Tarix boyu baş vermiş silahlı münaqişələrin səbəbləri fərqli olsa da, onların nəticələri çox zaman dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə səciyyələnir. Bu cür qətliamlar bəzən təsadüf, diqqətsizlik və ya yanlışlıq səbəbindən baş verdiyi halda, bir çox hallarda bilərəkdən və ya düşünülmüş şəkildə törədilir. Burada məqsəd qarşı tərəfə sarsıdıcı, fiziki və psixoloji zərbə vurmaq olur.
Bu halda artıq söhbət soyqırım cinayətindən gedir. Azərbaycan xalqı da soyqırım fəlakəti ilə üzləşmişdir. Yəni 25-26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri rus ordusunun dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə basqın edərək gecə ikən dinc əhalini kütləvi şəkildə qətlə yetirmişdir. Bu qətliam nəticəsində şəhər tamamilə dağıdılmış, orada yaşayan insanlar isə amansız şəkildə öldürülmüşdür. Xocalı qətliamı müharibə şəraitində baş versə də, onu müharibə şəraitində baş vermiş digər qətl hallarından fərqləndirmək lazımdır. Çünki o, yuxarıda da qeyd olunduğu kimi, təsadüf və ya ehtiyatsızlıq səbəbindən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.
Soyqırım ifadəsi ilk dəfə 1944-cü ildə yəhudi əsilli amerikalı alim Rafael Remkin tərəfindən işlədilmişdir. Bu ifadə III Reyx tərəfindən yəhudi əsilli insanların kütləvi şəkildə məhv edilməsinə istinadən yaradılmışdır. Soyqırım və ya genosid ifadəsi yunan dilində olan genos, yəni “soy” sözü ilə latın mənşəli cide, yəni “öldürmək, məhv etmək” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu ifadə 1945-ci ildə Nüremberq tribunalı tərəfindən müharibə cinayətkarlarının günahlandırılması üçün istifadə edilmişdir. 1946-cı ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş 96 (I) nömrəli qətnamədə soyqırım anlayışına aşağıdakı kimi tərif verilmişdir: “Qətl halı bir nəfərin öldürülməsi olduğu halda, soyqırım bir qrup insanı yaşamaq hüququndan məhrum etmək deməkdir”.
Bu tərifdə göstərilənə əlavə olaraq qeyd etmək lazımdır ki, qətliamın soyqırım kimi tanınması üçün onun rəsmi şəkildə qərara alınması və bilərəkdən bir qrup insanın öldürülməsi məqsədi ilə həyata keçirilməsi şərtdir. Bu halda öldürülmüş insanların sayca çox olmaları vacib deyildir. Yəni düşünülmüş şəkildə bir qrup insanın məhv edilməsi nüansı soyqırımı müharibə və insanlığa qarşı digər cinayətlərdən fərqləndirir. Çünki bu halda soyqırım cinayətini törədənin məqsədi olduğu qrupu da məhv etməkdir. Bir qrup insanın düşünülmüş şəkildə məhvi ilə nəticələnən təqib halları müəyyən fərqli formalarda olduqları üçün soyqırımın hansı halda baş verməsini dəqiqləşdirmək lazımdır. Keçmiş Yuqoslaviyaya dair aparılan məhkəmənin qanunvericiliyinə əsasən insanların kütləvi şəkildə öldürülməsinin soyqırım kimi qəbul olunması üçün həmin insanların hansısa ümumi xüsusiyyətlərə malik olmaları və onların məhz həmin xüsusiyyətlər səbəbindən öldürülməsi şərtdir. Bu xüsusiyyətlər aşağıdakılardır: dini, etnik, milli və irqi. Əks halda, misal üçün, bir qrup insanın siyasi baxışlarına görə və ya başqa səbəblərdən kütləvi şəkildə təqib edilməsi soyqırım kimi qəbul edilmir. Yəni sadalanan dörd şərtdən biri sübut olunmadığı təqdirdə soyqırımdan söhbət gedə bilməz.
Göstərilən bu şərtlər 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş “Soyqırım cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında” konvensiyada da nəzərdə tutulmuşdur. Həmin konvensiyanın 2-ci maddəsi aşağıdakı kimidir: “Hazırkı konvensiyaya əsasən soyqırım milli, etnik, irqi və dini bir qrupu tamamilə və ya qismən məhv etmək məqsədilə həyata keçirilən aşağıdakı hallardan birinə aid edilir: a) bir qrupun üzvlərini öldürmək; b) bir qrupun üzvlərinə fiziki və əqli ağır zərbələr vurmaq; c) bir qrupu onun tamamilə və ya qismən məhvi ilə nəticələnən dözülməz vəziyyətlərdə saxlamaq; d) bir qrupun daxilində doğuşlara maneə törədən ölçüləri tətbiq etmək; e) bir qrupdan başqa bir qrupa məcburi olaraq uşaqları köçürmək”.
Soyqırım cinayətinin baş verdiyini iddia etmək üçün yuxarıda göstərilən şərtlərdən biri kifayətdir. Konvensiyanın sözügedən maddəsi ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə bir neçə iş təqdim edilmişdir. Bu işlərin arasında Bosniya-Hersoqovinanın Yuqoslaviyaya qarşı təqdim etdiyi iş nəzəri cəlb edir, çünki orada Xocalı soyqırımı ilə əlaqədar ortaya çıxacaq bir sıra suallara cavab tapmaq mümkündür. Yəni bu iş Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmə qarşısında qaldıracağı mümkün iddiaya uyğun gəlir. Bildiyimiz kimi, Xocalı soyqırımı baş verdiyi zaman Ermənistan soyqırım konvensiyasına üzv deyildi. Yəni ilk baxışdan belə anlaşıla bilər ki, onun beynəlxalq hüquqa əsasən soyqırım törətməmək öhdəliyi yoxdur. Yuqoslaviya da məhkəmə qarşısında məhz bu amilə əsaslanaraq etiraz edirdi. Lakin məhkəmə həmin etirazı rədd edərək bildirdi ki, soyqırım konvensiyasında nəzərdə tutulmuş müddəalar bütün müasir cəmiyyətlər tərəfindən tanınmışdır və bu müddəalar dövlətlər üçün erga omnes dəyərinə malikdir, yəni dövlətlər heç bir hüquqi öhdəlikləri olmadığı halda belə soyqırım törətməkdən boyun qaçırmalıdırlar. Başqa bir tərəfdən isə soyqırımın rədd edilməsi prinsipi bəşəri bir dəyərdir, o beynəlxalq hüququn ən ali prinsiplərindən olub jus cogens (yəni bütün dövlətlər üçün məcburi olan) keyfiyyətinə malikdir.
Beynəlxalq Ədalət Məhkəməsinə görə, soyqırım konvensiyası həm dövlətlərə soyqırım törətməyi qadağan edir, həm də onlara soyqırım cinayətinin baş verməsinin qarşısını almaq öhdəliyi tanıdır. Soyqırımın qarşısını almaq dövlətlərə verilmiş ayrıca məcburi bir öhdəlikdir və dövlətlər mümkün olan bütün vasitələrdən istifadə edərək onun baş verməsinin qarşısını almalıdırlar. Yəni soyqırımın baş verməsindən xəbərdar olan dövlət onun qarşısını almaq məqsədilə əlindən gələni etmirsə, o, bu cinayət üçün məsuliyyət daşıyır. Həmçinin, dövlətlər öz qanunvericiliyinə tabe olmayan, amma üzərində müəyyən təsiri olan insanların da soyqırım törətməsinin qarşısını almalıdırlar.
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, Ermənistan həm düşünülmüş şəkildə soyqırım cinayətini törətdiyi, həm də onun qarşısını almaqda heç bir istək nümayiş etdirmədiyi üçün məsuliyyət daşıyır. Bu sonuncu məsuliyyəti Rusiya Federasiyasına da aid etmək olar. Əsasən də ona görə ki, Rusiya Xocalı soyqırımının baş verəcəyindən xəbərdar olduğu halda, onun qarşısını almaq üçün nəinki heç bir addım atmamış, hətta onun tabeliyində olan hərbi hissə bu cinayətin törədilməsində fəal iştirak etmişdir. Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsi qeyd edir ki, soyqırım cinayəti müəyyən bir qrupun məhv edilməsinə aid olduğu üçün “qrup” anlayışının hüquqi tərifini dəqiqləşdirmək vacibdir. Yəni soyqırım konvensiyasının 2-ci maddəsində nəzərdə tutulan qrup üzvlərinin öldürülməsinin hansı formalarının soyqırım cinayətinə uyğun olmasını müəyyən etmək lazımdır. Bunun üçün Beynəlxalq Ədalət Məhkəməsi aşağıdakı şərtləri təyin edir: hədəfə alınan qrupun vacib bir hissəsi məhv edilsin. Yəni qrupun məhv edilən hissəsi o qədər vacib olmalıdır ki, bu hal həmin qrupun varlığına ciddi təhlükə yaratsın. Beləliklə, Xocalıda yaşayan əhalinin vacib bir hissəsinin məhv edilməsini nəzərə alaraq bu birinci şərtin Xocalıya uyğun olmasını iddia etmək olar. Başqa bir şərt kütləvi qırğının müəyyən bir coğrafi əraziyə aid olmasıdır. Yəni hədəfə alınan qrupa aid olan insanların bütün dünyada məhv edilməsi vacib deyil. Müəyyən bir ərazidə həmin qrupun üzvlərinin kütləvi öldürülməsi soyqırım cinayətinə uyğun gəlir. Bu şərti Xocalı ilə müqayisə edəndə məlum olur ki, Beynəlxalq Ədalət Məhkəməsinin tələb etdiyi kimi, Xocalı soyqırımı müəyyən bir ərazidə baş vermişdir, yəni giriş-çıxışı məhdudlaşdırılmış Xocalı şəhərində. Bundan əlavə, soyqırım törədənin imkanlarını da nəzərə almaq lazımdır. Çünki erməni silahlı qüvvələri niyyətlərini həyata keçirmək üçün bütün imkanlara malik idilər. Yəni köməksiz və xilas olmağa imkanı olmayan insanlar hərbçilər tərəfindən odlu silahlarla kütləvi şəkildə qətlə yetirilmişlər.
Beləliklə, bu nəticəyə gəlmək mümkündür ki, Xocalı qətliamına soyqırım ifadəsini qeyd-şərtsiz aid etmək olar. Belə ki, həmin qətliam, birincisi, Ermənistan dövlətinin əvvəlcədən düşünülmüş siyasəti nəticəsində baş vermişdir. İkincisi, oradakı insanlar azərbaycanlı və ya türk olduqları üçün öldürülmüşdür. Bu sonuncu amil həmin qətliamın baş verməsində ayrı-seçkiliyin olmasını üzə çıxarır və beynəlxalq hüquqda qadağan olunmuş aparteid, irqçilik, ksenofobiya və s. kimi cinayətlərə uyğun gəlir. Həmin cinayətləri qadağan edən beynəlxalq sənədlər Ermənistan Respublikasının məsuliyyətə cəlb olunmasına əsas verir.
Bundan əlavə, işğal olunmuş ərazilərdə tarixi maddi-mədəniyyət abidələrinin də məhv edilməsini və terrora məruz qalmasını nəzərə alaraq Azərbaycan Ermənistana qarşı həm maddi, həm də mənəvi soyqırım iddiaları irəli sürməlidir.
Soyqırım törətmiş şəxslərin beynəlxalq məsuliyyəti
Müasir dünyada soyqırım beynəlxalq cinayət kimi tanınaraq qadağan olunmuşdur. Əgər soyqırım cinayəti baş vermişsə, onun məsuliyyəti eyni zamanda həm dövlətə, həm də həmin cinayətin baş verməsində bilavasitə iştirak etmiş şəxslərə aid edilir. Bunun üçün beynəlxalq hüquq tələb edir ki, hər bir dövlət öz daxili qanunvericiliyinə soyqırım cinayətində təqsirli bilinən şəxslərin məsuliyyətini təyin edən müddəalar daxil etsin. Bu vasitə ilə soyqırım cinayətini törədən şəxslərin məsuliyyətdən yayınmasının qarşısı alınmalıdır.
Çünki Nüremberq tribunalının məşhur cümləsində də deyildiyi kimi: “Bir cinayəti qeyri-müəyyən orqanlar yox, müəyyən şəxslər törədirlər”. Bu cür yanaşma Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də qəbul edilmişdir və o, beynəlxalq hüquqda ikili məsuliyyətin, yəni eyni zamanda dövlətin və şəxsin məsuliyyətinin mümkünlüyünü qəbul edir. Beləliklə, Xocalıdakı soyqırım cinayəti üçün yalnız Ermənistan Respublikası deyil, həm də onun baş verməsində fəal iştirak etmiş erməni məmurları da məsuliyyət daşıyırlar. Amma çox təəssüf ki, həmin şəxslər nəinki cəzasız qalıblar, hətta onların bir qismi bu gün Ermənistan Respublikasının hakimiyyət orqanlarında məsul vəzifələr daşıyırlar.
Bunun üçün Azərbaycanın diaspor və başqa bu tipli təşkilatları dünya dövlətlərindən Xocalı soyqırımında iştirak etmiş, cinayət törətmiş şəxslərin ərazilərinə səyahət etdikləri zaman məsuliyyətə cəlb edilməsini tələb etməlidirlər. Bu praktika artıq bir neçə Avropa ölkəsində baş tutmuşdur. Misal üçün Belçikada, İsveçrədə və Kanadada Ruanda soyqırımında təqsirli bilinən şəxslərə qarşı cinayət işi açılmış və onlar məhkəmə qarşısında cavab verməli olmuşlar.
Dilbadi Qasımov
“Analitik baxış”, say 1, may 2010