Bu gün ən mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Azərbaycan, ingilis, fransız və rus dillərində işıq üzü görən “Xocalı-1992” kitabının yaradıcı heyəti də bu məqsədə xidmət edir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin hazırladığı kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında fikirləri, insanlığa ləkə olan bu faciə barədə məqalə və məlumat-soraq materialları daxil edilib.
Fevralın 24-də “Azərbaycan” qəzetinin redaksiyasında keçirilən “dəyirmi masa” Xocalı faciəsinin 22-ci ildönümünə və “Xocalı-1992” kitabının ictimai müzakirəsinə həsr olunmuşdu. “Dəyirmi masa”da Milli Məclisin deputatları Bəxtiyar Əliyev və Nazim Fərəcov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin direktoru Fuad Babayev, Azərbaycan Dillər Universitetinin professoru, kitabın ingilis dilinə tərcüməsinin redaktoru Qılıncxan Bayramov və “Azərbaycan” qəzetinin bir qrup əməkdaşı iştirak edirdi. Tədbir iştirakçıları əvvəlcə Xocalıda soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
“Dəyirmi masa”nı giriş sözü ilə açan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:
– XX əsrin sonlarına doğru Azərbaycan xalqının tarixində çox faciələr baş verib. Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarının açıq müstəviyə keçdiyi 80-ci illərin sonlarında, müstəqilliyimizin ilk illərində xarici və daxili qüvvələr xalqımızı dəfələrlə ağır sınaqlara məruz qoyublar. Təəssüf ki, bəzən bu sınaqlar dinc insanların məhvinə səbəb olub. Ermənilərin havadarları və müstəqil dövlətimizin olmasını qəbul edə bilməyən məkrli dairələr bununla xalqımızı öz yolundan çəkindirməyə cəhd göstəriblər. Çox təəssüf ki, həmin dairələr müəyyən dövrdə taktiki uğur qazana biliblər. Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Dağlıq Qarabağın və ətraf rayonların işğalı o illərdə yaşadığımız acı faciələrdir.
Bəxtiyar Sadıqov bildirdi ki, bütün bunların əsas səbəblərindən biri də Azərbaycan xalqının 80-ci illərinin sonlarında və müstəqillik illərinin ilk çağlarında özünün həqiqi rəhbərindən ayrı qalması idi: “Ulu öndər Heydər Əliyev həmin zaman müvəqqəti olaraq böyük siyasətdən ayrılmışdı. Ermənilər məhz Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsindən sonra fəallaşdılar, Qarabağda separatçılığa başladılar, Sumqayıt hadisələrini törətdilər”.
Bəxtiyar Sadıqov bildirdi ki, Xocalı soyqırımı öz miqyasına, vəhşətinə və dəhşətinə görə yaşadığımız digər faciələrdən xüsusilə fərqlənir. Bunun da bir neçə səbəbi var. İlk növbədə həmin dövrdə iqtidarda olanlar Xocalının müdafiəsini təşkil edə bilmədilər. Çünki Xocalı iqtidarla müxalifət arasındakı hakimiyyət uğrunda mübarizə məkanına çevrilmişdi. İqtidar bu faciənin baş verməsinin qarşısının alınması istiqamətində heç bir əməli iş görmədi. Ermənilər sovet hərbi birləşməsinin köməyi ilə Xocalı sakinlərinə vəhşicəsinə divan tutdular. Əliyalın insanlar, körpələr, qadınlar düşmən qarşısında müdafiəsiz qaldılar, qətliam edildilər. XX əsrin ən böyük faciəsinə imza atan ermənilər 613 nəfər dinc azərbaycanlını qətlə yetirdilər. Ermənilər Xocalı sakinlərini məhz azərbaycanlı olduqları üçün soyqırımına məruz qoyduqlarını gizlətmirlər. Açıq şəkildə bildirirlər ki, Sumqayıt hadisələrinin qisasını alıblar. Düşmən Xocalı soyqırımını törətməklə həm də Azərbaycan xalqının gözünü qorxutmaq istəyirdi. Digər tərəfdən, Xocalı çox mühüm strateji ərazidə yerləşir. Ona görə bu şəhəri işğal etməklə digər rayonlara edəcəkləri hücumlar üçün əlverişli zəmin hazırladılar. Buna qədər isə Xankəndiyə gedən yolda xocalılılar ermənilərə çox ciddi zərbələr endirirdilər.
Bəxtiyar Sadıqov qeyd etdi ki, Xocalı faciəsindən sonra Azərbaycanın o dövrdəki müxalifəti öz məkrli məqsədinə nail oldu: “Prezident Ayaz Mütəllibovun istefaya göndərilməsi ilə hakimiyyətə yiyələnən AXC-Müsavat qaragüruhu bu faciənin üstündən sükutla keçdi. Çünki dinc insanların müdafiəsiz qalmasında onların da günahı az deyildi. Ona görə nəinki soyqırımının araşdırılmasına təşəbbüs göstərmədilər, hətta faciəyə siyasi-hüquqi qiymətin verilməsinə belə cəhd etmədilər. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələb və istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi ilk işlərdən biri Xocalı soyqırımının araşdırılmasından və bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsindən ibarət oldu. Dahi lider Azərbaycan ətrafındakı informasiya blokadasını dağıda bildi. Həmin vaxta qədər dünya Azərbaycanı o qədər də tanımırdı. Erməni lobbisi isə hər yerdə xalqımızı “vəhşi, qaniçən” kimi qələmə verir, erməniləri isə “məzlum, zülmə məruz qalmış” xalq kimi təqdim edirdi. Ulu öndərin ölkəyə rəhbərlik etməsindən sonra erməni təbliğatının qarşısının alınması istiqamətində çox mühüm və ardıcıl işlər görüldü, erməni yalanlarının qarşısı alındı”.
Bu gün Azərbaycan rəhbərliyinin həyata keçirdiyi fəaliyyətin ən mühüm istiqamətlərindən biri ermənilərin dünyada ifşasıdır. Bu barədə danışan Bəxtiyar Sadıqov qeyd etdi ki, son illərdə bu istiqamətdə qazanılmış uğurlar Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsidir: “İki il əvvəl Prezident İlham Əliyevin başçılığı ilə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bakıda möhtəşəm yürüş keçirildi. Bu hadisəni bütün dünya izlədi, dünya mətbuatı bu yürüşdən ətraflı yazdı. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyası və dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan azərbaycanlı gənclərin bu kampaniyaya dəstək olması nəticəsində beynəlxalq ictimaiyyət ermənilərin əslində kim olduqlarını öyrənməyə başladı. Təsdaüfi deyil ki, son 3 ildə bir sıra ölkələrin parlamentləri, beynəlxalq qurum və təşkilatlar Xocalı soyqırımını tanıyıb və getdikcə bunun miqyası artır”.
Hazırda Azərbaycan rəhbərliyi, Heydər Əliyev Fondu və xarici ölkələrdəki Azərbaycan diasporu tərəfindən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması və ermənilərin ifşası üçün sistemli və ardıcıl işlər görüldüyünü deyən Bəxtiyar Sadıqov əmin olduğunu bildirdi ki, ermənilərin törətdikləri bu soyqırımı tarix qarşısında cavabsız qalmayacaq və öz təsdiqini tapacaq, faciənin günahkarları cəzalarını alacaqlar: “Bunun üçün hər bir Azərbaycan vətəndaşı da çalışmalı, imkanlarını səfərbər etməlidir. Bu sahədə əsas fəaliyyət istiqamətlərindən biri kitablar nəşr edilməsi və xarici dillərə tərcümə olunmasıdır. Ona görə də hesab edirəm ki, Xocalı faciəsi ilə bağlı Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən 4 dildə hazırlanmış belə kitablara hər zaman ehtiyacımız var”.
“Dəyirmi masa”nı təşkil edən “Azərbaycan” qəzetinin rəhbərliyinə minnətdarlığını bildirən “Xocalı-1992” kitabının yaradıcı heyətinin rəhbəri Fuad BABAYEV dedi ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 10 may 2004-cü ildən fəaliyyət göstərir. Mərkəz www.aliyevheritage.org ünvanındakı portalı vasitəsilə ümummilli liderin zəngin irsini – çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnlərini 50 dildə geniş auditoriyaya təqdim edir. Mərkəzin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri nəşriyyat fəaliyyətidir. Mərkəzin nəşriyyat qrupu tərəfindən müxtəlif mövzularda onlarla kitab nəşr olunmuşdur.
Fuad Babayevin sözlərinə görə, yenidən işlənilmiş və əlavələr edilmiş “Xocalı-1992” kitabı Mərkəzin sonuncu nəşridir: “Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında müxtəlif çıxış və müraciətlərindən iqtibaslar, insanlığa utanc gətirən bu faciə haqqında tarixi arayış, məlumat-soraq materialları daxil edilmiş, erməni vəhşiliyinin qurbanlarının fotoları yer almışdır.
Kitabın ilk nəşri Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində çap edilmiş, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük maraqla qarşılanmışdı. Yeni nəşrə ötən iki il ərzində Xocalı soyqırımı ilə bağlı Prezident İlham Əliyevin bir sıra çıxışlarından iqtibaslar, bu faciənin 20-ci ildönümü ilə bağlı sərəncamından müəyyən hissələr əlavə edilmişdir. Həmçinin məlumat-soraq materiallarında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəyən maddi zərər, eləcə də işğal olunmuş rayonlarımıza vurulan zərərin həcmi verilmişdir.
Kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus dillərində nəşr edilməsi də rəmzidir. Çünki bu xarici dillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dilləridir. Bununla da kitabın yaradıcı heyəti həmin münaqişənin ən dramatik və qanlı hadisəsi barəsində gerçəkliyi növbəti dəfə diqqətə çatdırır.
Ulu öndər Heydər Əliyev Xocalı soyqırımı haqqında həqiqətin beynəlxalq aləmə çatdırılmasının vacibliyini dəfələrlə vurğulamışdır. Qeyd etmək lazımdır ki, bu istiqamətdə Heydər Əliyev Fondu dəyərli layihələr həyata keçirir. Mehriban Əliyevanın rəhbərliyi ilə fond tərəfindən Xocalı soyqırımı ilə bağlı müxtəlif ədəbiyyat nəşr edilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu hadisə haqqında reallığın dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir”.
Fuad Babayev qeyd etdi ki, bu istiqamətdə əməli fəaliyyət göstərən təşkilatlardan biri də AVCİYA-dır. AVCİYA 2006-cı ildə Azərbaycan, rus, ingilis dillərində “Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)” adlı kitab çap etdirmişdir: “2007-ci ildə isə AVCİYA “Xocalı soyqırımı: milyon imza, bir tələb” şüarı altında irimiqyaslı aksiya keçirmişdir. Aksiya nəticəsində Xocalı faciəsinin soyqırımı kimi tanınmasını tələb edən 1 milyon Azərbaycan vətəndaşının imzası toplanmışdır. Xocalı soyqırımının şahidi olmuş insanların tarix üçün canlı şəhadəti, mənəvi-siyasi və tarixi-hüquqi sənəd olan imzalar toplu şəklində xarici ölkələrin bir çox nüfuzlu kitabxanalarına və arxivlərinə, eləcə də tarixi həqiqətin və ədalətin bərpası üçün böyük dövlətlərin parlamentlərinə təqdim olunmuşdur.
Dünya dövlətlərinin Xocalı faciəsinə vaxtında siyasi-hüquqi qiymət verməmələri yeni faciələrə yol açır. Hazırda Azərbaycanın nəzarətindən kənarda qalan işğal edilmiş ərazilərdə düşünülmüş təxribat və ya texnogen xarakterli qəzalar nəticəsində on minlərlə insanın həyatı təhlükəyə məruz qala bilər. Belə bir hadisənin Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı başvermə ehtimalı realdır.
Bunu nəzərə alaraq AVCİYA 2013-cü ildə böyük bir layihəyə start verib. Layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət, bioloji və ekoloji böhran, həmçinin 23 il ərzində 6 rayonun iqtisadiyyatına dəyən ziyan barədə yalnız Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan ibarətdir. Çox təəssüf ki, çeşidli beynəlxalq təşkilatlar, o cümlədən, mötəbər Avropa təsisatları bu problemin həlli məsələsində izaholunmaz mövqe nümayiş etdirirlər. Halbuki bu kimi problemlərə, Xocalı soyqırımına və bütövlükdə Ermənistanın Azərbaycana təcavüzü faktına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası gələcəkdə regionda baş verə biləcək digər fəlakətlərin qarşısında sipər ola bilərdi”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar ƏLİYEV dedi ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən hazırlanmış bu kitab ermənilərin ifşası və Xocalı soyqırımının tanıdılması üçün çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzetinin hər nömrəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onlara dəstək verənlərin əməlləri ilə bağlı dəqiq, səhih məlumatlarla rastlaşırıq. Bu, Azərbaycan həqiqətlərinin, erməni yalanlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən vacib işdir.
“Xocalı-1992” kitabı ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı hələ 1993-cü ildə MDB Dövlət Başçıları Şurasının iclasındakı bəyanatı ilə başlayır. Bəyanatda qeyd edilir ki, Dağlıq Qarabağda yaşayan və elə bir ehtiyatı olmayan yüz mindən bir qədər çox erməni 7 milyonluq əhalisi olan ölkəyə qarşı genişmiqyaslı hərbi əməliyyatlar apara və onun ərazisinin 20 faizini işğal edə bilməz. Diqqəti buna çəkən Bəxtiyar Əliyev dedi: “Aydındır ki, bu soyqırımı aktı həmin vaxt Xankəndidə yerləşən 366-cı motoatıcı alayın vasitəsilə həyata keçirilib. İllər keçdi və buna siyasi-hüquqi qiymət verildi. Və bu həqiqət məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra öz təsdiqini tapdı. Əgər xatırlayırsınızsa, Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı ulu öndər Heydər Əliyev hələ 1991-ci ildə Azərbaycan Ali Sovetində çıxış etdi və təkidlə bildirdi ki, proseslərin gedişatı çox böyük faciələrin törədilə biləcəyini göstərir və respublikamızı təhlükələr gözləyir. Heydər Əliyev həmin vaxt bir neçə təkliflə çıxış etdi. Çox təəssüflər olsun ki, o vaxtkı hakimiyyət ulu öndərin təkliflərini nəinki eşitmədi, hətta ona qarşı təqiblərə başladı. Nəticədə isə Heydər Əliyevin proqnozlaşdırdığı hadisələr baş vermiş oldu. O illərdə hakimiyyəti ələ keçirən qüvvələr bu faciələrin heç birinin qarşısını ala bilmədilər”.
Bəxtiyar Əliyevin sözlərinə görə, 1993-cü ildə xalqımızın təkid və tələbi ilə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəldi və Azərbaycanı gözləyən növbəti faciələrin qarşısı alındı: nəinki ermənilərin və onların havadarlarının planlaşdırdığı növbəti hərbi faciələrin, həmçinin Azərbaycanın cənubunda və qərbində baş qaldıran vətəndaş qarşıdurmasının, Azərbaycanı parçalamağa xidmət edən məkrli planların qarşısı qan tökülmədən alındı. 1994-cü ildə Bakıda dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu, ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın inkişafına istiqamətlənmiş ilk addım idi. Amma bunu dərk etmək qabiliyyətində olmayan bəzi daxili qüvvələr Azərbaycanın dövlət müstəqilliyini qəbul etməyən havadarlarının köməyi ilə hakimiyyəti zorla dəyişməyə cəhd göstərdilər. Lakin ulu öndərin uzaqgörənliyi sayəsində Azərbaycan xalqı o zaman böyük faciədən xilas oldu, qanunsuz hərbi birləşmələr tərksilah edildi.
1999-cu ildə Azərbaycanın Avropa Şurasına üzvlüyü müzakirə edildikdə bəzi müxalif dairələr çox təkidlə ölkəmizə qarşı haqsız olan bəzi bəndlərin öhdəliklərə salınmasına nail oldular. Bu barədə danışan Bəxtiyar Əliyev dedi ki, bütün bu çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyinin Avropaya inteqyasiya olduğunu bəyan etdi: “Çox keçmədən Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. 2001-ci ilin yanvar ayının 25-də Azərbaycan bayrağı AŞ binası qarşısında dalğalanmağa başladı. Sonrakı illərdə Azərbaycan AŞ-da cənab İlham Əliyevin rəhbərliyi ilə çox səmərəli fəaliyyət həyata keçirməyə başladı. 2001-2003-cü illərdə Azərbaycan ərazilərinin işğalı, ermənilərin təcavüzkar siyasətinin tanıdılması istiqamətində çox mühüm işlər görüldü. 2005-ci ildə isə Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi kimi AŞ Parlament Assambleyası qətnamə qəbul edərək bəyan etdi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayon separatçılar tərəfindən ələ keçirilərək idarə olunur və azərbaycanlılara qarşı həmin ərazilərdə etnik təmizləmə və soyqırımı həyata keçirilmişdir. Bundan başqa, ikinci bir sənəd də qəbul edilmişdir. Həmin sənəddə göstərilir ki, işğal edilmiş ərazilərdə heç kim məskunlaşdırıla bilməz və doğma torpaqlarından çıxarılmış insanlar öz yerlərinə qaytarılmalıdırlar. Çox təəssüflər olsun ki, bu gün biz dünya ictimaiyyətinin bu sənədlərə və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə biganə qaldığını görürük. Ermənilər nəinki işğalçılıq siyasətini genişləndirir, hətta işğal olunmuş ərazilərdə başqa dövlətlərdən köçüb gələn erməniləri yerləşdirməklə məşğuldurlar”.
Bəxtiyar Əliyev qeyd etdi ki, Xocalıda 613 nəfərin – günahsız uşaqların, qadınların, qocaların qətlə yetirilməsi soyqırımıdır: “Bu, tək Azərbaycana yox, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Belə bir cinayətin həyata keçirilməsinə XXI əsrdə göz yumulmasını qətiyyən başa düşmək olmur. Lakin zaman gələcək, bu cinayəti həyata keçirmiş insanlar beynəlxalq tribunal qarşısında cavab verəcəklər, törətdikləri əməllərə görə cəzalandırılacaqlar.
Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərdiyi səylərdən söz açan Bəxtiyar Əliyev dedi ki, bu günə qədər ATƏT-in Minsk qrupunun bu istiqamətdə heç bir ciddi addım atmaması təəssüf doğurur: “Onların gəlişi turist səfərini xatırladır. Ancaq Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət hesabına Azərbaycan güclü dövlətə çevrilib, ölkəmizdə vətəndaş cəmiyyəti möhkəmlənib. Eyni zamanda, Azərbaycanın güclü ordusu formalaşıb. Bu gün Azərbaycan xalqının beynəlxalq hüquqa söykənən bir haqqı var: öz torpaqlarını işğaldan azad etmək, aqressiyanın bundan sonra da davam etməsinin qarşısını almaq! Əgər beynəlxalq birliyin erməni təcavüzünün qarşısını almağa cürəti çatmırsa, Azərbaycan xalqının belə gücü var və öz torpaqlarını işğaldan azad etmək imkanlarına qadirdir. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqının səbri artıq tükənib”.
Ulu öndər Heydər Əliyev xarici səfərləri zamanı görüşdüyü şəxslərə xəritə üzərində Azərbaycanın işğal olunmuş ərazisi və işğalçı ilə bağlı məlumat verirdi. Bəxtiyar Əliyevin sözlərinə görə, bu gün Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlər də göz önündədir. Lakin təəssüflər olsun ki, mənəvi məsuliyyəti öz çiyinlərində daşıyan həmin dövrün insanları bu gün o məsuliyyəti dərk etmədən müəyyən çağırışlar edirlər: “Obyektiv tarixi həqiqətləri təhrif etməyə çalışırlar. Azərbaycan xalqının monolit birliyini pozmağa cəhdlər edirlər. Amma bugünkü Azərbaycan gəncliyi vətənpərvər gənclikdir və biz bu gəncliklə qürur duyuruq. Çünki bu gənclik Azərbaycan torpaqlarını işğaldan azad edəcək Azərbaycan əsgəridir”.
Milli Məclisin deputatı Nazim FƏRƏCOV qeyd etdi ki, Xocalı qətliamının, eləcə də ondan əvvəl xalqımıza qarşı dəfələrlə törədilən soyqırımlarının zamanında öz hüquqi-siyasi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biri olub. Bu ədalətsizliyin aradan qaldırılması üçün uzun müddət heç bir addım atılmayıb. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra yaşanan faciələr, o cümlədən Xocalı soyqırımı haqda ətraflı təfsilatlı araşdırmalar aparılıb. Eyni zamanda, bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi prosesi başlanıb. Dünyaya xalqımızın üzləşdiyi fəlakətlər barədə ətraflı, fakt və sübutlarla zəngin olan məlumatlar çatdırılıb. Elə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin də həm bir soyqırımı olaraq təsbit edilməsi, həm də bu barədə əsl həqiqətlərin dünyaya çatdırılması məhz ulu öndər Heydər Əliyevin sayəsində mümkün olub.
Bu gün isə əsas vəzifələrimizdən biri üzləşdiyimiz faciələrə beynəlxalq miqyasda hüquqi-siyasi qiymətin verilməsinə nail olmaqdır. Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Hər il tədbirlər proqramı təsdiqlənir və icra edilir. Həmçinin Azərbaycanın yeni müstəqillk tarixinə qanla yazılmış Xocalı faciəsi hər zaman ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən ürək ağrısı ilə xatırlanır. Faciənin hər ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, aksiyalar keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Nüfuzlu qəzetlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radioda verilişlər səslənir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin hazırladığı “Xocalı-1992” kitabı Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərə böyük töhfə olacaq. Çünki bu kitabın əsas məziyyəti ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin soyqırımı ilə bağlı fikirlərinin 4 dildə işıq üzü görməsidir. Ona görə miqyasına və dəhşətinə görə XX əsrdə bəşər tarixinin ən ağır faciələrindən olan Xocalı soyqırımının 22-ci ildönümündə hazırlanan bu yeni nəşr olduqca əhəmiyyətlidir və düşmənin insanlığa yaraşmayan hərəkətlərinin ifşasında dəyərli vasitələrdən biri olacaq.
Nazim Fərəcov bildirdi ki, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirlərinin kitabda yer alması təsadüfi deyil: “Çünki bu, həm də hakimiyyət-xalq birliyinin, yaxud xalq hakimiyyətinin nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı ilə əlaqədar müraciətlərinin birində deyilir: “…1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Xocalı erməni hərbi birləşmələri tərəfindən yer üzündən silindi. Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur”. Doğrudan da bu gün artıq heç kimə sirr deyil ki, Xocalı faciəsi azğın erməni millətçilərinin iki yüzillik boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi. Cənab Prezidentin sözləri ilə desək, erməni şovinist millətçilərinin regionda həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükəsi açılıb göstərilməlidir. Bu, qəhrəman Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur”.
Nazim Fərəcov daha sonra dedi: “Burada Laçın rayonunun işğalı zamanı 54 gün mühasirədə qalmış Əli Əliyevin acı həyat hekayəsindən söz açıldı. Bu günlərdə “Azərbaycan” qəzetində Əli Əliyevin o dəhşətli günlərdə yaşadıqları barədə dərc edilmiş “54 gün mühasirədə” adlı məqaləni həyəcansız oxumaq mümkün deyil. Onu da deyim ki, o faciəli günləri yaşamış Əli Əliyevin ömrünün 54 günündə çəkdiyi əzablar sənədli film şəklində lentə alınaraq geniş ictimaiyyətə çatdırılıb. Bu kimi faktları özündə əks etdirən əsərlərin daha geniş beynəlxalq auditoriyaya çıxarılması üçün filmlərin çəkilməsi, kitabların yazılması çox vacibdir. Bu mənada “Xocalı-1992″ kitabının xarici dillərdə işıq üzü görməsi çox mühüm məsələdir. Belə kitablar düşmənin iç üzünün açılmasında və Ermənistanın qınaq obyektinə çevrilməsində bizim əsas təbliğat vasitələrimizdir”.
Azərbaycan Dillər Universitetinin professoru Qılıncxan BAYRAMOV “Xocalı-1992” kitabı barədə fikirlərini bölüşərək dedi: “Müstəqilliyimizin bərpasının ilk illərində biz informasiya blokadasında idik. Ona görə də haqq səsimiz heç bir yana çatmırdı. Soyqırımı haqqında geniş məlumatların dünyaya çatdırılması ulu öndər Heydər Əliyevin 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamasından sonra vüsət aldı. Hazırda Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparılır. Məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq, məlum olan cinayətkarları beynəlxalq səviyyədə də ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə hər bir azərbaycanlının, qanında və canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri dövlətin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya çatdırmaq, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır.
Qılıncxan Bayramov dedi ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ulu öndərin irsini öyrənməklə Azərbaycanın tarixini araşdırır: “Azərbaycan həqiqətlərinin təxminən 50 dildə dünyaya çatdırılmasında xüsusi layihələr icra edən Mərkəzin fəaliyyəti hər kəs üçün nümunədir. Konkret haqqında söz açılan kitaba gəlincə, onu da deməliyəm ki, nəşrin müxtəlif variantları (kiçik formatda, şəkilli, bukletlər şəklində) çap olunub. Lakin informasiya mübarizəsi daha geniş, xüsusən də elektron şəbəkəni əhatə etməlidir. Ona görə belə kitablar internet vasitəsilə də dünyaya yayılmalıdır”.
“Dəyirmi masa”ya yekun vuran Bəxtiyar SADIQOV dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq beynəlxalq təşkilatlar ölkəmizin xeyrinə qərarlar qəbul etsə də, ikili standartlar davam etdirilir: “Ancaq ağır sınaqlara çəkilən xalqlar həm müdrikləşir, həm də güclənir. Yəni bu onu göstərir ki, cəmləşmədən, birləşmədən mübarizə aparmaq mümkün deyil! İndi Azərbaycan beynəlxalq miqyasda əldə olan real faktlardan yararlanmaqla həqiqətlərimizin və erməni yalanlarının tanıdılması üçün güclü təbliğat aparır. Virtual aləmdə, elektron mediada sistemli fəaliyyət həyata keçirilir. Xaricdə təhsil alan gənclərimiz birlik nümayiş etdirərək mühüm layihələr reallaşdırırlar. Artıq dünya Azərbaycanı tanımağa başlayıb. Biz fəaliyyətimizi daha da gücləndirərək faciələrimizi beynəlxalq aləmə dünyanın qəbul etdiyi formada çatdırmağa nail olmalıyıq. Düzdür, ölkə daxilində erməni lobbisinin maliyyəsi ilə işləyən bəzi ünsürlər də mövcuddur. Onlar Azərbaycanın bu mübarizəsinə kölgə salmağa çalışırlar. Amma bunu bacarmayacaqlar! Çünki Azərbaycan artıq daha güclü iqtisadi imkanlara və güclü orduya sahibdir. Hər il Xocalı soyqırımını tanıyan beynəlxalq təşkilatların sayı artır. Bunlar böyük uğurlardır! Bizim müxtəlif dillərdə nəşr etdiyimiz kitablar və beynəlxalq təşkilatlarda gördüyümüz işlər fəaliyyətimizə güc qatır”.
Bəxtiyar Sadıqov bildirdi ki, biz haqq-ədalət yolundayıq, biz doğru yoldayıq və bunu dünyaya qəbul etdirib Azərbaycanı dünyanın inkişaf etmiş və firavan dövlətlərindən birinə çevirəcəyik!
“Azərbaycan” qəzeti
26.02.2014