Müsahibimiz Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Yadigar Muradovdur.
– Sizi hamı yaxşı tanıyır, əlavə təqdimata ehtiyacınız yoxdur. Necə oldu ki, Şuşa teatrı yarandı və direktorluq Sizə həvalə olundu?
– Mən Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr və kino aktyorluğu fakültəsini bitirmişəm. Mərhum Adil İsgəndərovun kursunda oxumuşam. Onun vəfatından sonra, kursumuza Ələmdar Quluzadə rəhbərlik edib.
1980-ci ildə doğulduğum Ağdam teatrına təyinat almışam. Ağdam teatrında işləyə-işləyə Şuşa Pedaqoji Texnikumunda saat hesabı həftədə iki dəfə dərs deyirdim. Məktəb profilini dəyişərək Mədəni-Maarif Texnikumu olmuşdu. Aktyor sənətindən, səhnə danışığından dərs deyirdim. Şuşada teatr yox idi. Şuşa teatrı Üzeyir bəy Hacıbəyovun vəfatından bir il sonra – 1949-cu ildə ermənilərin səyi ilə bağlanmışdı. Belə bir əmr verilib ki, maliyyə çətinliyi üzündən Ü.Hacıbəyov adına Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətinə xitam verilsin. Elə həmin il M.Qorki adına Stepanakert (Xankəndi) Dövlət Dram Teatrı açılıb. Başqa sözlə, ermənilər Üzeyir bəyin sağlığında edə bilmədiklərini, onun vəfatından sonra gerçəkləşdirmişdilər.
– Nəticədə…
– Nəticədə düz 41 il Şuşada dövlət teatrı olmadı. Amma özfəaliyyət teatr kollektivi səviyyəsində Şuşa teatr mühiti həmişə olub. Mədəniyyət evi, texnikum nəzdində teatr truppaları fəaliyyət göstərib. Mən də adını çəkdiyim texnikumda 1980-ci ildə işləməyə başlayanda gördüm ki, İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən bir neçə nəfər burada aktyor sənətindən, səhnə danışığından dərs deyir. 1985-ci ildə mən Ü.Hacıbəyovun 100 illiyi ilə əlaqədar “Arşın mal alan” əsərini hazırladım. Özüm tamaşanın həm rejissoru idim, həm də Əsgər rolunu oynadım. Texnikumda təhsil alan 500 nəfər tələbə qız içərisindən Gülçöhrə, Asya, Telli, Cahan xala seçmişdim. Peşəkar yerli həvəskarların iştirakı ilə bir neçə tamaşa hazırladıq. Nazim Mərdanov, Rəbiyyə Zərdabi hərəsi bir tamaşa, Kamaləddin Məmmədli isə hətta “Əsli və Kərəm” operasını hazırladı. Bunun nəticəsində bir növ teatr truppası formalaşdı. 1980-87-ci illər ərzində özfəaliyyət dram teatrı kollektivi kimi fəaliyyət göstərdik. 1987-ci ildə Mədəniyyət Nazirliyinin Elmi-Metodiki Mərkəzindən nümayəndələr gəldi, bizim tamaşalara baxıb qiymət verdilər və dedilər ki, burada xalq teatrı açılsın. 3 il də həmin teatr fəaliyyət göstərəndən sonra, 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı açıldı. Və məni Bakıya göndərdilər direktor kimi təsdiqə. Mən, əlimdə də 120 nəfərlik ştat cədvəli qayıtdım Şuşaya. 6 ay da vaxt vermişdilər ki, 2 tamaşa hazırlayaq. Nazirlikdən gəlib baxıb, bundan sonra teatrın rəsmi açılışını edəcəkdilər. Biz 3 tamaşa hazırladıq – Ü.Hacıbəyovun “Arşın mal alanı”nı, S.Ələsgərov və Ş.Qurbanovun “Özümüz bilərik” operettasını və E.Baxışın “Uzun Həsən” tarixi dramını. Biz elə rəsmi açılışa hazırlaşırdıq ki, gündə bir hadisə baş verirdi. Hər iki gündən, üç gündən bir yolda bizim insanlara qarşı vəhşiliklər törədilir, hadisələr zamanı yaralananları, yaxud həlak olanların cənazəsini də bizim teatrın qarşısına gətirib qoyurdular. Çünki meydan orada idi. Beləliklə, Şuşa işğal olunanadək rəsmi açılış keçirə bilmədik…
Qısa müddət ərzində orkestr yaratmışdım. Çünki bizim teatr musiqili dram teatrı idi. Mərhum S.Ələsgərov və T.Qəniyev gəldilər ki, bu 6 ayda nə etmisiniz? Bizdə Musiqi Kollecinin müəllimi olan Telman müəllimin dirijorluğu ilə bütün əsərlərin xalq çalğı alətləri orkestri üçün “orkestrovka”sı hazırlanmışdı. Bizim işimizə baxanlar heyran olurdular ki, siz çoxdan hazır imişsiniz, bəs nə üçün açılışı etməmisiniz?
– Sonra isə Şuşa işğal olundu…
– 1992-ci il mayın 8-də Şuşa ermənilər tərəfindən işğal olundu və biz gəldik, Bakıda məskunlaşdıq. Amma işsizliyimiz cəmi ay yarım, iki ay çəkdi. Bizim Şuşa teatrına sığınacaq almaq üçün açmadığımız qapı qalmadı. Bir gün mərhum Həsən Əbluc və Azad Şükürovla oturmuşduq. Həsən Əbluc soruşdu ki, “Nə edirsiniz?” Cavab verdim ki, “heç nə. Şuşa işğal olundu, teatrımız da dağıdı”. Növbəti dəfə görüşəndə mənə müraciətlə dedi: “Yadigar, Bakı küçələrində çox avaralanacaqsınız?” Soruşdum ki, “müəllim, bu nə sözdü?” Cavab verdi: “Düz deyirəm də. Nə vaxta kimi gəlib burda çay içəcəksən? Yığ kollektivini başına, elan ver, burda bir sığınacaq al. Teatrı dağıtmayın, inşallah Şuşaya qayıdanda da hazır qayıdarsınız”. Düzü, bu sözlər məni ruhlandırdı. Yenə hər yerdə sığınacaq almaq üçün düşdük qapı-qapı gəzməyə.
Şuşanın işğalından 2-3 ay keçirdi. Açmadığımız qapı qalmadı, heç kəs sığınacaq vermək istəmirdi. Bir gün Gənc Tamaşaçılar Teatrının qarşısında oturub, çay içirdik. H.Əbluc dedi ki, gəl, bu teatrın direktoru Kamal Əzizovun yanına gedək. Dedim ki, axı onu tanımıram. Bildirdi ki, o tanıyır, xahişimizdən imtina etməz. Həm də bu jest onun özünə də lazımdır. Yəni nazir görər ki, teatr direktoru Şuşa teatrına qayğı göstərir. Getdik. Söz ağzımızdan çıxan kimi Kamal müəllim qalxdı ayağa: “Durun, dalımca gəlin”. Yuxarı mərtəbədə bir qapının ağzını açdı ki, bura sizindir. Bütün sexləri açıb, göstərdi, bunların hamısının ixtiyarımızda olduğunu bildirdi, kiçik zalı da məşq etmək üçün bizə verdi. Biz yenidən məşqlərə başladıq. Mərhum Hicran Hüseynov “Haradasan Şuşa teatrı?” adlı bir veriliş hazırladı. Qısa müddətdə bütün kollektivin 90 faizi bir yerə yığışdı. Xoşbəxtlikdən aktyorlarımızın əksəriyyəti Bakıda məskunlaşmışdı. Nəhayət, 1993-cü il fevral ayının 13-də, qarlı, şaxtalı bir gündə “Arşın mal alan”la açılış etdik. Sərt qış havasına rəğmən, anşlaq oldu. Camaat ayaq üstündə tamaşaya baxırdı. Beləcə 2005-ci ilin axırlarına kimi Gənc Tamaşaçılar Teatrında məskunlaşdıq. Bu teatrın binası təmirə dayandı, bizə də 8-ci mikrorayondakı istifadəsiz “Savalan” kino-teatrını verdilər. Orada tamaşaları hazırlayırdıq, amma nazirin əmri ilə Bakının bütün teatrlarında tamaşa oynamaq üçün icazə aldıq. Zalın icarə haqqı da nazirlik tərəfindən ödənilir. İndi də prezidentin sərəncamı ilə yerləşdiyimiz bina əsaslı təmir olunur. Hazırda bu istiqamətdə gərgin iş gedir.
– Bəs açılış nə vaxt olacaq?
– Yəqin ki, ilin axırına çəkər. Biz də artıq bir ildir ki, başqa bir dost ocağında məskunlaşmışıq. İşimiz gedir, tamaşaları oynayır və Şuşaya qayıtmaq ümidi ilə yaşayırıq.
– Teatrınız qastrollara, o cümlədən də xarici qastrol səfərlərinə gedirmi?
– Mən bildiyimə görə, Azərbaycanın 64 rayonunda qaçqın və məcburi köçkünlər məskunlaşıblar. Biz həm qaçqın və məcburi köçkünlər qarşısında, bütün sərhədyanı bölgələrdə, hərbi hissələrdə tamaşalar oynamışıq, həm də musiqili ansamblımızla birgə konsertlər vermişik. İki il öncə, M.F.Axundovun 200 illik yubileyi ərəfəsində Azərbaycanda “Axundov-200” festivalı keçirildi. Həmin festivalda “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşası ilə qalib gəldik. Tamaşa hamının xoşuna gəldi və Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev də tamaşanı bəyəndi, alqışladı və bizi Kazana, “Nauruz” festivalına göndərdi. Kazandakı festivalda tamaşanı nümayiş etdirdik və birinci yerə layiq görüldük. Münsiflər heyətində dünyanın müxtəlif ölkələrindən gələn rejissor və teatrşünaslar təmsil olunmuşdu. Qeyd etdilər ki, festivalın ruhuna uyğun tamaşa məhz Şuşa teatrının tamaşasıdır. Yəni xarici səfərimiz bircə bu olub.
– Elə bil Azərbaycanda ümumiyyətlə teatrın mövcudluğu bir o qədər hiss olunmur. Teatr passivdir, yoxsa bizə elə gəlir?
– Təsəvvür edin ki, Şuşada hələ dövlət teatrı açılmamışdan bizim hazırladığımız tamaşalara rayonun birinci katibi xanımı ilə gəlib baxırdı, hamı da onu nümunə seçərək həyat yoldaşı ilə tamaşaya baxmağa gəlirdi. Amma mənim doğulduğum Ağdamda dövlət teatrı fəaliyyət göstərirdi və teatr tamaşalarına müəssisələr kollektiv şəklində gəlib, baxırdılar. Bu tamaşalara biletlər təşkil olunmuş şəkildə satılırdı. Ağdamda Sadıq Murtuzayev birinci katib işləyəndə, bu teatrda bir intibah yaratdı. Bir dəfə mən onun raykomun bürosundakı çıxışına səhnə arxasından qulaq asmışam. Müəssisə rəhbərini ayağa qaldırıb, axırıncı dəfə hansı tamaşaya baxdığını soruşurdu.
O suala cavab vermək üçün elə kollektiv vardı ayda bir dəfə, eləsi də var idi ki, iki dəfə gəlib teatr tamaşalarına baxırdı. İnsanların öz xoşuna bilet almasını isə mən öz gözlərimlə Şuşada görmüşəm. İndi də Şuşa teatrının öz tamaşaçıları var. Demirəm ki, tamaşa oynadığımız zalda anşlaq olur. Bu reallıqdan kənardır. Amma Şuşanı sevən, bizim hansısa aktyorlarımızı sevən, onları dəyərləndirən, heç şuşalı olmayan, Bakıda qazandığımız sabit tamaşaçı kütləmiz var. Onlar tamaşalarımıza gəlirlər. Sabit tamaşa oynadığımız ünvan yoxdur. Lakin buna rəğmən, tamaşaçılarımız yazışma yolu, sosial şəbəkələr vasitəsilə tamaşa oynadığımız ünvanları tapırlar. Tamaşaçı üçün “solaxay” sayıla biləcək bir yerdə fəaliyyət göstərən mədəniyyət mərkəzi var. “Azərsun Holdinq” həmin mərkəzdə bizə həm öz zalını təqdim edib, həm də aktyorlarımıza öz qonaq kartlarını verib, onlar orada qidalana bilirlər. Həm də tamaşalarımıza gələn tamaşaçılara şirniyyat və çay verirlər.
Məncə, zəif və güclü rejissor, ifa tərzi və rejissor yozumu, traktovkası var. Zəif rejissor Akademik Milli Dram Teatrının səhnəsində də tamaşanı zəif qoyur. Əksinə, güclü rejissor bütün teatrlarda da güclü tamaşa qoyur. Rəhmətlik Adil İsgəndərov deyirdi ki, istedad bir ovuc xəmirdir. Nə qədər sıxsan da barmaqların arasından pırtlayıb çıxacaq. Yanıma bəzən gənc rejissor və ya aktyor gəlir. Mən o dəqiqə gəncliyimi yadıma salıram. Düşünürəm ki, həmin istedadlı gəncə bu gün qayğı göstərməsəm, sabah üzə çıxıb, parlayacaq və mənə nifrətini bildirəcək. Necə ki, mən özüm vaxtilə mənə qayğı göstərməyən adamlar haqqında bu gün elə düşünürəm. Teatrın adının fərqi yoxdur. Bu yaxınlarda Şəkidə keçirilən teatr festivalında mən Şəki teatrının ifasında “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşasına baxdım. Hamı bu tamaşanı bəyəndi.
– Şəki teatrının maddi-texniki bazası da çox güclüdür.
– Doğrudur, binaları da müasir teatr tələblərinə cavab verə biləcək səviyyədə təmir olunub. Mən “əyalət” sözünü sevmirəm. Yəni heç bölgə teatrına oxşamır. Lənkəranda mən lənkəranlı tamaşaçını kəşf etdim. Elə bir tamaşaçı formalaşıb ki, gözünüzlə görməsəniz, inanmazsınız. Mən Moskvada Mossovet adına teatrın bir tamaşasına baxmışdım. Orada tamaşaçının gülüşü də ölçülü idi. Aktyorun dediyi səhnədən eşidilsin deyə, sanki bu ölçüdən kənara çıxmırdılar. Hazırlıqlı, yetişmiş tamaşaçının gülüşü. İnanmazsınız, amma həmin tamaşaçını mən illər sonra Lənkəranda gördüm. Həm də bunlar təşkil olunmuş tamaşaçılar deyildilər. Məhz teatrsevərlər idilər.
– Yadigar müəllim, vaxtilə Həsənağa Turabov, Əlabbas Qədirov teatr direktoru kimi fəaliyyətə başlayandan sonra, biz onları sanki aktyor kimi itirdik. Sizin haqqınızda da belə demək olarmı?
– Elə bu siyahıya Yadigar Muradovu da əlavə edə bilərsiniz. Mən bizim baş rejissorumuz Loğman Kərimova deyirəm ki, mənə bir rol versin. Amma o, imtina edir ki, iclasa, ora-bura gedirsən. Düz deyir. Əsgər Əsgərov keçən il bizdə “Yağışdan çıxdıq, yağmura düşdük” əsərini tamaşaya qoyurdu. O, inadkarlıq etdi ki, Aşıq Vəlini sən oynamalısan. “Qulp”da yaratdığım Aşıq Yediyardan fərqli bir obrazdır. Ə.Əsgərova demişdim ki, birdən nəsə bir iş çıxar, heç olmasa, dublyorum olsun. Amma dedi ki, dublyor istəmir və məni gözləyəcək. Doğrudan da alındı və oynadıq. Tetar direktoru aktyordursa, aktyorluğa münasibəti sanki bir az zəifləyir. Mən Opera və Balet Teatrının da solistiyəm, orada “Arşın mal alan” tamaşasında Soltan bəy rolunu oynayıram. Səsim də buna imkan verir. Çünki mən lirik tenoram. Kollektiv, rejissor da deyir ki, axır ki, biz Soltan bəyimizi tapdıq. Amma mən hər gün öz üzərimdə işləyirəm ki, deməsinlər ki, gəlib bizim kollektivin səviyyəsini aşağı salır.
– Ola bilsin baş nazirin müavini Elçin Əfəndiyev də bu illər ərzində daha az yazıb, yaradıb.
– Elədir, amma məncə, Elçin az yazmayıb. Biz bir dəfə Elçin müəllimlə görüşdük, o, bizim tamaşalarımıza baxmışdı. Dedi ki, bizim teatra bir əsər təqdim etmək istəyir. Dedim ki, Sizin “Şuşaya duman gəlib” povestini səhnələşdirsəniz, həvəslə oynayardıq. O da məmnuniyyətlə razılaşdı. Tapşırdı ki, Loğman Kərimov onunla əlaqə saxlasın. Elçin müəllim əsəri yazıb L.Kərimova verdi. Biz də adını dəyişdik: “Şuşa dağlarını duman bürüyüb”. Duman dedikdə düşmən nəzərdə tutulurdu. Əsər Şuşanın ən gözəl dövrlərindən bəhs edir, çox incə yumor var. Çal-çağırlı əsərin sonunda biz səhnənin dərinliyində birdən Şuşadan çıxmış dahilərin şəkillərini slaydla verirdik və xanəndə də “Şahnaz” oxuyurdu. Yəni demək-gülmək, sanatoriya həyatı qəfildən səhnə tərtibatı dəyişməklə, işıqlarla Şuşanı duman bürüdüyü görüntüsü yaradılırdı. Tamaşa boyu ləzzətlə gülən tamaşaçı, çıxanda ağlaya-ağlaya çıxırdı. Xüsusilə də Şuşanı görmüş, sevmiş insanlar. Sonra biz Elçinin repressiyadan bəhs edən “Cəhənnəm sakinləri” əsərini də tamaşaya qoyduq. Bizim tamaşalara baxan sənət adamları ancaq bir ifadə işlədirlər: “Şuşa ki, Şuşa”.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
22 fevral 2016-cı il