XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.
Bununla yanaşı, xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 926 kv.km.) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi.
Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.
Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalı faktiki olaraq mühasirəyə alınmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni, 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik Azərbaycanlılar yaşayan kəndlər ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə da-ğıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi.
Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində
– 8 ailə tamamilə məhv edilmişdir;
– 56 insan işgəncə ilə öldürülmüşdür;
– 27 ailənin yalnız 1 üzvü qalmışdır;
– 25 uşaq hər iki valideynini itirmişdir;
– 130 uşaq valideynlərindən birini itirmişdir;
– 230 ailə öz başçısını itirmişdir;
– 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);
– 1275 insan əsir götürülmüşdür;
– 1165 insan girovluqdan azad edilmişdir;
– 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Qüvvələr nisbəti qeyri-bərabər olan döyüşlərdən sonra Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Bunun özü də o dövrdə şəhəri müdafiə edən insanların göstərdiyi ən böyük qəhrəmanlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi.
İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.
Bununla yanaşı, erməni-rus birləşmiş silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapmışdır. Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 14 mart 1992-ci il sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”.
Bundan əlavə, Fransanın “Le Mond” qəzetində 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.
Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaq-larla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”. Bundan başqa, Ermənistan hərbi qüvvələrinin müasir hərbi texnika ilə Xocalıya geniş miqyaslı hücum etməsi, eləcə də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalının və bir sıra dövri nəşrlərin səhifələrində də əsaslı faktlar vardır.
Hətta, Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer almışdır. Belə ki, “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapmışdı: “Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Bundan əlavə, İngiltərənin “Financial Times” qəzeti 1992-ci il 14 mart tarixli sayında rus ordusunun tərkibində ermənilərin olması haqqında yazırdı: “General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır”.
Bununla yanaşı, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının Xankəndindən çıxarılması zamanı 25 tank, 87 zirehli döyüş maşını, 28 piyada döyüş maşını, 45 artilleriya top sistemi ermənilərə qanunsuz verilmişdir. Belə ki, Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda onlarca erməni zabiti və giziri iştirak etməsi istintaqla da sübuta yetirilmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüş, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylanmışdır.
Həmin silahlı birləşmələr Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfəri Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və s. yerlərdə, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir.
Bu təcavüz zamanı Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülmüş və şikəst edilmişdir. 1988-ci ildən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistan ərazisində saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməklə, bir qisminin öldürülməsi və şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanmış, istintaq aparılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə törətdikləri bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır.
Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı birləşmələr və keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının hərbçiləri tərəfindən beynəlxalq hüquq normalarına da riayət edilməmişdir. Xüsusilə, 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan – döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar edilməsi kimi hərəkətlərin qadağan olunması barədə tələblər kobud surətdə pozulmuşdur.
Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş 38 nəfər – 366-cı alayın hərbi qulluqçuları və digər şəxslərin Azərbaycan Respublikası CM-in soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılmış, barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir.
İstintaq zamanı Xocalı soyqırımı ilə bağlı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 800-dən artıq ekspertizalar keçirilmişdir. 366-cı alayın həlak olmuş və yaralanmış hərbi qulluqçularının siyahısının təqdim edilməsi, hərbi texnikasının ermənilər tərəfindən ələ keçirilməsi və ya onlara verilməsi, habelə azərbaycanlıların yaşayış məntəqələrinin 366-cı alaya məxsus hərbi texnika ilə atəşə tutulması ilə əlaqədar məlumatların alınması və digər məsələlərlə bağlı Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstan Respublikaları Baş prokurorluqlarına hüquqi yardım göstərilməsi barədə təqdimatlar göndərilmişdir.
Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri olmuş mayor Seyran Ohanyanın (2016-cı ilin oktyabrına qədər Ermənistan Respublikasının müdafiə naziri vəzifəsində işləmiş), 366-cı alayın 3-cü batalyonunun komandiri olmuş Yevgeni Nabokixin və qeyrilərinin iştiraklarını sübuta yetirən materialların toplanması və Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi cəlb olunmaları, eləcə də əsir və girovlarla amansız rəftar edərək onlara işgəncələr verməklə qəddarlıqla qətlə yetirmiş, habelə Meşəlidə, Qaradağlıda, Bağanıs-Ayrımda və digər yaşayış məntəqələrində soyqırımı, həmçinin Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi surətdə didərgin salınaraq deportasiya etməklə xüsusilə ağır cinayətlər törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ə.Həsənov. Xosalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması kitabından