Nürnberq Tribunalının analoqu olmayan presedenti və 366-cı alayın məsuliyyəti problemi
Əvvəlki yazıda biz mövcud qanunvericiliyin və beynəlxalq hüquqi aktların təhlili əsasında Xocalı hadisələrini və azərbaycanlılara qarşı soyqırım və digər ağır cinayətləri törədən ayrı-ayrı erməni cinayətkarlarının məsuliyyətə cəlb edilməsi problemini tədqiq etmişdik. Hazırki və sonrakı məqalələrdə isə biz aşağıdakı suala cavab verməyə çalışacağıq: 366-cı alay, eləcə də erməni cinayətkarlarından ibarət olan digər qurumlar bir cinayətkar birlik kimi məsuliyyətə cəlb edilə bilərmi və bunun nə dərəcədə əhəmiyyəti var?
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi birmənalı şəkildə istənilən cinayətə, o cümlədən, sülh və insanlıq əleyhinə törədilən cinayətlərə görə yalnız fiziki şəxslərin cinayət məsuliyyətini nəzərdə tutur. Lakin, soyqırım cinayəti əhalinin kütləvi məhvi ilə müşayiət olunur. Bu isə bir, yaxud bir neçə şəxsin törədə biləcəyi bir əməl deyil. Bundan əlavə, bu cinayətin xarakterik əlaməti kimi milli, etnik, irqi, dini qrupu bütövlükdə və ya qismən məhv etməkdən ibarət olan niyyət çıxış edir. Deməli, istənilən halda bu cinayət vahid mərkəzləşdirilmiş komandanlığı olan hərbi, yaxud siyasi birlik tərəfindən planlaşdırılıb həyata keçirilə bilər. Bəs, Xocalı hadisələri zamanı belə bir mütəşəkkil cinayətkar qurum kimi nə çıxış edib?
Xocalıda və digər yerlərdə mülki əhaliyə qarşı törədilən cinayətlərin istintaqını aparan
Azərbaycan Respublikası Baş prokurorunun 2009-cu il 30 mart tarixli əmri ilə yaradılmış Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsi tərəfindən göstərilən əməllərdə təqsirləndirilən aşağıdakı xüsusi subyektlər fərqləndirilmişdir:
– Ermənistanın silahlı birləşmələri;
– Dağlıq Qarabağdakı qanunsuz erməni silahlı dəstələri;
– SSRİ (MDB)-nin 366-cı alayı; – Ermənistan Respublikasının xüsusi xidmət orqanları.
Biz isə həmin subyektləri ümumiləşdirərək təsnifatımızı və buna uyğun təhlilimizi üç istiqamət üzrə aparacağıq:
– SSRİ (MDB)-nin 366-cı alayı
– Ermənistan dövləti və onun silahlı birləşmələri
– erməni xalqı
Cinayətkar alay
Sovet ordusunun 4-cü ordusunun, 23-cü diviziyasının tərkibində olan 366-cı alay Gəncə şəhərində dislokasiya olsa da, 1985-ci ildə Xankəndinə köçürülmüşdü. Bu fakt, onun ermənilərin cinayətkar əməllərində iştirak edəcəyinin əvvəlcədən planlaşdırıldığını göstərir. 1992-ci ilin fevral ayında alayda 630 hərbçi xidmət edirdi. 129 zabit və gizir heyətinin 49 nəfəri isə erməni idi. Ancaq, çoxsaylı şahid ifadələri alayın bütövlükdə ermənilərin nəzarətində olmasını göstərir. Hərbi Prokurorluğun məlumatında da qeyd olunur ki, 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş və onların Azərbaycan Respublikası CM-nin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-nin 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılmış, barələrində məhkəmələr tərəfindən həbs qəti mkan tədbiri seçilmiş və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir. Məlum olduğu kimi cinayət qanunvericiliyi, yalnız qanunla müəyyən edilmiş yaş həddinə çatmış, anlaqlı fiziki şəxsləri cinayət məsuliyyətinə cəlb etməyə imkan verir. Buna görə də, Hərbi Prokurorluğun apardığı istintaq zamanı bütövlükdə 366-cı alayın özü deyil, onun hərbi qulluqçularının cinayət məsuliyyətinə cəlb edilməsi qərarı çıxarılmışdır.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi təşkilatların, qurumların və hüquqi şəxslərin cinayət məsuliyyətini birmənalı şəkildə inkar edir.
Təşkilatların cinayət məsuliyyəti problemi
Roma hüququndan bugünədək qalan ənənəyə əsasən, societas delinquere non potest, yəni hüquqi şəxslər heç vaxt cinayətin subyekti ola bilməz. Ancaq, bir sıra ölkələrin qanunvericiliyində hüquqi şəxslərin məsuliyyəti nəzərdə tutulmuşdur. Məsələn, ABŞ-ın Nyu-York ştatının Cinayət Məcəlləsinin 193-cü paraqrafında hüquqi şəxslər üçün cinayət törətdikləri halda 5000 dollara qədər cərimə nəzərdə tutulur. 1950-ci ildə ABŞ-da daxili təhlükəsizlik haqqında Makkaren-Vudz qanunu lazımi qaydada qeydiyyatdan keçməyib, hesabat qaydalarını pozan təşkilatlara 10000 dollara qədər cərimə müəyyən etdi, sonradan bu müddəa cinayət qanunvericiliyinə daxil edildi. Beynəlxalq hüquqda da hüquqi şəxslərin cinayət məsuliyyətinin təsbiti üçün cəhdlər olmuşdur.
İlk dəfə 1929-cu ildə beynəlxalq cinayət hüququ asossiasiyasının Buxarest konqresində geniş nəzəri planda xüsusi olaraq hüquqi şəxslərin cinayət hüquqi məsuliyyəti məsələsi ortaya qoyuldu. İlk Beynəlxalq Cinayət Məcəlləsinin layihəsində də bu məsələ öz əksini tapmışdı. Beynəlxalq Cinayət Məhkəməsinin təsis edilməsi üzrə fond tərəfindən hazırlanmış “Sülh və insanlıq əleyhinə cinayətlər” Məcəlləsinin layihəsində də bu məsələ öz əksini tapmışdır. Layihədə transmilli korporasiyaların “Sülh və insanlıq əleyhinə cinayətləri” fərqləndirilmişdi. Buraya dövlətin suverenliyinin pozulması, iqtisadi resursların və bütün iqtisadi fəaliyyətin zəbt edilməsi, dövlətin milli qanunvericiliyinə riayət etməmə, daxili işlərə müdaxilə və s. aid edilmişdi. Hüquqi şəxslərin cinayət hüquqi məsuliyyəti “Beynəlxalq Cinayət Məhkəməsinin Statutu”nun ilkin layihəsində də öz əksini tapmışdı. Lakin, layihə sonradan çoxlu dəyişikliklərə məruz qaldı və hüquqi şəxslərin məsuliyyətini nəzərdə tutan 14-cü maddə 1990-cı illərin əvvəllərində Statutdançıxarıldı.
Hüquqi şəxslərin cinayət məsuliyyətinin mövcud olduğunu qeyd edən alimlərin fikrincə isə, həmin institut onu təşkil edən şəxslərin kollektiv məsuliyyətini nəzərdə tutur, bu isə əksər dövlətlərin qanunvericiliyinə görə yolverilməzdir. Burada da əsas çətinlik hüquqi şəxslərin təqsirinin müəyyən edilməsidir. Elmdə hüquqi şəxslərin cinayət məsuliyyətinin subyekti olması, təkcə onun cinayət əməllərini müstəqil törətməsi ilə deyil, həm də fiziki şəxslərin ictimai təhlükəli əməllərinin nəticələrinin hüquqi şəxslərin üzərinə köçürülməsi ilə əlaqələndirilir.
Nürnberq təcrübəsi
Bu sahədə yeganə presedent Nürnberq Hərbi Tribunalının hökmü ilə Hitler təşkilatlarının (Gestapo, SS, SD) cinayətkar hesab edilməsidir. Tribunal hökmündə qeyd etmişdi ki, bu təşkilatlardan Tribunalın Nizamnaməsinə əsasən cinayət hesab edilən əməllərdə (yəhudiləri təqib və məhv etmə, əsir düşərgələrində vəhşiliklər və qətllər, qul əməyindən istifadə edilməsi və hərbi əsirlərlə vəhşicəsinə davranış) istifadə edilmişdir. Tribunal qərar çıxararkən təşkilatların müharibə cinayətlərində və insanlıq əleyhinə cinayətlərdə iştirak etməsi faktını əsas götürmüşdü. Ancaq, bütünlükdə bu qrupların özləri deyil, ya onların birbaşa beynəlxalq cinayət törədən və iştirak edən, ya da həmin təşkilatların üzvü olmaqla onun törədilməsinə kömək edən şəxslərdən ibarət olan ayrı-ayrı qruplaşmaları cinayətkar hesab edilmişdir. Bununla belə, Beynəlxalq Hərbi tribunal belə hesab etmişdi ki, təşkilat (hüquqi şəxs) bütövlükdə ictimai təhlükəli əməl-cinayət törədə bilər və bunu təsadüfən deyil, kollektiv iradənin ifadə edilməsi üçün müəyyən edilmiş qaydada qəbul edilən qərarların həyata keçirilməsi üçün edə bilər.
Tribunalın Nizamnaməsi kimi “Avropa oxu” ölkələrinin başlıca hərbi cinayətlərinin məhkəmə təqibi və cəzalandırılması haqqında” 08 avqust 1945-ci il tarixli London sazişində də fərdlərin ayrılıqda məsuliyyəti ilə onların təşkilat və qrupların üzvləri kimi məsuliyyəti bir-birindən fərqləndirilmişdi.
366-cı alayın və onun hərbi qulluqçularının məsuliyyəti
Azərbaycan Respublikası Baş prokurorunun 2009-cu il 30 mart tarixli əmrində qeyd olunmuşdur ki, 366-cı alayının hərbçilərinin törətdikləri əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır. Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmiş, 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan – döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar edilməsi kimi qadağan olunmuş tələblər kobud surətdə pozulmuşdur. Göründüyü kimi, 366-cı alayın törətdiyi əməllərdə konkret olaraq onun hərbiçilərinin təqsiri müəyyən edilməlidir. Burada isə sıravi icraçı əsgərlə yanaşı, cinayətkar əməllərin kim tərəfindən planlaşdırılması, əmrin kim tərəfindən verilməsi əhəmiyyət kəsb edir.
Nürnberq Hərbi tribunalının Nizamnaməsinin VI maddəsi beynəlxalq cinayətlərdə iştirakçı ola biləcək şəxslərin olduqca geniş dairəsini müəyyən edərək, bütün məsul şəxsləri buraya aid etmişdi. Buraya həmin cinayətlərin həyata keçirilməsində, planlaşdırılmasında, hazırlanmasında iştirak etmiş, bu barədə xəbərdar olan və cinayətkar siyasətin həyata keçirilməsinə və formalaşmasına təsir göstərən hər kəs aid edilmişdi. Oxşar müddəalar 9 dekabr 1948-ci ildə qəbul edilmiş «Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiyada da əksini tapmışdı. Konvensiyanın üçüncü maddəsi, soyqırım əməlinin törədilməsi ilə yanaşı, soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə, soyqırım törətməyə birbaşa və açıq təhrik, soyqırım törətməyə yönəlmiş qəsd və soyqırımda iştirakı da cəzalandırılan əməllər siyahısına aid etmişdi.
Şahid ifadələri göstərir ki, 366-cı alayın komandiri Yuri Zarviqarov, birinci batalyonun qərargah rəisi, ikinci batalyonun komandiri, Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyan və digərləri azərbaycanlıların məhvini planlaşdırıb, müxtəlif hərbi texnikanı, artilleriya sistemlərini tətbiq edərək Xocalını məhv edib, orada yaşayan dinc əhalini xüsusi amansızlıqla qətlə yetiriblər. Deməli, törədilən həmin cinayətlərə görə 366-cı alayın təkcə bilavasitə əsgərləri deyil, həm də cinayətkar əmrləri verən, onu planlaşdıran, bu əmrləri icra etməyə təhrik edən bütün vəzifəli şəxsləri məsuliyyət daşıyır.
Əmri icra edən əsgər məsuliyyət daşıyırmı?
Nürnberq Hərbi Tribunalının Nizamnaməsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin hökumət sərəncamı və ya rəisin əmrinə uyğun hərəkət etməyi, onu məsuliyyətdən azad etmir, ancaq, ədalət mühakiməsinin maraqları tələb etdiyi hallarda bu cəzanı yüngülləşdirmək üçün əsas hesab edilə bilər. Yuqoslaviya və Ruanda hərbi tribunallarının Nizamnamələrində də tabeliyində olan şəxsin öz əməllərini hökumətin və ya yüksək vəzifəli şəxsin əmrləri əsasında törətməsi onların məsuliyyətini aradan qaldıran hal kimi nəzərdə tutulmamışdır.
Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsasən, Məhkəmənin yurisdiksiyası altına düşən cinayətlərin, hökumətin mülki və hərbi rəisin əmri ilə törədilməsi aşağıdakı hallar istisna olmaqla şəxsi cinayət məsuliyyətindən azad etmir:
Müvafiq hökumətin yaxud rəisin əmrini yerinə yetirmək buşəxsin qanunivəzifəsidirsə; bu şəxs əmrin qeyri-qanuniliyini bilmişdirsə; əmr açıq aşkar qeyri-qanunidirsə. Statuta əsasən, soyqırım cinayətinin və bəşəriyyət əleyhinə cinayətlərin törədilməsi haqqında əmrlər açıq-aşkar qeyri-qanunidir. Soyqırım cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə komandir məsuliyyət daşıyır. Komandirin məsuliyyət prinsipi onun tabeliyində olan şəxs tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının qarşısını almaq və ya aradan qaldırmaq üçün tədbir görmədiyi hallara şamil edilir. Beləliklə, belə qənaətə gələ bilərik ki:
– AR qanunvericiliyi baxımından 366-cı alayın bütövlükdə cinayətkar təşkilat kimi məsuliyyətə cəlb edilməsi qeyri-mümkündür.
– Xocalı hadisələri və digər bənzər cinayətlər törədən hərbiçilərin mühakiməsi zamanı onların bu alayın üzvü olması faktı daha çox məsuliyyətlərinin fərdiləşdirilməsi üçün əhəmiyyət kəsb edir.
– 366-cı alayın təkcə bilavasitə əsgərləri deyil, həm də cinayətkar əmrləri verən, onu planlaşdıran, bu əmrləri icra etməyə təhrik edən bütün vəzifəli şəxsləri də məsuliyyət daşıyır.
– 366-cı alayın əsgərlərinin məlum cinayətləri törədərkən komandirin və digər yuxarı tabe olduğu şəxsin əmrinə uyğun hərəkət etməsi, onu bu məsuliyyətdən azad etmir, ancaq, işin halları nəzərə alınaraq bu, onların cəzasını yüngülləşdirmək üçün əsas hesab edilə bilər.