Bir vaxtlar imperatriçə II Yekaterina I Pyotrun qəsbkarlıq siyasətini davam etdirərək, Rusiyanın cənuba doğru irəliləməsi və cənub dənizlərinə çıxması məqsədilə Qafqazda pravoslav Gürcüstan ilə yanaşı, siyasi baxımdan Rusiyaya istiqamətlənmiş daha iki xristian dövləti yaratmaq planını irəli sürmüşdü.
Həmin plan Araz çayından Dərbəndə qədər olan torpaqlarda alban dövlətinin dirçəldilməsini, İrəvan bölgəsində isə erməni vilayəti yaradılmasını nəzərdə tuturdu. Bu zaman Krım ermənilərinin İrəvan paytaxt olmaqla erməni dövləti yaratmaq barədə təkidli xahişi nəzərə alınmışdı. Amma Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Rusiya bu niyyətlərindən imtina etdi və imperiyaya birləşdirilmiş Azərbaycan torpaqlarında yalnız erməni dövləti yaratmaq qərarına gəldi.
Azərbaycan xalqının faciəli tarixi məhz XIX əsrin əvvəllərindən başlanır. Fundamental elmi tədqiqatlarla sübuta yetirilmişdir ki, müasir Ermənistanın ərazisi tarixən Azərbaycana mənsub olmuşdur. Doğrudur, burada kiçik qruplarla, dağınıq halda ermənilər də yaşayırdılar, lakin onlar gəlmə etnos idi və bu bölgəyə müasir İranın, İraqın, Suriyanın və Türkiyənin ərazilərindən köçmüşdülər.
Bu məsələni daha ətraflı araşdıraq. Məlumdur ki, protoerməni tayfalarının vətəni Balkan yarımadası olmuşdur. Bu barədə erməni tədqiqatçılarının özləri yazmışlar. Məsələn, erməni alimi Y.A.Manandyan nüfuzlu alimlərin rəyi ilə razılaşaraq hesab edir ki, “protoerməni tayfaları hələ eramızdan əvvəl II minilliyinin birinci yarısında Balkan yarımadasında yaşamışlar. Kiçik Asiyaya onlar eramızdan əvvəl təqribən XIII əsrin ortalarında köçüb gəlmişlər. Kiçik Asiya məkanlarını uzun müddət ərzində gəzib-dolaşdıqdan və müxtəlif tayfalarla qaynayıb-qarışdıqdan sonra eramızdan əvvəl I minilliyin təxminən ortalarında Ermənistan yaylası ərazisinə gəlib çıxmışlar.
Tanınmış tarixçi İ.M.Dyakonov özünün məşhur “Erməni xalqının ən qədim tarixi” (Yerevan, 1968-ci il) əsərində yazır: “Yalnız bir nəticə çıxarmaq olar ki, erməni dilinin əcdadının ilkin daşıyıcıları Ermənistan yaylasına yardımçı əkinçilik təsərrüfatı ilə məşğul olan köçəri maldarlar kimi gəlmişlər, sinfi cəmiyyətin nə olduğunu bilmirdilər, yaylanın təbiəti və erkən sinfi cəmiyyətin sosial şərtləri ilə isə o vaxtlar erməni dilinə hələ keçməmiş olan yerli əhali vasitəsilə tanış olmuşlar”.
Eramızdan əvvəl VI əsrdə ermənilər öz dövlətini yaratmışdılar və o, Dəclə və Fərat çayları hövzəsinin əsasən orta hissəsində yerləşən Ermənistan yaylasının bəzi vilayətlərini əhatə edirdi. Eramızın 387-ci ilində Ermənistan Sasanilər İranı ilə Bizans arasında bölüşdürüldü. Eramızın XIV əsrində ermənilar Kiçik Asiyanın başqa bir hissəsində – Aralıq dənizinin şimal-şərqində Rubenilər tərəfindən idarə edilən cırtdan Kilikiya dövləti yaratmağa nail oldular. Bu dövlət cəmi bir əsr yaşadı və bundan sonra ermənilərin beş yüz il ərzində hətta belə formada da öz dövlətçiliyi olmadı. XV əsrdə erməni kilsəsi Eçmiədzinə köçürüldü ki, bundan da məqsəd Cənubi Qafqazda öz dövlətini yaratmaq idi. Həmin vaxtdan bəri erməni xalqının tarixi “Eçmiədzin dövrü” adlandırılmağa başladı.
Erməni xalqının XVI əsrdən XX əsrədək olan tarixindən söhbət getdikdə bu, uydurma “Şərqi Ermənistanın” tarixi kimi şərh edilir və bu ad altında əslində Naxçıvanın, İrəvanın, Zəngəzur torpaqlarının tarixi nəzərdə tutulur. Ermənilər öz dövlətçiliyini 1918-ci ildə çar imperiyasının xarabalıqları üzərində bərpa etdilər. İngiltərənin köməyi ilə Cənubi Qafqazda, Azərbaycanın İrəvan xanlığının ərazisində Ermənistan Respublikası peyda oldu, sonralar onun ərazisi bolşevik Moskvasının amiranə qərarı ilə Azərbaycanın hesabına genişləndirildi. Milli dövlətçiliyin olmaması şəraitində erməni kilsəsi bir çox ölkələrə səpələnmiş bütün erməniləri birləşdirmək rolunu öz üzərinə götürdü.
Başqa sözlə desək, o, bir növ siyasi və dövləti xarakterli vəzifələri yerinə yetirirdi. Erməni Qriqoryan kilsəsinin əsaslandığı monofizit məzhəbi (Allahın insani mahiyyətinin danılması) hələ Xalkidon baş kilsəsində (451-ci il) bidət elan edilmişdi. Dvin kilsə məclisində (506-cı il) isə erməni kilsəsi digər kilsələrdən tamamilə kənarlaşdırıldı və avtokefal kilsə oldu. Tanınmış politoloq Dmitri Furmanın fikrincə, erməniləri başqa xristian kilsələrindən ayırmış məhz monofizitizm onlarda tənhalıq, yetimlik, “başıbəlalılıq” hisslərinin yaranmasına və inkişafına kömək etmişdir və bu səbəbdən də erməni etnosu özünü az qala bütün dünyaya qarşı qoyur.
Ermənistanın siyasi xadimi Suren Zolyan yazmışdır: “Hamıya düşmən gözü ilə baxmaq – özünün hamıya düşmən olmağın deməkdir. Bu, yol deyil, dibi görünməyən uçurumdur”. Ermənilərin bu cür vəziyyəti Rusiya imperiyası üçün talenin hədiyyəsindən də dəyərli bir şey idi. Təsadüfi deyil ki, Birinci Pyotr “faydalı vətəndaşlar kimi erməniləri Rusiyada yerləşməyə çağırırdı və dindaşlar kimi onları himayə və mühafizə ediləcəklərinə inandırırdı.
R.Mehdiyev “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri (Bakı, 20010)” kitabından