Xocalı hadisələrinin ədalətli mühakiməsi
I Yazı: “Şərəfsiz əclaflar”
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində ermənilərin törətdiyi qəddar və vəhşi əməllər dünya miqyasında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən hesab edilə bilər. Rəsmi məlumatlara görə, Xocalı şəhərinin 5379 nəfər sakini deportasiyaya məruz qalmış, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1275 nəfər əsir və girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir. Hadisələr zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilmiş, dözülməz işgəncələr verilmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılmışdır. Qadınların qarınları yarılmış, adamlar diri-diri torpağa basdırılmış və ya yandırılmış, meyitlər zorakılığa məruz qalmışdır.
Azərbaycan xalqı hər il bu hadisələri kədərlə yad edir, həlak olmuş vətəndaşlarımızın xatirəsinə yas tutur. Dövlət və qeyri-hökumət təşkilatları səviyyəsində Xocalı hadisələrinə dünya miqyasında düzgün siyasi qiymət verilməsi üçün iri-miqyaslı layihələr həyata keçirilir. Bu istiqamətdə çoxlu nailiyyətlər əldə edilməkdədir.
Lakin, bu araşdırmada biz məsələyə sırf hüquqi qiymət verilməsi ilə bağlı mövcud vəziyyətə toxunmaq istəyirik.
Respublika prokurorluğunun rəsmi məlumatına əsasən, Xocalı hadisələrində 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmişdir. Bəs, bu cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün nə lazımdır?
Azərbaycan Respublikasının Cinayət qanunvericiliyinə əsasən, 16 yaşına çatmış fiziki anlaqlı şəxs soyqırımı cinayətinin subyektidir. Ancaq, beynəlxalq cinayət törətməyə görə fiziki şəxslərin məsuliyyətinin müəyyən xüsusiyyətləri mövcuddur. Belə ki, fiziki şəxslərin beynəlxalq birlik tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi, müəyyən qədər həmin şəxsin öz dövlətinin yurizdiksiyasından çıxmasına, həmin şəxslərin beynəlxalq hüququn subyektinə çevrilməsinə səbəb olur.
Buna görə də soyqırımı cinayəti törədən şəxslərə qarşı universal yurizdiksiya tətbiq olunur. Milli məhkəmə orqanlarının yurizdiksiyasında fərqli olaraq, beynəlxalq cinayətlər dövlətin ərazisindən kənarda törədilməsindən, cinayəti törədənin və zərərçəkənin həmin dövlətin vətəndaşı olub-olmamasından, həmçinin həmin dövlətin maraqlarına ziyan vurub-vurmamasından asılı olmayaraq, milli məhkəmə orqanlarına həmin cinayətlə əlaqədar yurizdiksiyanı həyata keçirməyə imkan verir. Hətta beynəlxalq hüquq milli məhkəmə orqanlarının üzərinə bu cür öhdəlik qoyur, yəni universal yurizdiksiya tələb edir. Yurizdiksiyanın universiallığı aut yudikare, aut dedare (ya cəzalandır ya da ver) prinsipindən irəli gəlir.
Deməli, Azərbaycan xalqına qarşı soyqırım törətmiş şəxsləri məsuliyətə cəlb etmək Azərbaycan dövlətinin, eyni zamandahəm hüququ, həm də vəzifəsidir.
“Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT-nin 1948-ci il 9 dekabr tarixli Konvensiyaya əsasən bu, konvensiyanın müddəalarının qüvvəyə minməsi üçün razılığa gəlmiş tərəflərin hər biri, xüsusilə soyqırımı və digər əməllərin törədilməsində təqsirli bilinən şəxslərin cəzalandırılması üçün səmərəli tədbirlər nəzərdə tutan zəruri qanunvericiliyi öz konstitusion proseduruna uyğun olaraq qəbul etmək öhdəliyini götürürlər. Azərbaycan Respublikasının Milli Məclisi 31 may 1996-cı il tarixdə, həmin konvensiyaya qoşulmaq barədə qanun qəbul etmişdir. Bununla da, Azərbaycan dövləti təkcə azərbaycanlılara (azərbaycan türklərinə) qarşı deyil, istənilən soyqırım əməlinin təqib olunması və cəzalandırılmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, bu öhdəliyin icrasına başlamaq, yalnız bu cinayəti təsbit edən 1999-cu il Cinayət Məcəlləsi qüvvəyə mindikdən sonra mümkün olmuşdur. Azərbaycan Respublikasının yeni Cinayət Məcələsi ilk dəfə olaraq sülh və insanlıq əleyhinə cinayətlərin dəqiq siyahısını müəyyən etdi. Məcəllənin 103-cü maddəsi isə konkret olaraq soyqırıma görə məsuliyyəti təsbit etdi. Maddənin dispozisiyasına əsasən hər hansı milli, etnik, irqi və ya dini qrupu bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə soyqırım hesab edilir.
Bu məcəllənin qüvvəyə minməsi ilə Azərbaycan dövləti daha bir beynəlxalq öhdəliyini yerinə yetirmiş oldu. Belə ki, respublikamızın “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya” ilə eyni gündə, yəni 31 may 1996-cı il tarixdə qoşulduğu BMT Baş Məclisinin 26 noyabr 1968-ci il tarixli 2931 (XXIII) saylı qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlbetmə
müddətinin tətbiq edilməməsi haqqında” Konvensiyanan birinci maddəsinə əsasən, müharibə cinayətləri törədildiyi vaxtdan asılı olmayaraq, onlara cinayət məsuliyyətinə cəlb etmə müddəti tətbiq edilmir. Bu cür müddəa yeni Cinayət Məcəlləsində də təsbit edildi. Belə ki, məcəllənin 75.5-ci maddəsinə əsasən xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə cəlbetmə müddəti barədə müddəalar tətbiq edilmir.
Artıq dövlət səviyyəsində Xocalıda baş vermiş cinayətləri törədən şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımlar atılmağa başlandı. Belə ki, 2003-cü il dekabrın 18-də Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin istintaq edilməsi və onlara hüquqi qiymət verilməsinin, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları barəsində beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdı. İstintaq-əməliyyat qrupu müəyyən işlər görsə də, fikrimizcə, qanunvericilikdə olan müəyyən boşluq bu işin tam gücü ilə getməsinə mane olurdu.
Məsələ burasındadır ki, Cinayət Məcəlləsinin qüvvəyə minməsi heç də Azərbaycan dövlətinin öz öhdəliklərini yerinə yetirə bilməsi üçün kifayət etmirdi. Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Bu isə o demək idi ki, azərbaycanlılara (azərbaycan türklərinə) qarşı məlum cinayət əməlləri törədilən zaman respublikamızın Cinayət Məcəlləsində soyqırım əməli cinayət kimi tanınmadığından, onların soyqırım kimi tövsif edilərək cəzalandırılması qeyri-mümkün idi. İlk baxışda olduqca ədalətsiz vəziyyət yaranmışdı.
Hazırkı araşdırmanın müəllifi 2002-ci ildə postsovet məkanında ilk dəfə olaraq “Soyqırıma görə cinayət məsuliyyəti” mövzusunda diplom işi yerinə yetirərkən belə bir təkliflə çıxış etmişdi ki, Azərbaycan dövləti bu problemin həlli üçün bütün zəruri qanunvericilik tədbirlərini həyata keçirməlidir. İlk növbədə qanunvericilik tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsinə sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə münasibətdə cinayət qanununun geriyə şamil edilməsi barədə müddəanın daxil edilməsi təklif edilmişdi. Eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq öhdəlikləri əsas götürülərək azərbaycanlılara qarşı törədilmiş cinayətlərin təqibi üçün ayrıca beynəlxalq məhkəmənin yaradılması təklif edilmişdi.
Lakin, gec də olsa qanuncericilik səviyyəsində lazımi dəyişikliklər həyata keçirildi. 12 may 2006-cı il və 5 dekabr 2006-cı il tarixlərdə “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edildi və qüvvəyə mindi. Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilməlidir. Əslində həmin müddəanın Konstitusiya qanunu səviyyəsində qəbul edilməsi Azərbaycan dövlətinin bu prosesə verdiyi əhəmiyyətin göstəricisidir.
Preambulaya əsasən, bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırımı və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədilə qəbul edilir. Fikrimizcə, burada göstərilən sferada Azərbaycan dövlətinin tərəfdar çıxdığı digər beynəlxalq-hüquqi aktların, o cümlədən “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya” və hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməməsi haqqında” Konvensiyalara istinad edilməsi daha məqsədəmüvafiq olardı.
Konstitusiya qanununun birinci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz. İkinci maddədə isə Cinayət Məcəlləsində təsbit edilmiş yuxarıda qeyd edilən “nullum crimen sine lege” (qanunda göstərilməyən əməl cinayət sayılmır) prinsipinin əhəmiyyəti də vurğulanaraq qeyd edilir ki, bu Konstitusiya Qanununun 1-ci maddəsində nəzərdə tutulan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərin cinayət təqibi, yalnız həmin əmələ görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məsuliyyət müəyyən edildikdən sonra həyata keçirilə bilər.
Beləliklə, artıq Xocalı hadisələrinin, eləcə də bütövlükdə ermənilər tərəfinədn azərbaycanlılara (azərbaycan türklərinə) qarşı törədilən soyqırım və digər cinayət əməllərinin istintaqı üçün qanunvercilik səviyyəsində heç bir maneə qalmadı. Bir müddət sonra Azərbaycan Respublikası baş prokurorunun 2009-cu il 30 mart tarixli əmri ilə sülh və insanlıq əleyhinə törədilmiş həmin ağır və xüsusilə ağır cinayətlərin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsi yaradıldı. Hərbi Prokurorluq tərəfindən bu qəbildən olan işlərin icraatı təzələnməklə istintaqın başa çatdırılması, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları barəsində beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz istintaq işləri aparılmağa başladı. Qrup tərəfindən cinayət işi üzrə bugünədək sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətdiyi müəyyən olunmuş 248 nəfər, onlardan Xocalı soyqırımı üzrə 39 nəfər, Qaradağlı soyqırımı üzrə 12 nəfər, Bağanıs-Ayrım soyqırımı üzrə 18 nəfər, Meşəli soyqırımı üzrə 9 nəfər, Kərgicahan soyqırımı üzrə 47 nəfər, işgəncə faktları üzrə 35 nəfər, terrorçuluq faktı üzrə 3 nəfər, digər epizodlar üzrə 85 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, cinayət barədə məlumat verməmə və s. cinayətlər törətmiş 48 nəfər, yəni, cəmi: 296 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmış, məhkəmə qərarına əsasən barələrində həbs-qətimkan tədbiri seçilmiş və axtarışları ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilmişdir.
Ancaq bütün bu görülən işlər Xocalı hadisələrini rəsmi şəkildə soyqırım kimi qiymətləndirmək üçün kifayət etmir. Belə ki, Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bütün digər əlamətləri mövcud olsa və cinayət faktı lap məhkəmə yolu ilə təsdiqini tapsa belə, onu törədən şəxs müəyyən edilmədikcə, təqsiri sübuta yetirilmədikcə və barəsində cəza təyin edilmədikcə, cinayət tərkibi tamamlanmamış olur. Bu halda hansısa cinayətin törədilməsi faktı təsdiq edilməmiş sayılır. Yuxarıda sadalanan beynəlxalq müddəalara əsaslansaq, göstərilən şəxslərin məsuliyyətə cəlb edilməsinə köməklik göstərmək, onların ərazilərində yaşadıqları bütün dövlətlərin, o cümlədən Azərbaycan torpaqlarının 20%-ə qədərini işğal edərək faktiki nəzarət altında saxlayan Ermənistan dövlətinin də vəzifəsidir. Lakin Ermənistan dövlətinin belə bir addımı atacağını gözləmək sadəcə gülünc görünür.
Bu halda hər kəsi bir sual maraqlandıra bilər: erməni cinayətkarlar, bu “şərəfsiz əclaflar” nə vaxtsa törətdiyi əməllərə görə ədalətli məhkəmə qarşısında cavab verərək törətdikləri əməllərə görə layiqli cəzalarını alacaqlarmı?
“Şərəfsiz əclaflar” (ingiliscə Inglourious Basterds) – ABŞ rejissoru Kventin Tarantinonun ikinci dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqda çəkdiyi bədii filmdir. Filmdə alman faşistlərinin yəhudilərə qarşı törətdiyi vəhşiliklər zəminində, bir qrup şəxsin cinayətkarlara qarşı hüquqdan kənar qəddar mübarizə üsullarına haqq qazandırılır. Rejissorun çatdırmaq istədiyi əsas ideya da bundan ibarətdir ki, ikinci dünya müharibəsində faşistlərin törətdiyi əməllərə görə istənilən şəkildə cəzalandırma üsulu ədalətli hesab olunmalıdır. Kino mütəxəssisləri tərəfindən filmin çox yüksək qiymətləndirilməsi də dünya ictimaiyyətini bu fikirlə həmrəy olmasını nümayiş etdirir.
Cinayətkarların məhkəmədən kənar layiqli cəzalandırılması hallarına sadəcə filmlərdə rast gəlinmir. 1972-ci il Münhen Olimpiadası zamanı israilli idmançılar “Qara Sentyabr” adlandıran silahlı qruplaşmanın hücumuna məruz qalmışdı. Dramatik cərəyan edən hadisələrin sonunda ümumilikdə 11 israilli idmançı və məşqçi, 5 silahlı qruplaşma üzvü həlak olur. Eyni zamanda terrorçuların 5-i öldürülür, 2 nəfər sağ, 1 nəfər isə yaralı olaraq ələ keçirilir, 3-ü isə qaçır.
Bəs İsrail dövləti nə edir?
9 aprel 1973-cü ildə İsrail Beyrutda MOSSAD-ın və SAXAL-ın (İsrail Müdafiə Ordusu) qüvvələri hesabına “Gənclik baharı”na qarşı keçirdiyi əməliyyatın nəticəsində “Qara sentyabr”ı təşkil etməkdə ittiham edilən digər 3 terrorçu sadəcə qətlə yetirilir. Bundan başqa, Fələstinin azadlığı uğrunda Xalq Cəbhəsinin Beyrutda yerləşən qərargahı və FƏTH-in partlayıcı maddələr istehsal edən zavodu partladılır. Sonradan yalan olduğu təsdiq olunan məlumatlar əsas götürülərək, Münhendə törədilən terror aktına heç bir aidiyyəti olmayan daha bir şəxs avtomobilinə bomba qoyularaq partladılır. Hətta Fələstinin Azadlığı Təşkilatının rəhbəri Atef Bseysonun 1992-ci ildə Parisdə qətlə yetirilməsi də Münhendəki hadisələrlə əlaqələndirilir.
Beləliklə, İsrail dövləti heç bir milli və beynəlxalq qanunlara məhəl qoymayaraq, cinayətkarları öz metodları ilə artıqlaması ilə qəddarcasına cəzalandırır, öz idmançılarının intiqamını alır. Eyni zamanda, düşmənlərinə göz dağı verir. Bu o demək deyil ki, İsrail dövləti hər zaman yalnız qanunsuz vasitələrdən istifadə edir. Yarandığı gündən bugünədək, İsrail dövləti yəhudilərə qarşı beynəlxalq cinayətlərdə əli olan keçmiş nasistlərin aşkar edilib ədalətli şəkildə mühakimə edilməsi üçün bütün vasitələrdən istifadə etmiş və buna nail olmuşdur. Lakin, buna görə İsrail dövlətini heç kəs qınamır, əksinə vətəndaşlarının haqqını hətta ölümlərindən sonra da qoruduğu üçün təqdir edir.
Bəs Azərbaycan dövləti bu cür üsulları tətbiq edə bilərmi?
Artıq ictimaiyyətdə belə bir fikir irəli sürülmüş və maraqlıdır ki, ilk növbədə özümüzdən olan bəzi “humanistlər” tərəfindən kəskin etirazla qarşılanmışdı. Lakin, hər şey dövlətin gücündən, qüdrətindən və imkanlarından asılıdır. Artıq dövlətimiz bir dəfə bu cür analoji addımı atıb. 2012-ci ildə bayrağımızı təhqir etmiş erməni zabitini layiqli cəzasına çatdıran Azərbaycan zabiti Ramil Səfərov dövlət başçısının uzun müddət davam edən səyləri nəticəsində Azərbaycana ekstradisiya olundu. Cənab Prezident bundan sonra daha da qətiyyətli addım atdı, Ramil Səfərovu əfv edərək azadlığa qovuşdurdu. Bu addım nəinki xarici, daxildəki düşmənlərimizə də göz dağı oldu. Əlbəttə, dövlət başçısı bu addımı atarkən qarşılaşacağı təzyiqləri əvvəlcədən görürdü. Lakin, buna baxmayaraq öz qətiyyəti ilə, Azərbaycan dövlətinin öz vətəndaşının və bayrağı üçün şüurlu şəkildə azadlığını qurban vermiş zabitinin taleyinə qarşı biganə olmadığını sübut etdi. Bu faktın özü dövlətimizin tezliklə istər hüquqi, istərsə də hüquqdankənar üsullarla xalqımıza qarşı ağır cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilərək ədalətli şəkildə cəzalandırılacağına ümidlərimizi artır. Qisas isə qiyamətə qalmaz deyib atalar…
Aqşin Atalızadə
Hüquqşünas