2015-ci ilin sentyabr ayının 1-dən Özbəkistanda politologiyanın tədrisini … dayandırdılar. Hökümətin qərarı ilə politologiya “yalançı elm” adlandırıldı. Hər halda bu ölkənin Vahabov soyadlı təhsil nazirinin əmrində belə yazılmışdı.
Bu hadisədən düz bir il sonra İslam Kərimov dünyasını dəyişdi.
İndi Özbəkistana Şavkat Mirziyayev başlılıq edir. O prezident səlahiyyətlərinin müvəqqəti icraçısıdır. Cənab Mirziyayev Özbəkistanda politologiyanın tədrisi ləğv ediləndə bu ölkənin baş naziri idi.
Və politologiyanın “yalançı elm” elan edildiyi 2015-ci ildə həmin ölkədə “politoloq” diplomlu və siyasi elmlər namizədi doktoru olan minlərlə adam vardı. Hər halda Daşkənd politoloqu Fərhod Tolipov siyasətşünaslığın ləğvinə etiraz məktubunda belə yazmışdı…
2015-ci ildə Özbəkistanda 31 milyon adam yaşayıb.
Və bu maraqlı hadisənin baş verdiyi zamandan düz 10 il əvvəl, 2005-ci ildə 60 milyonluq Böyük Britaniyada 71, 82 milyonluq Almaniyada 67, 60 milyonluq Fransada 41 universitetdə politologiya tədris edilirdi. Və ingilislərin 419, almanların 313, fransızların 131 politologiya professoru vardı.
2005-ci ildə əhalisi 10 milyon nəfərdən bir qədər artıq olan Portuqaliyada 11 universitetdə politologiyanı tədris edirdilər. Və bu prosesdə 40 professor iştirak edirdi.
Tələbələrin sayına gəlincə… 2004-cü ildə İngiltərədə 33 000 nəfər politoloq tələbə vardı. Almaniya 2005-ci ildə 29 080 nəfər politoloq tələbənin mövcudluğu ilə öyünə bilərdi. Bu rəqəm 2004-cü ilin Fransası üçün 13 231 nəfər təşkil edirdi.
2005-ci ildə Qərbi Avropa ölkələrində təqribən 154 000 politoloq tələbə olub.
Bütün bu rəqəmləri mən Hans-Diter Klinqemannın redaktəsi altında çıxmış “Qərbi Avropada siyasət elmi” kitabından götürmüşəm.
Kitab 2 000 nüsxə tirajla 2009-cu ildə Moskvanın “Aspekt press” nəşriyyatı tərəfindən çap edilib.
Bu kitabı 20 manata Bakıda almışdım vaxtilə.
İstisna eləmirəm ki, adını qeyd etdiyim kitabın bir nüsxəsi belə Özbəkistana gedib çatmayıb. Amma o da ola bilər ki, sözügedən paradoksal qərarın yaranmasına səbəb M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Politologiya fakültəsi tərəfindən rus dilində nəşr edilmiş bu kitabın nüsxələrinin siyasətşünaslığı “yalançı elm” elan etmiş ölkəyə gedib çatmasıdır.
Ya da buna bənzər başqa bir kitabın.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist