Azərbaycan Hərb Tarixi Muzeyində xalqımıza qarşı törədilmiş XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına həsr olunmuş “Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətinin bariz nümunəsidir” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin, muzeyin tədqiqatçıları-baş elmi işçiləri Hacı Həsənovun və Vahid İsmayılovun, Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elşən Hüseynlinin və sədr müavini Rəvan Niyazovun məruzə və çıxışları dinlənilib.
Çıxışlarda qeyd olunub ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada üç minə yaxın insan qalıb. Çünki mühasirədə qaldığı dörd aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmağa məcbur olmuşdu.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.
Faciə baş verən gecə 1275 dinc sakin girov götürülüb, onların 150-nin taleyi indi də məlum deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir hissəsinin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilməyib. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşib, qəhrəmanlıq və dəyanət nümayiş etdirib.
Ən başlıcası isə odur ki, 44 gün davam etmiş Vətən müharibəsində şanlı Azərbaycan Ordusu işğalçı Ermənistanı tarixi torpaqlarımızdan qovub çıxarıb. Hərb tariximizə heç zaman unudulmayacaq və həmişə qürur hissi doğuracaq səhifələr yazıb.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş “Xocalı nişanəsi” adlı sənədli film nümayiş olunub.