərindəki çiçəklərdən toplanmış cökə balıdır. Məhsul tamamilə təmizdir.
Arıçı balın kiloqramının 40 manata satışa çıxarıldığını diqqətə çatdırıb.

Kəlbəcər rayonundan olan Ərəstun Məmmədov isə bildirib ki, arıçılıq təsərrüfatları Bərdə rayonunda yerləşir.
O qeyd edib ki, təsərrüfatında üç növ bal istehsal olunur – çiçək balı, qaratikan balı və cökə balı. Məhsulların hamısı yüksəkkeyfiyyətli və təbii üsullarla əldə edilir: “Əhalinin sağlam qida ilə təminatı üçün əlimizdən gələni edirik. Çiçək balının qiyməti 40 manat, dağ (şam) balının isə 50 manatdır. Qiymət fərqi məhsulun növü və keyfiyyətindən irəli gəlir”.
O, həmçinin dövlət tərəfindən yaradılan şəraitə görə minnətdarlığını ifadə edib: “Biz dövlətimizə təşəkkür edirik ki, belə bir yarmarka təşkil edib və arıçılara öz məhsullarını təqdim etmək imkanı yaradıb. Bu, həm istehsalçılar, həm də alıcılar üçün çox faydalıdır”.
İbad Əsgərov da deyir ki, uzun illərdir arıçılıqla məşğuldur. Hazırda Bərdə rayonunda məskunlaşan arıçı bildirib ki, arılar əsasən Ağdərədə yerləşir, lakin orada quraqlıq olduğu hallarda arılar Kəlbəcərə köçürülür. Məhsul tam təbii və yüksəkkeyfiyyətlidir, 100 faiz təmiz Kəlbəcər balıdır.

Aydın Şirinov isə bildirib ki, 35 ildir arıçılıqla məşğuldur: “Hazırda satışa çıxardığımız məhsullar arasında dağ balları, qaratikan balı, aran zonasının balı, yaz balı və cökə balı var. Bundan əlavə, qaymaq, mum və qara mum da təqdim edirik”.
Arıçı deyib ki, məhsulların qiyməti növünə və mənşəyinə görə dəyişir. Dağ balları 40 manatdan başlayır, digər keyfiyyətli ballar isə 30–35 manat arasındadır.
