26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan əliyalın dinc əhali qətliama məruz qalıb.
Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşirdi.
1991-ci ilin oktyabrının sonundan etibarən Xocalı artıq blokadada idi. Xocalıya gedən avtomobil yolları bağlanmışdı.Yeganə nəqliyyat vasitəsi vertolyot idi. Yanvar ayından etibarən isə, artıq şəhərlə olan hava əlaqəsi də kəsildi. Yanvarın əvvəlindən şəhərə elektrik enerjisi verilməyib. Əhalini yerli milis qüvvələri və Milli Ordunun döyüşçüləri müdafiə edib.
Fevral ayının ortalarından etibarən isə Xocalı mühasirəyə alınıb. Hər gün toplardan, ağır texnikalardan atəşə məruz qalıb. Fevralın 25-i axşam şəhər atəşə tutulub.Nəticədə fevralın 26-sı Xocalı alova bürünüb. Şəhərdə qalan təqribən 2500 nəfər yaxınlıqdakı Ağdam şəhərinin mərkəzinə çatmaq üçün şəhəri tərk edib. Ancaq bu niyyət baş tutmayıb. Erməni silahlı dəstələri və Rusiyanın 366-cı motoatıcı alayın hərbçiləri tərəfindən əhaliyə divan tutulub.
Qeyd etmək lazımdır ki, baş vermiş faciə zamanı azərbaycanlılara divan tutan orduya Rusiyanın 366-cı motoatıcı alayından da kömək göstərilib. Baş vermiş faciənin soyqırım adlanması isə heç də təsadüfi deyil.Bu ağır gün ərzində 613 azərbaycanlı öldürülüb, 8 ailə tamamilə məhv edilib,yüzlərlə azyaşlı valideynlərini itirib, 1275 nəfər Xocalı sakini əsir düşüb, 487 nəfər isə xəsarət alaraq yaralanıb. Məhz bütün bunlara görə bu faciə soyqırım adlanır. Dinc əhalinin bu şəkildə öldürülməsi, mənəvi və fiziki cəhətdən şiddətə məruz qalması və əhalinin sağ qalmağı bacaran hissəsinin məcburi köçkünə çevrilməsi tarixin yaddaşına “Xocalı soyqırımı” adı ilə yazılıb.
Şəhla Babayeva
53 saylı tam orta məktəbin 9-cu sinif şagirdi