Vaşinqton Post, 28 Fevral 1992
AZƏRBAYCAN ŞƏHƏRLƏRİNDƏ DƏFN OLUNMUŞ DAĞLIQ QARABAĞ ŞƏHİDLƏRİ – QAÇQINLAR ERMƏNİ HÜCUMLARI ZAMANI YÜZLƏRLƏ İNSANIN ÖLDÜRÜLDÜYÜNÜ DEYİR
Tomas QOLTS, Ağdam, Azərbaycan, 27 Fevral
Döyüş vəziyyətində olan Dağlıq Qarabağ anklavının şərqində yerləşən bu şəhərin baş məscidinin xidmətçiiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər.
Anklavın paytaxtı Stepanakertin şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər.
Bakı rəsmiləri Xocalıda 100 nəfərin öldürüldüyünü iddia edir, erməni rəsmiləri isə öz paytaxtları İrəvandan bildirirlər ki, cəmi 2 azərbaycanlı qətlə yetirilib. Bakı rəsmisi bildirdi ki, onun hökuməti ölülərin dəqiq sayını bilən zaman azərbaycanlıların qəzəblənəcəyindən narahatdır.
Bugün burada gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkir.
Raziyə Aslanova Ağdama çərşənbə günü gecə çatıb. O, dedi ki, çərşənbə axşamı gecə Xocalıya hücuma keçən ermənilər dayanmadan atırdılar. Onun əri və kürəkəni öldürülmüş, qızı itkin düşmüşdür.
Dağlıq Qarabağdan bura qaçıb gələn qaçqınlar arasında keçmiş Sovet Daxili Qoşunlarında xidmət edən iki türkmən əsgəri var idi. Onlar ötən cümə hərbi hissələrini tərk etmiş və Xocalıda sığınacaq tapmışlar. Əsgərlər dedi ki, erməni çavuşları onları “müsəlman olduqları üçün” döyürdülər.
Fərarilər bildirdi ki, onların keçmiş hərbi hissəsi 366-cı alay Xocalını işğal edən erməni hərbçilərini dəstəkləyirdi. Onlar bildirdi ki, qadın və uşaqlara qaçmağa kömək edirdilər. Əsgərlərdən biri Ağaməhmət Mütif dedi: “Biz dağlardan keçərək bir qrup gətirirdik. Bu zaman ermənilər bizi gördü və atəş açmağa başladılar. On iki nəfər öldürüldü”.
İndependent, 29 Fevral 1992
Elen Vomak
Ağdamdakı RÖYTERS müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər onlarla insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zaımını öldürülmüşdü. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız”.
Sandey Tayms, 1 Mart 1992
ERMƏNİ ƏSGƏRLƏRİ YÜZLƏRLƏ QAÇQIN AİLƏNİ QIRIR
Tomas QOLTS, Ağdam, Azərbaycan
Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkədə minlərlə insan itkin düşmüş və ölmüşdür.
İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: “Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları dorğamağa başladılar”. Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi.
Raziyə Aslanova Ağdama başqa qadınlar və uşaqlarla erməni meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri və kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ də tapılmayıb.
Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi.
Sağ qalanların dediyinə görə daha 2000 adam, hansılar ki, ayrı qaçmışdı, hələ də tapılmayıb: bəlkə də onların çoxu soyuqdan yaxud da aldıqları yaralardan ölüblər.
Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm və hələ dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə yarasından tamamilə dağılmışdı.
Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin güllə yaralarından əziyyət çəkir.
Ancaq onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə günü gecə 150 min əhalisi olan şəhərin üzərinə raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıdıldı və bir nəfər öldü.
Tayms, 2 Mart 1992
QARABAĞDA CƏNAZƏ TƏPƏLƏRİ
Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub.
Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirilirdi.
Azərbaycanlılar iddia edir ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000-nəfər yaralanmış, donub ölmüş, yaxud itgin düşmüşdür.
Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Mülki vertolyot 4 meyit yığdı. Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarla meyit göstərilirdi.
Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu.
Vaşinqton Post, 2 Mart 1992
ERMƏNİ BASQINLARI AZƏRİLƏRİN ÖLÜMÜ VƏ QAÇQIN DÜŞMƏSİ İLƏ NƏTİCƏLƏNİR
Xocalının 10.000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir.
Nyu-York Tayms, 3 Mart 1992
ERMƏNİLƏRİN TÖRƏTDİYİ QIRĞIN
Ağdam, Azərbaycan, 2 Mart (Röyters) – Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülkü vətəndaşlara qarşı törətdiyi soyqırım haqqında bu gün yeni bir sübut əldə olunmuşdur.
Vertalyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedi ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi.
İnsanların başlarının dərisi soyulmuşdur
Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəşov dedi: “Qadınların və uşaqların başlarının dərisi soyulmuşdu. Biz meyitləri yığmağa başlayanda onlar bizi gülləborana tutdular”.
Meyitlərin yük maşınları ilə daşınması
Röyterin fotoqrafı Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşınına doldurulduğunu görüb: “Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi”.
Tayms, 3 Mart 1992
İŞIQLANDIRILMAMIŞ SOYQIRIM
Anatol LİVEN
Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının Azəri qaçqınlarına qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itgin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırım nəticəsində öldürülmüş insanların meyitləri ilə dolu idi.
Burada 31 meyit var idi. Ən azı daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darma-dağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmamış meyitlər də istisna olunur.
Soyqırım zamanı sağ qalan Zahid Cabbarov dedi: “Biz olduğumuz yerdə 200 nəfər öldürüldü”. Müxtəlif istiqamətlərdən gəlmiş qaçqınlar da gülləborana tutulduqlarını və yol boyu çoxlu sayda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar və şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuşdular, həmçinin qırğından sonra təpə və meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdü. Onların hamısı kasıb geyinmiş adi adamların cənazələri idi.
Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi, hansılar ki, biri polis, ikisi isə milli könüllülər idi. Qalanları mülki şəxslər idi (8 qadın və 3 uşaq). İki ailə birlikdə öldürülmüşdü və burada qadınlar əliuşaqlı idi.
Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə yalnız üzü salamat qalmışdı. Sağ qalanlar dedi ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəş açırdılar.
BBS1 Morninq Nyus, saat 07.37, Çərşənbə Axşamı, 3 Mart 1992
Canlı yayımda olan BBS müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb.
BBS1 Morninq Nyus, saat 08. 12, Çərşənbə Axşamı, 3 Mart 1992
Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdu. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər.
Vaşinqton Tayms, 3 Mart 1992
VƏHŞİLİKLƏR AZƏRBAYCANI DƏHŞƏTƏ GƏTİRİR
Brayn KİLLEN, Ağdam, Azərbaycan
Dağlıq Qarabağda onlarla insan meyitləri səpələnmişdir və bu, bu mübahisəli ərazi uğrunda 4 ildən bəri döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımın sübutudur.
Bu şəhərdən yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağıdılıb.
Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı.
Qadınlardan biri öldürülmüş atasının sinəsinə qəzəblə vuraraq “Telman!” deyə qışqırırdı. Cənazə arxası üstə uzanmış və sağ əli havada donmuşdu.
Ötən həftə ermənilərin işğal etdiyi Xocalıya vertalyotla qısa səfərdən qayıdanlar dedi ki, onlar da oxşar mənzərənin şahidi olublar, ancaq həcmcə bundan daha böyük. Bir rus jurnalistinin dediyinə görə o, 50 metrlik sahədə 30 meyit saymışdır.
Dağlıq Qarabağın ikinci böyük Azərbaycan şəhəri olan Xocalının təpədən dırnağadək silahlanmış erməni hərbçiləri tərəfindən ötən çərşənbə axşamı işğal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir.
Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uşaqların başlarının dərisi soyulmuşdu.
Cənab Fərəcov bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nişanladığı yerə enən və Mİ-24 vertolyotlarının müşaiyət etdiyi vertolyot erməni hərbçiləri gülləborana başlamazdan əvvəl yalnız 3 uşaq meyidini yığa bilib. O bildirdi ki, biz meyitləri yığmağa başlayanda onlar bizi atəşə tutdular.
Cənab Fərəcov bildirdi ki, onlar cəmi 15 dəqiqə orada qalıblar. O, pencəyinin cibində olan qumbaraya işarə edərək dedi: “Hərbi vertalyotlar qırmızı fişənglər buraxaraq ermənilərin yaxınlaşdığını xəbər verdilər. Biz artıq çıxmalı idik. Əsir götürələcəyimiz təqdirdə mən özümü partlatmağa hazır idim”.
Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. “Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi”.
Ağdam məscidi insan meyitlərilə dolu idi. İnsanlar Azərbaycan prezidenti Ayaz Mütəllibova ünvanlanmış təhqirlər səsləndirir və bildirirdilər ki, o, Qarabağın azərbaycanlı əhalisini qorumaq üçün kifayət qədər çalışmamışdır.
Çöldə isə yüzlərlə insan islam duaları oxuyurdular. Onların bəziləri huşlarını itirərək öldürülmüş qohumlarının (hansılar ki, bir neçə dəqiqə bundan əvvəl gətirilmişdi) yanına yıxılırdılar.
Qarlı təpələrə səpələnmiş onlarla insan meyitini əks etdirən dəhşətli film sağ qalmış qaçqınların, qadın və uşaqlara qarşı törədilmiş soyqırım haqqında söylədiklərini təsdiq edir.
Azərbaycan televiziyası Azərbaycan şəhəri olan Ağdama bir yük maşını ilə meyit gətirildiyini göstərmişdir. Onların çoxlarının üzləri bıçaqla doğranmış, gözləri çıxarılmışdı. Balaca bir qızın qolları havaya açılı vəziyyətdə qalmışdır. O, sanki kömək diləyirdi.
Ağdam hərbi komandiri Rəşid Məmmədov İkinci Dünya Müharibəsi zamanı Nasistlərin əməllərini xatırlayaraq dedi: “Meyitlər qoyun sürüsü kimi yığılmışdır. Heç faşistlər də bunu etməmişdir”
Qarabağ rəhbəri Musa Məmmədov Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki Sovet hərbi bazasına zəng edərək kömək diləyirdi: “Meyitləri gətirmək və insanlara nə baş verdiyini göstərmək üçün bizə kömək edin”.
Operator və Qərbli jurnalistləri ərazidən götürən vertolyotun pilotu dedi ki, o Xocalıda və Əsgəran dərəsində onlarla meyit görüb.
Nyu York Tayms, 3 Mart 1992
ERMƏNİLƏR TƏRƏFİNDƏN TÖRƏDİLƏN SOYQIRIM
Mənbə: http://supremecourt.gov.az/static/view/176