AzərTAc xəbər verir ki, fevralın 19-da “Hyatt Regency” mehmanxanasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nəşr etdirdiyi “Xocalı soyqırımı: milyon imza – bir tələb” (Azərbaycan, ingilis və rus dillərində) fundamental kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov təşkilatın xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, həmçinin Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində gördüyü işləri diqqətə çatdırmışdır. Bildirilmişdir ki, qurum Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı 1 milyon Azərbaycan vətəndaşının imzasını toplamışdır. Bu imzalar təqdimatı keçirilən kitabla birlikdə ABŞ, Rusiya, Fransa, Niderland, Belçika, Bolqarıstan və digər ölkələrin milli kitabxanalarına, dövlət arxiv idarələrinə göndəriləcəkdir. Kitabın təqdimatının, həmçinin fevralın 26-da Niderlandın Haaqa şəhərində, martda Sankt-Peterburqda, İstanbulda, daha sonra isə ABŞ, Almaniya, Sloveniya, Fransa və digər ölkələrdə keçiriləcəyi də diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş bir təzahürüdür. Bütün bunlara görə də biz Xocalı faciəsinin ildönümünü hər il qeyd edirik” sözləri ilə başlayan kitabda Prezident İlham Əliyevin 2005-ci il 23 fevral tarixli “Xocalı soyqırımının ildönümü münasibətilə Azərbaycan xalqına müraciət”i də öz əksini tapmışdır.
Məlumat verilmişdir ki, kitaba təkcə 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı və bu faciə ilə bağlı tarixi-hüquqi sənədlər deyil, həmçinin uydurma Qarabağ probleminin tarixi kökləri, erməni millətçilərinin ötən əsrin əvvəllərində bir sıra bölgələrimizdə azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, erməni terror təşkilatları, onların respublikamızda, eləcə də xarici ölkələrdə törətdikləri terror aktları və s. haqqında materiallar daxil edilmişdir.
Mərasimdə Milli Məclisin deputatları Yaqub Mahmudov və Havva Məmmədova, Latviya-Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Faiq Səfərov və başqaları çıxış etmişlər. Bildirilmişdir ki, erməni yırtıcıları və onların havadarları tərəfindən törədilmiş Xocalı faciəsinin 15 illiyi ilə bağlı Milli Məclisdə sədrin müavini Bahar Muradovanın rəhbərliyi altında xüsusi komissiya yaradılmışdır və fevralın 26-27-də mövzu ilə əlaqədar dinləmələr keçiriləcəkdir. Xarici ölkələrdəki səfirliklərimizin, təşkilatlarımızın, soydaşlarımızın bu istiqamətdə gördüyü işlər də diqqətə çatdırılmış və vurğulanmışdır ki, erməni diasporunun ümumən türk dünyasına qarşı apardığı siyasəti dəf etmək üçün qüvvələrimizi birləşdirməliyik.
Bildirilmişdir ki, kitab oxucuya faciənin təfərrüatını çatdırmaqla yanaşı, onu bu soyqırımı törədənlərlə – Xocalının dinc sakinlərinin qətlə yetirilməsində, onlara işgəncələr verilməsində, təhqir edilməsində bilavasitə iştirak etmiş şəxslərlə də tanış edir, qatillərin törəkdikləri cinayətə qiymət verməyə çağırır. Bu çağırış adi çağırış deyil: onun arxasında Xocalıda baş verən faciənin soyqırımı kimi tanınmasını dünya ölkələri parlamentlərindən tələb edən bir milyon Azərbaycan vətəndaşının imzası durur!
Şəkillərlə zəngin olan kitabın təqdimat mərasimində Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin, beynəlxalq qurumların nümayəndələri iştirak etmişlər.
19.02.2007