1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindəndir.
Düşmənin xain hücumu nəticəsində 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 76-sı uşaq olmaqla 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü və alçaldıcı işgəncələrə məruz qaldı, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edildi.
Həmin günlərdə Qarabağa gələn bir sıra xarici jurnalist bu qanlı hadisələrin nəticələrini gözləri ilə görüb və dünyanın aparıcı KİV-lərində Xocalı həqiqətlərini əks etdirən materiallarla çıxış ediblər. AZƏRTAC 1992-ci ilin fevral-mart aylarında dərc olunmuş həmin materiallardan bəzilərinin xülasəsini təqdim edir.
Qaçqınlar Ermənistanın hücumları nəticəsində yüzlərlə insanın öldüyünü deyirlər
The Washington Post, 28 fevral 1992-ci il
Tomas Qoltz, Ağdam, Azərbaycan
Dağlıq Qarabağın müharibə zonasının şərqində yerləşən şəhərin baş məscidinin rəsmilərinin bildirdiyinə görə, Ermənistan silahlı qüvvələrinin çərşənbə günü ələ keçirdikləri müharibə zonasındakı Azərbaycan şəhərindən gətirilən 27 cəsədi bu gün dəfn ediblər.
Anklavın paytaxtı Stepanakertdən şimal-şərqdə yerləşən, 6000 nəfər sakini olan Xocalıdan qaçan qaçqınlar qadın və uşaqlar da daxil olmaqla, 500-ə qədər insanın hücum zamanı öldürüldüyünü deyirlər. Bu şəraitdə nə qədər insanın öldüyünü təxmin etmək mümkün deyildi. Ağdam məscidinin nümayəndəsi Səid Muan oğlu Sadıqov deyir ki, çərşənbə günündən etibarən qaçqınlar məsciddə Xocalı faciəsinin 477 qurbanının adını yazdırıblar.
Azərbaycan rəsmiləri Xocalıda hücum zamanı 100-ə qədər ölüm olduğunu bildirdiyi halda, Yerevan rəsmiləri isə hücum zamanı yalnız iki azərbaycanlının öldürüldüyünü söyləyirlər.
Bu gün məsciddə 7 cəsəd var idi, onların ikisi uşaq, üçü isə qadın idi. Bir nəfərin yaxın məsafədən sinəsinə açılan atəş nəticəsində öldüyü görünür. Çoxu süngü ilə yaralanıb, digər 120 qaçqın isə Ağdam xəstəxanasında müalicə olunur.
Ağdama çərşənbə günü gecə gələn Raisə Aslanova ermənilərin Xocalıya hücum zamanı “aramsız olaraq atəş açdıqlarını” bildirir. O, həyat yoldaşının və qaynının öldürüldüyünü, qızının isə itkin düşdüyünü dedi.
Qarabağın dağlıq ərazisindən bura gələn qaçqınlar sırasında erməni gizirlərinin onları “müsəlman olduqlarına” görə döydüyü üçün hərbi hissəni tərk edərək Xocalıya sığınan keçmiş SSRİ Daxili İşlər Nazirliyi qüvvələrinin iki nəfər türkmən əsgəri də vardı. Onlar xidmət etdikləri 366-cı alayın Xocalını ələ keçirən Ermənistan silahlı qüvvələrinə dəstək göstərdiyini bildirirlər. Həmin əsgərlər qadınlara və uşaqlara xilas olmaqda kömək etdiklərini deyirlər: “Bir qrup insanı dağların arası ilə keçirərkən ermənilər bizi görüb atəş açmağa başladılar. On iki nəfər öldürüldü”.
Erməni əsgərləri qaçan yüzlərlə ailəni qırır
The Times, 1 mart 1992-ci il
Tomas Qoltz, Ağdam, Azərbaycan, 27 fevral
Keçmiş Sovet İttifaqının respublikalarını bürüyən zorakılıq dünən müharibə vəziyyətində olan Dağlıq Qarabağda yüzlərlə qadın və uşağın soyuqqanlı şəkildə qətlə yetirilməsi nəticəsində yeni mərhələyə qədəm qoydu.
Şahidlərin bildirdiyinə görə, erməni əsgərləri əksəriyyəti qadın və uşaq olan 450-dən çox azərbaycanlını hücum zamanı şəhərdən qaçarkən öldürmüş və süngüyə keçirmişdir. Yüzlərlə, ehtimal ki, minlərlə şəxs itkin düşmüş və ölmüşdür.
Şaxtalı havada qarlı dağları keçərək Azərbaycanın Ağdam şəhərinə çata bilən insanlar qırğının çərşənbə günü səhər saatlarında 1500-dək əhalinin bir dərədə erməni əsgərləri tərəfindən tələyə salınması zamanı baş verdiyini bildirirdilər.
Hücum edənlər qadın və uşaqları qoruyan əsgər və könüllülərin əksəriyyətini öldürdülər. Daha sonra onlar öz silahlarını qorxu içində olan qaçqınlara tərəf çevirdilər. Az sayda sağ qalanlar baş verən hadisələri sonradan bu cür təsvir edirdi. “Əsl qırğın onda başladı, – sağ qalan üç əsgərdən biri olan Azər Hacıyev dedi, – ermənilər əvvəlcə atəş açdılar. Sonra süngü və bıçaqları ilə insanları doğramağa başladılar”.
“Onlar aramsız olaraq atəş açırdılar”, – ermənilərin əlindən xilas olmuş uşaqlarla Ağdama çatmış Raisə Aslanova dedi. O, həyat yoldaşının və qaynının onun gözü qarşısında öldürüldüyünü bildirdi.
Arxadan açılan atəş nəticəsində yaralanan 45 yaşlı kişi dedi: “Meşə ilə gedirdik. Birdən onlar atəş açmağa başladılar və ətrafdakı camaat yıxılmağa başladılar. Həyat yoldaşım, sonra da uşağım yerə yıxıldı”.
Atəşə tutulan helikopterlər də sağ qalanların xilas edilməsini təxirə salmalı oldular. Onlar “dağlar cəsədlərlə doludur” xəbərləri ilə qayıdırdılar. Digərləri cəsədlərin eybəcər hala salınması, çoxlu sayda yaralıların yamaclarda öldürülməsi barədə danışırdılar.
Bu qırğın Dağlıq Qarabağda silahlı əməliyyatların tamamilə nəzarətdən çıxmaq təhlükəsini aktuallaşdırdı. Münaqişənin başlanmasından ötən dörd ildə 1000-dən çox şəxsin həlak olmasına baxmayaraq, bu miqyasda baş verən qırğının total müharibəyə səbəb olacağı görünür.
Şəhərdən çıxan azərbaycanlılar qırğına məruz qaldılar
Sağ qalanlar 2000 insanın çətin şəraitdə itkin düşdüyünü, bəzilərinin qaça bildiyini, çoxlarının isə yaralanaraq və ya soyuqdan öldüyünü dedilər. Bəziləri ölülərini və yaralılarını daşıyaraq Ağdama çata bilmişdilər. Onlar çöllərdə çoxlu sayda cəsədin qaldığını söyləyirdilər.
Qırğın bazar ertəsi günü Ermənistanın Xocalıya hücumu ilə başladı. “Hücum axşam saat 10-da başladı, – Xocalıya sığınan hərbçi Bəhram dedi. – Onlar hava limanını ələ keçirdilər və sonra şəhərə soxuldular. Qadın və uşaqların şəhərdən çıxmasına kömək etməyə çalışdıq. Bizim qrupdan 12 nəfərin öldüyünü gözümlə gördüm”.
Təxminən 500 nəfər öldürülüb və bu, mülki əhali erməni mövqelərindən uzaqlaşarkən, Əsgəran dərəsindən Ağdama gedən 10 kilometrlik yolda baş verdi.
Yerli milli müdafiə qüvvələrinin başçısı mayor Əlif Hacıyev şəhər sakinlərini hücumdan qorumaq üçün 63 hərbçi və könüllüdən ibarət dəstə yaratmışdı.
Sağ qalan Asif Usubov dedi: “Biz onlara təpəlikdən baxan zaman mayor qadın, uşaqlar və digər mülki şəxslərlə birlikdə dərəyə enmişdi… Aşağıya, dərənin ortasına enəndə ermənilər yamaclardan atəş açdılar. Mayor başından vuruldu və yerində həlak oldu. 30 əsgər və hava limanının 19 mühafizəçisi öldürüldü. Qadın və uşaqlar müdafiəsiz qaldı”. Sonra ermənilər onları güllələməyə və süngüləməyə başladılar.
Dünən axşamadək Ağdamdakı meyitxanada 479 ölü qeydə alınmış, 29 cəsəd isə dəfn edilmişdi. Hələ dəfn olunmamış 7 cəsəddən ikisi uşaq, üçü qadın idi.
Ağdam xəstəxanası yaralılarla dolmuşdu. Həkimlər 140 xəstənin güllə və ya dərin bıçaq yarası aldıqlarını bildirdilər.
Onlar heç Ağdamda da təhlükəsiz şəraitdə deyildilər. Cümə günü axşam şəhərə atılan mərmilər bir neçə binanı dağıtdı və on beş nəfər öldü.
Cəsədlər Qarabağdakı təpələrdə qalaqlanmışdı
The Times, 2 mart 1992-ci il
Anatol Liven erməni qoşunları tərəfindən qaçqınların kütləvi şəkildə qətlə yetirilməsini araşdırmaq üçün əraziyə səfər edən zaman atəşə tutuldu.
Dağlıq Qarabağın qarla örtülmüş təpələrinə endiyimiz zaman, biz ətrafa səpələnmiş cəsədləri gördük. Açıq-aşkar görünürdü ki, insanlar xilas olmaq üçün qaçdıqları zaman atəşə məruz qalmışlar. Keçdiyimiz yerlər barədə çəkilən və sonra jurnalistlərə göstərilən kadrlarda təpələrə səpələnmiş onlarla cəsəd görünürdü.
Azərbaycanlılar iddia edirlər ki, keçən həftə ermənilər tərəfindən işğal edilən Xocalı şəhərindən qaçan 1000-dək azərbaycanlı kütləvi qırğında qətlə yetirildi. Təxminən 4000 nəfərin isə yaralandığı, soyuqdan donduğu və ya itkin düşdüyü güman edilir.
Mülki helikopter dağlara enərək kütləvi qırğın yerlərində cəsədləri yığırdı. Helikopter 4 cəsədi götürdü, azərbaycanlı kinooperator bu və əvvəlki çəkilişlər zamanı təpələrdəki onlarla meyiti lentə almışdı.
Ağdamdakı aerodromda mülki helikopterlə gətirilən cəsədlərə nəzər saldıq. İki nəfər yaşlı kişi və bir balaca qızın bədəni qan içində idi, ayaqları isə soyuqdan donmuş və əzabdan bükülmüşdü. Onları güllələmişdilər.
Ermənilərin qəfil hücumları nəticəsində azərbaycanlılar öldürüldü və didərgin salındı
The Washington Times, 2 mart 1992-ci il
Xocalının 10 min sakininin təxminən 1000 nəfəri çərşənbə axşamı baş verən hücumda erməni ordusu tərəfindən qırğına məruz qaldı. Azərbaycan televiziyası Xocalı şəhərinin ərazisindən daşınan cəsədlərlə dolu yük avtomobillərini göstərdi.
Ermənilərin törətdikləri qırğın barədə məlumat verilir
The New York Times, 3 mart 1992-ci il
Bu gün Dağlıq Qarabağda erməni hərbiçiləri tərəfindən mülki əhalinin qırğını ilə bağlı yeni sübutlar ortaya çıxdı.
Azərbaycan mətbuat agentliyi olan “Azərinform” bazar günü axşam azərbaycanlılar yaşayan Şuşa şəhərinə yenidən erməni raketinin atıldığı barədə xəbər verdi. Agentlik bu gün Vəncəli yaşayış məntəqəsinə edilən digər hücum zamanı bir neçə nəfərin yaralandığını bildirdi.
Ermənistan Respublikası keçən həftə onun hərbiçiləri tərəfindən azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərində 1000 nəfərin öldürülməsini və qarla örtülmüş dağ keçidləri ilə xilas olmaq üçün qaçan kişi, qadın və uşaqları qırdığını bir daha inkar etdi.
Lakin əraziyə səpələnən onlarla cəsəd qırğın barədə Azərbaycan tərəfinin xəbərlərinin doğru olduğunu göstərir.
Əraziyə helikopter ilə qısa səfər edən Azərbaycan rəsmiləri və jurnalistlər başlarının arxa hissəsi parçalanmış üç uşaq meyitini gətirdilər. Onlar ermənilərin açdığı atəş səbəbindən cəsədlərin çoxunu götürə bilmədiklərini dedilər: “Qadın və uşaqların başlarının dəriləri soyulub. Cəsədləri götürmək istədikdə ermənilər atəş açmağa başladılar”.
Ağdamda milis rəisi olan Rəşid Məmmədovun dediklərindən: “İnsan cəsədləri əraziyə səpələnmişdi, heç faşistlər bu cür vəhşilik törətməyiblər”.
Ağdam yaxınlığında olan fotoqraf Frederik Lengeyn dedi ki, azərbaycanlıların cəsədləri ilə dolu iki yük avtomobili görüb: “İlk avtomobildə 35, güman ki, ikincidə də elə o qədər cəsəd var idi. Bəzilərinin başı kəsilmiş, əksəriyyəti yandırılmışdı”.
Qarabağ qırğınının baş verdiyi ərazi cəsədlərlə əhatələnib
The Times, 3 mart 1992-ci il
Anatol Liven, Ağdam, Azərbaycan
Kiçik dərə və onun ətrafındakı yamac boyunca qurumuş otlar və kolluqlar arasında ötən çərşənbə günü Ermənistan qüvvələri tərəfindən törədilmiş qırğın zamanı qətlə yetirilmiş azərbaycanlıların cəsədləri səpələnmişdir.
Biz dünən MDB-nin sonuncu qüvvələri regionu tərk etməyə başlayan vaxt helikopter ilə bu əraziyə endik. Onlar ərazini müharibə tərəflərinin müqaviməti olmadan tərk edirdilər. Sovet qüvvələrinin Əfqanıstandan çıxarılmasına rəhbərlik etmiş general Boris Qromov onların çıxmasını asanlaşdırmaq üçün Stepanakertə gəlmişdi.
Azərbaycanlılara öz meyitlərini götürməyə, təpələrdə və meşələrdə gizlənən qaçqınlara kömək etməyə imkan yaratmaq üçün yerli səviyyədə atəşkəs elan olundu. Eyni zamanda, yaxınlıqda olan erməni mövqelərini müşahidə edən iki hücum helikopteri davamlı olaraq səmada dövrə vururdu.
Ümumilikdə, ərazidə 31 meyit vardı. Keçən beş gün ərzində Ağdama ən azı əlavə 31 meyit aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı ermənilər tərəfindən Azərbaycan şəhəri olan Xocalıya hücum zamanı öldürülən mülki əhali daxil deyil.
Qırğından sağ qurtaran Zahid Cabbarov bizim səfər etdiyimiz yerdə ən azı 200 nəfərin öldürüldüyünü gördüyünü deyir. O, müxtəlif yollarla gələn qaçqınların da davamlı olaraq atəşə məruz qaldıqlarını, yol boyunca cəsədləri daşıdıqlarını bildirir. Biz cəsədlərin ətrafında yerə səpələnmiş əşyalar, geyimlər və şəxsi sənədlər gördük. Hamısı sadə insanların – kasıb, fəhlə geyimində olanların cəsədləri idi.
Gördüyümüz 31 cəsəddən yalnız biri polis, ikisi könüllü müdafiə dəstəsinin geyimində idi. Qalanları – səkkiz qadın və üç azyaşlı da daxil olmaqla, mülki şəxslər idi. Ehtimal ki, ailə olan iki qrup bir yerdə öldürülmüşdü, uşaqlar analarının əllərindən yapışmışdı.
Onların bir neçəsi, o cümlədən bir uşaq ağır kəllə zədəsi almışdı: onun yalnız üzü qalmışdı. Sağ qalanlar yerdə uzanan zaman yaxın məsafədə ermənilər tərəfindən necə atəşə məruz qaldıqları barədə danışırlar.
Qəddarlıqla bağlı məlumatlar Azərbaycanı dəhşətə gətirir
The Washington Times, 3 mart 1992-ci il
Brian Killen, Ağdam, Azərbaycan
Dağlıq Qarabağın döyüş zonasında ətrafa səpələnmiş onlarla insan cəsədi 4 il ərzindəki döyüşlər zamanı törədilmiş ən dəhşətli qətliamın sübutu idi.
Təxminən doqquz mil məsafədəki hadisə yerindən Ağdama qayıdan Azərbaycan rəsmiləri özləri ilə başının arxası dağıdılmış üç uşaq cəsədi gətirmişdilər. Yerli məsciddə yerdə uzadılmış daha altı cəsəd vardı, əl-ayaqları şaxtadan donmuş, üzləri qaralmışdı.
Arxası üstə uzanmış, qurumuş əli havada qalmış atasının cəsədi üstündə sinəsinə döyərək ağlayan bir qadın “Telman” deyə qışqırırdı.
Ermənilər tərəfindən işğal edilmiş Xocalı şəhərinə helikopterlə qısa səfər etmiş insanlar da eyni mənzərənin, hətta bundan da dəhşətlisinin şahidi olmuşlar. Bir rusiyalı jurnalist helikopterin endiyi kiçik ərazidə 30 insan cəsədini saydığını bildirdi.
Ermənistan Xocalıda azərbaycanlılara qarşı törətdiyi qəddarlığı və ya kütləvi qətlləri rədd edir. Azərbaycan 1000 nəfərin öldüyünü bəyan edir.
Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov bildirir ki, qadın və uşaqların başlarının dəriləri soyulmuşdur. Fərəcovun dediyinə görə, Qırmızı Xaçın nişanı olan və keçmiş sovet ordusunun iki Mİ 24 helikopterinin müşayiət etdiyi Azərbaycan helikopteri Ermənistan qüvvələri atəş açana kimi 3 uşağın cəsədini götürməyə nail oldu. “Cəsədləri götürmək istədikdə ermənilər atəş açırdılar”, – deyə o söylədi.
“Döyüş helikopterləri qırmızı işıq siqnalı verməklə ermənilərin yaxınlaşdığına işarə etdi və ərazini tərk etməli olduğumuzu bildirdilər. Tutulduğum təqdirdə özümü partlatmağa da hazır idim”, – deyə Əsəd Fərəcov cibindəki qumbaranı göstərdi.
Azərbaycan televiziya kanallarında Azərbaycanın Ağdam şəhərinə gətirilmiş insan cəsədi ilə dolu yük maşını göstərilir. Cəsədlərin bəzilərinin sifətinin dərisi bıçaqla soyulmuş, bəzilərinin də gözləri çıxarılmışdı.
Operator və qərb müxbirlərini aparan vertolyotun pilotu Xocalı ətrafında və Ağdamdan bir neçə mil uzaqlıqda yerləşən dağ keçidi olan Əsgəran dərəsində çox sayda cəsədin olduğunu söylədi.
Ermənilər 1000 nəfəri öldürdü, azərbaycanlılar ittiham edir
The Boston Globe, 3 mart 1992-ci il
Paul Quin-Judge, Bakı, Azərbaycan
Dünən Azərbaycan Ermənistan hərbçilərini kişi, qadın və uşaqları kütləvi şəkildə qətlə yetirməkdə, azərbaycanlıları Dağlıq Qarabağdan çıxmağa məcbur etməkdə ittiham etdi.
Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 azərbaycanlının öldürüldüyünü və Ermənistan silahlılarının qarlı dağ keçidlərində canlarını qurtarmağa çalışan kişi, qadın və uşaqları qırdıqlarını bildirdi.
Hadisə yerində olan jurnalistlər ətraf ərazilərdə öldürülənlərin sayını dəqiq deməyin çətin olduğu söylədilər. “Reuters”in fotoqrafı cəsədlə dolu olan iki yük maşınını, bir rus jurnalist isə başqa ərazidə qətliamın aydın səhnələrini gördüyünü söylədi.
Helikopter ilə əraziyə gedən Azərbaycan rəsmiləri və jurnalistlər başından vurulmuş üç uşaq cəsədini götürdülər. Lakin, “Reuters”in verdiyi məlumata görə, ermənilər digər cəsədləri götürməyə mane olublar.
Xocalının işğalı zamanı çox sayda mülki əhalinin öldürüldüyü barədə xəbərlər getdikcə çoxalırdı.
Azərbaycan Televiziyası tərəfindən çəkilmiş kadrlarda bazar günü Ağdamın meyitxanasında arasında qadın və uşaqların da olduğu təxminən 10 nəfərin cəsədi aydın görünürdü. Müxbirin verdiyi məlumata əsasən, işğal edilən ərazidən 180 nəfərin cəsədi gətirilib. BBC bildirir ki, fransız fotoqraf qadınlar və uşaqlar da daxil olmaqla 31 cəsəd sayıb, çoxuna da yaxın məsafədən, başlarından atəş açılıb.
Eyni zamanda, Xocalının başçısı Elmar Məmmədov Bakıdakı mətbuat konfransında hücumlarda 1000 nəfərin həlak olduğunu, 200 nəfərin itkin düşdüyünq, 300 nəfərin əsir götürüldüyünü və 200 nəfərin yaralandığını bildirdi. O, erməni təcavüzkarlarının yolunu təmizləyən və hücumlara rəhbərlik edən 366-cı alayın hərbçilərini günahlandırır və ittiham edirdi.
Dağlıq Qarabağda qırğın törədilən yerlərdə cəsədlər səpələnib
The Irish Times, 3 mart 1992-ci il
Stefan Bentura, Ağdam, Azərbaycan
Ermənilərin Dağlıq Qarabağa hücumundan xilas olarkən qırğına məruz qalan azərbaycanlıların təhqir edilmiş cəsədləri soyuqdan qurumuş, hücumdan təxminən bir həftə sonra qarla örtülmüş yamaclara yapışmışdı.
Ağdamdan helikopterlə əraziyə gələn jurnalistlər 31 cəsəd saydılar, onların bir çoxuna yaxın məsafədə baş hissədən atəş açılıb, bəzilərinin isə başının dərisi soyulub. Ölmüş kişi, qadın və uşaqların bəzilərinin barmaqları qoparılıb.
Könüllülər daha 20 cəsəd topladılar və onların Ağdamdakı məscidə gətirilməsi nəzərdə tutulur.
Azərbaycanın hakimiyyət orqanlarının və qaçqınların Ermənistan qüvvələrinin Xocalıya hücumu zamanı 1000-dən çox insanın ölməsi ilə bağlı ittihamları fonunda, jurnalistlər Əsgəran tərəfdə yerləşən təpələrdə meyitlər görmüşlər.
Ermənistan onun silahlıları tərəfindən qarla örtülmüş dağ yollarında qətliamdan xilas olmağa çalışan kişi, qadın və uşaqları qətlə yetirdiyini danmaqda davam edir. Lakin qətliam yerlərində səpələnmiş onlarla meyit qırğın ilə bağlı Azərbaycanın məlumatlarının doğru olduğunu göstərir.
Gözləri yarım açıq şəkildə qalan və ölmüş uşağını sinəsinə sıxan bir qadının cəsədi jurnalistləri müşayiət edən Azərbaycan hərbiçilərinin göz yaşlarına səbəb oldu.
Azərbaycanlı pilotun sözlərinə görə, onlarla cəsəd hələ də meşələrdə, Ermənistan mövqelərinin yaxınlığında qalır.
Könüllülər tərəfindən gətirilən 20 meyit qalaq şəklində yığılıb. Bu meyitlər Ermənistan silahlıları ilə əldə edilmiş müvəqqəti atəşkəs zamanı toplanılıb.
Zahid Cabbarov ermənilər tərəfindən törədilən qırğın zamanı həyat yoldaşı və oğlunu itirdiyini bildirdi. O, dünən təxminən 60 meyitin toplandığını, Xocalının daha 50 sakininin artıq dəfn olunduğunu söylədi.
Cabbarovun bildirdiyinə görə, dağlar boyunca bir neçə saatlıq yoldan sonra yüzlərlə Xocalı qaçqını sübh vaxtı Əsgəran ilə Naxçıvanik arasında yerləşən təpəyə çatıblar. Sonra iki zirehli maşın heç bir xəbərdarlıq etmədən onlara atəş açıb. Hamı qaçmağa başlayıb və meşəyə qayıtmağa cəhd göstərib. Əsgərandan gələn Ermənistan silahlıları hərəkət edən hər kəsə atəş açırdılar. O dedi ki, özü üç dostu ilə birlikdə qarla dolu xəndəyə girərək xilas ola bilib.
Zahid Cabbarov deyib ki, ermənilər meşələrdə mühasirəyə aldıqları 300 nəfəri əsir götürdülər: “Daha 200 nəfər öldürüldü və ya yaralandı”.
Xocalı: həmin gecə hələ bitməyib
Komsomolskaya Pravda, 3 mart 1992-ci il
Bizə bu şəkilləri xəbər-servisin fotomüxbiri Oleq Litvin verib. O, bu şəkilləri Xocalıda çəkib. Birinci şəkildəki şəhərin müdafiəsinin rəhbəri olmuş mayor Əlif Hacıyevdir. Şəkil çəkiləndə o, hələ sağ idi… Əhalini hücumdan xilas edərkən ölüb.
Bu uşaqların, qardaşların bəxti gətirib. Onlar Ağdamda hospitalda sağdırlar. İki qardaş da güllə yarası alıb – biri əlindən, digəri isə sinəsindən.
Burada çoxlu qəbirlər var. Lakin həmin dəhşətli gecənin heç də bütün qurbanlarına yas saxlamaq və onları dəfn etmək mümkün olmayıb. Atəş zonasından cəsədləri götürmək çətindir. Xocalıda ölənlərin xatirəsinə məscidlərdə, pravoslav kilsələrində və sinaqoqlarda yas mərasimləri təşkil edilir.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin son məlumatına görə, Ermənistan silahlı qüvvələrinin şəhərin ələ keçirilməsi əməliyyatı zamanı 300-dən çox şəxs girov götürülüb. Xocalını tərk etməyə cəhd edən 500-1000 mülki şəxs Ağdam yolunda əsir götürülüb və onların bir çoxu öldürülüb. Xocalıdan əhalinin kiçik qrupu Ağdama gəlir. Yaralı və ölmüş insanlar döyüş əməliyyatları zonasından çıxarılır. Eyni zamanda, Qarabağdakı Azərbaycan yaşayış məntəqələrinə – Şuşa və Laçın amansız raket və artilleriya atəşinə tutulmaqda davam edir. Bu məntəqələr arasında əlaqə kəsilib.
Qaçqınlar və təzə məzarlar ermənilərin qırğın törətdiyini təsdiqləyir, azərbaycanlılar meşədə qətlə yetirilir
The Independent, 5 mart 1992-ci il
Helen Vomak, Ağdam, Azərbaycan
Qurbanların dəqiq sayı bilinmir, lakin ötən həftə Dağlıq Qarabağın qarlı dağlarında Ermənistan silahlıları tərəfindən azərbaycanlı mülki şəxslərə qarşı qətliam törədilməsinə dair şübhə ola bilməz.
Ağdamda sığınacaq tapan Xocalıdan olan qaçqınlar düşmənin onlara hücumuna, ətraf meşələrdə xilas olmaq üçün qaçanları necə təqib etdiyinə və öldürdüyünə dair birmənalı ifadələr söyləyirlər. Çərşənbə axşamı gecə saatlarında Ağdama çatdıqda məsciddə bizə göstərilən təhqir edilmiş dörd cəsəddən əlavə, dünən mən bir qəbiristanlıqda 75 yeni qazılmış məzar gördüm. Mən, həmçinin dəmir yolu stansiyasında vaqondakı müvəqqəti hospitallarda güllə yarası almış qadınlar və uşaqlar da gördüm.
Azərbaycan şəhəri olan Xocalıda 6000-ə yaxın əhali yaşayırdı. Ağdamın polis komandiri Rəşid Məmmədov yalnız 500 nəfərin qaça bildiyini söylədi. Qalanları haradadır? Bəziləri bəlkə də əsir götürülüb və ya harasa qaçıblar. Bir çox cəsəd hələ də dağlarda idi, çünki azərbaycanlıların onları gətirmək üçün kifayət qədər helikopteri yoxdur. Onun fikrincə, 1000-dən çox insan təxminən 10 dərəcə şaxtada donaraq həlak olub.
Qadınların sinələrinə döyərək ağladığı Ağdam məscidinin kənarında duran qaçqınlardan biri dedi ki, sakinlər əvvəlcə hücumun onların dörd illik münaqişə dövründə öyrəşdikləri müntəzəm atışmalardan biri sanıblar. Lakin sonra onlar erməniləri zirehli döyüş maşınları dəstəsi ilə gördükdə anlayıblar ki, özlərini pulemyot və qumbara ilə müdafiə etməyə ümid bəsləyə bilməzlər və meşələrə qaçıblar. Bir neçə saatdan sonra isə qırğın başlayıb.
Həyat yoldaşı və uşaqlarının əsir götürüldüyünü düşünən bu şəxs digər qaçqınların da dediklərini bizə söylədi. Belə ki, keçmiş sovet ordusu da Ermənistanın Xocalıya hücum etməsində və işğalında onlara kömək edib. “Bu, mənim fikrim deyil, bunları öz gözlərimlə görmüşəm”, – o deyib.
Azərbaycanlı qadınlar qəbirlərin yanında diz çöküb ağı deyirlər. Ailə qurmağa hazırlaşan gənc oğlanların məzarları kuklalarla bəzədilib. Orta yaşlı bir kişi qardaşı oğlunun qəbri yanında dayanmışdı – Əbülfət Əliyev. Doğum tarixi: 1963. Ölüm tarixi: fevral 1992. “Qadınları və uşaqları xilas etmək üçün o, iki dəfə meşəyə qayıtdı. Üçüncü dəfə öldürüldü. Həqiqəti yazın,” – deyən kişi Qərb mətbuatının xristian Ermənistanın xeyrinə və müsəlman Azərbaycanına qarşı ədalətsiz mövqe tutması ilə bağlı formalaşmış ümumi fikri ifadə etdi.
Məscid və qəbiristanlıq onsuz da əzabverici idi, lakin daha ağır səhnələr yaralıların olduğu dəmir yolu vaqonlarında yaşanırdı. Bakıdan gələn həkim Eldar Sıracov fevralın 26-dan etibarən 256 nəfərin müalicə olunduğunu söylədi. Nübar Dünyamaliyeva bel nahiyəsindən güllə yaraları almış, qarnı üstə uzanmışdı. O, dörd uşağı və yaşlı anası ilə meşədə qalmışdı. İki uşağı itkin düşdü, lakin digər üç nəfər də onunla idi. Bəxtləri gətirmişdi ki, onlara Azərbaycanın nəzarətində olan əraziyə yaxın yerdə atəş açılmışdı və sürünərək öz əsgərlərinə çata bilmişdilər.
Bakı universitetindən olan digər cərrah Səttar Yaqubov Xocalıdan öncə sülhə inandığını, lakin indi yeganə çıxış yolunun Dağlıq Qarabağın ermənilərdən təmizlənməsində gördüyünü bildirdi: “Daha erməni görmək istəmirəm”. Hətta həkim Yaqubov kimi sivil adamların belə qısas çağırışları münaqişənin həlli ilə bağlı imkanların məhdud olduğundan xəbər verir.
Geri qayıdarkən azərbaycanlı əsgərlər, görünür, bizi qorxutmaq üçün yaxınlıqdakı ərazilərdə erməni snayperlərinin müşahidə etdikləri qəbiristanlığa apardılar. Onlardan biri mənim qorxduğumu görərək söylədi: “Qorxdun? İndi bizim qadınların necə hisslər keçirdiklərini başa düşərsiniz”.
Tibbi yadım təşkilatı olan “Medecins sans Frontieres” tərəfindən regiona göndərilən qrup dünən 35 minədək azərbaycanlı mülki şəxsin Ermənistan silahlılarının atəşi altında olan Ağdamdan Azərbaycanın paytaxtı Bakıya doğru hərəkət etdiyini bildirdi.
Bakıda müxalif Xalq Cəbhəsi qırğından sonra prezident Ayaz Mütəllibovun istefasını tələb edirdi. Bu gün Azərbaycanın parlamenti fövqəladə sessiya keçirəcək və bu sessiyada prezident Mütəllibovun istefa verməsi üçün güclü təzyiqə məruz qalacağı gözlənilir.
Kameramanın hönkürtüləri ilə qətliamın dəhşətləri yayımlandı
Los Angeles Times, 5 mart 1992-ci il
Karey Qoldberq
Moskva – kamera solmuş kollardan qırmızı qış geyimində olan azyaşlı uşağın donmuş cəsədinə, sonra isə üzləri qanlı, rəngsiz halda olan beş ölü qadına tuşlanarkən kameramanın hönkürtüləri fon əvəzinə səslənirdi.
Azərbaycan televiziyasının müxbiri Çingiz Mustafayev çərşənbə günü Moskvada keçirilən mətbuat konfransında gördüyü səhnənin dəhşətlərindən danışarkən, beynəlxalq ictimaiyyəti diqqəti Xocalıda Ermənistan hərbiçiləri tərəfindən keçən həftə törədilmiş qırğına yönəltməyə çağırdı.
“500 metr radiusu olan ərazi meyitlərlə dolu idi,” – Mustafayev Azərbaycan rəsmilərinin qətliam adlandırdığı hadisəni təsvir edərək söylədi.
Azərbaycan rəsmiləri fevralın 25-də axşam Xocalı işğal olunarkən 1000-ə qədər insanın öldürüldüyünü və 300 nəfərin girov götürüldüyünü bildirir.
Çərşənbə günü şahidlərin ifadələri və rəsmi məlumatlarla birgə Mustafayevin videosunun göstərildiyi mətbuat konfransında Azərbaycan prezidentinin müşaviri Rasim Ağayev keçmiş sovet əsgərlərinin Dağlıq Qarabağda qalan sonuncu alayını Xocalıya hücumda təqsirləndirdi.
“Bu cinayət Azərbaycanı mütəşəkkil ordu qurmaq yolundan döndərmək üçün qorxu yaratmaq məqsədilə Müstəqil Dövlətlər Birliyinin silahlı qüvvələri tərəfindən törədilib, – deyə Ağayev bildirdi. – Bu əməllər müharibə cinayətləri sayılmalıdır. Yalnız azərbaycanlılar öldürüldüyünə görə bu əməllər soyqırımı adlandırılmalıdır”.
Xocalı sakinləri 366-cı alayın şəhərin ələ keçirilməsinə kömək etdiyinə əmindirlər, çünki onların jurnalistlərə dediklərinə görə, ən azı 40 ədəd zirehli maşın onları üç tərəfdən mühasirəyə almışdı. Onlar israr edirlər ki, erməni hərbiçilərinin o qədər zirehli maşını yoxdur.
Çingiz Mustafayevin keçən cümə günü lentə aldığı meyitlər olan ərazi Xocalının şərqində Əsgəranla Naxçıvanik arasında, Xocalı sakinlərinin Ağdama getmək üçün istifadə etdiyi xilas yolunda yerləşir.
Hücumdan sağ qurtaran 40 yaşlı Xocalı sakini mühasib Aleq Əliyevin söylədiyinə görə, xilas olmağa çalışan böyük bir kütlə meşədən boş bir sahəyə çıxan kimi pusquda duran azı iki zirehli döyüş maşınının pulemyot silahlarının atəşinə məruz qaldı. “Onlar fikirləşirdilər ki, artıq təhlükəsiz yerə çatıblar, – o, qohumları və qonşularını nəzərdə tutaraq söylədi. – Onlar Ağdamdan bir qədər aralıda idilər. Lakin onların hamısı öldürüldü”.
Mustafayev ərazidə 100-dən artıq meyit saydığını söylədi. Videolentdə onlarla qadın və uşaqların cəsədi göstərilirdi, bəziləri başlarından vurulmuşdu. Paltarları dağınıq halda idi ki, bu da onların axtarışa məruz qaldığını göstərir.
Jurnalistin bir şahidin ifadəsinə istinadla dediyinə görə, qızıl və pul axtaran hərbiçilər silahlarını köməksiz vəziyyətdə yerə uzanmış yaralı şəxslərin başlarına tuşlayırdılar. Onlardan qiymətli əşyaları tələb olunur və sonra öldürülürdü. Yaxın məsafədən açılan atəşin nəticəsi olan çoxsaylı baş yaralarını bununla izah etmək olar.
Mustafayev bazar ertəsi əraziyə qayıtdıqda iki cəsədin başının dərisinin soyulduğunu və ölü qadının üzünün bir hissəsinin kəsildiyini gördüyünü deyir. O, meyitlərin eybəcər hala salınmasının azərbaycanlıları qorxutmaq məqsədilə edildiyini və ya güman ki, əsgərlərin fəal şəkildə insan öldürdüklərini göstərmək üçün cəsədlərin kəsilmiş hissələrini öz komandirlərinə apardıqlarını söylədi.
Qarabağ faciəsi
Trud, 6 mart 1992-ci il
Qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla mindən çox ölü, yüzlərlə yaralı, itkin düşən və girov götürülənlər – bunlar Ermənistan silahlı birləşmələrinin Azərbaycan şəhəri olan Xocalını ələ keçirməsinin nəticələridir. Bu rəqəmlər Bakıda yerli və xarici jurnalistlər üçün təşkil edilən mətbuat konfransında Azərbaycan Prezidentinin Mətbuat Xidməti tərəfindən elan olunub.
Xocalı şəhərinin rəhbəri E.Məmmədov baş verənləri dörd illik münaqişə müddətində misli görünməmiş miqyasda faciə aldanırdı. O, şəhərin yanvarın 20-dən tam blokadada olduğunu söylədi. Şuşa yaxınlığında səmada mülki helikopter vurulduqdan sonra kənar ərazilərlə sonuncu əlaqə olan hava nəqliyyatı xidməti də dayandı. Bu səbəbdən, şəhərə yaxın vaxtlarda hücum olacağını bildikləri halda belə, hətta qadın və uşaqları evakuasiya edə bilmədilər. Xocalı bir neçə saat kütləvi şəkildə bombardman olunduqdan sonra sağ qalanlar xarabalığa çevrilmiş və alova bürünmüş şəhərdən çıxmağa cəhd etdilər. Lakin silahlılar nə qadın, nə də uşaqlara aman vermədən insanlara yaxın məsafədən atəş açdılar. İki mindən az əhali Ağdama çata bilib. Öldürülən və yaralananlardan başqa xeyli sayda insan donvurmanın qurbanı olmuş, həmçinin amansız işgəncə və xəsarətlər almışdır.
Əvvəlki gün axşamdan başlayaraq Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Sırxavənd kəndinin bombalanması yalnız dünən səhər dayandırıldı. Qarabağ zonası üzrə Daxili İşlər İdarəsinin məlumatına görə, bu qəsəbənin bombalanmasından sonra təxminən 10 nəfər həlak olub və yaralılar var. Erməni birləşmələrinin Sırxavənd kəndini ələ keçirmək üçün dünənki hücumları zirehli texnikanın köməyi ilə iflasa uğradıldı.
Ermənilər azərbaycanlıları girov saxlayır
The Independent, 6 mart 1992-ci il
Helen Vomak, Ağdam, Azərbaycan
Azərbaycan rəsmiləri 600-dək mülki əhalinin Dağlıq Qarabağın dağlarında törədilmiş qırğından sağ qaldığını və onların erməni girovluğundan azad edilməsi üçün danışıqlar aparmağa çalışdıqlarını bildirirlər.
Xocalıda telefonçu işləmiş və ermənilər tərəfindən əsir götürülmüş 20 yaşında olan Dürdanə Ağayeva Əsgəranda Polis Şöbəsinin təcridxanasında daha 30 qadın ilə birlikdə saxlanıldığını söylədi. O, şəhər ətrafında meşədə gizlənərkən Xocalıdan olan onlarla, bəlkə də yüzlərlə qonşusunun erməni silahlıları tərəfindən öldürüldüyünü, özünün isə əsir götürüldüyünü söylədi.
Xocalı işğal olunduqdan sonra ermənilər Şuşa istisna olmaqla faktiki olaraq Dağlıq Qarabağa nəzarət edirlər.
Dürdanə Ağayeva onun və Əsgəranda saxlanan digər şəxslərin döyüldüyünü, ermənilərin onları əqli işgəncəyə məruz qoyduqlarını bildirdi: “Biri dedi ki, mənim başımı kəsəcək. O, zarafat etmirdi. Lakin sonra digəri onu sakitləşdirdi və məni dəyişdirməyin daha yaxşı yol olduğunu söylədi. Elşad (qardaşı) mənimlə gəlməyənə qədər, mən getməkdən imtina etdim”.
Prokuror Xocalının bütün dağlar boyunca səpələnmiş cəsədlərini nümayiş etdirən Azərbaycan televiziya filmini göstərdi. Prokurorun bildirdiyinə görə, 200 meyit geri götürülüb və daha 1500-ü ehtimal ki, hələ də donmuş vəziyyətdə dağlarda qalır.
Cəbhə xəttində “qaynar nöqtələr” genişlənir
Pravda, 7 mart 1992-ci il
Xocalı faciəsi
Şəhər rəhbəri Elman Məmmədov bir neçə saat ərzində 22 qohumunu itirdi, onların arasında anası da var. O söyləyir ki, mühasirədə olan Xocalı əvvəlcə ağır artilleriya atəşinə tutuldu. Şəhərə dörd tərəfdən raketlər, tanklar, zirehli və piyada döyüş maşınlarından fasiləsiz olaraq atəş açılırdı. Saatlarla davam edən artilleriya zərbələri nəticəsində hər şeyin dağıdılması və yandırılmasından sonra zirehli texnikanın dəstəyi ilə erməni silahlıları hücuma başladı. Şəhərin bəzi sağ qalan müdafiəçiləri və mülki əhali buz bağlamış çayın ətrafında yerləşən meşəyə üz tutdu. “Bizim dəstə bütün gecə boyunca qadınlar, uşaqlar, yaşlılar və yaralılar da daxil olmaqla meşə boyunca hərəkət etdi. Səhərə yaxın meşəni tərk etmək üzrə idik – qarşıda Naxçıvanik vardı. Burada biz yaxın məsafədən pulemyot və avtomat silahlardan atəşə tutulduq. Onlar amansız şəkildə taqəti tükənmiş insanlara atəş açdılar. Xeyli sayda həmvətənim, dost və qohumlarım orada həyatını itirdi. Yeddi yoldaşımla birlikdə avtomat silahlarla onları müdafiə etməyə çalışırdıq. Lakin əbəs yerə. Hər tərəfdən əlaqə kəsilmişdi. 12 saat ərzində biz atəş səbəbindən əlimizi belə qaldıra bilmədik, qarlı dərədə qaldıq”, – deyə Məmmədov bildirdi.
Xocalı şəhərinin prokuroru Atakişi Atakişiyev deyir: “Şəhər yer üzündən silindi. Uzun müddət ümid etdiyimiz kömək gəlmədi”.
Etnik münaqişəyə cəlb olunmaq istəmədiyindən 366-cı alayı tərk edən alayın sıraviləri Yuri Yaxnoviç, Aleksey Boqdanov, Pavel Antipin və Pavel Zuyev bunları söylədi.
Aleksey Boqdanov: “Alayın bir çox zabitləri, demək olar ki, bütün gizirləri və əsgərlərinin bəziləri ermənilərdir. Onlar bölükdən axşam döyüş üçün tam təchiz edilmiş piyada maşınlarını götürə və səhər “boş” vəziyyətdə geriyə qayıda bilərlər”.
Müharibənin sərhədləri və miqyası genişlənir.
Qarabağ qısasın qurbanı olur
The Independent, 8 mart 1992-ci il
Helen Vomak, Ağdam, Azərbaycan
“Erməni öləndə siz bunu xəbər edirsiniz. Bizim əhali öləndə siz “onların öldüyünü deyirlər” kimi yazırsınız”. Bu sözləri azərbaycanlı əsgər deyir. O, Qərb jurnalistlərinə Ağdamda məsciddə mülki əhalinin cəsədlərini göstərirdi. Bu insanlar fevralın 25-də ermənilər tərəfindən qətlə yetirilib. “Siz buraya gələrək həmrəylik göstərirsiniz, lakin biz bilirik ki, buradan getdikdən sonra başqa şey yazacaqsınız,” – deyə həmin əsgər söylədi.
Azərbaycanlılar düşünürlər ki, Dağlıq Qarabağda dörd illik müharibədə Qərb xristian Ermənistanın tərəfini tutur.
Ağdama çatan günü cəsədlərin gətirildiyi məscidlərə aparıldım. Azərbaycanlılar söylədilər ki, bu cəsədlər qəsdən qəddarcasına təhqir edilib. “Niyə yalnız dördü,” – əsgərdən soruşdum. Çünki meyitlərin çoxu artıq dəfn edilmişdi. Onun sözlərinə görə, yüzlərlə cəsəd dağlarda qalıb. Qalan dörd meyitin sahibi çıxmayıb, ehtimal ki, onların qohumları da öldürülüb.
Hər keçən gün günahsız insanların öldürülməsinə dair yeni sübutlar ortaya çıxır: onlar döyüş şəraitində ölməyiblər.
Çərşənbə günü səhər tezdən insanlar Ağdam məscidinin kənarında toplaşmışdı. Bu insanların bəziləri Xocalıdan sağ çıxanlar, bəziləri onların qohumları idilər. Onlar ermənilərin təpələrdən cəsədləri toplamağa çalışan azərbaycanlılara atəş açdığından ümidsiz vəziyyətdə olduğunu söylədilər. Polis şöbəsinin rəisi polkovnik Rəşid Məmmədov yalnız 500 nəfər Xocalı sakininin sağ-salamat Ağdama çata bildiyini söylədi.
Qırğın barədə söylənilənlər birmənalıdır: şahidlər adi adamlar idi. Onlar erməni silahlılarının insanları tələyə salaraq qadın, uşaq və yaşlılara fərq qoymadan atəş açmasından danışırdı. Güllə atəşindən qurtula bilən bir çox insan dağlarda donaraq ölmüşdü.
Həyat yoldaşı və iki uşağının girov götürüldüyünü söyləyən pinəçi Ramiz keçmiş sovet ordusundan olan rusların zirehli piyada maşınları ilə ermənilərə kömək etməsini gördüyünü dedi. Digər sağ qalanlar da rus hərbçilərinin qətliamda iştirak etməsindən danışırdılar.
Məscidin kənarı Azərbaycanın bölgələrindən gələn insanlarla daha da dolmuşdu. Onlar qəzəbli idilər, çünki meyitlər hələ götürülməyib. Adil Qasımov dağlardan 200-ə qədər meyidin götürüldüyünü, lakin onun fikrincə, 1500-ə kimi cəsədin hələ də orada qaldığını söylədi. Ehtimal ki, Xocalının daha 600 sakini ermənilər tərəfindən əsir götürülüb.
Əvvəlki döyüşlərdə artilleriya atəşi nəticəsində şəhərin xəstəxanasının sıradan çıxması səbəbindən Ağdam dəmir yolu stansiyasında bir sərnişin vaqonu müvəqqəti klinikaya çevrilib. Xocalıdan olan 256 nəfərə burada ilkin tibbi yardım göstərilib. 43 yaşlı Nübar Dünyamalıyeva də onlardan biridir. O, güllə yarası alaraq Azərbaycan mövqelərinə tərəf necə süründüyündən danışdı. İki uşağı onunla birlikdə xilas ola bilmiş, lakin digər ikisi itkin düşmüşdü. 60 yaşlı Səyalə Zeynalova da güllə yarası alıb. Onunla birlikdə olan qızı da ayağından yaralanmışdı. Səyalə beş oğlundan ikisinin gözləri qarşısında güllə ilə öldürüldüyünü və qalanlarının itkin düşdüyünü söylədi.
Həkim Eldar Sıracov dəhşətli fəlakətin baş verdiyini, lakin dünyanın susduğunu dedi. “Ermənistan geniş və güclü diaspora malik olduğuna görə Qərb həmişə onların tərəfini tutub,” – deyə o söylədi.
Azərbaycanlılar total müharibəyə cəlb olunarkən meyitxanalar doludur
The Sunday Times, 8 mart 1992-ci il
Tomas Goltz, erməni əsgərləri tərəfindən törədilən qətliam barədə Ağdamdan xəbər verir
Xocalı Azərbaycan şəhəri idi. Vaxtilə xoşbəxt vaxtlarında sahələr becərən və qaz sürülərinə baxan minlərlə azərbaycanlının yurdu olmuşdur. Ötən həftə Xocalı xəritədən silindi.
Azərbaycan rayonu olan Ağdama sızan ürəkbulandırıcı xəbərlər və cəsədlərlə dolu meyitxanalar Xocalının, boş dağətəyi ətraf ərazilərin və yarğanların Sovet İttifaqının dağılmasından sonra ən dəhşətli qırğının mərkəzi olmasına şübhə yeri qoymurdu.
Xocalıya gedən sonuncu qərbli mən idim. Yanvar ayı idi və insanlar öz acı taleləri ilə barışmışdılar. Bizi şəhərə aparan helikopterin göyərtəsindəki dörd uşaq anası Zümrüd Ezoya hər an güllələnə biləcəklərini dedi. O və ailəsi ermənilər tərəfindən törədilən 26 fevral qətliamının qurbanlarındandır.
“Ermənilər kənar kəndləri bir-bir tuturdular və hökumət heç nə etmirdi”, – 55 yaşlı 5 uşaq atası Balakişi Şakirov dedi. “Daha sonra, onlar bizi ya qovacaq, ya da öldürəcəkdilər”, – onun həyat yoldaşı Dilbər bildirdi. Söhbət etdiyim əksər insanlar kimi, onların da övadları qətliamda öldürülmüşdülər.
Azərbaycanlı operator lentə aldığı videoda cəsədləri çəkdikcə fəryad edib ağlayırdı, yüksəyə qalxdıqca ermənilərin əlindən meşəyə sığınmağa çalışan kəndlilərdən ibarət boz ölüm cığırı göstərilirdi.
“Ermənilər sadəcə dayanmadan atəş açırdılar”, – Ağdamda xəstəxanada yatan Ömər Veysəlov bildirdi. – Yoldaşımın və qızımın mənə doğru yıxıldığını gördüm”.
İnsanlar xəstəxana dəhlizlərində yaxınlarından xəbər tutmaq istəyirdilər. Bəziləri əcnəbilərə öz narazılıqlarını bildirirdilər. “Qızım haradadır, oğlum haradadır?” – deyə bir ana fəryad edirdi. – Zorlanmış. Qətl edilmiş. İtkin düşmüşdür”.
X X X
Bu faktlar bir daha sübut edir ki, Azərbaycanın Xocalı şəhərində törədilmiş cinayətlər təsadüfi deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsidir. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.
Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş müharibə cinayətidir. Bu cinayəti törədənlər mühakimə olunmalı və cəzalandırılmalıdır. Həmin vaxt Azərbaycanda olmuş xarici jurnalistlərin gözləri ilə gördükləri, yaxud hadisə şahidlərinin dedikləri əsasında yazdıqları materiallar da ədalət mühakiməsi üçün təkzibedilməz sübutlar ola bilər.