Əli HƏSƏNOV,
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor
İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyan beynəlxalq təşkilatdır
2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilmiş və 2009-cu ilin fevralından bu kampaniyaya start verilmişdir.
“Xocalıya ədalət!” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir. Bununla yanaşı, 2009-cu ilin iyulunda İƏT GF ilə ISESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.
2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanmışdır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Qətnamədə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.
2011-ci il yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə İƏT Pİ Şurasının XIII sessiyasında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq Xocalı faciəsini “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Əbu-Dabi Bəyannaməsi qəbul edilmişdir. 2012-ci il yanvarın 31-də İƏT Pİ-nin üzvü olan dövlətlərin İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyası “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını dəstəklədiyini bir daha təsdiq etmişdir. “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı son illər davamlı olaraq qəbul edilən qətnaməyə forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə olunmuşdur. Xocalı faciəsinə həsr edilən bölmədə qeyd edilir: “Konfrans üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir”.
Bu tanınma 2009-cu ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyətinin məntiqi nəticəsi olmuşdur. Onu da qeyd etmək vacibdir ki, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Nəzərə alsaq ki, İƏT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin dörddəbirini cəmləşdirən və ən böyük parlamentlərarası beynəlxalq qurumlardandır, onda bu qətnaməni Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün çox mühüm əhəmiyyətli bir sənəd kimi qiymətləndirmək olar.
2012-ci il noyabrın 15-17-də İslam Ə məkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır. İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır.
İƏT-in ali orqanı olan və təşkilatın dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə Toplantısında Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınmışdır. 2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə keçirilmiş 57 ölkənin üzv olduğu İƏT XİNŞ-nin 40-cı sessiyası Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan etmişdir. Qətnamə layihəsində “Xocalıya ədalət!” kampaniyasına dair xüsusi bənd yer almışdır. Həmin bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”.
2014-cü il fevralın 18-19-da İranın paytaxtı Tehranda İƏT Pİ-nin Konfransının 9-cu sessiyasında “İƏT Parlament İttifaqı ilə İƏT GF arasında əməkdaşlıq” adlı qətnamədə növbəti dəfə Xocalı faciəsi “soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət” kimi qiymətləndirilmişdir. 2015-ci il mayın 27-28-də İƏT XİNŞ Xocalı faciəsinin soyqırımı aktı olduğunu bir daha təsdiqləmişdir.
Şuranın Küveytdə keçirilən 42-ci sessiyasında qəbul edilən qətnamədə üzv dövlətlər və İƏT qurumları “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak etməyə çağırılır, həmçinin Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunmalarının vacibliyi bildirilir.
2016-cı il yanvarın 25-də İƏT Pİ-nin 11-ci konfransında “İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq” adlı yekdilliklə qəbul edilən qətnamədə Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır. Qətnamədə həmçinin Xocalı soyqırımını törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa öz əksini tapmışdır.
“Xocalıya ədalət!” kampaniyasının fəaliyyətinin 10 ili tamam olur. Bu müddət ərzində kampaniyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün İKTGF müxtəlif səviyyələrdə geniş iş aparmışdır. Bu baxımdan Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaq üçün Gənclər Forumu faciənin beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasını kampaniya çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Ötən illər ərzində aparılan iş nəticəsində İƏT çərçivəsində bütün səviyyələrdə, o cümlədən İƏT-in ali orqanı olan dövlət başçılarının sammitində Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır.
Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi daha geniş tanınması
Soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümü Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd olunmuşdur. 2005-2007-ci ilin fevral aylarında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur. 2011-ci il fevralın 19-dan 26-dək isə Türkiyənin ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir. Dünyanın bir sıra şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almışdır.
Xocalı soyqırımının ABŞ-da tanınması istiqamətində ilk addım 2010-cu il fevralın 25-də atılmışdır. Həmin gün Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 2011-ci il iyunun 11-də isə ABŞ-ın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. Ştatın Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin Ermənistan silahlı qüvvələri tərəfindən qırğına məruz qalması pislənilir. Bu prosesin davamı olaraq 2012-ci il fevralın 22-də Nyu Cersi ştatı, daha sonra isə Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul etmişdir. Corciya ştatının Nümayəndələr Palatasında 1594 saylı qətnamə Azərbaycan və türk diasporlarının həyata keçirdikləri kampaniya nəticəsində qəbul edilmişdir. 2012-ci il martın 23-də isə daha bir Amerika ştatı – Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması 2013-cü ildə daha geniş vüsət aldı. Belə ki, yanvarın 28-də Nyu Meksiko ştatının əvvəlcə Senat, sonra isə Nümayəndələr Palatasında Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edilmişdir. Bunun ardınca ABŞ-ın Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də, Senatı isə fevralın 11-də, fevralın 25-də isə Missisipi ştatı Xocalı soyqırımına dair qətnamələr qəbul etmişlər. Daha sonra martın 4-də Oklahoma ştatı, 8-də İndiana ştatı, 18-də Pensilvaniya ştatının Baş Assambleyası və Tennesi ştatının Qanunverici Orqanının Nümayəndələr Palatasında, aprelin 3-də Vest Virciniya ştatının Qanunverici Orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edilmiş, mayın 3-də isə Konnektikut ştatının Baş Assambleyası Xocalı qətliamını rəsmən tanımışdır.
2015-ci ilin fevralında Arizona ştatının Senatı (yuxarı palata) Xocalı hadisələrini soyqırımı kimi tanıyan qətnamə qəbul etmiş, mart ayında isə Yuta ştatının qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı sənəd imzalanmışdır. 2016-cı ildə ABŞ-ın Nebraska, Havay, Montana və Aydaho ştatları Xocalı soyqırımının tanınması ilə bağlı xüsusi bəyannamə imzalamış və bununla da ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 21-ə çatmışdır.
2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalını, xüsusilə də Xocalıda soyqırımı törədilməsini kəskin pisləyən qərar qəbul etmişdir. 2012-ci il fevralın 1-də Pakistan Senatı Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul etmişdir. Qətnamədə Xarici əlaqələr komitəsi ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləmişdir. Latın Amerikası ölkələri arasında Meksikadan sonra Kolumbiya Senatı da 2012-ci il aprelin 23-də Xocalıda baş verən hadisələrə soyqırımı kimi qiymət vermişdir. Bütün bunlarla yanaşı, may ayının 28-də İordaniya Senatı Xocalı soyqırımı ilə əlaqədar bəyanat qəbul etmiş, iyunun 13-də Peru parlamenti, iyulun 30-da isə Kolumbiya Konqresinin Nümayəndələr Komitəsi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərarlar qəbul etmişdir. Bunun ardınca həmin il avqustun 13-də Panama Milli Assambleyasında “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair 4 saylı qətnamə qəbul edilmişdir. Sənəddə azərbaycanlılara qarşı Xocalıda təcavüzkar ölkə tərəfindən törədilmiş soyqırımı qətiyyətlə pislənilmiş, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilmişdir.
2014-cü il yanvarın 17-də Honduras Milli Konqresi Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan 333-2013 saylı qərar qəbul etmişdir. Honduras Milli Konqresinin qəbul etdiyi bu qərar Konqresin prezidenti və katibləri tərəfindən təsdiq edilmiş, 2014-cü ilin 24 yanvar tarixində Honduras Respublikasının Prezidenti və xarici işlər naziri tərəfindən təsdiq edildikdən sonra 2014-cü ilin 13 fevral tarixində ölkənin rəsmi mətbuat orqanı olan “The Gazette” mətbu orqanında dərc edilərək qüvvəyə minmiş və ölkənin qanuni statusunu almışdır. 2014-cü il sentyabrın 1-də Sudan Respublikası Milli Assambleyasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi sənəddə 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliam soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır. Sənəddə Xocalıda mülki insanların öldürülməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad olunaraq, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, sənəddə Xocalı soyqırımı qurbanlarının və onların qohumlarının mənəvi və maddi itkilərə görə ədalətli və hüquqi əsasda təzminat almaq hüququ da tanınır.
Xocalı soyqırımının dünya miqyasında tanıtdırılması istiqamətində ardıcıl fəaliyyət bundan sonra da davam etdirilmiş və məsələ Avropa ölkələrinin parlamentlərində də müzakirə olunaraq siyasi sənədlər qəbul edilmişdir. 2013-cü il fevralın 12-də Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat verilmişdir. Siyasi bəyanatı sözügedən fraksiyadan deputat Luçian Militaru parlamentin kürsüsündən səsləndirmiş və Xocalı şəhərində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edərək soyqırımı qurbanları haqda məlumat vermiş, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulamışdır.
Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında dinc Xocalı sakinlərinin qətliamına görə Ermənistanı rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olmuşdur. 2013-cü il fevralın 7-də ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq əlaqələr komitəsi 21 il əvvəl “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” adlı qətnaməni yekdilliklə qəbul etmişdir. Çexiya bu qətnamə ilə Dağlıq Qarabağ regionunu Azərbaycan Respublikasının tərkib hissəsi kimi, Ermənistanı isə bu ərazini işğal etmiş, Xocalıda ən ağır cinayətin törədilməsində təqsirkar olan dövlət kimi tanıdığını bir daha rəsmən təsdiq etmişdir.
Daha sonra Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının 2013-cü il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd – “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamə qəbul olunmuşdur. Bütün bunlarla yanaşı, 2015-ci il yanvarın 29-da İsrail Prezidenti Reuven Rivlin BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və kütləvi qətllər barədə danışarkən Xocalı soyqırımını da qeyd etmişdir.
2017-ci il yanvarın 11-də Cibuti Respublikasının Milli Assambleyasının (parlament), fevralın 2-də isə Pakistan İslam Respublikasının Milli Assambleyası Xarici əlaqələr üzrə daimi komitəsinin qəbul etdiyi qətnamələrdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı qeyd edilir. Sənədlərdə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qətliam soyqırımı aktı və insanlıq əleyhinə cinayət kimi tanınır, günahkarların müvafiq beynəlxalq qanunlara uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edilir. Qəbul edilən sənədlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsi tələb edilir. Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu qərarların yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırılır.
Beləliklə, Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr vermiş və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı mühüm işlərin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 26 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. Monoetnik dövlət yaratmağa nail olan Ermənistan rəhbərliyi silahlı təcavüz nəticəsində Dağlıq Qarabağı (4,4 min km), bu bölgənin hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizlənməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın erməni icmasının “öz müqəddəratını təyin etmək” cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin (ümumi əhalinin 15%-i) öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxartdı.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Hazırda Azərbaycan ərazisinin 20%-i Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir. Sonadək dəqiqləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbələrdən əlavə, Azərbaycan iqtisadiyyatına təxminən 320 mlrd ABŞ dollarından çox ziyan dəymişdir.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar.
Yuxarıda göstərilən faktlar işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa edir. Ona görə də Azərbaycan dövləti bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı sərəncamda deyilir: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
“Azərbaycan” qəzeti 25 fevral 2018-ci il