Cəfər Qiyasi və İbrahim Bozyel «Armenian acts of cultural terrorism» adlı kitablarında qeyd edirlər ki, Z.Korkodyanın “Sovet Ermənistanının əhalisi” (1932-ci il nəşri) kitabına görə, XX əsrin əvvəllərində Ermənistan ərazisindəki 2310 coğrafi addan 2000-i türk mənşəli idi.
Ermənistan SSR-də toponimlərin dəyişdirilməsi SSRİ daxilində gedən proseslərlə sıx bağlıdır. 1924-1930-cu illərdə 80 toponimin adı dəyişdirilmişdi. Bu toponimlərin adlarının dəyişdirilməsi 3 yanvar 1935-ci il tarixli rəsmi qərarla təsdiq olunmuşdu. Fərmanda deyilirdi ki, bir çox yer adları keçmişin dini, feodal-mülkiyyətçilik qalıqlarını əks etdirir, eləcə də onların əksəriyyəti qeyri-sabit və pozucu mahiyyətə malikdir. Bundan əlavə, bir çox toponimlər iki və daha çox ərazidə təkrarlandığından, poçt və digər idarələrin fəaliyyətini çətinləşdirirdi. Adların dəyişdirilməsi müharibədən sonra (1945-1950) daha geniş vüsət aldı ki, bunun da əsas səbəblərindən biri 1945-ci ilin noyabrında ermənilərin kütləvi olaraq Sovet İttifaqına repatriasiyası ilə əlaqədar idi. 1946-1948-ci illərdə Yaxın Şərq, Şimali və Cənubi Amerikadan, eləcə də Qərbi Avropadan 90 min erməni gəldi.
Ermənistanda yer adlarının dəyişdirilməsinə təsir edən digər sosial-siyasi proses isə SSRİ Nazirlər Sovetinin 10 mart 1948-ci il tarixli 745 saylı Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi tədbirləri haqqındakı qərarı oldu. Bu plana əsasən, 100 min nəfər “könüllü olaraq” köçürülməli idi. Köçürülmə prosesinin üç mərhələdə aparılması nəzərdə tutulmuşdu: 1948-ci ildə 10 min nəfər, 1949-cu ildə 40 min nəfər və 1950-ci ildə 50 min nəfər.
1967-1968-ci illərdə adların dəyişdirilməsinin kəskin artdığı görünür – bu dövrdə 50 toponim dəyişdirilmişdi. 1980-ci illərin sonlarında Ermənistan SSR-də yalnız 152 Azərbaycan kəndinın adı türk dilində idi.
Ümumiyyətlə, 1924-1988-ci illərdə Ermənistan SSR-də 600-dən artıq toponimin adı dəyişdirilmişdi. Daşınmaz Mülkiyyətin Kadastrı Dövlət Komitəsinin rəisi Manuk Vardanyanın sözlərinə görə, 2006-cı ildə daha 57 yaşayış məntəqəsinin, 2007-ci ildə isə 21 yaşayış məntəqəsinin adı dəyişdirilib. Yeni ad seçilməsi ilə əlaqədar problemlər olduğundan, bu proses çox vaxt alır.
http://dic.academic.ru saytının materialları əsasında
hazırladı Gündüz Nəsibov
9 oktyabr 2014-cü il