Məlum olduğu kimi, XIX əsrdən etibarən işğalçılıq niyyətlərini həyata keçirən və tarixi Azərbaycan torpaqlarında “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün müxtəlif çirkin yollara əl atan ermənilər, həmçinin türk xalqlarına qarşı amansız soyqırımları törətmişlər. XX əsrin sonlarına yaxın Ermənistanda Azərbaycana qarşı separatçılıq meyilləri genişmiqyaslı hərbi toqquşmalarla müşayiət olundu. Bəzi Qərb ölkələrinin, qlobal güc dairələrinin köməyi ilə davam edən bu hərbi təcavüz Azərbaycanın suveren ərazilərinin – Qarabağın və Şərqi Zəngəzurun işğal altına düşməsi ilə nəticələndi. Dövlətçilik ənənələri olmayan ermənilər bununla da Qafqazda özlərinə ikinci dövlət qurmaq üçün separatizm, terrorizm və vandalizm yolunu seçərək türk xalqlarının gələcəyinə kölgə salmağa çalışırdılar. Otuzillik işğaldan azad edilmiş ərazilərimizdə bu gün Ermənistan silahlı qüvvələrinin vandallığının izlərini açıq-aydın görmək mümkündür. Onlar işğal etdikləri ərazilərdə bu müddət ərzində nəinki quruculuq işləri aparmamış, əksinə bu bölgədəki bütün mədəniyyət abidələrini, qəbirləri, evləri, məscidləri dağıtmış, təbiətə ciddi zərər vurmuş, tərk etdikləri ərazilərə isə minalar döşəmişlər. Bu kütləvi vandalizm aktları Ermənistandakı etnik psixoloji vəziyyəti özündə ehtiva edir. Məkrli qonşularımızın işğal illərində əzəli torpaqlarımızda erməni arxitekturası əsasında inşa etdikləri binalar onların həmin ərazilərə sahib çıxmaq niyyətini əks etdirir. Odur ki, xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi binaların sökülməsinə başlanılıb.
AZƏRTAC Ermənistan silahlı qüvvələrinin və separatçıların 30 ilə yaxın işğalda saxladıqları ərazilərdəki izlərinin aradan qaldırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən atılan addımların bir hissəsini oxuculara fotolarla təqdim edir.
Separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı parlament binasının Azərbaycan Hökumətinin göstərişinə əsasən sökülməsinə başlanılıb. Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 “deputat”ı fəaliyyət göstərdikləri dövrdə separatçıların mənfur siyasətini dəstəkləyiblər.
Azərbaycanda hazırda çox mühüm tarixi proseslər yaşanır. Ölkəmizin ərazisində ikinci erməni dövləti qurmaq istəyən xunta rejiminin rəhbərləri ötən il antiterror tədbirləri nəticəsində bir-bir həbs olundular. İndi isə onların səpdikləri separatizm toxumları məhv edilir. Mənfur düşmənin daha bir tikilisi – üstdən baxdıqda xaç formasında inşa edilmiş “veteranlar” binasının da sökülməsi işlərinə başlanılıb. Hansı veterandan söhbət gedir, buna Ermənistan rəhbərliyi cavab verməlidir. Lakin onlara bir daha xatırlatmaq lazımdır ki, həyasızcasına başqa dövlətin ərazisinə soxulub, orada kütləvi qırğınlar, vandalizm aktları törədən, separatizm siyasəti həyata keçirənlərə hansı üzlə veteran adı veriblər?! Artıq illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə onların qanun qarşısında cavab vermək zamanıdır.
Azərbaycan dövləti daim tolerant siyasət yürüdərək Qarabağdakı separatizm qalıqlarını diplomatik yolla təmizləmək istəyini bütün beynəlxalq platformalarda bəyan edib. Lakin buna məhəl qoymayan Ermənistan hakimiyyəti və başda Makron Fransası olmaqla onun havadarları məsələnin ciddiliyini, Azərbaycanın gücünü və Prezident İlham Əliyevin iradəsini nəzərə almamaqla böyük səhvə yol veriblər. İki ölkə arasında sülh sazişinin imzalanması, regional sabitliyin təmin edilməsi qərəzli qlobal güc mərkəzlərinin siyasi xəttinə uyğun olmasa da, müharibədən məğlub çıxmış, siyasi xətti olmayan Ermənistan üçün sülh sazişi imzalamaq hava-su kimi vacibdir. Güman edirik ki, Ermənistanda bunu gec olmadan anlayacaqlar.