
Mayın 30-dan başlayaraq Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Ballıca və Xanyurdu kəndlərində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi iyunun 30-u günün sonunadək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə birillik və çoxillik bitkilərdən – alma, armud, gilas, qoz, şaftalı, nektarin, ərik, şabalıq, xurma, çiyələk, qarağat, moruq, pomidor, xiyar, badımcan, bibər, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə və texniki), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı (dən və silos üçün), yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Ballıca və Xanyurdu kəndlərinə köçən sakinlər aşağıdakı ardıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
-EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq);
-Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Ballıca” və “Xanyurdu” seçməklə ərizə formasını doldurmaq;
-Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Ballıca kəndinin olduğunu (Xanyurdu kənd sakinləri ay ərində kəndə köçdükdən sonra) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.
Müraciət edən şəxslərlə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması iyulun 1-dən avqustun 31-dək baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
Xatırladaq ki, işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən başlanıb.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









