Dekabrın 15-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKGF) və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması “İctimai Birliyi İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təşvigat kampaniyasının onlayn təqdimatına həsr olunmuş tədbir keçirəcəkdir.
10 dekabr – İnsan Hüquqları Gününə həsr olunmuş həftə çərçivəsində keçiriləcək tədbirdə “Xocalıya ədalət” kampaniyasının yeni internet saytı ictimaiyyətə təqdim ediləcək və kampaniyanın Facebook, Twitter və Youtube kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə məlumat veriləcəkdir.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində 2 ildə dünyanın 50-yə yaxın ölkəsində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilmişdir. Kampaniyanın fəaliyyətini əlaqələndirən İKGF-nin təşəbbüsü ilə bu il ərzində İKT-nin üzvü olan dövlətlərin Parlament Birliyi və İKT Xarici İşlər Nazirlərinin Konfransı tərəfindən qəbul edilən qətnamələrdə Xocalı qırğını “insanlığa qarşı cinayət” kimi qiymətləndirilmişdir.
ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınımış rep ifaçısı Toni Bləkman və Azərbaycanın “Dəyirman” rep qrupu tərəfindən ifa edilmiş “Xocalıya ədalət” rep üslublu mahnının təqdimatı bu faciənin həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynamışdır.
Hazırda http://justiceforkhojaly.org/?p=petition ünvanında kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış müştərək ərizəyə beynəlxalq imzatoplama aksiyası keçirilir.
14.12.2010