Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi. Öz mənfur və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün onlar müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə etmiş, dövlət səviyyəsində davakar millətçiliyi, separatizmi və qonşu xalqlara qarşı təcavüzü dəstəkləmişlər. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə “milli-mədəni”, dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər.
XIX əsrin birinci rübündə Rusiya və İran arasında gedən müharibələrin nəticəsi kimi Azərbaycan torpaqlarının ikiyə bölünməsi ilə Qarabağ ərazisinə İran və Türkiyədən ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsinə start verilmiş, burada demoqrafik vəziyyət süni surətdə dəyişdirilmişdir. 1905-ci ildə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı öz doğma yurdlarında kütləvi qırğınlar törədildi, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. 1918-ci ildə siyasi və hərbi rəhbərliyi əsasən ermənilərdən ibarət Bakı Kommunasının himayəsi ilə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirildi. Nəticədə on minlərlə dinc insan məhv edildi, yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və məktəblər dağıdıldı. Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində də ermənilər dinc azərbaycanlı əhaliyə divan tutdular.
Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti millətlərin və xalqların bərabərliyi şüarını elan etmiş sovet hakimiyyəti dövründə incə və məkrli metodlarla davam etdirilmiş, Azərbaycana münasibətdə çoxlu yanlış və ədalətsiz qərarlar qəbul edilmişdir. 20-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi və beləliklə, Azərbaycanın qədim torpağı Naxçıvan Vətənimizin qalan hissəsindən ayrı salındı. Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. SSRİ rəhbərliyinin volyuntarist qərarı ilə 1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyasına nail oldular və faktiki olaraq Ermənistan Respublikası ərazisində monoetnik respublika yaratdılar.
1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon – Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı.
Münaqişənin ilk illərində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.
Xocalı faciəsi XX əsrdə “Böyük Ermənistan” və monoetnik dövlət yaratmaq kimi şovinist siyasət müəllifləri olan ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İndiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarşısının alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən başlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın gözünün qabağında bütün insanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik törətmişlər.
Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış 1992-ci ilin 26 fevral gecəsində erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etmişlər.
Əvvəlcə Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmiş, sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur.
Həmin gün qısa bir vaxt ərzində erməni silahlı dəstələri şəhərin dinc əhalisindən 613 nəfəri qəddarcasına, ağır işgəncə verməklə məhv etmiş, 421 nəfərə ağır xəsarət yetirmişlər.
Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Bu zaman 1275 nəfər itkin düşmüş və girov götürülmüş, 10 min əhalisi olan şəhər talan edilmiş, tikililər dağıdılmış və yandırılmışdır. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu gün də məlum deyildir. Faciə nəticəsində 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. 487 nəfər şikəst edilmişdir. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində deyildiyi kimi: “Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur.”
Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir!
Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdi. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak etmişlər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu müəyyən edilmişdir.
Xocalı soyqırımı zamanı mayor rütbəsində olan S.Ohanyan indi general paqonları gəzdirir və Ermənistan Respublikasının müdafiə naziridir. Cinayətin bir sıra digər iştirakçıları da Ermənistanın yaratdığı oyuncaq qurumda və Ermənistan Respublikasının dövlət orqanlarında müxtəlif vəzifələr tuturlar.
BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, soyqırımı, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Xocalı şəhərində törədilmiş müdhiş cinayətin xarakteri və miqyası göstərir ki, həmin konvensiyada təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir.
Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bütün bunlarla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz.
Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl atmışlar. “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli konvensiyasında nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır.
Xocalının zəbt olunması zamanı dinc azərbaycanlı sakinlərə qarşı ağlasığmaz vəhşilik törədənlər və Cenevrə konvensiyasının, “İnsan hüquqları haqqında ümumi bəyannamənin” 2, 3, 5, 9 və 17-ci maddələrinin, “Hərbi münaqişələr və fövqəladə hallar zamanı qadın və uşaqların müdafiəsi haqqında” konvensiyanın, “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyanın tələblərini kobud surətdə pozanlar indiyədək cəzalandırılmamışdır. Cəzasızlıq mühiti isə yeni cinayətlər üçün əsas yaratmaqdadır.
Ermənistan baş vermiş vəhşiliklərə görə çəkinmir, əksinə, azərbaycanlılara qarşı törədilmiş soyqırıma həyasızcasına haqq qazandırılır, bu faciəni törədənlər isə milli qəhrəman sayılırlar. Ermənistanda açıq anti-azərbaycan siyasəti yürüdülür, yeni Azərbaycan torpaqlarının işğal olunması üçün dövlət miqyasında ideoloji əsaslar yaradılır. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyümələrinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır.
Nə qədər qəribə olsa da, Xocalı faciəsi kimi real soyqırımına göz yuman bəzi ölkələrin parlamentləri “erməni soyqırımı” əfsanəsini müzakirə predmetinə çevirmiş, hətta tarixi həqiqətlərə etinasızlıq göstərərək bu barədə ədalətsiz qərarlar da qəbul etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması səylərinin Ermənistan tərəfindən indiyədək boşa çıxarılmasının səbəblərindən biri də məhz budur.
Erməni tarixçiləri və siyasətçiləri guya erməni genosidi olan 1915-ci il hadisələrini ildən-ilə şişirtmək və təbliğ etməklə, əslində əsrin əvvəlindən həyata keçirilən azərbaycanlıların kütləvi qırğınını unutdurmağa, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.
Azərbaycan torpaqları isə hələ də işğal altındadır, erməni cəlladlar öz tamahkar məqsədlərinə çatmaq üçün günahsız insanları amansızcasına qətlə yetirmişlər. Xocalı faciəsinin beynəlxalq birlik tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq hər bir azərbaycanlının vəzifəsidir. Bu cinayət bir daha təkrarlanmamalıdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu hadisə ilə bağlı dediyi kimi: “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”.
Qeyd etmək yerinə düşər ki, məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xocalı soyqırımının 20-ci ildönümü haqqında” sərəncamında qeyd olunduğu kimi: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Bu baxımdan Heydər Əliyev Fondunun şübhəsiz ki, müstəsna rolu var. Heydər Əliyev Fondu dalbadal bir neçə ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası ildən-ilə geniş vüsət alır. Kampaniya çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilmişdir. Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər keçirilir. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forumlar Xocalı faciəsini tanımışlar. Fondun və İƏT Gənclər Forumunun təşəbbüsü ilə 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımışlar. Dünyanın 20 ölkəsində aparıcı universitetlərdə gənclərin fleşmobları keçirilir. Bununla bərabər, kampaniyanın yeni mərhələsi – dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupuna, AŞPA-ya, BMT Baş Katibliyinə, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara ünvanlanmış, bu faciəni soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbi irəli sürülən petisiya və müraciətlər yayılması mərhələsi başlanmışdır.
Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir.
Azərbaycan dövləti erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Artıq dünya ictimaiyyəti də həqiqətin nədən ibarət olduğunu çox yaxşı başa düşür. İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi xüsusi qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “İnsanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir. 51 ölkənin qəbul etdiyi qətnamədə Xocalı faciəsinə “erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilmişdir.
Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, ABŞ-ın bir sıra ştatları bu soyqırımını tanınıb.
Azərbaycan erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı siyasi, maliyyə, ərazi və başqa dividendlər qazanmaq məqsədi güdmür. Məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə də erməni şovinist millətçilərinin regionda həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükəsi açılıb göstərilməlidir. Bu, qəhrəman Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.