Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda) 1992” nəşri 2006-cı ildə işıq üzü görüb.
Layihənin müəllifi AVCİYA prezidenti Elxan Süleymanov, baş redaktor Azad Şərifovdur. Redaksiya heyətində Nadir Abdullayev, Fuad Babayev, Tatyana Çaladze, Vəli Əlibəyov, Asif Hacıyev, Ənvər Qafarlı, Asəf Nadirov, Fikrət Sadıxov, Kamil Səlimov, Vurğun Süleymanov və Zərifə Yusubova təmsil olunublar.
Kitab Elxan Süleymanovun ön sözü ilə açılır.
Kitaba Tatyana Çaladzenin məqaləsi, “Zərər çəkmişlər şahidlik edirlər” bölümü, müdhiş faciə şahidlərinin dindirmə protokolları ilə yanaşı “Beynəlxalq hüququn tapdanmış normaları” adlı hissə də daxil edilib. Sonuncu hissə hüquqşünas rəyi ilə tamamlanıb.
Kitabın daha bir məziyyəti bura Xocalı faciəsi haqqında dünya mətbuatında dərc edilmiş yazıların əlavə edilməsidir.
“Azərinformun xronikası” hissəsinə 1992-ci ildə dərc edilmiş yazılar toplanıb.
Kitabda şahidi dindirmə protokollarının surətləri, foto-sənədlər də var.
Kitabın əhəmiyyətlilik əmsalını artıran ən əsas məsələ kontentin Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində verilməsidir.
Əlbəttə, Xocalı barədə saysız-hesabsız kitablar nəşr edilib. AVCİYA-nın “1905.az kitabı” seriyasından 2017-ci ildə içıq üzü görmüş “Xocalı yaddaşı” kitabında dərc edilmiş “Xocalı soyqırımı mövzusunda elmi, bədii və publisistik kitablar” siyahısında onlarla nəşrin adı yer alıb. Elə həmin siyahının sonunda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondlarında Xocalı mövzusunda müxtəlif dillərdə 3203 adda kitab, jurnal və qəzet materialının olduğu vurğulanır.
“Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda) 1992” bu siyahıda şərəfli bir yer tutur.
Fuad Babayev, 1905.az