Xocavənd rayonu (1930-91 illərdə Martuni r-nu) – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsinin c.-ş hissəsində yerləşir. Sahəsi 1458 km2, əhalisi 40,8 min nəfərdir. (01.01.2006) mərkəzi Xocavənd ş-dir.
R-na Xocavənd ş., Hadrut, Qırmızı Bazar qəs.-ləri və Əmiranlar, Heşan, Axullu, Dolanlar, Binə, Qaradağlı, Böyük Tağlar, Salakətin, Kuropatkino, Arpadüzü, Muğanlı, Cəmiyyət, Ağkənd, Xanoba, Xocavənd, Kiş, Tağaser, Qırmızıqaya, Edişə, Vəng, Dağdöşü, Qaçbəyli, Şəhər, Şıx Dursun, Mavas, Azıx, Zoğalbulaq, Aragül, Daşbaşı, Mülküdərə, Cilən, Bünyadlı, Gavahın, Ağbulaq, Binədərəsi, Sor, Qarqar, Zavadıx, Xərxan, Bulutan, Xırmancıq, Məlikcanlı, Güneyxırman, Güneyçartar, Quzeyxırman, Quzeyçartar, Qağartsi, Qarıtəpə, Dərəkənd, Şahyeri, Qarakənd, Yemişcan, Günəşli, Quşçular, Kəndxurd, Müşkapat, Quzumkənd, Qarazəmi, Tuğ, Susanlıq, Ataqut, Ağdam, Köhnə Tağlar, Ağcakənd, Mirikənd, Avdur, Çaylaqqala, Arpagədik, Petrosaşen, Çıraquz, Məmməddərə, Tsakuri, Yenikənd, Çörəkli, Edilli, Düdükçü, Ağbulaq, Sos, Cütcü, Tağavard, Çağadüz, Zardanaşen, Xətai kəndləri daxildir.
Səthi alçaq dağlıq, ş.-də maili düzənlikdir. Əsasən, Yura, Tabaşir, Antropogen çöküntülərindən ibarətdir. Mərmər yatağı var. İqlimi çox yerdə yayı quraq keçən mülayim istidir. Orta temp-r yanvarda – 2ºC-dən – 1ºC-yədək, iyulda 24–26ºCdir. İllik yağıntı 400-500 mm-dir. Çayları (Köndələnçay, Qozluçay, Quruçay və s.) Araz hövzəsinə aiddir. Şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyünə yarımsəhra və quru çöl bitkiləri üstündür. Kolluqlar və enliyarpaqlı meşələr var. Heyvanları: tülkü, çaqqal, dovşan, çölsiçanı və s. Quşları: kəklik, göyərçin və s.
Xocavənd, əsasən, k.t. r-nudur. İqtisadiyyatında üzümçülük, taxılçılıq, heyvandarlıq mühüm yer tutur. R-nda “Təbriz” kəndli – fermer təsərrüfatı fəaliyyət göstərir. R-nda 20 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar uşaq müəssisəsi, 20 klub, 19 kitabxana, 4 xəstəxana, 7 başqa tibb müəssisəsi var.
R-nda tarixi-arxeoloji və memarlıq abidələri, o cümlədən qədim mağara – insan düşərgələri (yaşı təqr. 1,2 mln. il), qalalar (1-8 əsrlər), məbəd (10 əsr), türbə (13 əsr) və s. var.
Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı, 2007, s.860
1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-si böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Qaradağlı kəndində 91 nəfər – kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli olub.
1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. Bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib.
İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.
Bundan başqa, işğal altında qalmış Xocavənd rayonunun meşələri məhv edilmiş, tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilmişdir.
Nərgiztəpə Xocavənd rayonunun 1993-cü ilin sonları – 1994-cü ilin əvvəllərində gedən döyüşlər zamanı işğaldan azad edilən ərazisidir. Orta Tunc dövrünə aid “Nərgiztəpə” maddi mədəniyyət abidəsinin burada yerləşməsi bu ərazilərin böyük əhəmiyyət daşımasını şərtləndirir.
https://azertag.az/xeber/1601337
2020-ci ilin sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlamış döyüşlər nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi azad olunub.
2020-ci ildə Xocavənd rayonunun işğaldan azad olunan yaşayış məntəqələri:
9 oktyabr–Hadrut qəsəbəsi və Sur kəndi;
14 oktyabr – Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri;
15 oktyabr – Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri;
16 oktyabr –Xırmancıq, Ağbulaq, Axullu kəndləri;
20 oktyabr –Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri;
23 oktyabr – Dolanlar və Bünyadlı kəndləri;
7 noyabr – Ataqut, Tsakuri kəndləri;
9 noyabr – Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri.