Xocalı rayonu (1930-78 illərdə Stepanakert r-nu, 1978-91 illərdə Əsgəran r-nu) – Azərbaycan Respublikasında inzibati r-n. 1991 ildə yaradılmışdır. Kiçik Qafqazda, Qarabağ silsiləsinin şm.-ş. yamacındadır. Sahəsi 936 km2. , əh. 25,0 min nəfərdir (01.01 2006). Mərkəzi Xocalı şəhəridir. Rayona Xocalı şəhəri, Əsgəran qəsəbələri və Xocalı, Cəmilli, Meşəli, Dağyurd, Seyidbəyli, Ballıca, Xanyurdu, Mehdibəyli, Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, Badara, Xanyeri, Suncinka, Qarabulaq, Dəmirçilər, Mədədkənd, Quşçubaba, Qızıloba, Haçmaç, Aşağı Yemişcan, Kosalar, Başkənd, Cavadlar, Yalobakənd, Canhəsən, Naxçıvanlı, Pircamal, Aranzəmin, Ağbulaq, Dəhrəz, Təzəbinə, Sərdarkənd, Qışlaq, Şəlvə, Xanabad, Ağgədik, Aşağı Qılıçbağ, Almalı, Qarakötük, Pirlər, Farux, Daşbaşı, Çanaqçı, Sığnaq, Şuşikənd, Muxtar, Daşkənd kəndləri daxildir.
Ərazisinin səthi dağlıq, mərkəzi hissədə isə düzənlikdir (Xankəndi çökəkliyi). Ən yüksək nöqtələri Qızqala (2843 m), Qırxqız (2827 m) dağlarıdır. Ərazidə Yura, Tabaşir, dağarası çökəkliklərdə və dağətəyi düzənliklərdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: gil, qum, çınqıl, gillicə, mərmər və s. Yüksək əraziləri istisna olmaqla iqlimi mülayim istidir. Dağ – meşə, dağ – çəmən torpaqları yayılmışdır. Qarqar, Badara çayları r-n ərazisindən keçir. Meşələri vələs, palıd, fıstıq, cökə, ağcaqayın, göyrüş, qarağac və s. ilə zəngindir. Yüksək dağlıq sahələrdə subalp və alp çəmənlikləri yayılmışdır. Heyvanları: ayı, qaban, vaşaq, canavar, meşə pişiyi, tülkü, dovşan, cüyür, dağkeçisi və s. Quşları: kəklik, turac, qırqovul, göyərçin, qartal, quzğun və s.
Xocalı, əsasən, k.t. r-nudur. Heyvandarlıq, üzümçülük, taxılçılıq, tərəvəzçilik, meyvəçilik inkişaf etmişdir.
R-nda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yaradıcılıq mərkəzi, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 20 klub, 29 kitabxana , mərkəzi r-n xəstəxanası, 13 tibb məntəqəsi var.
Xocalı r-nu ərazisində 18 əsrə aid “Əsgəran qalası”, qədim memarlıq abidələri, Son Tunc və İlk Dəmir dövrünə aid nekropol, kurqan çölü, e.ə 13–7 əsrlərə aid ilk mədəniyyət abidələri (Xocalı – Gədəbəy mədəniyyət nümunələri) var.
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə, “Azərbaycan” cildi, Bakı, 2007, s.859